|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Sankt-Peterburq şəhərində inklüziv təhsillə bağlı beynəlxalq konfrans keçirilib 2008-ci ilin 19-20 iyun tarixlərində
Sankt-Peterburq şəhərində "İnklüziv
təhsil: təhsil siyasətinin və sisteminin
təkmilləşdirilməsi problemləri" mövzusunda
YUNESKO, Rusiyanın Təhsil və Elm Nazirliyi, A.Hersen adına
Rusiya Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı
ilə beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransda
ölkəmizi Azərbaycan Respublikası təhsil nazirinin müavini,
tarix elmləri doktoru, professor İradə Hüseynova
təmsil edib. İnklüziv təhsil problemlərinə
həsr edilən beynəlxalq konfransın nümayəndə
heyətinin tərkibi kifayət qədər geniş
və nüfuzlu idi. Belə ki, iştirakçılar sırasına
yaxın və uzaq xarici ölkələrdən - İsveçrə,
Almaniya, Finlandiya, Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan,
Moldova, Ermənistandan gəlmiş
yüksək səviyyəli nümayəndə
heyətləri daxil idi. Konfransda nazir müavinləri,
təhsil departamentlərinin rəhbərləri, Rusiya
Təhsil Akademiyasının görkəmli alimləri, adları
qeyd olunan ölkələrin ali məktəblərinin
rektorları və prorektorları, Rusiya dövlət qurumlarının
başçıları və məsul işçiləri, BMT-nin
və digər beynəlxalq təşkilatların
məsul əməkdaşları, ictimai qurumların nümayəndələri
iştirak edirdilər.
Beynəlxalq konfransı giriş sözü
ilə Rusiya Dövlət Pedaqoji Universitetinin rektoru, YUNESKO-nun
pedaqoji elmlər kafedrasının rəhbəri
Q.A.Bordovski açıb. YUNESKO-nun Parisdəki qərərgahının
icraçı direktoru, təhsil bölməsinin rəhbəri çuan
Tanq konfrans iştirakçılarına öz təbriklərini
çatdırıb. Konfransın işində inklüziv
təhsil sahəsində aparıcı mütəxəssislər,
o cümlədən Sankt-Peterburq Hökuməti Elm və Ali
Məktəb üzrə Komitəsinin sədri A.D.Viktorov,
YUNESKO-nun Moskvadakı Bürosunun direktoru Dendev Badarç, Rusiya
Federasiyası YUNESKO işləri üzrə Komissiyasının
məsul katibinin müavini A.A.Bilyalitdinov, YUNESKO-nun təhsil
üzrə proqram mütəxəssisi Alişer Umarov və başqaları
iştirak edib. Konfransın açılışında
Azərbaycan Respublikası təhsil nazirinin müavini,
professor İradə xanım Hüseynova "Azərbaycanda
inklüziv təhsil: mövcud vəziyyət
və perspektivlər" mövzusunda geniş məruzə
ilə çıxış edib. Nazir müavini öz çıxışında
respublikamızda inklüziv təhsilin inkişafı və
gələcəkdə onun təkmilləşdirilməsi
perspektivlərindən ətraflı danışaraq
bildirib ki, Azərbaycanda həyata keçirilən inklüziv
təhsil üzrə Dövlət Proqramı üç pilot layihəni
əhatə edir. Həmin layihələrin reallaşmasında
Təhsil Nazirliyi ilə beynəlxalq və respublika qeyri-hökumət
təşkilatları, o cümlədən YUNESKO, Müasir
Təhsilə və Təlimə Yardım Mərkəzi,
"World Vision", Beynəlxalq Tibb Korpusu əməkdaşlıq
edirlər. "Xüsusi himayəyə ehtiyacları olan uşaqlara
yanaşmanın, təcrübənin və siyasətin
dəyişməsi", "Kənd yerində inklüziv
təhsilin inkişafı" layihələri 14
məktəbəqədər təhsil müəssisəsi
və 14 ümumtəhsil məktəbi üzrə sağlamlıq
imkanları məhdud olan 182 uşağı əhatə
edir. Təlim treninqlərində 100-dən artıq müəllim
və assistent iştirak edib. Metodiki vəsaitlər, xüsusi
tədris planları və proqramları, valideynlər
üçün vəsaitlər və ictimaiyyətin
maariflənməsi üçün materiallar hazırlanaraq nəşr
olunub. Pilot layihələrinin müvəffəqiyyətlə
həyata keçirilməsi məqsədilə Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən
əlavə olaraq mütəxəssis və müəllim ştat
vahidlərinin ayrılması nəzərdə tutulur. 2004-cü ildə birinci sinfə qəbul olmuş
24 uşaqdan 22-nin ibtidai tədris kursunun bitirməsi faktı
müsbət nəticə kimi qeyd olunub. Müəllim və
onların assistentləri, metodist və mütəxəssis-defektoloqların
birgə səyləri nəticəsində həmin uşaqlar
lazımi bilik, bacarıq və vərdişlərə tam
həcmdə yiyələnərək 5-ci sinfə keçirilmişlər. Nazir müavini İradə Hüseynovanın
məruzəsində son illər ərzində dövlətimizin
başçısı Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən
inklüziv təhsilə göstərilən diqqət,
eləcə də Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban xanım Əliyeva
tərəfindən xüsusi himayəyə ehtiyacı olan uşaqlara
göstərilən qayğı xüsusilə qeyd olunub.
Məruzəçi respublikamızda qəbul edilmiş dövlət
qanun və sərəncamlardan, eləcə də hazırlanan
qanun layihələrindən danışaraq bu
sahəyə dövlət qayğısından söz açıb. Daha sonra nazir müavini İradə Hüseynova
bildirib ki, Azərbaycan Respublikasının müstəqilliyi
bərpa edildiyi ilk gündən ölkə rəhbərliyi
və hökumət tərəfindən sosial statusundan, irqi,
etnik və cinsi mənsubiyyətindən asılı
olmayaraq, bütün uşaqların bərabər hüquqlu
təhsil almalarına böyük diqqət göstərilir. ümumiyyətlə,
cəmiyyətdə, ictimaiyyət arasında insanlar inklüziv
təhsil sisteminə keçidin üstünlüyünü və vacibliyini
artıq tam dərk edirlər.
Azərbaycanın sosial-iqtisadi inkişafının,
cəmiyyətin demokratikləşməsinə yönəldilmiş
sosial siyasətə diqqətin artmasının humanizm
prinsiplərinə söykənərək bütün uşaqların
keyfiyyətli təhsillə təmin edilməsi üçün
yollar və metodların axtarılmasını şərtləndirdiyini
vurğulayan İ.Hüseynova inklüziv təhsil
sahəsində ölkəmizdə aparılan
və aparılacaq islahatların ümumi təhsil
sistemi ilə əlaqələrindən danışıb.
Sonra natiq inklüziv təhsilin məqsəd və
vəzifələrinin problemlər formatında deyil,
tədris prosesinin zənginləşdirilməsi
aspektindən yanaşmasından və belə yanaşmanın
yalnız fərdiyyətə hörmət, ikitərəfli
qarşılıqlı əməkdaşlıq
mədəniyyəti, tolerant və demokratik ölkədə
mümkünlüyündən söhbət açıb və fikirlərini
faktlarla əsaslandıraraq belə bir ölkənin
Azərbaycan olduğunu da konfrans iştirakçılarının
diqqətinə çatdırıb. Azərbaycanda inklüziv təhsilin inkişaf
tarixi göstərir ki, yalnız siyasi iradə ortaya qoyulduğu
halda keyfiyyətli işdən söhbət gedə bilər.
Nazir müavini inklüziv təhsilin daha da yaxşılaşdırılması
işində Təhsil Nazirliyinin mühüm rol oynadığını
qeyd edərək inklüziv
təhsil üzrə mütəxəssislərin,
korreksiya-defektologiya sahələrində ixtisaslaşan
pedaqoji kadrların, xüsusi himayəyə ehtiyacı olan uşaqları
və onların ailələrini kompleks muşayiət
edən sosial işçi kadrları hazırlığının
əhəmiyyətindən danışıb və bu
sahədə çalışan işçilərin nüfuzunun artırılmasının
vacibliyini xüsusi vurğulayıb. Beynəlxalq konfransda həmçinin İradə
Hüseynovanın təşəbbüsü ilə inklüziv
təhsilin konvergensiyasının aktual nəzəri və
praktiki məsələləri müzakirə edilib, müxtəlif
kateqoriyadan olan uşaqların birgə təhsilinin təşkili,
inteqrativ tədris vasitəsi ilə
kommunikativ səriştənin formalaşdırılması,
inteqrasiyasının və hər bir uşağın
dəyərinin tanınmasının vacib şərtləri
olan sosiallaşdırmanın və psixoloji adaptasiyanın
vurğulanması problemləri ətrafında maraqlı
elmi-praktiki diskussiyalar keçirilib. İnklüziv təhsil problemlərinin
həllinə dair Azərbaycan Respublikasında olan
elmi-tədqiqi yanaşma mexanizmi mütəxəssislər
arasında böyük maraq doğurub. İnteqrativ tədrisin
həyata keçirilməsində aydın şəkildə görünən
müvəffəqiyyətlər Azərbaycan Respublikasının
bu sahədə qabaqcıl təcrübəyə malik olduğunu
bir daha sübut edir. Azərbaycanda qapalı tipli xüsusi
məktəblərin rolunun azalmasına və bütün uşaqların,
o cümlədən xüsusi himayəyə ehtiyacı olan uşaqların
da digər uşaqlarla birgə təhsil almalarına
meyilin gücləndiyi konfrans iştirakçıları
tərəfindən yekdilliklə qeyd olunub. Təhsil nazirinin müavini İradə Hüseynovanın
məruzəsində inklüziv təhsilin metodiki və
pedaqoji təminatının təkmilləşdirilməsinə
dair irəli sürdüyü təkliflər beynəlxalq konfransın
yekun sənədlərinə daxil edilib və inklüziv
təhsil siyasətini həyata keçirən ölkələrdə
praktiki istifadə üçün tövsiyə olunub. Samirə KƏRİMOVA
|