· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir  

Aprelin 10-da Heydər Əliyev adına liseydə məktəblilərin ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsinin respublika mərhələsi keçirildi.

Qeyd edək ki, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun 29.01.2008-ci il tarixində verilmiş 131 nömrəli əmrinə əsasən 3 mərhələdə keçirilən bu müsabiqədə ölkənin ümumtəhsil məktəbləri və peşə liseylərinin VII-XI sinif şagirdləri iştirak edir. Fevral ayında keçirilən məktəb mərhələsinə 600 mindən artıq məktəbli qatılmış, onlardan 300 minə yaxını mart ayında təşkil olunan rayon (şəhər) mərhələsində iştirak etmişdir. Bu gün keçirilən respublika mərhələsində isə hər rayondan bir nəfər, Bakı şəhərindən 22 nəfər olmaqla cəmi 127 məktəbli iştirak etmək hüququ qazanıb.

Təhsil naziri Misir Mərdanov və digər rəsmi şəxslər ümummilli liderin liseyin həyətindəki büstü önünə gül dəstələri qoyduqdan sonra iştirakçılar içəri dəvət olundu. Müsabiqədən öncə çıxış edən təhsil naziri final mərhələsinə vəsiqə qazanmış məktəbliləri bu böyük uğurları münasibətilə təbrik etdi.

Heydər Əliyevin Azərbaycanın tarixində ən böyük şəxsiyyətlərdən biri olduğunu deyən Misir Mərdanov bu gün malik olduğumuz hər şey üçün məhz ona borclu olduğumuzu qeyd etdi. Bildirdi ki, ulu öndərin yürütdüyü siyasət indi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində dövlətimiz hər sahədə durmadan inkişaf edərək dünya miqyasında tanınır. Təhsil naziri müsabiqə iştirakçılarına müraciətlə dedi: "Əminəm ki, siz gələcəkdə müstəqil Azərbaycanda daha xoşbəxt günlər yaşayacaq, təhsil alacaq və çalışacaqsınız".

Misir Mərdanov müsabiqənin Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirildiyini diqqətə çatdırdı və bu tədbirə gələcəkdə daha çox məktəblinin cəlb olunmasını arzuladı.

Təhsil naziri müsabiqəyə aprelin 30-da yekun vurulacağını, bu münasibətlə "Gülüstan" sarayında təşkil olunacaq təntənəli mərasimdə qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim ediləcəyini bildirdi və Təşkilat Komitəsi adından bütün iştirakçılara uğurlar dilədi.

Sonra müsabiqənin respublika mərhələsinin mövzusu - "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" lövhəyə yazıldı və şagirdlər işləməyə başladılar.

Müsabiqənin respublika mərhələsinin açılışında təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, İradə Hüseynova, Elmar Qasımov və digər rəsmi şəxslər iştirak edirdilər.

Hicran ƏKBƏROVA