· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Yeni beynəlxalq layihə

 

Fransada tələbə mübadiləsi üzrə lider kampaniya (SMBG) qabiliyyətlərin beynəlxalqlaşdırılması problemi ilə əlaqədar EDUNİVERSAL layihəsini ortaya qoymuşdur. Layihədə əsasən dünyanın beynəlxalq nüfuza malik ən yaxşı 1000 biznes məktəbi seçilərək 9 coğrafi zona üzrə qruplaşdırılmışdır. İlk rəsmi seçimilə (www.eduniversal.com) saytında tanış olmaq mümkündür.

Seçilmiş 1000 biznes məktəbi 150-dən artıq ölkəni və dünya əhalisinin 97 faizini təmsil edir. Seçim hələlik biznes sahəsi üzrə aparılsa da, gələcəkdə təhsilin bütün sahələrini əhatə edəcəkdir. Seçilmiş biznes məktəbləri sırasında ölkəmizin iki təhsil müəssisəsinin də adı vardır. Bunlar Qafqaz və Xəzər Universitetlərinin "Biznesin təşkili və idarə olunması" bölmələridir.

EDUNİVERSAL layihəsinin bütün tiplərdən olan ali məktəblərin tələbələri, İnsan Resursları bölmələri, biznes məktəbləri, elm adamları, habelə jurnalistlər üçün böyük faydası vardır. Belə ki, layihə tələbələrə istəklərinə uyğun dünyanın hər hansı bir yerində təhsil almaq üçün ən yaxşı seçim imkanı verir. İnsan Resursları Bölmələri isə bu seçimdən yararlanaraq həm istedadlı işçilərin işə cəlb edilməsini, həm də öz işçilərinin ixtisaslarını artırmaq üçün həmin təhsil ocaqlarına göndərilməsini həyata keçirə bilər. Layihə elm adamlarına özlərini ifadə etmə, vermiş olduqları faydaları nümayiş etdirmə və karyera dəyişikliklərini asanlaşdırma imkanı verir. Jurnalistlər isə həm tək, həm də ümumi dəyərləndirmələrdə standart əldə etmiş olur.

1000 biznes məktəbinin qlobal xəritəsi coğrafi zonalara görə və hər bir ölkə üzrə 5 dəyərləndirmə kriteriyası (adambaşına milli təhsil xərcləri, üDM, əhalinin sayı, ali təhsil alan tələbələrin sayı, yerli təhsil mühiti) olmaqla qruplaşdırılmışdır. Seçim milli və beynəlxalq dəyərləndirmə üsullarının sintezi ilə əldə olunan nəticələrə görə (akkreditasiya, dövlət tərəfindən tanınma, beynəlxalq akademik assosiasiyalarda iştirak, beynəlxalq mütəxəssis rəyləri və s.) aparılmışdır.

 

 

 

Alimin yubileyi 

Bu yaxınlarda ADU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya elmləri namizədi Kamal Hacıyevin anadan olmasının 70, elmi-pedaqoji və bədii yaradıcılığının 45 illiyi münasibətilə yubiley tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Kamal Hacıyevin 45 il bu elm ocağında çalışdığını, tanınmış alim, istedadlı şair kimi kollektivin dərin hörmətini qazandığını, 2 monoqrafiyanın, 2 dərs vəsaitinin, 3 şeirlər kitabının, 3 proqramın, 110-dan çox elmi və elmi-publisistik məqalələrin müəllifi olduğunu diqqətə çatdırdı.

Yubilyarın elmi yaradıcılığı haqqında məruzə edən ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, Azərbaycan Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor A.Babayev bildirdi ki, Kamal Hacıyev namizədlik dissertasiyası müdafiə etdiyi gündən həm Azərbaycanın görkəmli dilçi-alimləri (AMEA-nın müxbir üzvləri, professorlar Ə.M.Dəmirçizadə, A.Axundov, N.Q.Cəfərov və başqaları), həm də tanınmış türkoloqlar (qazax dilçi-alimi, professor Ş.Sarıbayev, qırğız dilçi-alimi, professor Kudaybergenov və s.) onun elmi müddəalarını qəbul etmişlər.

Bundan sonra çıxış edənlər - Prezident təqaüdçüsü, əməkdar elm xadimi, professor N.Kazımov, professorlar O.Musayev, Q.Paşayev, M.Qazıyeva və İ.Kazımov Kamal Hacıyevin elmi yaradıcılığını təhlil edərək çox yüksək qiymətləndirdilər. Yubilyarı təcrübəli pedaqoq, zəhmətkeş alim, incə ruhlu şair, təmiz, sadə, prinsipial, öz torpağına və millətinə bağlı ziyalı kimi səciyyələndirdilər.

Sonda Kamal Hacıyev göstərdikləri diqqət və qayğıya görə universitetin rektorluğuna öz dərin minnətdarlığını bildirdi. Yubilyar tələbə və müəllimlərin suallarına cavab verdi, yeni şeirlərini oxudu.

 

 

 

Orta məktəbdə kafedra yaradıldı

Aprelin 4-də Bakı Slavyan Universitetinin Elmi Şurasının və Səbail rayonu 190 nömrəli orta məktəbin pedaqoji şurasının birgə iclası keçirildi.

 Gündəlikdə duran əsas məsələlərdən biri 190 nömrəli orta məktəbdə BSU-nun "Ali və orta təhsilin koordinasiyası" adlı baza kafedrasının yaradılması idi. Qeyd edək ki, respublikamızda ilk dəfə bu təşəbbüs BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor K.Abdullayev tərəfindən irəli sürülmüşdür. İclası açıq elan edən universitetin rektoru rəhbərlik etdiyi ali təhsil ocağının Bakının bir çox məktəbləri, o cümlədən 190 nömrəli orta məktəblə sıx əlaqələrinin mövcud olduğunu, BSU tələbələrinin həmin məktəblərdə, həmçinin respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşan qaçqın məktəblərində təcrübə keçdiklərini önə çəkdi. Professor K.Abdullayev müasir dövrdə ali məktəblə orta məktəb arasında əlaqələrin yalnız təcrübə keçməklə deyil, bu əlaqələri yeni müstəviyə, yeni keyfiyyət səviyyəsinə qaldırmağın vacibliyini qeyd etdi. Bu mənada 190 nömrəli orta məktəbdə kafedranın yaradılması layihəsinin istər BSU, istərsə də məktəb üçün vacib olduğunu vurğulayaraq, fikrini "Məktəb şagirdlərinin universitetin müəllim və professorları ilə təması müsbət nəticəyə gətirib çıxaracaq" - sözləri ilə bitirdi. Professor K.Abdullayev bu kafedranın görəcəyi işlər barədə məlumat verdi.

Sonra 190 nömrəli orta məktəbin direktoru Afət Bakıxanova bildirdi ki, 190 nömrəli tədris ocağı təhsilin inkişafına xidmət edən ən qabaqcıl orta məktəblərdən biridir. Bakı Slavyan Universitetinin təcrübəyə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən Afət xanım BSU-nun təcrübəçi tələbələrindən daim razı qaldığını qeyd etdi.

Təhsil Nazirliyinin şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri A.Muradov BSU-nun hər zaman öz təşəbbüsləri ilə fərqləndiyini diqqətə çatdırdı. Sözügedən kafedranın açılmasının Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən alqışlandığını söyləyən şöbə müdiri bu addımla şagirdlərin öz seçimlərində daha məqsədyönlü olacaqlarına əmin olduğunu vurğuladı.

Təhsil Problemləri İnstitutunun direktoru A.Mehrabov Təhsil Nazirliyinin kollegiya iclaslarında ali məktəblərin orta məktəblərlə inteqrasiyası məsələsinin müzakirə olunduğunu və bu baxımdan BSU-nun 190 nömrəli orta məktəbdə müvafiq kafedrasının açılmasının xüsusi əhəmiyyət kəsb edəcəyini söylədi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Qarabağlı, Təhsil Nazirliyi müəllim hazırlığı üzrə koordinasiya şurasının sədr müavini, BDU-nun professoru A.Kazımzadə və başqaları çıxışlarında BSU-nun bu addımını yüksək qiymətləndirdilər və universitet kollektivinə uğurlar arzuladılar.

BSU-nun Mətbuat xidməti

 

 

  

 

 

Müharibənin ekologiyaya təsiri mövzusunda konfrans

Aprelin 5-də Qafqaz Universitetində müharibənin ekologiyaya vurduğu ziyana həsr olunmuş konfrans keçirilib. Konfrans ABŞ-ın Massaçusete Universitetinin tədqiqat işləri üzrə prorektoru, doktor Raul Kosteskinin təşəbbüsü ilə baş tutub. Cənab Raul Kosteskin universitetin müəllim və tələbələri qarşısında "Müharibənin ekologiyaya təsiri: Küveyt neft çölləri" mövzusunda  maraqlı məruzə-təqdimat edib.

Məruzə-təqdimatda müharibənin ekologiyaya mənfi təsirini əks etdirən çoxlu fakt və rəqəmlər açıqlanıb. Müharibə zamanı neft çıxaran ölkələrin ekologiyasına daha çox ziyan dəydiyini vurğulayan məruzəçi fikirlərini İraq-Küveyt müharibəsindən gətirdiyi faktlarla əsaslandırıb, ekologiyanın mühafizəsi ilə bağlı tədbirlərdən danışıb.

Maraqlı çıxışından sonra cənab Raul Kosteskin universitetin müəllim və tələbələrinin çoxsaylı suallarını cavablandırıb.

Sonda qonağa Qafqaz Universitetinin plaketi təqdim olunub.

 

 

 

Mayın 3-də informatika üzrə respublika olimpiadasının yekun turu keçiriləcək

Ali məktəb tələbələri arasında informatika üzrə Dünya Telekommunikasiya və İnformasiya Gününə həsr olunmuş respublika olimpiadası keçirilir. Təşkilatçıları Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, Heydər Əliyev Fondu və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu olan olimpiadanın açılışı və ilk mərhələsi aprelin 5-də Qafqaz Universitetində olub. Seçim xarakteri daşıyan birinci mərhələdə ölkənin 14 ali məktəbindən 33 komanda iştirak edib. Birincilik uğrunda 128-dək tələbə mübarizəyə qoşulub. Olimpiadanın əsasnaməsinə uyğun olaraq seçmə mərhələsində balların 30 faizini toplamış komandalar finalda iştirak etmək hüququ qazanacaq. Final mayın 3-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda olacaq.

Y.ƏLİYEV