· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Naxçıvan Dövlət Universitetində 2008-ci ilin birinci yarısının yekunlarına dair yığıncaq keçirilib

Naxçıvan Dövlət Universitetinin Konservatoriyasının akt zalında 2008-ci ilin altı ayı ərzində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

 

Yığıncağı Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli açaraq qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin "İnkişaf və tərəqqi ili" elan etdiyi 2008-ci ilin altı ayında muxtar respublikada quruculuq sahəsində xeyli işlər görülmüş, işsizlik azaldılmış, yeni-yeni iş yerləri açılmış, sənaye inkişaf etmiş, yeni səhiyyə ocaqları tikilmiş, müasir avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir.

Şübhəsiz ki, muxtar respublikada aparılan çoxşaxəli işlərdən Naxçıvan Dövlət Universitetinin də payına az düşməyib. Belə ki, Naxçıvan Dövlət Universitetinin bəzi tədris korpusları əsaslı təmir olunmuş, bir neçə yeni obyekt tikilərək müəllim və tələbələrin ixtiyarına verilmişdir.

Cari ilin altı ayı ərzində universitetə 40 kompüter verilib. Bundan əlavə, fizika-riyaziyyat fakültəsində kompüter sinfi açılmış, Boloniya sisteminə keçidlə əlaqədar tədris şöbəsi nəzdində qeydiyyat-informasiya mərkəzi yaradılmışdır.

Naxçıvan Dövlət Universitetində 2007-2008-ci tədris ilində müvəffəqiyyət göstəricisi 91 faizdən, keyfiyyət göstəricisi isə 65 faizdən yuxarı olmuşdur.

Elm sahəsindəki uğurlardan danışan rektor bildirmişdir ki, bu il 1 nəfər doktorluq, 15 nəfər isə namizədlik dissertasiyası müdafiə etmişdir. Rektor universitet tələbələrinin bu il Türkiyənin Qars-Qafqaz, İzmit-Kocaeli kimi məşhur ali təhsil ocaqlarında təcrübə keçmələrini, öz biliklərini artırmalarını, ifaçı tələbələrimizin Akçiabad festivalında Azərbaycanı yüksək səviyyədə təmsil etmələrini yüksək dəyərləndirmişdir.

Naxçıvan Dövlət Universitetinin tələbə futbol komandası Azərbaycan çempionu olaraq 6-cı Avropa Tələbələr çempionatına vəsiqə qazanmış və 6-cı yerə layiq görülmüşdür.

Bütün bu nailiyyətləri qənaətbəxş hesab edən rektor, qarşıdan gələn yeni dərs ilində uğurları artırmağa, işdə olan bəzi nöqsanları aradan qaldırmağa və keyfiyyət göstəricisini yüksəltmək üçün bütün qüvvələri səfərbər etməyə çağırmışdır.

Yığıncaqda NDU-nun tədris işləri üzrə prorektoru, filologiya elmləri namizədi, dosent Hüseyn Həşimli, NDU-nun elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, hüquq fənləri kafedrasının müəllimi Elman Cəfərli, NDU-nun tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov, dövlət hüququ ixtisası üzrə I kurs magistr Aygün Əliyeva, universitet gənclər təşkilatının sədri Mehdi Əliyev çıxış etmişlər.

 

Nərmin CƏFƏROVA,

Mətbuat xidmətinin əməkdaşı