· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyində interaktiv lövhənin təqdimatı oldu

Avqustun 20-də Təhsil Nazirliyində Türkiyənin "Bekdata texnoloji" və Azərbaycanın "Loqos M" şirkətləri tərəfindən təhsil müəssisələrində istifadə üçün nəzərdə tutulmuş interaktiv lövhənin təqdimatı keçirildi.  Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavini İsgəndər İsgəndərov, nazirliyin şöbə müdirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri və nazirliyin tabeliyindəki lisey və gimnaziyaların direktorları iştirak edirdilər.

 

Təqdimat mərasimini giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə dövlət başçısının 19 avqust 2008-ci il tarixli sərəncamları ilə mükafatlandırılmış "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərini təbrik etdi, hər iki sərəncamı ölkə Prezidentinin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğının parlaq nümunəsi kimi dəyərləndirdi.

Sözünə davam edən Misir Mərdanov dünyada savadlılıq anlayışına baxışın dəyişdiyini, indi savadlılıq dedikdə təkcə yazmaq və oxumaq bacarıqlarının deyil, İKT sahəsində zəruri bilik və bacarıqlara, kompüter savadlılığına yiyələnməyin də nəzərdə tutulduğunu diqqətə çatdırdı. Bu baxımdan kompüter savadsızlığının aradan qaldırılmasının təhsil sistemi qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu deyən nazir son illər ölkədə bu istiqamətdə geniş iş aparıldığını, dövlət səviyyəsində proqramlar təsdiq olunub həyata keçirildiyini vurğuladı.

Tədbirin məqsədini açıqlayan nazir qeyd etdi ki, bu günlərdə Türkiyənin "Bekdata texnoloji" və Azərbaycanın "Loqos M" şirkətlərinin rəhbərləri ona müraciət edərək "ağıllı" yazı taxtası - interaktiv lövhə təqdim etmək istədiklərini bildirmişlər. Təklif maraqlı olduğundan onun birgə müzakirəsi qərara alınmışdır.

Mərasimdə çıxış edən "Loqos M" şirkətinin direktoru ülviyyə Əhmədova təkliflərinə diqqətlə yanaşdığına və təqdimat üçün şərait yaratdığına görə Təhsil Nazirliyinə, nazir Misir Mərdanova minnətdarlığını bildirdi, təqdim olunan interaktiv lövhə barədə qısa məlumat verdi.

Daha sonra interaktiv lövhənin təqdimatı oldu. Onu təqdim edən Türkiyənin "Bekdata texnoloji" şirkətinin rəhbəri Bəkir Gül lövhənin iş prinsipindən, tədris prosesində istifadəsinin faydası və üstünlüklərindən geniş söhbət açdı, ayrı-ayrı fənlər üzrə mövzuların lövhə vasitəsi ilə tədrisindən nümunələr göstərdi.

Təqdimatdan sonra Bəkir bəy mərasim iştirakçılarını maraqlandıran sualları cavablandırıb, lövhədən istifadə qaydaları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirdi.

Mərasimi yekunlaşdıran təhsil naziri təqdimatın çox maraqlı olduğunu qeyd edib hər iki şirkətlə əməkdaşlıq imkanlarının araşdırılması, interaktiv lövhələrdən məktəblərdə istifadə üçün müvafiq proqram hazırlanması ilə bağlı fikir və təkliflərini bildirdi, nazirliyin müvafiq şöbəsinə tapşırıqlarını verdi.

 

Yusif ƏLİYEV