· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı nazirliyin Fəaliyyət Planına (2.4 və 7.4-cü bəndlər) əsasən yerlərdə riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədilə 2008-ci ilin mayında Bakı şəhərində alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılmışdır.

Seçim prosesində riyaziyyat fənnindən 260 (VIII-IX siniflər - 158, X sinif - 102), fizikadan 126 (VIII-IX siniflər - 62, X sinif - 64), kimyadan 138 (VIII-IX siniflər - 68, X sinif - 70), biologiyadan 155 (VIII-IX siniflər 83, X sinif - 72) nəfər iştirak etmişdir.

Şagirdlərə riyaziyyat, fizika, kimya fənlərinin hər birindən 50, biologiya fənnindən 75 xüsusi hazırlanmış test təşkil olunmuş, nəticələr 100 ballıq sistemlə qiymətləndirilmişdir.

Şəhriyar Qaralov (Bakı şəhəri 72 nömrəli lisey, X sinif, 82 bal), Vüsal Əliyev (Bakı şəhəri 74 nömrəli məktəb, IX sinif, 78 bal), Nicat Ağayev (Heydər Əliyev adına lisey, X sinif, 72 bal), Kənan Hüseynli ("Zəngi" liseyi, IX sinif, 72 bal), Elçin İsmətli (fizika-riyaziyyat və informatika təmayüllü lisey, IX sinif, 72 bal), Abduləli Hadızadə (Şəki şəhər 11 nömrəli məktəb, VIII sinif, 70 bal) riyaziyyatdan, Aslan İbayev (Biləsuvar şəhər 1 nömrəli məktəb, X sinif, 82 bal), ülviyyə Kazımlı (Bakı şəhəri 246 nömrəli məktəb, X sinif, 76 bal), Mehdi Sadıqov (Yardımlı qəsəbə 1 nömrəli məktəb, X sinif, 74 bal), Hikmət Qurbanlı (Neftçala şəhər 1 nömrəli məktəb, IX sinif, 74 bal), Samir Tağıyev (Avropa liseyi, IX sinif, 72 bal), Cavid Salahov (Sumqayıt şəhər təbiət və texniki elmlər təmayüllü lisey, IX sinif, 72 bal) fizikadan, Tamerlan Hadızadə (Yardımlı rayonu Bozayran kənd məktəbi, X sinif, 96 bal), ülviyyə Quliyeva (Bakı şəhəri 47 nömrəli məktəb, IX sinif, 94 bal), Fəhmin Haqverdiyev (Bakı Türk Anadolu liseyi, X sinif, 94 bal), Günel Əhmədli (Bakı şəhəri 319 nömrəli məktəb, X sinif, 92 bal), Zakir Tağızadə (Heydər Əliyev adına lisey, IX sinif, 90 bal), Bayram Əliyev (kimya-biologiya təmayüllü lisey, X sinif, 90 bal), Gülnar Fətəliyeva (Dəvəçi şəhəri 1 nömrəli məktəb, X sinif, 88 bal), Əlizamin Yusifli (kimya-biologiya təmayüllü lisey, X sinif, 88 bal), Nurlan Bəylərov (Sumqayıt şəhər təbiət elmləri təmayüllü lisey, IX sinif, 86 bal) kimyadan, Qədir Məmmədov (Cəlilabad rayonu Alar kənd 1 nömrəli məktəb, X sinif, 69 bal), Sübhanə Ələsgərli (Heydər Əliyev adına lisey, X sinif, 63 bal), Xalidə Əfəndiyeva (Qax şəhər 4 nömrəli məktəb, X sinif, 61 bal), İbrahim Bayramov (Cəlilabad rayonu Alar kənd 1 nömrəli məktəb, IX sinif, 54 bal), Zərifə Rəsulova (Heydər Əliyev adına lisey, IX sinif, 49 bal) biologiyadan  ən yüksək nəticə göstərmişlər.

Bununla belə, seçimin yekunlarına dair reytinq cədvəlindən aydın olur ki, bir çox məktəb rəhbərləri bu tədbirdə iştirak etmək üçün istedadı ilə fərqlənənləri deyil, təsadüfi şagirdləri göndərmişlər. Ona görə də həmin şagirdlər əksər tapşırıqları yerinə yetirə bilməmiş və aşağı bal, bəziləri hətta "0" bal toplamışlar. Bu cür hallar isə, ilk növbədə, müvafiq məktəb direktorlarının vacib məsələyə məsuliyyətsiz və laqeyd  münasibətlərinin nəticəsi kimi qiymətləndirilməlidir.

Göstərilənləri nəzərə alaraq

ƏMR EDİRƏM:

1. Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması ilə bağlı Bakı şəhərində keçirilmiş seçimin nəticələri nəzərə alınsın.

2. Seçimin yekunlarına görə qənaətbəxş nəticə həddi minimum 50 bal hesab edilsin.

3. Seçim keçirilmiş fənlər üzrə aparılan qiymətləndirmənin nəticələri barədə məlumat (reytinq cədvəli) müvafiq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və nazirlik tabeliyindəki aidiyyəti məktəblərə göndərilsin.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

4.1. Bu əmrin məzmununu pedaqoji kollektivlərə çatdırsınlar, istedadlı şagirdlərin müəyyən olunması və inkişaf etdirilməsi sahəsində iş üzrə Fəaliyyət Planı hazırlayıb həyata keçirilməsini təmin etsinlər. Fəaliyyət Planı hazırlanarkən aşağıdakı məsələlərin əhatə olunmasına diqqət yetirsinlər:

4.1.1. Hər bir məktəbdə fənn sahələri, yaxud ayrı-ayrı fənlər üzrə istedad və qabiliyyəti ilə fərqlənən VII-X sinif şagirdlərinin aşkara çıxarılması, onların siyahılaşdırılması və bunun əsasında hər məktəbdə "İstedad bankı"nın yaradılması.

4.1.2. Məktəblərdəki məlumatlar əsas tutulmaqla rayon (şəhər) üzrə "İstedad bankı"nın təşkili və ilbəil zənginləşdirilməsi.

4.1.3. Nazirliyin 21 yanvar 2008-ci il tarixli, 63 nömrəli əmrinə görə məktəblərdə və rayon (şəhər) üzrə "Kiçik Akademiya"ların təşkili, onların səmərəli fəaliyyəti üçün müvafiq şəraitin yaradılması.

4.1.4. İstedadlı uşaqlarla məqsədyönlü iş sistemi qurmaq üçün Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamına uyğun olaraq, Təhsil Nazirliyinin sifarişi ilə çap edilib yerlərə göndərilmiş "İstedadlı uşaqların psixoloji təminatı", "İstedadın psixoloji diaqnostikası" adlı metodik vəsaitlərdən hərtərəfli istifadə olunmasının təmin edilməsi.

4.1.5. İstedadlı, habelə xüsusi istedada malik şagirdləri vaxtında müəyyənləşdirmək üçün məktəblərdə vaxtaşırı kiçik olimpiadaların və digər formalarda bilik yarışlarının keçirilməsi, nəticələrdən asılı olaraq müvafiq təkliflərin hazırlanması, xüsusi istedadı ilə seçilən uşaqlar haqqında əsaslandırılmış məlumatların nazirliyə təqdim edilməsi.

4.1.6. "Kiçik Akademiya"lar vasitəsilə xüsusi istedad və qabiliyyətə malik şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması üçün yaş səviyyələrinə uyğun elmi-təcrübi konfransların təşkili, onların bu konfranslarda məruzə ilə çıxış etmələrinin, eyni zamanda müəyyən mövzularda yaradıcılıq işləri, referat yazmalarının təmin olunması.

4.1.7. İstedadlı şagirdlərin və onların müəllimlərinin rəğbətləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi və s.

4.2. Bu əmrin 3-cü bəndində qeyd edilən məlumatları ətraflı təhlil etsinlər, seçimin yekunlarına görə bir sıra şagirdlərin zəif nəticə göstərmələrinin səbəblərini araşdırıb müvafiq qərar qəbul etsinlər.

4.3. Seçim tədbirlərində ən yüksək və yaxşı nəticələr göstərmiş şagirdlərin ictimaiyyətə tanıdılması və mükafatlandırılması, onların müəllimlərinin rəğbətləndirilməsi üçün lazımi tədbirlər görsünlər.

4.4. Əmrin yerinə yetirilməsinin gedişi vəziyyəti barədə 2008-ci ilin dekabrında nazirliyə ətraflı arayış göndərsinlər.

5. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri (A.Muradov, A.Əhmədov):

5.1. Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) ilə birlikdə seçim tədbirlərində ən yüksək nəticə göstərmiş şagirdlərin görkəmli alimlərlə görüşlərinin təşkil olunması, onların həmin alimlər tərəfindən elmi himayəyə götürülməsi istiqamətində ardıcıl iş aparsınlar.

5.2. Bakı şəhərində keçirilmiş seçimdə xüsusilə fərqlənmiş şagirdlərin və onların müəllimlərinin rəğbətləndirilməsi, habelə 2008-2009-cu dərs ilində xüsusi istedada malik şagirdlərin zonalar üzrə və Bakı  şəhərində seçiminin aparılması ilə əlaqədar təkliflər hazırlayıb rəhbərliyə təqdim etsinlər.

5.3. İstedadlı uşaqlar üçün 2008-ci ilin avqustunda Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində təşkil ediləcək yay təlim-istirahət düşərgəsinə seçim prosesində xüsusilə fərqlənmiş şagirdlərin cəlbini təmin etsinlər.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) seçim tədbirlərində ən yüksək nəticə göstərmiş şagirdlər haqqında mətbuatda yazıların, eyni zamanda bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

22 iyul 2008-ci il