|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Məktəbdə metodik işin təşkili "Azərbaycan müəllimi"
qəzetinin 25 yanvar 2008-ci il tarixli sayında dərc olunmuş
"Metodbirləşmə məktəbə lazımdırmı?"
məqaləsində aktual məsələyə toxunulub.
öz metodikası və metodbirləşmə ilə işlərin
təşkili sahəsində təcrübəsi olan bir müəllim
kimi mən də müəllifin fikirləri ilə razılaşıram
ki, doğrudan da, son illər məktəblərdə
metodik iş yaddan çıxmaq üzrədir. Halbuki metodbirləşmə
məktəbdə həyata keçirilən metodik işlərin
qərargahı, bir növ, müəllimlər üçün yaradıcılıq
laboratoriyasıdır. Müasir təlim metodlarının,
texnologiyalarının tədris prosesinə tətbiqinin
geniş vüsət aldığı bir şəraitdə
ona daha çox ehtiyac vardır. Müasir məktəbin fəaliyyətində
məktəb rəhbərliyinin, o cümlədən də
təlim-tərbiyə işləri üzrə direktor müavininin
rolu böyükdür. Pedaqoji kollektivin hər müvəffəqiyyəti
müəyyən dərəcədə direktor müavininin işgüzarlığından,
pedaqoji ustalığından, kollektivin işini düzgün
istiqamətləndirmək bacarığından,
tələbkarlığından asılıdır.
Belə ki, o, dinlədiyi dərsləri
hərtərəfli təhlil etməyi bacarmalı, müəllimə
konkret tələblər verməklə yanaşı, onun
yaxın köməkçisi və məsləhətçisi olmalı,
dərs cədvəlini düzgün tərtib etməlidir.
Bunlarla yanaşı, direktor müavini pedaqoji şura,
metodbirləşmə yığıncaqlarında, metodşuralarda
müasir dərsin təşkilini, yeni pedaqoji təfəkkürün
inkişafını diqqət mərkəzində saxlamalıdır. Hazırda müasir dərsə verilən
tələblər artıb. Bu mənada müasir dərs yeni
əsrin elmi-texniki inqilabının bütün
cəhətlərini özündə əks etdirən dünya
standartlarına uyğun dərs modellərinin təlim
prosesinə gətirilməsi deməkdir. Bəzi müəllimlər dərsdə müasirliklə
müasir dərs ifadələrini eyniləşdirirlər. Müasir
dərs dedikdə, adətən, mövzunu şagirdlərə
öyrətmə prosesində müəllimin göstərdiyi
pedaqoji məharət, ustalıq nəzərdə tutulur. Müəllim
sinifdə işgüzar şərait yaradıb şagirdlərin
müstəqil mühakimələrinə geniş meydan açırsa,
şagirdlərdə yaradıcı təxəyyülü inkişaf
etdirməyə və idrakın müstəqilliyinə
xidmət göstərən problemli suallara, düşündürücü
məsələlərə xüsusi yer verə bilirsə,
deməli o, dərsi müasir tələblər əsasında
qurur. Müasir dərsin planlaşdırılması,
məşğələ strukturunun müəyyən
edilməsi təlimin effektliliyinin artırılmasında
əsas amillərdəndir. Müəllim bir dərs saatında
görəcəyi işləri ardıcıl həyata keçirmək
üçün öz işini hər dəqiqəyə qənaət
etmək əsasında planlaşdırıb yerinə
yetirməlidir. Belə olanda müəllimin
fəaliyyətində müəyyən sistem yaranır
və təlimin müxtəlif üsullarından istifadə
etmək asanlaşır. Müasir dərsdə əyanilik, problem
situasiya, təlimlə tərbiyənin vəhdəti,
əks-əlaqə, təlim üsullarının optimallaşdırılması,
diferensiallaşdırma, fərdiləşdirmə və
s. istifadə etmək o demək deyildir ki, müəllim
dərsdə bütün məqamları əhatə
etməlidir. Məqsəd dərsin optimallaşdırılması
və müasirləşdirilməsidir. Müasir dərsin təşkili müəllimlərin
elmi-metodik hazırlığının artırılmasını,
onlarla aparılan metodik işin məzmunu və formalarının
daha da yaxşılaşdırılmasını və
təkmilləşdirilməsini tələb edir.
Məktəbdə aparılan metodik iş qabaqcıl
təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi
və tətbiqi ilə, müəllimin şəxsi
təhsili, onun elmi-metodik və pedaqoji hazırlığının
fasiləsiz olaraq yüksəldilməsi ilə, habelə
məktəbdə təlim-tərbiyə prosesinin daha da
zənginləşdirilməsi ilə şərtlənir.
Metodik işin keyfiyyətinə bir çox amillər - işin
forma və metodlarından səmərəli istifadə
edilməsi, müəllimlərin yaradıcılıq inkişafına
təsir edən müəyyən təşkilati-pedaqoji
şəraitin yaradılması və s. daxildir. Bütün bu
məsələlərin həllində məktəbdaxili
metodbirləşmə mühüm rol oynayır. Məlum olduğu kimi, müəllimlərin
sayı azı 3 və daha çox olan məktəbdə
fənn metodbirləşməsi yaratmaq vacibdir. Metodbirləşmənin ilk iclasında müəllimlər
tərəfindən sədr seçilməli və sonra pedaqoji
şurada təsdiq edilməlidir. Metodbirləşmə
sədri seçilərkən müəllimin əsas 5
keyfiyyəti nəzərə alınmalıdır.
Belə ki, o, öz ixtisasını dərindən bilməli
və hərtərəfli məlumata malik olmalı,
təlimin müxtəlif üsullarından məharətlə
istifadə etməyi bacarmalı, müntəzəm olaraq elmi,
pedaqoji-psixoloji biliyini artırmalı və bu
sahədə müəllimlərə nümunə olmalı,
dərs dediyi şagirdlərin fənnə aid ümumi bilik
səviyyələrini nəzərə almalı, yüksək
mənəviyyatı, obyektivliyi, əməksevərliyi,
təşəbbüskarlığı, nüfuzu və təşkilatçılığı
ilə fərqlənməlidir. Metodbirləşmə sədrlərinin
əsas vəzifələri proqram materiallarının
planlaşdırılmasında müəllimlərə köməklik
göstərmək, onların dərslərində iştirak
etmək, qabaqcıl və təcrübəli müəllimlərin
iş üsulunu öyrənib yaymaq, müəllimlərin vaxtında
ixtisasartırma kurslarına getmələrini təşkil
etmək, pedaqoji yeniliklər, müxtəlif təlimat və
metodik tövsiyələri müəllimlərə çatdırmaq,
gənc müəllimlərə əməli yardım göstərmək,
fənn kabinetlərinin təşkili, müsabiqələrin,
olimpiadaların, sinifdənxaric və
məktəbdənkənar tədbirlərin həyata keçirilməsində
müəllimlərə yardımçı olmaqdır. Metodbirləşmə iclasını I yarımildə
2 dəfə, II yarımildə 3 dəfə keçirmək
məqsədəuyğundur. Direktor müavinlərinin
metodbirləşmə iclaslarında iştirakı
vacibdir. Məktəbdə iş elə təşkil
olunmalıdır ki, metodbirləşmənin işi formal
xarakter daşımasın, o, canlı orqanizm kimi həmişə
fəaliyyətdə olsun, təlim-tərbiyə işinin
təkmilləşməsinə kömək etsin. Metodik işin planlaşdırılması
fəal, yaradıcı prosesdir. O, məktəbin metodik
şurası tərəfindən həyata keçirilir. Məlum olduğu kimi, müəllimlərin
pedaqoji ustalığının təkmilləşdirilməsi,
onlarla aparılan metodik işin təşkili
problemlərinə pedaqoji şurada müntəzəm və
hərtərəfli baxılması mümkün deyildir. Ona görə
də həmin məsələ ilə metodik şura
məşğul olur və bu onun yeganə funksiyasıdır.
Şuranın tərkibinə məktəbin qabaqcıl müəllimləri,
sinif rəhbərləri daxil olurlar. Bir qayda olaraq metodik
şuraya direktor müavini rəhbərlik edir. Şura il üçün qarşıda duran
vəzifələri müəyyənləşdirir, iş
planının tərtibində iştirak edir, metodbirləşmələrin
fəaliyyətini istiqamətləndirir və ona
nəzarət edir, məktəbdaxili pedaqoji mühazirələrin
və metodik konfransların hazırlanması və keçirilməsi
işinə rəhbərlik edir, ayrı-ayrı
məsələlər üzrə aparılan seminar və
konfransların proqramını hazırlayır, qabaqcıl
təcrübə haqqında müəllimlərə məlumat
verir, gənc müəllimləri təlimatlandırır. Bir sözlə, metodik şura öz
fəaliyyətilə məktəbin qarşısında
duran əsas metodik və təlim-tərbiyə
vəzifələrinin məqsədyönlü və fəal
həllinə kömək etməlidir. Məktəbin metodik
şurasının işi o vaxt səmərəli olur ki,
pedaqoji kollektivdə işgüzar, yaradıcı mühit,
məktəb rəhbəri ilə müəllimlər arasında
mehriban, etibarlı qarşılıqlı əlaqə
yaransın, pedaqoji kollektivin hər bir üzvü işə
həvəslə və yaradıcı yanaşsın. M.ABDULLAYEVA, Bakıdakı 261 nömrəli məktəb-liseyin direktor müavini, "Qabaqcıl maarif xadimi" |