· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ukrayna Prezidentinin adından Heydər Əliyev Fonduna məktəbli avtobusu hədiyyə edildi

AzərTAc xəbər verir ki, iyulun 1-də Ukrayna Prezidenti Viktor Yuşşenkonun adından təhsil sahəsində uğurlu layihələr həyata keçirən Heydər Əliyev Fonduna məktəbli avtobusu təqdim edilmişdir. Avtobus Ukraynada beşinci ildir ki, həyata keçirilən "Məktəbli avtobusu" layihəsi çərçivəsində Fonda hədiyyə edilmişdir.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından ukraynalı qonaqları salamlayan icraçı direktor Anar Ələkbərov demişdir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə mühüm layihələr həyata keçirir.

Bildirilmişdir ki, Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Qonaqlar ulu öndər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etmişlər.

Görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlər qonaqlarda xüsusi maraq doğurmuşdur.

Ukraynalı qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən filmə baxmışlar. Filmdə ulu öndərin milli dövlətçilik ideyalarının davamçısı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən bəhs olunmuşdur. Bu layihələr təkcə Azərbaycanda yox, ölkədən kənarda da yüksək qiymətləndirilir.

Məktəbli avtobusunun açarını Ukrayna Prezidentinin adından Fondun icraçı direktoru Anar Ələkbərova təqdim edən Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk demişdir ki, bu, Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.

Səfirə Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə edilmişdir.

Sonra Fondun həyətində məktəbli avtobusunun texniki xüsusiyyətləri nümayiş olunmuşdur. Bildirilmişdir ki, Yaponiyanın "İsuzu" şirkətinin istehsalı olan avtobusun şagirdlərin təhlükəsiz daşınmasında xüsusi əhəmiyyəti vardır. Avropa standartlarına cavab verən avtobusun hər bir oturacağında qoruyucu kəmər və qəza vəziyyətləri üçün nəzərdə tutulan düymə vardır. Nəqliyyat vasitəsinin özəlliyi ondan ibarətdir ki, burada quraşdırılan xüsusi meydança vasitəsilə əlil uşaqlar da avtobusdan istifadə edə bilərlər.

Səfir B.Klimçuk Fondla tanışlıqdan zəngin təəssürat aldığını bildirmiş, Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xeyirxah işlərini yüksək qiymətləndirmişdir.

Azərbaycan - Ukrayna münasibətlərinə toxunan səfir, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində dövlətlərimizin başçılarının rolunu və xidmətlərini xüsusi vurğulamışdır. Diplomat bildirmişdir ki, bu əlaqələr inkişaf edir və daha da dərinləşir.