· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

İngilis dili müəllimlərinin daha bir qrupuna sertifikatlar təqdim olundu

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin Böyük Britaniyanın "British Council" təşkilatı ilə birlikdə reallaşdırdığı "İngilis dilinin intensiv tədrisi layihəsi" çərçivəsində paytaxtın bir sıra təhsil ocaqlarında çalışan ingilis dili müəllimləri üçün təlim - seminarları keçirilmişdir.

İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin, metodik ustalığının artırılması, onların müasir təlim texnologiyaları ilə, xüsusən də dilin intensiv öyrədilməsini təmin edən metodlar, üsul və vasitələrlə tanış edilməsi məqsədi daşıyan seminarda Bakının layihə iştirakçısı olan 7 ümumtəhsil məktəbinin  (7, 23, 27 nömrəli məktəblər, "İntellekt" liseyi, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası, "Ankara məktəbi" məktəb-liseyi və Beynəlxalq Təhsil Kompleksi) 60-a yaxın müəllimi iştirak etmişdir.

İki qrup üçün keçirilən həftəlik seminarların birincisi iyulun 11-də başa çatmış və iştirakçılara müvafiq sertifikatlar verilmişdir.

İkinci qrup üçün seminar 11-18 iyul tarixlərində təşkil olunmuşdur.

İyulun 18-də Təhsil Nazirliyində seminarda təlim almış ingilis dili müəllimlərinə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

Layihəyə qoşulmuş məktəblərin direktorlarının və seminar dinləyicilərinin iştirak etdiyi mərasimi təhsil naziri Misir Mərdanov açaraq həyata keçirilən layihə barədə qısa məlumat verdi. Nazir ingilis dilinin tədrisi üçün müvafiq bazası olan məktəblərdə bu dilin intensiv təliminə keçməkdə, müəllimlərin ixtisas biliklərini və elmi-metodik hazırlıqlarını artırmaqda təlim-seminarların mühüm əhəmiyyət daşıdığını qeyd etdi və onun təşkilatçılarına, xüsusən də bu işdə böyük əməyi olan "British Council"ın proqram üzrə meneceri Gülşən Hüseynovaya təşəkkürünü bildirdi.

Bu işin Azərbaycanda davamlı olaraq aparılmasının vacibliyini vurğulayan nazir yeni dərs ilindən başlayaraq digər məktəblərdə dərs deyən ingilis dili müəllimləri üçün də payız, qış və yaz tətilləri dövründə belə seminarlar təşkil etməyin məqsədəuyğun olduğunu söylədi. Bu işə həvəs göstərən digər məktəbləri də layihədə iştiraka cəlb etməyi tövsiyə edən Misir Mərdanov, eyni zamanda görülmüş işlər barədə Azərbaycan ictimaiyyətinə geniş məlumat verilməsini vacib saydı.

Nazir ölkədə aparılan təhsil islahatlarında, xüsusən də tədris prosesinə yeni texnologiyaların tətbiqində ingilis dili müəllimlərinin fəallığını xüsusi qeyd etdi və məhz bunun nəticəsi olaraq "Ən yaxşı müəllim" müsabiqəsində yer tutanlar arasında ingilis dili müəllimlərinin çoxluq təşkil etdiyini diqqətə çatdırdı. Nazir ingilis dili müəllimlərinin reytinqinin müəyyənləşdirilməsini də zəruri saydı və bu sahədə iş aparılmasını nazirliyin müvafiq qurumlarına və məktəb rəhbərlərinə tövsiyə etdi.

Mərasimdə çıxış edən bir sıra məktəb direktorları və seminarı aparan məşqçi-müəllimlər keçirilən təlimləri yüksək dəyərləndirib, bu işin ardıcıl davam etdirilməsini, daha çox müəllimi intensiv təlim seminarlarına cəlb etməyi məqsədəuyğun hesab etdilər.

Mərasimin sonunda təlim-seminarın ikinci qrupunun iştirakçılarına və onlarla məşğələləri aparmış məşqçilərə sertifikatlar təqdim olundu.

 

Yusif ƏLİYEV