· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Bu il 14 tələbə xaricdə təhsilini ARDNŞ-in vəsaiti hesabına davam etdirəcək

Azərbaycan Dövlət Neft Şirkətindən AzərTAc-a bildirilmişdir ki, şirkət 2006-cı ildən 4 tələbənin, 2007-ci ildən isə daha 25 tələbənin xarici ölkələrin aparıcı universitetlərində təhsil almalarını maliyyələşdirir. ötən il təhsilini başa vurmuş 4 gənc artıq ARDNŞ-də işlə təmin olunmuşdur. 2008-ci ilin mart və mayında keçirilmiş müsahibənin nəticələrinə uyğun olaraq, 3 tələbənin Fransa, 7 tələbənin isə Almaniya universitetlərində təhsil almasının maliyyələşdirilməsi qərara alınmışdır.

İyunda Dövlət Neft Şirkətində təqaüdçülərin seçilməsi üzrə ARDNŞ-in birgə komissiyası tərəfindən xarici ölkələrin nüfuzlu universitetlərinə daxil olmuş daha 15 tələbə ilə müsahibə aparılmışdır. Tələbələrin neft və qaz mühəndisliyi, biznesin idarə edilməsi, kommersiya hüququ, marketinq və kadrların idarə edilməsi ixtisasları üzrə Böyük Britaniyanın Aberdin, Birmingem, London Universitet Kollecinə, ABŞ-ın Oklahoma Universitetinə və digər məşhur ali təhsil müəssisələrinə qəbul olunmaları komissiya üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu günlərdə tələbələrlə aparılan müsahibənin nəticələri təqaüdçülərin seçilməsi üzrə ARDNŞ-in birgə komissiyasının iclasında bir daha müzakirə olunmuş və qeyd edilmişdir ki, builki namizədlər universitet seçimi və hazırlıq baxımından əvvəlki illərin namizədlərindən müsbət mənada fərqlənirlər. Komissiyanın iclasında qərara alınmışdır ki, müsahibədə iştirak etmiş 15 namizəddən 14-ü təhsilini xarici ölkələrdə ARDNŞ-in vəsaiti hesabına davam etdirə bilər.

 

 

 

Müsabiqədən keçən tələbələr çin Xalq Respublikasının 11 universitetində təhsil almaq imkanı qazanacaqlar

Təhsil Nazirliyindən bildirmişlər ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" uğurla həyata keçirilir.

Müvafiq müsabiqədən keçən azərbaycanlı tələbələr proqram çərçivəsində dünyanın ayrı-ayrı ölkələrinin nüfuzlu ali məktəblərində, o cümlədən çin Xalq Respublikasının 11 universitetində təhsil almaq imkanı qazanacaqlar.

 

 

 

 

 

Xarici ölkə vətəndaşları təhsil almaq üçün daha çox hansı ölkələri seçirlər

Dünyanın ayrı-ayrı ölkələrinin ali məktəblərində təhsil alan əcnəbilərin statistikasının təhlili göstərir ki, planetimizin gəncləri daha çox ABŞ-da təhsil almağa üstünlük verirlər. Dünya üzrə əcnəbi tələbələrin 28 faizi məhz bu ölkədə təhsil alır. Bu sırada ikinci yerdə Böyük Britaniya (12%), üçüncü yerdə Almaniya (11 %), dördüncü yerdə Fransa (10%) gəlir. Xaricdə tələbələrin sayına görə reytinq cədvəlində 5-ci yeri Avstraliya tutur. Bu siyahıda sonrakı yerləri Yaponiya (4%), Rusiya (3%), İspaniya (3%), İtaliya (2%), İsveç, Yeni Zelandiya, Malayziya, Avstriya (hərəsi 1%) bölüşüblər. Yerdə qalan ölkələrin payına 8 faiz əcnəbi tələbə düşür.

 

 

 

 

"İslam dininin müasir beynəlxalq münasibətlərdə rolu" mövzusunda yay məktəbinin Qubada seminarı

İyulun 18-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşkilatçılığı ilə "İslam dininin müasir beynəlxalq münasibətlərdə rolu" mövzusunda yay məktəbi çərçivəsində Qubanın Qırmızı qəsəbəsindəki yəhudi sinaqoqunda seminar işə başlamışdır.

Amerika, Avropa, Afrika və Orta Asiyanın 15 ölkəsindən 30-a yaxın tələbə və gənc diplomatın iştirak etdiyi seminarda dünyanın tanınmış təhsil ocaqlarının müəllimlərinin mühazirələri dinləniləcək, Azərbaycanda mövcud yüksək dini tolerantlıq, islam dininin əsasları, dinlərarası münasibətlər, dini azlıqların vəziyyəti və digər məsələlər müzakirə olunacaqdır.

Azərbaycan Diplomatik Akademiyasının təlim proqramları üzrə direktoru Fariz İsmayılzadə demişdir ki, yay məktəbinin keçirilməsindən məqsəd islam dininin beynəlxalq münasibətlərdə rolunu öyrənmək və onu sülh, sosial ədalət dini kimi tədqiq etməkdir. Belə seminarlar Azərbaycanın digər bölgələrində də keçiriləcəkdir.

Sonra qonaqlara Azərbaycanın tarixi, coğrafiyası, təbii ehtiyatları, turizm imkanları, mədəniyyəti, eləcə də Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə yaşayan yəhudilərin və digər millətlərin hüquqlarının qorunması, Azərbaycan - İran münasibətləri haqqında məlumatlar verilmiş, bütün dini icmalara bərabər şəraitin yaradıldığı konkret faktlarla diqqətə çatdırılmışdır.

Tədbirdə iştirak edən estoniyalı tələbə Siri Levandey, mozambikli tələbə Zaqueu Rançez Azərbaycanda dini tolerantlığın dünya ölkələri üçün nümunə ola biləcəyini vurğulamışlar.

Qonaqlar Qubadakı kütləvi məzarlıqda, tarix-diyarşünaslıq və xalçaçılıq muzeylərində də olmuşlar.

AzərTAc

 

 

 

Son on ildə ölkəmizdə ilk dəfə yeni peşə təhsili müəssisəsi açılacaq

Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsindən aldığımız məlumata görə, bu yaxınlarda Qəbələ rayonunda turizm və otelçilik üzrə yeni peşə tədris mərkəzi fəaliyyətə başlayacaq. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində yaradılmış Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi son 10 ildə ölkəmizdə fəaliyyətə başlayacaq ilk yeni peşə təhsili müəssisəsi olacaqdır. Müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin yaradılmasında məqsəd regionda turizm və otelçilik sahələrinin inkişafına nail olmaq, turizm və otel obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə yardım göstərməkdir. Peşə təhsili mərkəzində barmen-bufetçi, ofisiant, aşbaz, qənnadçı, otel nəzarətçisi, ekskursovod, qid-bələdçi, turist səfərlərinin təşkili üzrə sifarişlərin qəbulu agenti, otel xidməti, kastelyanşa, qapıçı, otel administratoru peşələri üzrə ixtisaslı kadrlar hazırlanacaqdır.

Yeni peşə təhsili mərkəzi bütün təhsil pillələrinin məzunlarına peşə təhsili almaq, əhalinin digər kateqoriyalarına əsas iş yerindən ayrılmamaqla əlavə peşə almaq və ixtisasartırmadan keçmək imkanı verəcəkdir.

Mərkəzdə habelə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinə ölkədə ilk dəfə olaraq orta məktəbdə təhsillərini davam etdirməklə ödənişli yolla peşə təhsili almaq imkanı da yaradılacaqdır.

Tədris mərkəzində texniki səviyyədə əsas təhsil bazasından ödənişlə və dövlət hesabına 2 illik, orta təhsil bazasından 1 illik kurslar,  3-6 aylıq qısamüddətli ödənişli kurslar, mühəndis-pedaqoji işçilər üçün 3 aylıq ödənişli ixtisasartırma və yenidənhazırlanma kursları, xarici dil və İKT üzrə ödənişli kurslar, rəhbər işçilər və sahibkarlar üçün ödənişli təkmilləşmə kurslarının keçirilməsi nəzərdə tutulub.

Y.ƏLİYEV

 

 

 

 

 

İsmayıllıda turizm və otelçilik üzrə peşə məktəbi yaradılacaq

"Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata keçirilməsi məqsədilə Tədbirlər Planına uyğun olaraq bir sıra milli və beynəlxalq layihələr gerçəkləşdirilir. Onlardan biri də İsmayıllı rayonunda turizm və otelçilik üzrə peşə məktəbinin yaradılmasıdır. İsmayıllı  Peşə Məktəbinin bazasında yaradılacaq turizm və otelçilik üzrə yeni peşə məktəbi tədris binasından, laboratoriya, emalatxana, yeməkxana, yataqxana, kompüter otaqları, kitabxana, konfrans zalı və oteldən ibarət olacaq.

Peşə məktəbi şagirdlərinin nəzəri biliklərlə yanaşı, təcrübi biliklərə də kompleksi tərk etmədən yiyələnmək imkanları olacaqdır. Peşə məktəbinin uğurla inkişaf etdirilməsi məqsədi ilə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılacaqdır. Məktəbdə kadr hazırlığı prosesinə beynəlxalq ekspertlərin cəlb olunması nəzərdə tutulub.