|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ən
yaxşı məktəblərimiz, ən yaxşı müəllimlərimiz
"Arzumuz müəssisəmizi ölkənin 50 ən yaxşı məktəbi sırasında görmək idi" ölkəmizdə təhsilin daha da inkişaf
etdirilməsi üçün Prezident İlham Əliyevin 4 sentyabr
2007-ci il tarixli sərəncamına əsasən,
respublikada ilk dəfə olaraq "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələri keçirilmişdir. Müsabiqə qabaqcıl
məktəblərin üzə çıxarılmasında, işinin
öhdəsindən layiqincə gələn savadlı müəllimlərin
tanınmasında mühüm rol oynamış, məktəb
rəhbərləri və pedaqoji kadrları daha yaxşı
işləməyə sövq etmişdir. Uğurlarımız
kifayət qədərdir. Yeri gəlmişkən qeyd edim
ki, məktəbimiz 1998-ci və 2003-cü illərdə Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi
"İlin ən yaxşı məktəbi" müsabiqələrində
iştirak etmiş və qalib gəlmişdir. 2003-cü
ildə isə məktəb rəhbəri kimi "İlin
ən yaxşı məktəb direktoru" müsabiqəsinin
qalibi olmuşam. Prezidentin sərəncamı ilə ölkə
miqyasında keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin şərtlərinə
görə, ən yaxşı məktəbin əlverişli
iş şəraiti olmalı, təlimin müasir texnologiyalarından,
fəal təlim üsullarından məqsədyönlü
istifadə edilməli, məktəb rəhbərlik
tərəfindən elmi şəkildə idarə olunmalı,
məzunlarının bir çox parametrlərə görə göstəriciləri
yüksək olmalıdır. Rəhbərlik etdiyim təhsil ocağının
göstəriciləri müsabiqənin şərtləri
ilə üst-üstə düşdüyü üçün məktəbimizin
pedaqoji şurasının qərarı ilə bu yarışda
iştirak etməyi qarşıya məqsəd qoyduq. Müsabiqənin
mərhələlərini uğurla başa vurduq. üçüncü
mərhələdə məktəb direktoru kimi 10
dəqiqəlik çıxışım Təşkilat
Komitəsi tərəfindən layiqincə
qiymətləndirildi. Müsabiqənin obyektiv keçirilməsindən
razı qalmışıq. Arzumuz müəssisəmizi
respublikanın 50 ən yaxşı məktəbi sırasında
görmək idi. Bu günlər respublika Prezidentinin imzaladığı
sərəncam ilə bu arzuya qovuşduq. Məktəbimiz
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi oldu. Aldığımız mükafatı fənn
kabinetləri və laboratoriyalarımızın
zənginləşdirilməsinə sərf
edəcəyik. Təhsilə göstərdiyi böyük qayğıya
görə ölkə başçısı cənab İlham Əliyevə
dərin minnətdarlığımızı bildirir
və müsabiqənin şəffaf keçirilməsində
əməyi olanlara təşəkkür edirik. Nazim QASIMOV, fizika-riyaziyyat elmləri namizədi, 70 nömrəli
pilot məktəb-liseyin direktoru "Mükafatdan dərs vəsaitlərimin nəşrinə də sərf edəcəyəm" Məlum həqiqətdir ki,
Azərbaycan təhsil sistemi dünya təhsil sisteminə
inteqrasiya edir. Bu da mövcud ictimai şəraitdən
irəli gəlir. Azərbaycan müstəqillik qazandığı
gündən digər sahələrdə olduğu kimi,
təhsil sahəsində də böyük sıçrayışlı
dəyişikliklər baş vermişdir. çünki müstəqil
Azərbaycan dövləti öz gələcək qurucularını
yetişdirməli idi. Hələ ulu öndər Heydər Əliyev
Azərbaycan təhsilinin gələcəyini
əvvəlcədən görərək demişdir:
"Təhsil millətin gələcəyidir". Bu baxımdan
Heydər Əliyev siyasi kursunun davamçısı olan möhtərəm
Prezidentimiz İlham Əliyev Azərbaycan
təhsilinin inkişafına yönələn xüsusi
sərəncamlar vermiş və Azərbaycan
tələbələrinin xarici ölkələrdə oxuması
üçün dövlət təminatı yaratmışdır. Eyni
zamanda Prezidentimiz Azərbaycanda xüsusi istedadı olan uşaqların
üzə çıxarılması və inkişaf
etdirilməsi üçün Təhsil Nazirliyi qarşısında,
məktəblər qarşısında böyük
vəzifələr qoymuşdur. Məlum həqiqətdir ki, biliklər müəllim
tərəfindən gənc nəslə aşılanır.
Azərbaycanda təhsili inkişaf etdirmək, novator
(yenilikçi) dünya təcrübəsinə əsaslanan, interaktiv
təlim metodları ilə işləyən müasir test üsulu
metodunu iş təcrübəsində tətbiq edən
istedadlı, yaradıcı müəllimləri və
məktəbləri üzə çıxarmaq məqsədi
ilə dövlətimizin başçısı "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələrinin keçirilməsi haqqında
sərəncam imzalamışdır. Digər müəllimlər
kimi mən də 33 illik pedaqoji sahədə gördüyüm işlərə,
əldə etdiyim nailiyyətlərə,
yetirmələrimə, mətbuatdakı çıxışlarıma,
yazdığım çoxlu sayda dərs
vəsaitlərinə, olimpiadalarda, respublika və
beynəlxalq müsabiqələrdə əldə
etdiklərimə əsaslanaraq
müsabiqədə iştirak etdim. Təşkilat
Komitəsi üç mərhələdə yekunlaşan müsabiqənin
şəffaf keçirilməsi üçün şərait yaratdı.
Nəticədə yüksək göstəricilər
əldə etdim. Bu günlərdə müsabiqənin
nəticələri açıqlandı.
Qaliblərin sırasında mənim də adım
var. Sadə kənd müəlliminə möhtərəm
Prezidentimizin qayğı göstərməsi və mənim
əməyimi yüksək qiymətləndirməsi məni
hədsiz dərəcədə sevindirdi. ölkə başçısı
İlham Əliyevin Azərbaycan müəllimlərinə,
Azərbaycan təhsilinə son dərəcə diqqət
və qayğı göstərməsi hər birimizin
məsuliyyətini, Vətənə, gələcəyin
qurucularına sədaqətlə xidmət etmək bacarığını
daha da artırır. Mənə verilən 5000 manat mükafat xüsusən
qarşıya qoyduğum pedaqoji problemlərlə bağlı
müəllim və şagirdlər üçün yazdığım
dərs vəsaitlərinin və didaktik materialların
buraxılmasına kömək edəcək. Mən bundan böyük
qayğı və ehtiram görmürəm. Buna görə də möhtərəm
Prezidentimiz cənab İlham Əliyevə öz təşəkkürümü
bildirirəm. Heybət QƏDİROV, Yardımlı rayonu, Alçabulaq kənd orta
məktəbinin müəllimi, respublikanın əməkdar
müəllimi Dövlət başçısının müəllim əməyinə verdiyi qiymətin daha bir təzahürü Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 4 sentyabr 2007-ci il tarixli
sərəncamına əsasən keçirilən "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin
nəticəsi bu günlərdə açıqlandı. Müsabiqədə
iştirak edərək qaliblər sırasına çıxmış
Bakının 190 nömrəli orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Qənirə Əmircanova da dövlətimizin başçısı
tərəfindən mükafatlandırılmışdır.
Redaksiyamızın qonağı Qənirə Əmircanovaya
ilk sualımız belə oldu. - Necə olub ki, müəllim ixtisasını
seçmisiniz? - Doğrusu, atam ixtisasca hüquqşünas olduğundan
mən də bu
sənəti seçmək istəyirdim, ancaq o, buna razı
olmadı.Bildirdi ki, müəllim olmalısan. Belə də
oldu. Orta məktəbi əla
qiymətlərlə bitirərək ADPU-nun Azərbaycan
dili və ədəbiyyat fakültəsinə daxil oldum
və universiteti fərqlənmə
diplomu ilə bitirdim. - Qənirə xanım, bildiyimizə görə,
orta məktəblər üzrə dərslik müəllifisiniz
və həm də elmi işlə
məşğul olursunuz. Bütün bunlar sizin yaxşı
müəllim olmağınıza mane olmurmu? - Xeyr. Mən öz sənətimi çox
sevirəm. İşlədikcə də işimdən
həzz alıram. İşlədiyim məktəbin
hər bir uğuruna da ürəkdən sevinirəm. çünki bu
uğurlardan mənə də pay düşür. Elə bu il
107 məzunumuzdan 71-i müxtəlif
ali məktəblərə qəbul
olmuşdur ki, onlardan 9-u 600-dən
yuxarı bal toplayıb. Bəli, deməliyəm ki, V, VI, VII
siniflər üçün "Azərbaycan dili"
dərsliklərinin müəlliflərindən biriyəm.
Həm də Təhsil Problemləri İnstitutunun
dissertantıyam. - Müsabiqənin nəticəsinin açıqlanmasını
necə qarşıladınız? - Mən möhtərəm Prezidentimizin "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin keçirilməsi
haqqında keçən il verdiyi sərəncamı eşidəndə
çox sevindim. Fikirləşdim ki, özümü bu müsabiqədə
sınaya bilərəm. Bu sınaq mübarizə meydanıdır.
çünki mən özümü yaxşı bir müəllim kimi
təsdiq etdirmək istəyirdim. Bu arzu ilə də müsabiqəyə
qatıldım. Müsabiqə sox yüksək
səviyyədə təşkil olundu.
Bu günlərdə möhtərəm
Prezidentimiz İlham Əliyevin verdiyi sərəncama
əsasən, mən də "Ən yaxşı müəllim"
adına layiq görülərək
5000 manat pul mükafatı ilə
mükafatlandırılmışam. Bu, ölkə başçısının müəllim
əməyinə verdiyi böyük qiymətin daha bir təzahürüdür.
Şakir CƏFƏROV Qazandığımız
mükafat doğru yolda olduğumuzu sübut edir
2007-2008-ci tədris ilində keçirilmiş
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində
müvəffəqiyyət qazandığına görə Bakı
Avropa Liseyi də möhtərəm Prezidentimiz İlham Əliyev
cənablarının 19.08.08 tarixli sərəncamı
ilə 10.000 manat məbləğində pulla mükafatlandırılmışdır. Liseyin mükafat alması, həmçinin 5
nəfər aparıcı müəllimimizin "Ən yaxşı
müəllim" adına sahib olaraq hər birinə 5000
manat mükafat verilməsi kollektivimizi çox sevindirdi. Təhsil
sistemi və təhsil işçilərinin əməyinə
olan bu diqqətinə, qayğısına görə
Prezidentimiz İlham Əliyev cənablarına dərin
minnətdarlığımızı bildiririk. Biz həmçinin bu müsabiqəni yüksək
səviyyədə keçirən Təhsil Nazirliyinə
də öz təşəkkürümüzü bildirmək istərdik.
çünki yüzlərlə müəllim və məktəbin içərisindən
ən layiqlilərini seçmək üçün komissiya belə
məsuliyyətli bir işin öhdəsindən obyektivliyi
və şəffaflığı gözləyərək
layiqincə gəlmişdir. Bakı Avropa Liseyi qısa bir müddətdə
fəaliyyət göstərən, özünəməxsus
təlim modeli və tədris üsulu, yaradıcı,
demokratik mühiti, yüksək intellektə malik, bacarıqlı
müəllim heyəti və məhz bunun
nəticəsində məzunlarının hər il yüksək
göstəricilər əldə etməsi ilə
ictimaiyyətin diqqətini cəlb edən bir tədris ocağıdır.
Bir çox məzunlarımız isə dünyanın Harvard,
Prinston və s. kimi tanınmış
universitetlərinə daxil olmaqla, nəinki öz
məktəblərinin, bütövlükdə Azərbaycan
təhsil sisteminin keyfiyyətini sübut etmişlər. Əldə etdiyimiz nailiyyətlərlə
yanaşı, qazandığımız son mükafat liseyin
təhsil sistemində doğru yolda olduğunu bir daha sübut
etdi. Biz
əminik ki, bu mükafat liseyin müəllimlərini yeni
nailiyyətlər axtarışında olmağa,
təhsilin keyfiyyətini yüksəltməyə ruhlandıracaq. Biz ümid edirik ki, bu müsabiqədə iştirak
etmək istəyən məktəb və müəllimlərin
sayı ildən-ilə artacaq və layiqlilər yüksək
adlara sahib olacaqlar.
Zülfiyyə VEYSOVA, Bakı Avropa Liseyinin direktoru
|