|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
İnklüziv
təhsil: görülmüş işlər, qarşıda duran
vəzifələr
Əhliyət
ADIGöZƏLOV, Təhsil Nazirliyinin böyük
məsləhətçisi
Son illər dünyanın inkişaf etmiş
və inkişaf etməkdə olan dövlətlərini düşündürən
məsələlərdən biri də sağlamlıq
imkanları məhdud şəxslərin təhsilidir.
Cəmiyyətin hər bir üzvünün bərabərhüquqlu
şəxsiyyət kimi formalaşması, əqli , fiziki
imkanlarının məhdudluğundan asılı olmayaraq,
hər bir şəxsin təhsil almaq hüququna malik olması
ön plana çəkilən məsələlərdəndir. 2004-cü ilin iyununda Norveç Krallığında,
2007-ci ilin fevralında Xorvatiyada, Litvada, 2008-ci ilin fevralında
Latviyada iştirakçısı olduğum beynəlxalq
konfranslarda sağlamlıq imkanları məhdud şəxslərin
adi ümumtəhsil məktəblərində təhsilə
cəlb olunmaları (inklüziv təhsil) ilə bağlı
görülmüş işlər, rast gəlinən problem və
çətinliklər, onların həlli yolları müzakirə
predmetinə çevrilmişdir. Respublikamızda beynəlxalq təcrübəyə
istinadən inklüziv təhsilin pilot layihələri
həyata keçirilir. 2007/2008-ci dərs ilində "Dünyaya
baxış", "Beynəlxalq Tibb Korpusu", "Müasir
Təhsil və Tədrisə Yardım Mərkəzi",
"Təhsildə İslahatlara Yardım
Mərkəzi", "Azərbaycana Birgə Yardım"
qeyri-hökumət təşkilatlarının və
YUNESKO-nun maliyyə dəstəyi ilə Bakı, Sumqayıt,
Mingəçevir şəhərlərində və Yevlax
rayonunda 182 nəfər uşaq (78 nəfəri uşaq bağçalarında,
104 nəfəri məktəblərdə) inklüziv
təhsilə cəlb olunmuşdur. Layihələr çərçivəsində
inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları
məhdud uşaqlara müvafiq avadanlıqlar, prosesə qoşulan
hər bir təhsil müəssisəsinə didaktik
materiallar, texniki avadanlıqlar verilmiş, tərbiyəçilər,
müəllim (tərbiyəçi) köməkçiləri üçün
treninqlər keçirilmiş, ictimaiyyətin
maarifləndirilməsi məqsədilə mətbuat
konfransları, "dəyirmi masa"lar təşkil
edilmişdir. Layihələr çərçivəsində inklüziv
təhsillə bağlı videoçəkilişlər aparılmış,
Azərbaycan Dövlət Televiziyasında və İctimai
Televiziyada nümayiş olunmuşdur. 2006-cı ilin 12-13
iyununda Bakı şəhərində inklüziv
təhsilə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. İnklüziv təhsilin konsepsiyası
barədə fikir və mülahizələrimi oxuculara çatdırmaq
istəyirəm. İklüziv təhsil istər inkişaf etmiş,
istərsə də inkişaf etməkdə olan ölkələr
və regionlarda həyata keçirilən təhsil islahatlarındakı
proseslərin ayrılmaz hissəsinə çevrilən, daim
inkişafda olan bir konsepsiyadır. Ənənəvi olaraq
inklüziv təhsilin konsepsiyası əsasən fiziki, yaxud
ruhi nöqsanları olan şagirdlərin xüsusi tələbli
məktəblərə tədricən inteqrasiyası
prosesi ilə kifayətlənilmişdir. İlkin olaraq
hərtərəfli təhsil və tədris planlarının
zəruriliyinə dair yanaşmalar və adekvat
tədbirlər əslində ümumi xarakter daşımış,
əsasən fərqli struktur və xüsusi
məktəblərin mövcudluğuna, seqreqasiya (ayırma)
və izolyasiyaya gətirib çıxarmışdır. XX əsrin 90-cı illərindən
etibarən inklüziv təhsilin məqsəd və
mahiyyəti əhəmiyyətli şəkildə dəyişdi,
ilk növbədə isə, xüsusi tələbləri
nəzərə alan inteqrasion modellərin çoxsaylı müxtəlif
proqnozlara, tələblərə, şagirdlərin
tədris üsulu və kontekstinə toxunan inklüziv
strategiyalarla təkmilləşdirilmə zəruriliyi
meydana çıxdı. Təhsildə və tədris planlarında
diversifikasiya və diferensiasiyanın müasir təhsilin
ədatən vacib prinsipləri kimi qəbul
edilməsinə baxmayaraq, milli təhsil sistemləri qarşısında
mürəkkəb, müəyyən yaş dövründə olan bütün
şagirdlər üçün nəzərdə tutulmuş ümumi
tədris planları, tələbləri və yanaşmalarını
təbliğ edən məsələlər qoyuldu. Əgər
inklüziv təhsil birbaşa və dolayısilə şagirdlərin
xüsusi tələblərindən və tədrisin
kontekstindən asılı olmayaraq, müəyyən edilmiş
normalara və pedaqoji təcrübəyə uyğunluğunu
nəzərdə tutursa, bu halda inklüziv təhsil şagirdin
sistemə yox, sistemin şagirdə uyğunlaşmasını
güman edir. İnklüziv təhsil şagirdlərin həyatının
zəruri tələblərinə və maraqlarına
dəqiq uyğunlaşma məqsədi ilə müxtəlif
strategiyaların geniş diapazonda istifadəsini
nəzərdə tutur. Yəqin ki, müxtəlif təhsil
və sosial uzaqlaşma formaları, təhsil
sistemlərinin, ilk növbədə, yalnız əsas
tələblərə toxunan məhdud konsepsiya əsasında
effektiv tədrisi təmin etmək imkanlarını çətinləşdirir.
2004-cü ildə Norveç Krallığının Stavanger
şəhərində keçirilmiş inklüziv təhsil üzrə
beynəlxalq konfransda qeyd edilmişdir ki,
sosial uzaqlaşma ictimai və peşəkar təcrübənin
əldə edilməsinə, həmçinin sərbəst
və məsul vətəndaş olmaq üçün zəruri hesab
olunan əsas bilik və bacarıqlara
yiyələnməyə mane olur. 24-26 fevral 2008-ci il tarixlərdə Latviyanın
paytaxtı Riqa şəhərinə "İnklüziv
təhsil, siyasi dialoqdan əməkdaşlığa doğru"
mövzusunda keçirilən regional hazırlıq konfransında
aşağıdakı məsələlər müzakirə
olunmuşdur. * İbidai siniflərdə sosial uzaqlaşdırmanın
yaratdığı çıxılmaz vəziyyəti necə
həll etmək olar? * Orta təhsilə yolun genişləndirilməsi
zərurəti və orta təhsilin mövcud elitar
modelləri arasında olan ziddiyəti necə aradan qaldırmaq
olar? * Məktəblərdə şagirdlərin
inklüziv təhsil ilə təmin edilmələrinə
fərqli münasibətlər nə dərəcədə
obyektiv qəbul edilə biləndir? * Tədrisdə olan sosial uzaqlaşdırılmanın
yaranmasına birbaşa və dolayısı ilə
səbəb olan cəhətlər hansılardır? * Uzaqlaşdırma prosesini və
məcburi tədris planını
əlaqələndirən nədir? * Məktəb direktorları və müəllimlərin
inklüziv təhsilə ümidsiz yanaşmaları şagirdlərin
təlim nəticələrinə nə
dərəcədə təsir göstərir? * Milli təhsil sistemləri çərçivəsində
(ümumi tələblər və normalara riayət etmə
şərti ilə) şagirdlərin zəruri inteqrasiyası
və mühitin xüsusiyyətlərinin, konkret şəxsin
tələbləri və ümidlərinin lazımi
qeydləri arasında tarazlığa necə nail olmaq olar? Bütün şagirdlərin keyfiyyətli
tədrisə yiyələnməsi üçün imkan və şəraitin
yaradılması inklüziv təhsilin keyfiyyətinin
demokratik və humanitar yanaşma konsepsiyasının
əsasını təşkil edir. "Hər kəs
üçün təhsil" yalnız yiyələnməni güman
etmir, o, daha çox əlverişlilik və keyfiyyəti
nəzərdə tutur, bu öz əksini YUNESKO-nun
"Hər kəs üçün təhsil"ə keyfiyyətin yüksəldilməsini
həyata keçirmədən nail olmaq mümkün deyil"
bəyanatında tapıb. İnklüziv təhsil
"Hər kəs üçün təhsil"in
məqsədlərinə nail olunma
məsələlərinin həllində əsas prinsip
və strategiyalardan biri hesab olunur. Bunun üçün aşağıdakı
fəaliyyətlərin zəruriliyi ön plana çəkilir: * Qaydalara riayət etmək və bütün
şagirdlərin tədrisin yüksək
pillələrinədək keyfiyyətli təhsil almaq hüququna
malik olması; * Dövlətin əvəzolunmaz missiyası
və məsuliyyəti, həmçinin onun lazımi
maliyyələşdirmə, şərait və imkanları
təmin etmə vəzifəsi əsasında təhsilin
bir ictimai rifah kimi təbliğ edilməsi; * Keyfiyyətli təhsilə
yiyələnmək hüququnun təmin edilməsi. Bunun
üçün stimullaşdırıcı tədbirlərin
həyata keçirilməsi; * Şagirdlərin və onların
təhsil almasında maraqlı olanların qanuni
tələblərinin həyata keçirilməsi. İnklüziv təhsilin əsasını
sabit və harmonik ictimai inkişafın prinsiplərini müəyyən
edən ictimai fikir təşkil edir. Bu baxımdan konfrans iştirakçıları
aşağıdakı məsələlərin müzakirəsinə
xüsusi önəm verdilər: * Əlil olan, yaxud təlim zamanı müəyyən
problemlərlə üzləşən şagirdlər üçün
nəzərdə tutulmuş təhsil; * Yoxsulluqla mübarizə,
cəmiyyətdən təcridolunma, cinsi seqreqasiya və QİçS
nəticəsində uzaqlaşdırılma; * Azlıqlar, miqrantlar və yerli
əhalinin hüququnun qorunması; * Təbii fəlakətlərin və
konfliktlərin əhaliyə təsiri; * Elektron texnologiyalarına
yiyələnmə üzrə əhalinin müxtəlif
təbəqələri arasında olan fərqin aradan qaldırılması. Pedaqoji nöqteyi-nəzərdən inklüziv
strategiya uşaqların fasiləsiz təhsil almaları
üçün real imkanlar yaratmaq şərtilə onların
hər birinin fərdi xüsusiyyətləri
nəzərə alınmaqla təhsillə əhatə
olunmasını zəruri hesab edir. İnklüziv strategiya müəllimlər
və şagirdlər arasında olan qarşılıqlı
əlaqələrə, şəfqətə və yaxınlığa
istinadən cəmiyyətdə hər bir şəxsin
bərabərhüquqlu təhsil alma imkanlarını
təmin edir. İnklüziv təhsil kollektiv düşünmə,
hər bir şagirdin təhsil potensialının hesaba alınmasını
nəzərdə tutan sosial ədalətli
fəaliyyəti, özündə prosesləri,
nəticələri və fərqləndirilmiş
aspektləri birləşdirən, tövsiyə olunmuş
təlim normalarının və tədris planının
ümumi konsepsiyasının nəzəri əsaslarını
cəmləşdirməklə həyata keçirilə
bilər. İnklüziv təhsil 4 əsas xüsusiyyəti
əhatə edir: * Əqli və fiziki imkanları
əhatə edən müxtəlif tələblərin
təmin edilməsi və müxtəlifliklərin hesaba alınma
imkanlarının optimal üsullarının axtarışı; * Şagirdin yaradıcı potensialının
və məsələləri həll etmə bacarığının
müxtəlif yollarla stimullaşdırılması; * Uşaqların məktəbə
getmək, öz fikrini ifadə etmək, keyfiyyətli
tədris prosesində iştirak edərək şəxsi,
sosial və etnik xüsusiyyətlərindən asılı
olmayaraq, müəyyən nəticələr əldə
etmək hüquqlarının təmin edilməsi; * Sosial uzaqlaşdırılmaya
məruz qala bilən, həmçinin davamiyyəti pis olan
şagirdlərə mənəvi dəstəyin göstərilməsi. Riqa şəhərində 37 ölkəni
təmsil edən 185 nəfər nümayəndənin iştirak
etdiyi beynəlxalq konfransda "İnklüziv təhsil, siyasi
dialoqdan əməkdaşlığa doğru" mövzusunda
aparılmış müzakirələrdə 2008-ci ilin noyabrında
Cenevrədə keçiriləcək 48-ci beynəlxalq
konfransda aşağıdakı məsələlərin
daha ətraflı müzakirəsinə ehtiyac olduğu
barədə bəyannamə qəbul edilmişdir. - İnklüziv təhsilin qorunub saxlanması,
inkişaf etdirilməsi, siyasi və praktiki tədqiqatların
davam etdirilməsi. - İnklüziv təhsildə innovasiyaların
tətbiqində maneələrin aradan qaldırılması
yolları. - Yerli şərait nəzərə alınmaqla
inklüziv təhsilin həyata keçirilməsi yolları. - İnklüziv təhsili orta təhsil
pilləsində necə həyata keçirmək olar? - Bərabərhüquqlu təhsil almağa
necə nail olunmalı? - İntellektual, əxlaqi, sosial və
emosional inkişafın inklüziv təhsilə cəlb
olunmaqla balanslaşdırılması? - İnklüziv təhsil üzrə
nəzəri və praktik bilikləri müəllimlərə
necə öyrətməli? - İnklüziv təhsilin inkişaf
etdirilməsi üçün İKT-dən necə istifadə
etməli. - İnklüziv təhsil üzrə
prioritetlərin müəyyənləşdirilməsi. - Beynəlxalq platformalar, şəbəkə,
təcrübə mübadiləsi, strateji əməkdaşlıq
yolları ilə inklüziv təhsildə
qiymətləndirmənin daha effektiv aparılması. - Bütün ölkələrin inklüziv təhsilin
tətbiqində işitrakı, bununla bağlı
qərar və yanaşmaların təqdim edilməsi. Hesab edirəm ki, respublikamız 48-ci
beynəlxalq konfransda dəyərli təkliflərilə
təmsil olunacaqdır. |