|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda respublika elmi-praktik konfransı Mayın
2-də Təhsil Nazirliyində ümummilli lider Heydər
Əliyevin 85 illik yubileyinə həsr olunmuş
"Heydər Əliyev və Azərbaycan dövlətçiliyi"
mövzusunda respublika elmi-praktik konfransı keçirildi. Konfransda Təhsil Nazirliyinin rəhbər işçiləri,
nazirliyin struktur bölmələrinin, ali, orta ixtisas, ümumtəhsil
məktəblərinin rəhbərləri, alimlər,
təhsil ictimaiyyətinin nümayəndələri iştirak
edirdilər. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq
bu günlərdə ölkəmizin hər yerində, bütün müəssisə
və təşkilatlarda ümummilli lider, müstəqil
Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük
oğlu Heydər Əliyevin anadan olmasının 85
illiyinin geniş qeyd olunduğunu bildirdi. Bu münasibətlə
keçirilən çoxsaylı tədbirləri, hər gün yüzlərlə,
minlərlə insanın Fəxri xiyabana axışaraq böyük
öndərin məzarını ziyarət etməsini
Heydər Əliyevə olan ümumxalq məhəbbətinin
təzahürü kimi dəyərləndirən nazir elmi-praktik
konfransa da məhz ulu öndərin əziz xatirəsini yad
etmək, onun təhsillə, təhsil işçiləri
ilə bağlı həyata keçirdiyi tədbirləri bir
daha yada salmaq üçün yığışdıqlarını
söylədi. Dahi şəxsiyyət Heydər Əliyevin
xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra konfrans
iştirakçılarına nazirliyin İctimaiyyətlə
əlaqə şöbəsi tərəfindən hazırlanmış
"Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda
film nümayiş etdirildi. Təqdim olunan lentdə böyük öndərin
təhsil müəssisələrində olması, təhsil
işçiləri ilə keçirdiyi çoxsaylı görüşlər,
təhsilin əhəmiyyətilə bağlı söylədiyi
müdrik fikirlər, müəllimin cəmiyyətdəki roluna
verdiyi yüksək qiymət öz əksini tapmışdı.
Film konfrans iştirakçılarına böyük təsir bağışladı. Təhsil naziri Misir Mərdanov respublika
elmi-praktik konfransında geniş məruzə etdi.
Məruzəsinə nümayiş olunan filmə münasibət
bildirməklə başlayan nazir onun çox təsirli olduğunu,
insanda kövrək hisslər yaratdığını söylədi.
Bildirdi ki, filmdəki görüntülər, xüsusən də
Heydər Əliyevin uşaqlara münasibəti bir
tərəfdən bizim hamımızı
kədərləndirir və düşündürürsə,
digər tərəfdən də sevinirik ki, onun ideyaları,
arzuları, istəkləri, başlamış olduğu
nəhəng işlər Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
həyata keçirilir. Azərbaycan xalqının hər bir nümayəndəsinin
Heydər Əliyevin mənalı həyatını öyrənməyə,
özü üçün ibrət götürməyə çalışmalı
olduğunu deyən nazir "Heydər Əliyev və
Azərbaycan təhsili" mövzusunda daha professional və
sanballı bir filmin yaradılmasına ehtiyac duyulduğunu
qeyd etdi. Vurğuladı ki, Heydər Əliyevin həyat
və fəaliyyəti, 1969-2003-cü illərdə təhsil
sahəsində gördüyü işlər haqqında çoxlu
əsərlər yazılsa da, kitablar çap olunsa da, bunlar
hələ böyük şəxsiyyətin həyatı haqqında
tam təsəvvür yaratmır. Böyük öndər haqqında
daha çox əsərlər yazılmalı, onun çoxsaylı
fəaliyyəti daha dərindən öyrənilməlidir. Uzun illər Heydər Əliyevin
rəhbərliyi altında işləməsi, onunla
dəfələrlə görüşüb tövsiyələrini,
tapşırıqlarını dinləməsi və onları
həyata keçirməyə çalışması ilə
fəxr etdiyini deyən Misir Mərdanov böyük öndərlə
bağlı bəzi xatirələrini tədbir iştirakçıları
ilə bölüşdü. Daha sonra Misir Mərdanov ümummilli lider
Heydər Əliyevin təhsil işçilərinə göstərdiyi
böyük qayğıya, təhsil sahəsində həyata keçirdiyi
müdrik siyasətin bəzi məqamlarına diqqəti yönəltdi.
Qeyd etdi ki, təhsilə, təhsil işçilərinə
qayğı Azərbaycanda hakimiyyətdə olduğu bütün
illərdə ümummilli lider Heydər Əliyevin diqqət
mərkəzində olmuşdur. Bu qayğını
Heydər Əliyevi gördüyü ilk gündən - 1974-cü ildən
hiss etdiyini deyən Misir Mərdanov o vaxt Bakı Dövlət
Universitetinə gələn böyük öndərin auditoriyaları
gəzərkən bir qrup gənc riyaziyyat müəllimi
ilə görüşüb açıq, səmimi söhbət etdiyini,
onların problemləri ilə maraqlandığını
bildirdi. Qeyd etdi ki, məhz bu qayğısının, Bakı
Dövlət Universitetinə böyük hörmətinin ifadəsi idi
ki, ulu öndər hakimiyyətdə olduğu illər
ərzində bir neçə dəfə ölkənin bu baş
ali təhsil ocağında olmuş, tələbə
və müəllimlərlə görüşmüş, universitetin
75, 80 illik yubileylərində iştirak etmiş, 1994-cü
ildə universitetin 75 illik yubileyi ilə əlaqədar
yaradılmış yubiley komissiyasına rəhbərlik
etmişdir. Məruzədə Heydər Əliyevin
rəhbərliyi altında ölkəmizdə təhsil
quruculuğu sahəsində aparılan işlərdən,
təhsil sistemində böyük dəyişikliklərin
əsasını qoymuş İslahat Proqramının işlənib
hazırlanmasında və qəbulunda Heydər Əliyevin
öz müdrik göstəriş və tövsiyələri ilə
bilavasitə iştirak etməsindən də ətraflı
söz açıldı. Qeyd olundu ki, Təhsil İslahatının
inqilabi yolla deyil, təkamül yolu ilə aparılmasını
tövsiyə edən ümummilli lider yeni təhsil quruculuğu
prosesində milli mənəvi dəyərlərin əsas
götürülməsi ilə bərabər, sovet təhsil
sisteminin müsbət cəhətlərindən istifadəni,
qabaqcıl ölkələrin bu sahədəki təcrübələrinin
nəzərə alınmasını da zəruri sayırdı. Nazir 90-cı illərin
əvvəllərində, ölkənin ağır
vəziyyətdə olduğu, ali təhsil ocaqlarının
ciddi çətinliklərlə qarşılaşdığı
bir vaxtda ulu öndərin dövlət ali
məktəblərində ödənişli təhsilin
tətbiqi ilə bağlı verdiyi qərarı yüksək
dəyərləndirib, bu addımın ölkənin ali
məktəblərinin inkişafına, maddi-texniki bazasının
möhkəmləndirilməsinə müsbət təsir göstərdiyini
vurğuladı. Daha bir maraqlı məqama toxunan Misir
Mərdanov bildirdi ki, ali təhsilimizin Avropa təhsil
məkanına inteqrasiyasına real imkanlar açmış
Boloniya Bəyannaməsinə 2005-ci ildə qoşulsaq da,
ulu öndərimiz həmin Bəyannamədə təsbit
olunmuş əsas məqsədlərin mahiyyətini böyük
uzaqgörənliklə hələ bir neçə il
əvvəldən açıqlamışdı. 1999-cu ilin
martında keçirilmiş Təhsil Sahəsində İslahat
üzrə Dövlət Komissiyasının iclasındakı
yekun nitqində ümummilli lider demişdir: "Azərbaycanın təhsil
sistemində təhsil alan insanların, xüsusən ali
məktəbləri bitirənlərin bilik səviyyəsi
və onların biliklərini təsdiq edən
sənədlər gərək dünyanın inkişaf etmiş
ölkələrinin ali məktəblərinin bilik
səviyyəsinə uyğunlaşdırılsın". Təhsil naziri məruzəsinin sonunda
Heydər Əliyevin ölkədə dövlət quruculuğu,
təhsil sahəsində atdığı addımların
bu gün uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Dedi ki, bu gün ölkəmizdə bütün daxili və xarici
siyasət, o cümlədən təhsil siyasəti Heydər
Əliyevin qoyduğu yolla gedir. Biz fəxr edirik ki,
1969-1982-ci illərdə, ondan sonrakı dövrlərdə atılan
addımlar indiki dövrün tələblərinə uyğun
davam etdirilir. Bu gün təhsilimiz Heydər Əliyev
tərəfindən qoyulmuş təməl əsasında
inkişaf edir. Misir Mərdanov Azərbaycanın təhsil
işçilərinin öz ulu rəhbərlərini heç zaman
unutmayacaqlarına, onun əməllərini daim yaşadacaqlarına
əmin olduğunu bildirdi. Elmi-praktik konfransda məruzə ətrafında
çıxışlar oldu. çıxış üçün söz alan
millət vəkili, Bakı Dövlət Universitetinin rektoru,
akademik Abel Məhərrəmov, Dövlət İdarəçilik
Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov,
millət vəkili, Azərbaycan Dillər Universitetinin
rektoru, professor Səməd Seyidov, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor
Yusif Məmmədov, Bakı Slavyan Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev Heydər
Əliyev haqqında nümayiş olunan filmin onları da
təsirləndirdiyini, filmdə və məruzədə böyük
öndərin təhsilimizə qayğısını, onun
inkişafı naminə fəaliyyətinin bir sıra
məqamlarının əks olunduğunu bildirdilər. çıxışlarda ümummilli lider Heydər
Əliyevin xilaskarlıq missiyasından, dövlət quruculuğu
sahəsindəki xidmətlərindən ətraflı söz
açıldı, böyük öndərin ideyalarının, ölkənin
inkişafı, xalqın rifahı naminə gördüyü
misilsiz işlərin onun layiqli varisi, ölkə Prezidenti
İlham Əliyev tərəfindən qətiyyətlə
davam etdirildiyi, dövlət başçısının
təhsilə davamlı olaraq qayğı göstərdiyi vurğulandı. Y.ƏLİYEV
Təhsil Nazirliyində Oslo Universitetinin əməkdaşları ilə görüş Mayın
6-da Təhsil Nazirliyində Norveç Krallığı Oslo
Universitetinin əməkdaşları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov tədbiri
giriş sözü ilə açaraq qonaqları salamlayıb. Nazir
qonaqların Oslo Universitetinin idarəolunması,
maliyyələşməsi, kredit sisteminin tətbiqi, ümumilikdə
bu sahə üzrə ətraflı məlumat
verəcəklərini diqqətə çatdırıb. Nazir
həmçinin Oslo
Universiteti ilə Azərbaycan Dillər Universiteti arasındakı
mövcud əlaqələr, qurulan əməkdaşlıqdan
söz açıb və bildirib ki, təqdimatın keçirilməsində
bu təhsil müəssisəsinin rolu böyükdür. Norveç Krallığının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri cənab
Jon Ramberg cari ilin fevralında Təhsil Nazirliyində keçirilən
görüş barədə danışıb və həmin görüşdə
Oslo Universiteti əməkdaşlarının nazirlikdə
təqdimat-məruzə etməsinin qərara alındığını
açıqlayıb. Səfir universitet əməkdaşlarını
iştirakçılara təqdim edərək onların hazırladıqları
təqdimatdan söz açıb. Oslo Universitetinin professoru xanım Vibeke
Roggen "Oslo Universiteti: dünən, bu gün və sabahın
tələbləri" mövzusunda təqdimat-məruzə
edib. V.Roggen məruzəsində Norveç Krallığı
haqqında ümumi məlumat verib, ali təhsil islahatı,
təhsil siyasəti, Oslo Universitetinin fəaliyyət
istiqamətləri, Boloniya prosesinə uyğun görülən
işlər, tələbə mübadiləsi və s.
məsələlərə toxunub. Tədbirdə ali təhsil müəssisələri və nazirliyin struktur bölmə rəhbərləri iştirak edib.
|