· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan müəllimlərinin qurultayları tarixindən

 

V qurultayın gündəliyindən

 

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 3 yanvar 1931-ci il tarixli qərarı ilə həmin il yanvarın 25-də Azərbaycan müəllimlərinin V qurultayı keçirilmişdi. Bu münasibətlə 18 nəfərdən ibarət dövlət komissiyası yaradılmış, bütün təşkilati məsələlərin həlli bu komissiyaya tapşırılmışdı.

Türk mədəniyyət sarayında keçirilmiş qurultayı giriş nitqi ilə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Q.Musabəyov açmış, ötən qurultaydan keçən 6 il ərzində müəllimlər ordusunun həm kəmiyyət, həm də keyfiyyətcə artımından danışmış, ictimai-siyasi məsələlərə toxunmuşdu.

Azərbaycan Xalq Komissarları Sovetinin sədri D.Bünyadzadə məruzə etmiş, kəndin sosialistcəsinə yeniləşməsində, kolxoz quruculuğunda, kütləvi savadsızlığın ləğvində kənd müəllimlərinin əvəzolunmaz rolundan danışmış, mədəniyyət cəbhəsində, maarif sahəsində uğurlardan fakt və rəqəmlər əsasında söhbət açmışdır.

Məruzə ətrafında müzakirələrdə, çıxışlarda ayrı-ayrı fənlər üzrə dərslik çatışmazlığı, sinif otaqlarının olmadığı, qızların kiçik yaşlarından ərə verilməsindən, mədəni-maarif işinə zəif nəzarətdən və s. məsələlərdən söhbət açılmışdır. Xalq maarif komissarının müavini A.Sultanova çıxışında ümumi təhsilə cəlb olunma sahəsində yol verilən nöqsanlardan bəhs etmiş, D.Bünyadzadə yekun sözü söyləmişdir.

Qurultayda "Kənd müəllimləri üçün əlavə güzəştlər haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 25 yanvar 1931-ci il tarixli qərarı oxunmuşdur. Qərarda kənd məktəbində işləyən müəllimlərə sosial sığortada nəzərdə tutulan təqaüd verilməsi, kənd müəllimləri uşaqlarının ali və orta ixtisas məktəblərinə qəbulu zamanı təqaüd verilməsi və s. güzəştlər əksini tapmışdır.

Azərbaycan K(B)P Mərkəzi Komitəsinin katibi Ağa Sultanov böyük nitq söyləmiş, qurultayı bağlı elan etmişdir.

 

VI qurultayın gündəliyindən

 

450 nümayəndənin iştirak etdiyi VI qurultay 29 avqust 1946-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında öz işinə başlamışdır.

Qurultayı giriş sözü ilə maarif naziri Mirzə İbrahimov açmışdır.

Ali məclisin rəyasət heyəti, redaksiya və mandat komissiyaları seçilmişdir.

Gündəlikdə aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdu:

1.Azərbaycan məktəblərində təlim və tərbiyə işlərinin yüksəliş yolları haqqında.

2. Müəllim hazırlığı və ixtisasını artırmaq işlərini yaxşılaşdırmaq tədbirləri haqqında.

Birinci məsələ haqqında respublikanın maarif naziri, Azərbaycan EA-nın həqiqi üzvü Mirzə İbrahimov məruzə etmişdir. M.İbrahimovun ümumi icbari təhsil qanununun yerinə yetirilməsi, imtahanların yekunları və təhsilin keyfiyyəti, müəllimlərin ixtisası və pedaqoji elmin öyrənilməsi, məktəbə rəhbərlik və məktəb müfəttişləri haqqında analitik təhlil verilən məruzəsi ətrafında RXMŞ müdirləri, müəllimlər çıxışlar etmişlər.

İkinci məsələ barədə maarif nazirinin müavini T.Xasməmmədov məruzə etmişdir. O, müəllim kadrları hazırlığından, ixtisasartırma məsələlərindən danışmış, uğurları təqdir etməklə, görüləsi işlərə aydınlıq gətirmişdir.

Qurultay müvafiq qətnamə qəbul etmişdir.