· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

2007-2008-ci dərs ilində respublikanın ümumi təhsil müəssisələrində əsas və orta təhsil üzrə buraxılış imtahanlarının aparılması haqqında

 

2007-2008-ci dərs ilində respublikanın ümumi təhsil müəssisələrində əsas və orta təhsil üzrə buraxılış imtahanlarının səmərəli təşkili, aparılması və yekunlaşdırılması məqsədilə

ƏMR EDİRƏM:

1. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Əli Bayramlı şəhərlərinin, Abşeron, İmişli, Ucar, İsmayıllı rayonlarının, həmçinin həmin şəhər və rayonların ərazisində fəaliyyət göstərən məcburi köçkün rayonlarının, bu bölgələrdəki peşə liseylərinin, habelə ali təhsil müəssisələrinin nəzdindəki ümumtəhsil məktəblərinin və bilavasitə Təhsil Nazirliyi tabeliyindəki lisey və gimnaziyaların XI (XII) sinif şagirdlərinin buraxılış imtahanları cavab kartı tətbiq edilməklə və nəticələri nazirlikdə yoxlanılmaqla test sualları əsasında mərkəzləşdirilmiş qaydada aparılsın.

2. Respublikanın digər rayonlarındakı ümumtəhsil məktəblərinin XI (XII) sinif şagirdlərinin buraxılış imtahanları bu əmrin 4.2.-ci bəndində göstərilən fənlər üzrə Təhsil Nazirliyinin hazırladığı test sualları əsasında mərkəzləşdirilmiş qaydada keçirilsin. İmtahanların nəticələrinin yoxlanılıb qiymətləndirilməsi həmin rayonların təhsil şöbələrinin müəyyən etdiyi komissiya tərəfindən aparılsın.

3. Respublikanın şəhər və rayonlarındakı bütün ümumtəhsil məktəblərinin IX siniflərində yazılı imtahanlar Təhsil Nazirliyinin müəyyən etdiyi mövzu və tapşırıqlar, şifahi imtahanlar isə məktəb tərəfindən hazırlanıb pedaqoji şurada təsdiq edilmiş imtahan biletləri  əsasında keçirilsin.

4. Buraxılış imtahanları aşağıdakı fənlər üzrə aparılsın:

4.1. IX siniflərdə - ana  dili, cəbr (yazılı), Azərbaycan tarixi, coğrafiya, xarici dil (şifahi).

4.2. XI (XII) siniflərdə - ana  dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil.

5. Təlim gürcü dilində olan məktəblərdə XI (XII) siniflər üçün test imtahan sualları müvafiq rayon təhsil şöbələri tərəfindən hazırlanıb təsdiq edilsin. İmtahan materialları tərtib olunarkən 2000 və 2002-ci illərdə Təhsil Nazirliyinin yerlərə göndərdiyi "Orta məktəb kursu üzrə buraxılış imtahanları üçün suallar" adlı vəsaitlərdən istifadə edilsin.

6. Orta təhsil kursu üzrə buraxılış imtahanları 3 astronomik saat vaxt verilməklə iyunun 6-da saat 10.00-da, əsas təhsil kursu üzrə buraxılış imtahanları 02-17 iyun tarixlərində keçirilsin.

7. Əsas təhsil pilləsində ana dilindən yazılı imtahan 4 astronomik saat vaxt verilməklə iyunun 2-də, cəbrdən yazılı imtahan 3 astronomik saat vaxt verilməklə iyunun 17-də saat 10.00-da keçirilsin. Şifahi imtahanlar 02 - 17 iyun tarixləri ərzində imtahanlar arasında ən azı 2 gün fasilə verilməklə məktəb tərəfindən müəyyən edilmiş tarixlərdə keçirilsin.

8. Nəzərə alınsın ki:

8.1. XI (XII) sinif şagirdləri bütün fənlərdən müvəffəq illik qiymət aldıqları halda imtahanlara buraxılırlar.

8.2. Bütün fənlər üzrə illik qiymətlər dərs məşğələlərinin sonuna ən azı 3 (üç) gün qalmış yarımillik qiymətlər əsasında müvafiq fənn müəllimləri tərəfindən çıxarılır. İllik qiymətlər yarımillik qiymətlərin ədədi ortasına bərabər tutulur (məsələn, şagird müəyyən fəndən bir yarımildə "3", digər yarımildə "2" qiymət almışsa, illik qiymət (3+2): 2= 2,5 olmaqla "3", bir yarımildə "5", digər yarımildə "4" almışsa, illik qiymət (5+4): 2= 4,5 olmaqla "5" çıxarılır və s.)

8.3. özlərindən asılı olmayan səbəblərdən xarici dil, təsviri incəsənət, musiqi, informatika fənlərindən, sağlamlığının vəziyyətinə görə əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin çağırışaqədərki hazırlığı fənlərindən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların müvafiq təhsil pilləsini bitirməsinə təsir etmir.

Əsas təhsil haqqında şəhadətnamə, orta təhsil haqqında attestat doldurularkən şagirdin özündən asılı olmayan səbəbdən öyrənmədiyi fənnin qarşısında "öyrənilməmişdir", səhhətinə görə azad olunduğu fənnin qarşısında isə "azad edilmişdir" sözləri qeyd edilir.

8.4. Bu və ya digər səbəbdən məktəbi dəyişən VIII-IX və X-XI (XII) sinif şagirdləri yeni gəldikləri məktəbdə digər xarici dil tədris olunursa, özlərinin və valideynlərinin arzusuna əsasən əvvəl öyrəndikləri xarici dildən təhsil şöbəsinin (idarəsinin) müəyyən etdiyi bu dil tədris olunan məktəblərdən birində buraxılış imtahanı verə bilərlər.

8.5. Şagird yeni gəldiyi məktəbdə tədris olunan digər xarici dili müstəqil öyrənmişsə, öz arzusuna görə bu dildən buraxılış imtahanı verə bilər.

8.6. Dərs ilinin hər hansı bir yarımilində məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən IX və XI (XII) sinif şagirdlərinin imtahanlara buraxılıb-buraxılmaması məsələsinə məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul olunur.

İmtahanlara buraxılmayan IX sinif şagirdləri təkrar sinifdə saxlanılırlar.

İmtahana buraxılmayan XI (XII) sinif şagirdlərinə bu əmrin 8.9.- cu bəndi tətbiq edilir.

8.7.  İmtahan fənni olub-olmamasından asılı olmayaraq 1-3 fəndən illik "qeyri-kafi" qiymət almış IX sinif şagirdləri imtahanlara buraxılır və illik "qeyri-kafi" qiymət aldıqları fəndən (fənlərdən), habelə imtahanlarda "qeyri-kafi" qiymət aldıqları fəndən (fənlərdən) payızda imtahan verirlər. Payız imtahanlarının sayı 3-dən çox ola bilməz.

Payız imtahanları sentyabrın 02-dən 12-dək olan müddətdə keçirilir. Payız imtahanlarına gələ bilməyən şagirdlərin məsələsinə təhsil şöbələrinin (idarələrinin), rayon (şəhər) tabeliyi olmayan məktəblərin təqdimatı əsasında Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir. 

8.8. İllik və ya imtahan qiyməti 4 və daha çox fəndən "qeyri-kafi" olan, həmçinin üzürsüz səbəbdən imtahanların ən azı 4-ündə iştirak etməyən  IX sinif şagirdləri təkrar sinifdə saxlanılırlar.

8.9. İmtahana buraxılmayan, bir və daha çox fəndən illik və ya imtahan qiyməti "qeyri-kafi" olan, habelə üzürsüz səbəbdən imtahanda iştirak etməyən XI sinif şagirdlərinə orta məktəbdə oxumalarına dair müəyyən olunmuş formada arayış verilir. Arayışda bütün fənlər üzrə illik və imtahan qiymətləri yazılır.

8.10. Şagirdlərin payız imtahanlarına və təkrar sinifdə saxlanması, imtahanlara buraxılmaması məsələlərinin müzakirəsi zamanı onların valideynlərinin pedaqoji şurada iştirakı mütləq təmin olunur. Həmin məsələlərin müzakirəsində məktəbin rəhbərliyi ilə valideynlər arasında mübahisə doğuran hallar yaranarsa, məsələyə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) şurasında baxılıb müvafiq qərar qəbul edilir.

8.11.  ötən dərs ilində:

8.11.1. İllik "qeyri-kafi" qiymət aldıqları üçün imtahanlara buraxılmayan XI (XII) sinif şagirdləri növbəti il bütün imtahanları verirlər.

Əgər şagird imtahana düşməyən fəndən (fənlərdən) illik "qeyri-kafi" qiymət almışsa, əvvəlcə oxuduğu məktəbdə həmin fəndən (fənlərdən) imtahan verir. Bu fənn (fənlər) üzrə imtahandan müsbət qiymət aldığı halda, o, müəyyən edilmiş mərkəzdə bütün buraxılış imtahanlarını verir.

Əgər şagird, sayından asılı olmayaraq, imtahana düşən fənlərdən illik "qeyri-kafi" qiymət almışsa, bu halda yenə də müəyyən olunmuş mərkəzdə bütün imtahanları verir.

8.11.2. İmtahanlarda "qeyri-kafi" qiymət alan XI (XII) sinif şagirdləri növbəti il həmin fəndən (fənlərdən) müəyyən olunmuş mərkəzlərdə imtahan verirlər.

8.11.3. İmtahanlara buraxıldığı halda imtahanlarda iştirak etməyən XI (XII) sinif şagirdləri növbəti il müəyyən olunmuş mərkəzdə bütün imtahanları verirlər.

Həmin şagirdlərə orta təhsil haqqında attestat oxuduqları məktəb tərəfindən verilir.

8.12. üzürlü səbəblərdən imtahanda iştirak edə bilməyən XI (XII) sinif şagirdlərinin məsələsinə təhsil şöbələrinin, rayon (şəhər) tabeliyi olmayan məktəblərin təqdimatı əsasında fərdi qaydada Təhsil Nazirliyində baxılır. Araşdırmanın nəticəsinə görə imtahanda üzürlü səbəbdən iştirak etməməsi təsdiq olunan şagirdlər (o cümlədən imtahan zamanı xəstələnən şagirdlər) iyunun 25-dək Bakı şəhərində müəyyən edilmiş məktəbdə imtahan verirlər.

8.13. üzürlü səbəbdən imtahanların birində, bir neçəsində və ya hamısında iştirak etməyən IX sinif şagirdlərinin məsələsinə fərdi qaydada müvafiq rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) şurasında (bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumtəhsil məktəblərinin, peşə liseylərinin, ali təhsil müəssisələrinin nəzdindəki ümumtəhsil məktəblərinin, habelə digər nazirliklərin tabeliyindəki məktəblərin IX sinif şagirdlərinin məsələsinə bu müəssisələrin pedaqoji şurasında) baxılıb onların iyunun 25-dək imtahan verib-verməmələri barədə qərar qəbul edilir. İmtahanda (imtahanlarda) üzürlü səbəbdən iştirak etməməsi təsdiq edilən şagirdlər oxuduqları məktəblərdə imtahan verirlər.

8.14. Şagirdlərin buraxılış imtahanlarından azad edilməsinə əsas verən xəstəliklər Təhsil və Səhiyyə nazirliklərinin birgə əmri ilə təsdiq olunmuş siyahıda müəyyənləşdirilir.

8.15. Bütün fənlərdən müsbət illik qiymətləri olan IX və XI (XII) sinif şagirdləri səhhətinin vəziyyətinə görə müvafiq surətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Naxçıvan MR Təhsil Nazirliyinin əmri ilə buraxılış imtahanlarından azad oluna bilərlər. Bununla əlaqədar mayın 20-dək rayon (şəhər) təhsil şöbələri, rayon (şəhər) tabeliyi olmayan məktəblər tərəfindən nazirliklərə təqdim edilən göndəriş məktubuna aşağıdakı sənədlər əlavə olunur:

8.15.1. Məktəb direktorunun imzası və məktəbin möhürü ilə təsdiq olunmuş pedaqoji şuranın qərarının surəti, buraxılış sinfi üzrə bütün fənlərdən illik qiymətlərin cədvəli.

8.15.2. Həkim-nəzarət komissiyası sədrinin imzası və möhürü ilə təsdiq olunmuş arayış.

8.16. Səhiyyə müəssisəsində (xəstəxana, sanatoriya) müalicə olunmaqla yanaşı, mövcud proqramlar üzrə dərs məşğələləri keçən IX, XI (XII) sinif şagirdləri oxuduqları məktəbin şagird kontingentindən azad edilmir və onlara yarımillik (illik) qiymətlər çıxarılarkən həmin səhiyyə müəssisəsində aldığı qiymətlər əsas götürülür. Belə şagirdlərə şəhadətnamə və ya attestat oxuduqları məktəb tərəfindən verilir.

8.17. Fənn olimpiadalarının respublika turunda birinci yeri tutmuş şagirdlər, həmçinin imtahanlar dövründə məktəblilərin dünya fənn olimpiadalarında və digər beynəlxalq səviyyəli idman və bilik yarışlarında iştirak edən şagirdlər Təhsil Nazirliyinin əmri ilə imtahanlardan azad edilirlər.

8.18. Beynəlxalq idman yarışlarına göndəriləcək şagirdlərin imtahanlardan azad olunması üçün Gənclər və İdman Nazirliyi imtahanların başlanmasına ən azı 10 gün qalmış yarışın keçirildiyi yer və müddət, iştirakçı şagirdlərin adı, soyadı, atasının adı, oxuduğu məktəb və sinif göstərilməklə Təhsil Nazirliyinə rəsmi məktubla müraciət etməlidir.

8.19. İmtahanlardan azad edilmiş şagirdlərin təhsil sənədlərinə illik qiymətləri yazılır.

8.20. Evdə fərdi təhsilə cəlb olunmuş IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarından azad edilməsi məsələsinə Təhsil Nazirliyi tərəfindən aprelin 30-dan gec olmayaraq yerlərdə fərdi qaydada baxılıb müvafiq qərar qəbul edilir.

8.21. Cavab kartı tətbiq edilməklə imtahan verən XI (XII) sinif şagirdlərinin imtahan fənlərindən yekun qiymətləri müvafiq düstur üzrə çıxarılır. Bu zaman aşağıdakılar nəzərə alınır:

8.21.1. Bu fənlərdən illik X (XI) və XI (XII) sinif qiymətləri.

8.21.2. Sınaq test  yoxlamalarının qiymətləri.

8.21.3.  İmtahan qiymətləri.

8.22. Şagird sınaq test yoxlamasında (yoxlamalarında) üzürsüz səbəbdən iştirak etmədiyi halda onun imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən həmin komponent (komponentlər) "0"-a vurulur. Şagird sınaq test yoxlamasında üzürlü səbəbdən iştirak etməmişsə, onun imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən imtahanda aldığı qiymət sınaq test yoxlamasının (yoxlamalarının) qiyməti hesab olunur.

8.23. Cavab kartı tətbiq edilməməklə imtahan verən XI (XII) sinif şagirdlərinin imtahan fənləri üzrə yekun qiymətləri onların X (XI), XI (XII) siniflər üzrə illik və imtahan qiymətlərinin ədədi ortasına bərabər tutulur.

8.24. Orta təhsil üzrə ana dili və riyaziyyatdan keçirilən imtahanların nəticələri əsasında şagirdlərə müvafiq olaraq təlim dili və ədəbiyyatdan, cəbr və analizin başlanğıcı və həndəsə fənlərindən ayrı-ayrı yekun qiymət çıxarılır.

8.25. İmtahan aparılan fənlərdən başqa digər fənlərdən əsas təhsil haqqında şəhadətnaməyə və orta təhsil haqqında attestata yekun olaraq illik qiymətlər yazılır.

8.26. IX sinif şagirdlərinin imtahan fənləri üzrə qiymətləri rəsmi imtahan protokolunda, XI (XII) sinif şagirdlərinin qiymətləri isə (X (XI), XI (XII) siniflər üzrə illik qiymətlər, test sınaq yoxlamalarının qiymətləri, imtahan qiymətləri və yekun qiymətlər) "Orta təhsil kursu üzrə şagird nailiyyətlərinin yekun qiymətləndirmə protokolu"nda qeydə alınır.

8.27. Şagirdləri cavab kartı tətbiq edilməklə orta təhsil kursu üzrə buraxılış imtahanı verən ümumtəhsil məktəblərində imtahan protokolları həmin məktəbin rəhbərliyi tərəfindən hər birinin imtahan fənlərindən qiymətləri göstərilməklə nazirlikdə tərtib edilən şagirdlərin adlı siyahısı əsasında doldurulur. Şagirdlərin adlı siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq olunur.

8.28. Şagirdləri cavab kartı tətbiq edilməməklə orta təhsil kursu üzrə buraxılış imtahanları verən ümumtəhsil məktəblərində müvafiq protokollar həmin məktəbin rəhbərliyi tərəfindən hər birinin imtahan fənlərindən qiymətləri göstərilməklə imtahan aparılan mərkəzlərdə tərtib edilən şagirdlərin adlı siyahısı əsasında doldurulur. Şagirdlərin adlı siyahısı nazirliyin nümayəndəsinin imzası, müvafiq təhsil şöbəsi müdirinin imzası və möhürü ilə təsdiq olunur.

8.29. İmtahan protokolları mövcud qayda üzrə hər bir məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, müvafiq fənn müəllimləri tərəfindən imzalanır və məktəbin möhürü ilə təsdiq olunur. Hər bir məktəb üzrə imtahan protokolu 3 (üç) nüsxədə tərtib olunur, bir nüsxəsi Təhsil Nazirliyinə təqdim olunmaqla digər nüsxələri məktəbdə və təhsil şöbəsində saxlanılır.

8.30. Əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş şagirdlərə müvafiq təhsil sənədləri müəyyən edilmiş qaydalar əsasında oxuduqları məktəb tərəfindən verilir.

8.31. Gündüz ümumtəhsil məktəblərinin nəzdindəki axşam sinifləri və ya qiyabi qrupların məzunlarına verilən təhsil sənədində məktəbin adından sonra mötərizədə uyğun olaraq "axşam sinfi" və ya "qiyabi qrup" sözləri yazılır.

8.32. ötən dərs ilində biliyi qiymətləndirilmədiyi üçün imtahanlara buraxılmayan XI (XII) sinif şagirdləri, habelə müxtəlif səbəblərdən əsas və ya orta təhsil pilləsini vaxtında başa vura bilməyən və hazırda buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər:

8.32.1. Hər il aprelin 1-dən 20-dək rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) ərizə ilə müraciət edirlər. Həmin şəxslər ilk mərhələdə mayın 15-dək musiqi və nəğmə, təsviri incəsənət, əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin çağırışaqədərki hazırlığı, informatika fənləri istisna olmaqla, müvafiq tədris planlarındakı digər fənlərdən imtahan verirlər. İmtahanlar təhsil şöbələrinin əmrilə təşkil edilmiş sədr və 3 nəfər üzvdən ibarət komissiya tərəfindən test sualları əsasında əvvəlcədən müəyyən olunmuş məktəbdə keçirilir. İmtahanların nəticələri protokollaşdırılır, komissiyanın sədri və üzvləri  tərəfindən imzalanaraq təhsil şöbəsi müdirinin imzası və möhürü ilə təsdiq edilir.

8.32.2. İmtahanlarda bütün fənlərdən müsbət qiymət almış şagirdlərin adlı siyahısı təhsil pilləsi üzrə hər birinin imtahan verdiyi fənlər və aldığı qiymətlər göstərilməklə təhsil şöbəsinin göndəriş məktubu ilə mayın 20-dək Təhsil Nazirliyinə təqdim olunur.

8.32.3. Bu şəxslərin əsas və ya orta təhsil kursu üzrə imtahan verəcəyi məktəb (imtahan mərkəzləri) Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və bu barədə imtahanlara ən azı 5 gün qalmış müvafiq təhsil şöbəsinə məlumat çatdırılır.

8.32.4.  Buraxılış imtahanlarından müsbət qiymət aldıqları halda həmin şəxslərə əsas təhsil haqqında şəhadətnamə və ya orta təhsil haqqında attestat ərazi üzrə təhsil şöbəsinin müəyyən etdiyi məktəb tərəfindən verilir. Şəhadətnamə və ya attestata təhsil sənədini verən məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini və ilk mərhələdə imtahanları keçirən komissiyanın 3 nəfər üzvü imza edirlər. Sənəd həmin məktəbin möhürü ilə təsdiq olunur.

8.32.5. Şəhadətnamə və ya attestata ilk və sonrakı mərhələdə keçirilən imtahan qiymətləri yazılır, təhsil sənədlərində "bitirmişdir" sözündən əvvəl "eksternat yolu ilə" sözləri əlavə olunur. Bu əmrin 8.32.1-ci bəndində göstərilən fənlərdən imtahan verilmədiyi üçün təhsil sənədlərində həmin fənlərin qarşısında xətt çəkilir.

8.32.6. Orta təhsil üzrə imtahanlara yalnız əsas təhsil pilləsini başa vurub şəhadətnamə almış şəxslər buraxılırlar.

9.  Buraxılış imtahanları ilə əlaqədar bu əmrdə nəzərdə tutulmayan digər məsələlər Təhsil Nazirliyi tərəfindən 2000-ci ildə təsdiq olunmuş "ümumtəhsil məktəblərində imtahanlar, şagirdlərin sinifdən-sinfə keçirilməsi və buraxılışı haqqında Təlimat"a uyğun tənzimlənir.

10. Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi (T.Hacıyeva) Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı), Təhsil Problemləri İnstitutu (A.Mehrabov) ilə birlikdə IX siniflərdə yazılı imtahanlar üçün mövzu və tapşırıqların, XI (XII) siniflər üçün müəyyən edilmiş variantlarda testlərin, habelə imtahanların aparılması üçün digər materialların (zərflər, protokollar, siyahılar və s.) hazırlanmasını, çapını və yerlərə çatdırılmasını təmin etsin.

11. Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsi (A.Muradov) sağlamlıq imkanları məhdud uşaqların təhsil aldıqları təlim-tərbiyə müəssisələrinin buraxılış sinifləri üçün müvafiq imtahan materiallarının hazırlanmasını təmin etsin.

12. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, rayon (şəhər) tabeliyi olmayan ümumi təhsil müəssisələrinin direktorları bu əmrin məzmununu bütün pedaqoji kollektivlərə çatdırsınlar, valideynlər arasında geniş izahat işi aparsınlar, buraxılış imtahanlarına hazırlıqla əlaqədar zəruri tədbirləri vaxtında həyata keçirsinlər, təhsil sənədlərinin alınması, doldurulması və məzunlara verilməsini iyunun 25-dək başa çatdırsınlar.

13. Əmrin surəti məlumat üçün Müdafiə, Ədliyyə, Səhiyyə, Gənclər və İdman nazirliklərinə göndərilsin.

14. Əmrin çoxaldılıb yerlərə göndərilməsi ümumi şöbəyə (İ.Mirzəyev) tapşırılsın.

15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzeti və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

16. Təhsil Nazirliyinin 06.03.2008-ci il tarixli, 313 nömrəli əmri qüvvədən düşmüş hesab olunsun.

17. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Misir MƏRDANOV,

təhsil naziri

08.04.2008-ci il

 

 

 

 

 

 

 Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsinin keçirilməsi barədə

ƏMR EDİRƏM

 

1. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə əlaqədar ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələri müsabiqənin yerlərdə lazımi səviyyədə keçirilməsini, inşa yazıların 20 may 2008-ci il tarixədək Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinə çatdırılmasını təmin etsin.

4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin keçirilməsi ilə əlaqədar təşkilati işləri həyata keçirsin.

5. İqtisadiyyat şöbəsi (H.Zeynalov) müsabiqə qaliblərinin mükafatlandırılması üçün 1000 manat məbləğində vəsaitin ayrılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

7. ümumi şöbə (İ.Mirzəyev) əmr və sərəncamın çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

Misir MƏRDANOV,

təhsil naziri

10.04.2008-ci il

 

 

 

 

 

 

Lev Landaunun 100 illik yubileyinin keçirilməsi haqqında  

Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2008-ci il tarixli, 2636 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə

 

ƏMR EDİRƏM

1. Nobel mükafatı laureatı, dahi fizik Lev Landaunun 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universitetinin rəhbərlərinə tədbirlər planının icrasının təmin edilməsi və görülmüş işlər haqqında 15 iyun 2008-ci il tarixədək Təhsil Nazirliyinə məlumatın təqdim edilməsi tapşırılsın.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. ümumi şöbə (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya tapşırılsın.

Misir MƏRDANOV,

təhsil naziri

08.04.2008-ci il