· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

İcbari ümumi təhsil: problemlər, vəzifələr

 

ölkəmizin sosial-iqtisadi və mədəni inkişafında ümumtəhsil məktəbinin rolu danılmazdır. ümumi təhsilin inkişaf səviyyəsindən təhsil sisteminin sonrakı pillələrinin inkişafı çox asılıdır. çünki ümumi təhsil əsasdır, özüldür, təməldir. Bu özül nə qədər möhkəm olarsa, təhsil sistemi bütövlükdə o qədər güclü olar.

 Bəs ümumi təhsil nədir?

ümumi təhsil - gələcək ixtisas və peşəsindən asılı olmayaraq, hamıya zəruri olan bilik, bacarıq və vərdişlərin öyrədilməsi prosesi və nəticəsidir. ümumi təhsil təbiət və cəmiyyətdə baş verən hadisələrin mahiyyətini dərk etmək, ictimai və əmək fəaliyyətində bulunmaq üçün insana vacib olan elmlərin əsaslarının mənimsənilməsidir. ümumi təhsil - ümumtəhsil məktəblərində, orta ixtisas, texniki peşə təhsili müəssisələrində və müstəqil, sərbəst yolla-eksternat qaydasında həyata keçirilir.

ümumtəhsil məktəblərində ümumi təhsil üç səviyyədə həyata keçirilir - ibtidai təhsil, əsas (natamam orta) təhsil və orta təhsil.

ölkəmizdə ümumi orta təhsil icbaridir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" müddəası təsbit edilmişdir.

Bu o deməkdir ki, dövlət elə şərait yaratmalıdır ki, məktəbyaşlı bütün uşaqlar müxtəlif kanallarla mütləq orta təhsil alsınlar. ümumi təhsilimizin, ümumtəhsil  məktəbimizin keçdiyi tarixi inkişaf yolu belə qənaətə gəlməyə zəmin yaratmışdır. ölkəmizdə 1934-cü ildə ibtidai, 1958-ci ildə yeddiillik, 1965-ci ildə səkkizillik icbari təhsil həyata keçirilmiş, 1966-cı ildən gənclərin hamılıqla icbari ümumi orta təhsilə keçilməsinə başlanmış və 1975-ci ildə əsasən başa çatdırılmışdır.

Təəssüf ki, 1992-ci ildə qəbul edilmiş Təhsil Qanununda səkkizillik təhsil icbari təhsil kimi təsbit edilmişdir. Halbuki 1984-cü il islahatından sonra ümumtəhsil məktəbinin strukturunda dəyişiklik edilmiş, əsas (natamam orta) təhsil doqquzillik olmuşdur.

Güman edirik ki, artıq on ilə yaxın bir müddətdə Milli Məclisin təsdiqinə təqdim edilmiş Təhsil Qanununun yeni variantında icbari təhsillə bağlı müddəalar öz layiqli yerini tutacaqdır.

İcbari təhsil nədir?

İcbari təhsil - qanunla müəyyən edilmiş yaş həddində olan məktəbyaşlı bütün uşaqların təhsillə əhatə olunmasıdır. İcbari təhsilin ən başlıca tələbi- məktəbyaşlı hər bir uşağın təhsilə cəlbidir. Dövlətimizin Konstitusiyasının müəyyən etdiyi yaş həddi 6-17 yaş həddidir.

İcbari təhsil - məktəbin şagirdlər üçün ərazi cəhətdən müyəssər olması, məktəblərin optimal yerləşdirilməsi, kənd yerlərində şagirdlərin pulsuz aparılıb-gətirilməsinin təşkili, ehtiyac olduqda məktəbyanı internatların yaradılması, imkansız ailələrdən olan uşaqlara maddi yardımın göstərilməsi, onların sağlamlığının qorunması, ailələrə dərslik və dərs vəsaitlərini əldə etmək üçün imkanın yaradılması, şagirdlərlə dərslərin ixtisaslı müəllimlər tərəfindən aparılması, məktəbyaşlı bütün uşaqların dəqiq uçotunun aparılması və onların müntəzəm olaraq dərsə davamiyyəti üzərində nəzarətin həyata keçirilməsi, ümumiyyətlə məktəbdə uşaqlarla təlim-tərbiyənin təşkili və həyata keçirilməsi üçün normal şəraitin yaradılması ilə təmin edilir.

İcbari təhsil, başqa sözlə, hamılıqla təhsil o deməkdir ki, icbariliyi öz Konstitusiyası, Təhsil Qanunu, İcbari Təhsil haqqında Qanunu ilə öhdəsinə götürən dövlət elə şərait yaratmalıdır ki, məktəbyaşlı bütün uşaqlar mütləq təhsillə əhatə edilsinlər.

Bu problemin həllinin ölkəmizin gələcək inkişafında əhəmiyyətini uzaqgörənliklə dərk edən ümummilli liderimiz Heydər Əliyev dövlətimizin Əsas Qanununda "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" müddəasının təsbit edilməsinə nail olmuşdur.

ölkəmizdə icbari təhsil - savadsızlığın ləğvindən tutmuş icbari ümumi orta təhsilə qədər yarım əsrdən artıq bir dövrdə həyata keçirilmişdir. ümummilli liderimiz Heydər Əliyev 1978-ci ildə müəllimlərin VI qurultayındakı nitqində hamılıqla təhsil barədə danışarkən demişdir: "ölkəmizdə xalq maarifi ...əhalinin kütləvi savadsızlığının ləğv edilməsindən, ibtidai, yeddiillik, səkkizillik icbari təhsilədək, bunun ardınca isə gənclərin indi tətbiq edilən hamılıqla icbari orta təhsilinədək şanlı bir yol keçmişdir".

İcbari təhsilin əhəmiyyətini, gərəkliyini daha aydın başa düşmək üçün ümummilli liderimiz Heydər Əliyevin 29 avqust 1997-ci il tarixdə ali məktəblərə qəbul edilən tələbələrlə görüşdə bu məsələ barədə dediklərini yada salmaq istərdim: "Biz müstəqil respublika olduqdan sonra başqa ölkələrin vəziyyətini daha dəqiq öyrənə bildik və bizim üçün çox şeylər aşkar oldu.

Aşkar oldu ki, bizim ətrafımızda, qonşuluğumuzda olan ölkələrdə xeyli miqdarda savadsızlar da var. Misal üçün, bizim qonşu, dost Türkiyə Cümhuriyyətində indi səkkizillik icbari təhsil haqqında mübahisələr, mübarizələr gedir. Türkiyə Böyük Millət Məclisi bu məsələni müzakirə edir. Bəziləri hesab edir ki, səkkizillik icbari təhsil lazımdır, bəziləri isə hesab edir ki, lazım deyil və gəncləri məcbur etmək lazım deyil ki, 8 ilə qədər oxusunlar. Onların bəzilərinin fikrincə, gənclər oxumasa da olar və yaxud iki- üç il oxuyandan sonra qoy özləri bildikləri kimi yaşasınlar. Bu, şübhəsiz ki, Türkiyənin daxili problemidir. Biz bu işə qarışmırıq. Ancaq Türkiyəni yaxşı bilən adam kimi bu, mənim üçün yeni bir təəccüblü hadisə oldu ki, əcəba, indiyə qədər Türkiyədə gənclərin 8 il təhsil alması icbari xarakter daşımamışdımı?

Bilirsiniz, bu heç də insanları nəyəsə məcbur etmək deyil. Bizim ölkəmizdə neçə illərlə onillik icbari təhsil olubdur. Gənclər mütləq 10 il oxumalı, icbari orta təhsil almalıdırlar. İndi biz bunun  gözəl nəticələrini görürük. Respublikamızda savadsızlıq yoxdur. Biz bunu adi bir hal hesab edirik. Ancaq yenə də deyirəm ki, indi biz başqa ölkələrin vəziyyətini dərindən görəndən sonra mən bunu adi hal hesab etmirəm. Bu, bizim böyük nailiyyətimizdir və bununla biz fəxr edə bilərik". Göründüyü kimi, ümummilli liderimiz icbari təhsillə bağlı bütün məsələlərə aydınlıq gətirib, onu "məcburi təhsil" kimi qələmə verənlərə də tutarlı cavab verib.

Heydər Əliyev 2000-ci il sentyabrın birində Bakının Nərimanov rayonundakı 82 nömrəli məktəbdə yeni dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə keçirilən təntənəli toplantıda bu məsələnin vacibliyini bir daha diqqətə çəkmişdir.

Sual olunur, nə üçün ümummilli liderimiz ardıcıl olaraq israrla bu problemin həllinin vacibliyi üzərində dayanırdı? Ona görə ki, hər bir dövlətin, millətin iqtisadi, siyasi, mədəni, hərbi və s. bütövlükdə inkişafı hamılıqla təhsilin həyata keçirilməsi ilə bağlıdır.

Fikrimizi sübut etmək üçün müasir dünyanın inkişaf etmiş dövlətlərinin bu baxımdan təhsil tarixinə nəzər salaq.

Məktəbyaşlı uşaqların hamılıqla ümumi təhsilə cəlbi haqqında qanun Almaniya və Skandinaviya ölkələrində hələ XIX əsrin əvvəllərində, kapitalist istehsalının savadlı fəhləyə olan tələbatı ilə bağlı və inqilab hərəkatının təsiri altında təntənə ilə elan edilmişdir.

ümumi təhsil haqqında qanunlar ABŞ-da 1852-ci ildən başlayaraq müxtəlif ştatlar tərəfindən XIX əsrin 50-60-cı illərində qəbul edilmişdir. Müvafiq qanunların qəbulu Yaponiyada 1879-cu, İngiltərədə 1880-ci, Fransada 1882-ci ildə, 80-ci illərin axırlarında İtaliya və Kanadada həyata keçirilmişdir.

Məhz həmin ölkələr - ABŞ, Almaniya, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Kanada - müasir dünyanın ən inkişaf etmiş ölkələridir.

XIX əsrin əvvəllərində ölkəmizi işğal edib öz ərazisinə birləşdirən çar hökuməti öz qanunvericilik fəaliyyətinə vaxtaşırı ümumi təhsillə bağlı məsələlər daxil edirdi. Bütövlükdə bu məsələ birinci dəfə 1881-ci ildə qaldırıldı. O vaxt xüsusi yoxlamadan sonra hökumət ümumi ibtidai təhsilə keçmənin vaxtsız olduğu qənaətinə gəldi. XX əsrin əvvəllərində Xalq Maarifi Nazirliyinin tapşırığına əsasən, Farmakovski (1903) və Kulomzin (1904) tərəfindən layihələr tərtib edildi. 1905-ci il inqilabından sonra olduqca məhdud, ilkin praktik addımlar atıldı. 1908-ci ildə ibtidai təhsilin maliyyələşdirilməsi barədə xüsusi qanun təsdiq edildi. Lakin çar mütləqiyyəti devrilən anadək, ölkədə icbari ümumi təhsilin tətbiqi barədə qanun qəbul edə bilmədi.

1917-ci ilin oktyabr çevrilişi nəticəsində Rusiya imperiyası devrildi. Bundan istifadə edən çar hökumətinin əsarətində olan bir çox xalqlar, o cümlədən Azərbaycan xalqı 1918-ci il mayın 28-də öz müstəqilliyini elan etdi, Azərbaycan Xalq Cümhuriyyəti dövlətini yaratdı. Yarandığı ilk gündən Demokratik Azərbaycan dövləti xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirirdi. Cümhuriyyətin ilk tədbirlərindən biri bütün məktəbyaşlı uşaqları təhsilə cəlb etmək məqsədilə ibtidai məktəblərin şəbəkəsini genişləndirərək icbari ümumi ibtidai təhsil haqqında qanun qəbul etmək üçün zəmin yaratmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti IV kabinetinin Proqramında maarif, təhsil, elm və mədəniyyət sahəsində müəyyənləşdirdiyi istiqamətlər içərisində "tezliklə hamılıqla ümumi icbari ibtidai təhsilə keçilməsi" nəzərdə tutulmuşdur. Lakin Rusiya imperiyasını devirib hakimiyyəti ələ keçirən bolşevik qaraguruhçuları 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətini devirdilər, ölkəmizi yenidən işğal etdilər. Bu səbəbdən də Azərbaycan Demokratik hökuməti xalq maarifi sahəsində nəzərdə tutduğu planları həyata keçirə, o cümlədən icbari ibtidai təhsil haqqında qanunu qəbul edə bilmədi. 

Oktyabr çevrilişindən və vətəndaş müharibəsindən sonra Kommunist Partiyası və Sovet hökuməti ölkədə təxirəsalınmaz problemlər içərisində birinci dərəcəli məsələ kimi icbari ümumi təhsilin tətbiqi məsələsini də elan etdilər.

Bir sıra hazırlıq tədbirlərindən sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Soveti 1930-cu il avqustun 14-də "ümumi icbari ibtidai təhsil haqqında" qərar qəbul etdilər. Azərbaycan SSR Xalq Komissarları Soveti 1930-cu il avqustun 29-da "Azərbaycan SSR-də ümumi ibtidai icbari təhsilin həyata keçirilməsi haqqında" qəbul etdiyi qərarda qeyd edildi ki, 1932-33-cü dərs ilində ölkədə ibtidai icbari təhsil başa çatdırılsın, 1930-31-ci dərs ilindən şəhərlərdə, şəhərtipli qəsəbələrdə icbari yeddiillik təhsilə keçidə başlansın.

Akademik M.Mehdizadə "Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr" əsərində yazır ki, "Məktəb şəbəkəsinin sürətlə genişlənməsi və bu kimi başqa tədbirlərin nəticəsində ümumi icbari ibtidai təhsil Azərbaycanda 1933-34-cü dərs ilində əsas etibarilə başa çatdırıldı".

Respublikanın bütün kənd və şəhərlərində 1934-35-ci dərs ilindən kütləvi surətdə yeddiillik ümumi təhsilə keçid başlandı. 1935-ci ildə çağırılan Azərbaycan SSR VIII Sovetlər qurultayı yeddiillik ümumi təhsili təkcə şəhərlərdə deyil, həm də kənd yerlərində ikinci beşilliyin sonuna (1937) kimi tamamlamağı qərara aldı, orta məktəblər şəbəkəsinin də genişləndirilməsi üçün göstərişlər verdi.

 

(Ardı gələn sayımızda)  

 

Arif MURADOV,

Təhsil Nazirliyinin şöbə müdiri, 

respublikanın əməkdar müəllimi