· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Ulu öndərimiz Heydər baba"

Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli orta məktəbində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş "Ulu öndərimiz Heydər baba" adlı tədbir keçirilmişdir.

I "A" sinfində təşkil edilmiş ədəbi-bədii kompozisiya uşaqların ifasında Dövlət himninin səslənməsi ilə başladı. Sonra Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru Şaban Əmirov tədbiri açıq elan edərək ulu öndərin həyat yolundan və ölkənin inkişafı üçün gördüyü işlərdən danışdı. Ali kateqoriyalı baş müəllim Gülçöhrə Sarıyevanın yetirmələri olan 1-cilər ulu öndər haqqında öyrəndikləri şeirləri səsləndirib mahnılar ifa etdilər. Məktəblilərin çıxışlarında ümummilli liderə olan məhəbbətləri əks olundu. Ulu öndərin davamçısı olan Prezident İlham Əliyevin təhsilə olan qayğısına razılıq hissi ifadə olundu.

Tədbirin sonunda Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən film göstərildi.

Fazil İDRİSOĞLU,

foto müəllifindir

 

 

Ulu öndərə həsr olunmuş mərasim

Müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin 85 illik yubileyi Bakının 9 nömrəli orta məktəbində də  qeyd edildi.

Akt zalında təşkil olunmuş tədbirə ilk olaraq Dövlət bayrağı gətirildi, Dövlət himni səsləndirildi. Sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcıları olan şagirdlər dahi şəxsiyyət Heydər Əliyev haqqında ətraflı məlumat verərək bildirdilər ki, ulu öndər zəmanəmizin ən nəhəng, güclü siyasətçilərindən biridir. Dərin ağlı, iti zəkası, güclü məntiqi ilə hamını heyrətə gətirən, xalqını və Vətənini sonsuz məhəbbətlə sevən şəxsiyyət idi.

Şagirdlərin ulu öndərə həsr etdikləri şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Məcnun Babayev bildirdi ki, tarix güclü şəxsiyyətləri sevir. O şəxsiyyətləri ki, onlar öz xalqını yüksəklərə qaldırır və gələcəyə aparır. Heydər Əliyev həmin şəxsiyyətlərdəndir.

Məktəbin direktoru Zinyət Əhmədova da xalqın sevimlisi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xidmətlərindən söz açdı. Bildirdi ki, onun böyük uzaqgörənliklə apardığı siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə təklənməsi aradan qaldırıldı, respublikanın düşdüyü informasiya blokadası yarıldı, ölkə daxilində siyasi sabitlik bərqərar edildi.

Sonda  səhnəyə çıxan şagirdlər Heydər Əliyevin xatirəsi önündə baş əydiklərini, böyük öndərin arzularının, ideyalarının həyata keçməsi üçün üzərlərinə böyük məsuliyyətin düşdüyünü bildirdilər. Həmişə  müqəddəs Vətən uğrunda mübarizədə ön cərgədə olacaqlarına  söz verdilər.

Həmin gün Bakının 5, 56, 158 və 225 nömrəli məktəblərində də dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş tədbirlər öz rəngarəngliyi və aktuallığı ilə diqqətdən yayınmadı. Tədbirlərdə iştirak edənlər müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev haqqında maraqlı və özünəməxsus fikirlər səsləndirdilər. 

Rəşad ZİYADOV