· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

"Ədəbi-tarixi yaddaş və müasirlik"

Naxçıvan Dövlət Universitetinin rektoru, əməkdar  elm xadimi,  akademik İsa Həbibbəylinin "Ədəbi-tarixi yaddaş və müasirlik" adlı kitabı "Nurlan" nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunub. Tanıyanlar yaxşı bilir ki, İsa Həbibbəyli dəyərli əməllərilə daim elmimizin inkişafına xidmət edən və bu fəaliyyətdən yorulmaq bilməyən görkəmli alimlərimizdəndir. Onun elmi, publisistik, ədəbi baxışları ədəbiyyatımıza, ədəbi tariximizə, elmimizə xas olan ən maraqlı nüansları ehtiva edir.

 Akademikin klassik ədəbiyyat, folklorşünaslıq, çağdaş ədəbiyyat və ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və ədəbiyyat nəzəriyyəsi, elm, incəsənət, tarix və mətbuat dünyası ilə bağlı uzun illərdən bəri aparılan elmi axtarışlarını, eləcə də ilk qələm təcrübələrini əks etdirən bu qiymətli nəşr görkəmli alimimiz Əziz Mirəhmədovun vaxtilə İsa Həbibbəyli ilə bağlı yazdığı "Ağsaqqal nəsillərin davamçısı" başlıqlı səmimi ürək sözləri ilə açılır. Sınanmış dosta, qayğıkeş həmkara, zəhmətkeş elm, mədəniyyət xadiminə aid edilən bu fikirlər əslində İsa Həbibbəyli yaradıcılığına qısa ekskurs kimi də dəyərləndirilə bilər: "Professor İsa Həbibbəyli hazırda Azərbaycan ədəbiyyatşünaslıq elminin əsas yükünü çəkən, ciddi qayğıları ilə yaşayan aparıcı nümayəndələrindən biridir... O, ədəbiyyat nəzəriyyəsi ilə ədəbiyyat tarixçiliyinin imkanlarından birgə, sintez halında istifadə etməyi bacarır".

Alim kitabına folklorşünaslıq məsələlərinə həsr etdiyi məqalələrilə başlayıb. Kitabın bu bölməsində "Dədə Qorqud kitabı" dastanının tədqiqinə yeni yanaşma əks olunub, "Basatın Təpəgözü öldürdüyü boy"da Naxçıvanla bağlı məqamlara toxunulub, Sara əfsanəsi yenidən tədqiqə cəlb edilib. "Oğuz eli qəhrəmanlarının azı 1300 il bundan əvvəlki həyat tərzi, dünyagörüşü, adət və ənənələri "Dədə Qorqud" dastanında canlı olaraq yaşamaqdadır. "Dədə Qorqud" birliyə çağırış, vətənsevərlik, basılmazlıq dastanı kimi bu gün də türk xalqları üçün faydalı bir öyüdnamə və ibrətnamədir" - İsa Həbibbəyli milli keşmişimizi özündə əks etdirən əsas abidəmizə münasibətini belə izah edir.

Müəllif əsərində klassik ədəbiyyatımızın təhlil və tədqiqinə də geniş yer ayırıb. Onun Nizami Gəncəvi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Tağı Sidqi,  Eynəlibəy Sultanov, Əlibəy Hüseynzadə, Hüseyn Cavid, Mir Cəlal, Məhəmmədhüseyn Şəhriyar və digər mütəfəkkirlər barədə materiallar əsasında araya-ərsəyə gətirdiyi, qələmə aldığı yazılar həm elmi, həm bədii, həm də elmi-publisistik cəhətdən diqqətəlayiqdir.

Təsadüfi deyil ki, XX əsrin əvvəlləri  Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətlərini ilk dəfə olaraq sistemli şəkildə monoqrafik tədqiqə məhz İsa Həbibbəyli cəlb edib. Onun tənqidi realist ədəbi irsin yaradıcılıq problemlərini hərtərəfli şəkildə, ədəbi-tarixi və nəzəri-estetik planda öyrənməsi və bunun nəticəsi kimi bir sıra sanballı elmi əsərlər yazması az qala 40 illik elmi fəaliyyətin nəticəsində mümkün olmuşdur.

Haqqında danışdığımız kitabı diqqətlə oxumaq kifayət edər ki, sərlövhədə həm də "Müasirlik" sözünün işlənməsinin sadəcə gəlişigözəl əlavə, ədəbi dəb naminə atılmış addım olmadığını anlayasan. Kitabın "çağdaş ədəbiyyat" adlanan bölməsində yer almış yazılar bunu deməyə əsas verir. Yazılarında Səməd Vurğun məktəbi və onun layiqli davamçılarının, Məmməd Araz, Hüseyn İbrahimov yaradıcılığı barədə hərtərəfli məlumat verən, təhlillər və paralellər aparan İsa müəllim, bununla çağdaş dövrün ədəbi-bədii mənzərəsinə fəqrli yandan baxa bilib. Onun "Əylisdən Əkrəm Əylisliyəcən", "Ədəbiyyatımızda Anar zirvəsi" adlı məqalələrində 60-90-cı illər ədəbi nəslinin mühiti, yaradıcılıq yolu əks olunub.  Müəllif göstərir ki, bəhs edilən dövrdə ədəbiyyata gəlmiş yaradıcı insanların təkcə zəngin yaradıcılığı deyil, sözün geniş mənasında elm, mədəniyyət və ictimai fikrimizin bütün sahələrini əhatə edən çoxcəhətli səmərəli fəaliyyəti müasir Azərbaycanda söz sənətinin, mədəniyyətin inkişaf səviyyəsini göstərən əsas meyara çevrilib: "60-cı illərdə ədəbiyyat aləminə gələn istedadlı ədəbi nəsil hələ sovet hakimiyyətinin yüksəliş illərində sosialist realizmi yaradıcılıq metodunun doğurduğu vulqar sosializmin zəncirdə də möhkəm olan buxovlarını qırmağı bacardı, böyük cəsarətlə, məhrumiyyətlərə dözə-dözə əsl milli, həqiqi, həyati, gerçəkçi ədəbiyyat ənənəsini bərpa etdi".

"Ədəbi-tarixi yaddaş və müasirlik" kitabında tənqid və ədəbiyyatşünaslıq məsələlərinə də kifayət qədər yer ayrılıb, "Azərbaycan elmində Məmməd Cəfər məktəbi", "Abbas Zamanov dünyası", "Yeni tipli ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı", "Akademik Bəkir Nəbiyev və elmimizin Bəkirnaməsi" adlı məqalələrdə görkəmli ədəbiyyatşünas alimlərin tədqiqatları və elmi fəaliyyəti təhlilə cəlb olunub. Bununla yanaşı, müəllif ara-sıra Abbas Zamanov, Əziz Mirəhmədov  kimi müasirləri və müəllimləri ilə bağlı xatirələrini də oxucuların diqqətinə təqdim edir.

XX əsrin əvvəlləri Azərbaycan romantik şeirində sonet janrına elmi münasibət, ədəbiyyatşünaslıq elminin şöbələrinə yeni baxış, satiraya ədəbi növ kimi yanaşma metodu,  Azərbaycan şeirində himn və marş müsiqi növlərinə fərqli bucaqdan yanaşma, hekayə, novella janrlarına ədəbiyyatşünas nəzəri - bütün bunlar, yüksək səviyyədə qələmə alınan məqalələr sözügedən nəşrin ədəbiyyat nəzəriyyəsi ilə bağlı fəslində özünə yer tapıb.

Müəllif XIX-XX əsrlər Azərbaycanda maarifçi ədəbi mühiti, digər ölkələrlə elmi-ədəbi əlaqələri araşdırarkən maraqlı məqamları üzə çıxara bilib. Puşkin və Azərbaycan ədəbiyyatı, Azərbaycan-Bolqarıstan ədəbi əlaqələri barədə tədqiqat aparmış müəllif  görkəmli qafqazşünas alim Rudolf İvanovun ölkəmizlə bağlı əsərlərini də saf-çürük edib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə olunan bu sanballı tədqiqat əsərində həmçinin Azərbaycan elminə, mətbuatına, incəsənət aləminə, tarixinə və s. həsr olunmuş biri-birindən dəyərli fikirlər və mükalimələr yer alıb. ""Dəli yığıncağı" Naxçıvan səhnəsində", "Gəmiqaya dünyası: Nuh peyğəmbər, Naxçıvan və Gəmiqaya", "Azərbaycançılıq məfkurəsi yollarında", "Naxçıvan şəhərinin yaşı - beş min il" başlıqlı məqalələrdə İsa Həbibbəyli həm görkəmli ziyalı, həm də bir vətəndaş kimi xalqımızın tarixi keçmişinə, əsrlərdən, qərinələrdən qorunub gələn milli mənəvi dəyərlərimizə, mədəniyyətimizə, ədəbiyyatımıza yaxşı bələd olduğunu və ehtiramla yanaşdığını göstərir. Bu yazılar tarixi sənəd, hər hansı bir araşdırmanın nəticəsi olaraq qalmır, həmçinin gələcək nəsillərə çağırış, ərməğan rolunu oynayır.

İsa Həbibbəylinin Azərbaycanın mədəni irsinə alim kimi bütöv bir münasibətini ortaya qoyan bu əsərdə "Dünyada sözdən böyük yadigar yoxdur" kimi qiymətli bir fikir də öz əksini tapıb. İndi tam əminliklə demək olar ki, İsa Həbibbəylinin "Ədəbi-tarixi yaddaş və müasirlik" adlı kitabı da kitabxanamız, oxucularımız üçün əsl elmi-ədəbi hədiyyədir.

Aybəniz KƏNGƏRLİ,

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru,

filologiya elmləri namizədi