|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər
Əliyev milli əxlaqi dəyərlərimiz haqqında
1991-ci
ildə Azərbaycan müstəqilliyini əldə
etdikdən sonra təhsil sistemimizin təkmilləşdirilməsi,
yeniləşdirilməsi, müasirləşdirilməsi
istiqamətində səmərəli tədbirlər
həyata keçirilməsi zərurətə çevrildi. Müstəqil dövlətin müstəqil təhsil
sistemi olmalıdır. Bu müddəa əsas götürülərək
milli təhsilin formalaşdırılması
istiqamətində məqsədyönlü işlər görülməli
idi. Azərbaycan xalqının arzusu və inamlı təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə, o cümlədən təhsildə islahatlar həyata keçirilməyə başlandı. 1999-cu
ildə ulu öndərimizin sərəncamı ilə
"Azərbaycan Respublikasının Təhsil
sahəsində İslahat Proqramı" qəbul olundu. "2000-2005-ci
illərdə Azərbaycan Respublikasının Təhsil
sisteminin tərbiyə işinin İnkişaf Proqramı"
işlənib hazırlandı. ümummilli
liderimiz Heydər Əliyev "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" (18
iyun 2001-ci il), "Azərbaycan əlifbası və
Azərbaycan Dili Gününün təsis edilməsi haqqında"
(9 avqust 2001-ci il) fərmanlarını; "2 Fevral -
Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında"
(1 fevral 1997-ci il) sərəncamını;
"Gənclər siyasəti haqqında" (9 aprel 2002-ci
il) və "Uşaq hüquqları haqqında" (19 may
1998-ci il) Azərbaycan Respublikası Qanunlarını
imzaladı. Heydər
Əliyev müxtəlif yığıncaqlardakı, görüşlərdəki,
tədbirlərdəki məruzə və çıxışlarında,
nitqlərində, bəyanatlarında təhsilə,
gənc nəslin milli tərbiyəsinə, onların milli
mənəvi dəyərlərə
yiyələnmələrinin vacibliyinə,
vətənpərvərliyə, adət və
ənənələrimizin qorunması və yaşadılmasına
aid çox qiymətli fikirlər irəli sürmüşdür. Böyük
öndər deyirdi: "Heç vaxt iki xalq bir-birinə
bənzər dəyərlərə malik ola bilməz. Biz
indi dünyanın mütərəqqi mənəvi
dəyərlərindən istifadə edərək, xalqımızın
mədəni səviyyəsini daha da inkişaf
etdirərək gənc nəsli daha da sağlam
əhvali-ruhiyyədə, saf əxlaqi
əhvali-ruhiyyədə
tərbiyələndirməliyik... Hər
xalqın öz adət-ənənəsi var, öz milli
mənəvi və dini dəyərləri var. Biz öz milli
mənəvi dəyərlərimizlə, öz dini
dəyərlərimizlə, adət və
ənənələrimizlə fəxr edirik. Əsrlərin
dərinliyindən bu günümüzə gəlib çatan
adət-ənənələrimiz həmişə adamları
saflığa, təmizliyə dəvət etmişdir". ümummilli
liderimiz gəncləri həyatda fəal mövqe tutmağa,
vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırdı.
Ulu öndər deyirdi: "Hər bir insan gərək eyni
zamanda vətəndaş olsun. Dövlətinə sadiq,
millətinə sadiq, ənənələrinə sadiq,
xalqına sadiq vətəndaş olsun". Heydər
Əliyev gənclərə, onların qüvvəsinə,
bilik və bacarığına inanır və yüksək
qiymətləndirirdi. O, ümumtəhsil məktəbləri
şagirdləri ilə "Bilik Günü"nə həsr
olunmuş tədbirlərdə, ali
məktəblərə qəbul olunmuş
tələbələrlə
görüşlərində gənc nəsli
biliklərə əzmlə yiyələnməyə,
vətənin ləyaqətli övladları olmağa
səsləyirdi: "Bizim məqsədimiz müstəqil
Azərbaycanın gələcəyi üçün daha bilikli,
zəkalı gənclər hazırlamaqdır... Siz
Azərbaycanın gələcəyini təmin edən
insanlar olacaqsınız. Azərbaycan
gələcəkdə sizin kimi gənclərin, formalaşmış
insanların çiyinlərində yaşayacaqdır". Ulu
öndər gənclərdə yüksək mənəvi
keyfiyyətlər tərbiyə etməyi tövsiyə edirdi:
"Gəncləri paklıq, saflıq, yüksək
əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə
etməliyik". Ulu
öndərin dövlətçilik ənənələrinə
sadiq qalan və onun kursunu layiqincə davam etdirən ölkə
Prezidenti İlham Əliyev də Azərbaycan təhsilinin
dünyanın ən qabaqcıl dövlətlərinin təhsili
səviyyəsinə qaldırılmasını,
gənclərimizin milli, ümumbəşəri
dəyərlərə, yüksək
mədəniyyətə yiyələnmələrinə
nail olmağı məqsədəuyğun hesab edir. Möhtərəm
Prezidentimiz gənclərə böyük inamını ifadə
edərək deyir: "Bilikli, savadlı uşaqlar,
gənclər gələcəkdə Azərbaycanı
idarə edəcəklər". Heydər
Əliyev xalqımızın mənəviyyatına yüksək
qiymət verirdi: "Azərbaycan xalqının yüksək
mənəviyyatı hər şeydən ucadır... Bu,
həm xalq üçün, millət üçün, hər bir azərbaycanlı
üçün, hər bir vətəndaş üçündür". Heydər
Əliyev Vətəni ata ocağı adlandırır,
insanın doğma yurda, torpağa bağlılığını
vacib şərt hesab edirdi. Ulu öndərin düzgün
qənaətinə görə, xalqın yüksək
mədəniyyəti, mənəviyyatı, istedadı onun
Vətəni ilə bağlıdır. ümummilli lider
vətənpərvərlik hisslərindən danışarkən
göstərirdi: "Hara getsək də, bizim fikirlərimiz,
xəyallarımız daim bu torpaqdadır. Dünyada nə
qədər ideyalar, məramlar varsa, hamısının kökü
insanın torpağa bağlılığından inkişaf
edir, insanları yüksək amallara səsləyir; insanlar
birgə yaşayırsa, humanizmə,
mədəniyyətə ilk əvvəl Vətən torpağında
yiyələnirlər. Buna görə də xalqın yüksək
mədəniyyəti, mənəviyyatı, istedadı onun
Vətəni ilə bağlıdır. Vətənin
tarixi, mədəniyyəti dünya sivilizasiyasında tutduğu
yerlə ölçülür". Bütün
yuxarıda deyilənləri xüsusi vurğulayan Heydər
Əliyev belə bir qənaətə gəlir ki, hər
bir xalq, millət, insan yaratdıqları ilə
Vətən torpağına şərəf gətirir,
onun adını uca edir. ümummilli
lider dinimizin insana, o cümlədən böyüyən
nəslə göstərdiyi böyük tərbiyəedici
təsiri xüsusi qeyd edir və bu barədə deyirdi: "İslam
dininin bəşəriyyətə bəxş etdiyi bütün
nemətlərdən hər bir azərbaycanlı
səmərəli istifadə etməlidir və xüsusən
cəmiyyətdə davranışında islam dininin
tələblərinə uyğun olaraq özünü göstərməlidir". Heydər
Əliyev gənclərə öz vaxtlarının qədrini
bilməyi, bu vaxtı səmərəsiz keçirməməyi,
öz sağlamlıqları qayğısına qalmağı
məsləhət görürdü. O, sağlam həyat tərzi
keçirməyin vacibliyini xüsusi vurğulayırdı. Onun aşağıdakı
fikirləri diqqəti cəlb edir: "Mən həyatın
bütün mərhələlərini keçmiş bir adam kimi
sizə deyirəm: Bu illəri boş keçirməyin, bu
illəri itirməyin. öz fiziki sağlamlığınıza
fikir verin. Onun üçün də gərək siz sağlam
həyat tərzində yaşayasınız". Ulu
öndər ölkə vətəndaşlarına, xüsusən
gənclərə öz tarixi keçmişini, Azərbaycan
tarixini və coğrafiyasını, milli adət və
ənənələrini, mədəniyyətini, ana dilini
yaxşı bilməyi tövsiyə edirdi. Bu baxımdan ümummilli
liderimizin aşağıdakı fikirləri son
dərəcə qiymətlidir: "Hər bir Azərbaycan
gənci... birinci növbədə, gərək öz dilini, ana
dilini bilsin. çünki
bu, anasının dilidir. Bu, ölkənin dövlət dilidir
və gənc bu dildə təhsil alsın, bu dildə yazsın,
bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının
zəngin tarixini, zəngin mədəniyyətini,
əsrlər boyu yaranmış böyük irsini öyrənə
bilsin. Dil hər bir millətin milliliyinin əsasıdır...
Azərbaycanın hər bir gənci məktəbdə
təhsil alaraq, öz xalqının, millətinin qədim
zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı
bilsin". ümummilli lider tariximizi dərindən
bilməyin vacibliyini vurğulayarkən diqqəti aşağıdakı
məsələlərə yönəldirdi: "Əgər
bunu bilmirsə, o, həqiqi vətənpərvər ola
bilməz. Əgər bunu bilməsə, o, millətini
qiymətləndirə bilməz. Əgər onu
bilməsə, o, millətinə olan
mənsubiyyəti ilə istənilən
səviyyədə fəxr edə bilməz". Heydər Əliyev irsində azərbaycançılıq
ideyası xüsusi yer tutur. Ulu öndər respublikamızda yaşayan
xalqların vahid ailədə yaşamalarının
vacibliyini vurğulayır və diqqətə çatdırırdı
ki, Azərbaycan bu ölkədə yaşayan xalqların hamısı
üçün Vətəndir: "Biz azərbaycanlıyıq. Hamımızın
Vətəni Azərbaycandır. Bizi bir xalq, bir millət,
bir insan olaraq bu torpaq ərsəyə gətirmişdir.
Buna görə də bizim hər birimizin canında
azərbaycançılıq ruhu yaşayır. Bizi
bir-birimizə bağlayan və daha çox birləşməyə
sövq edən də azərbaycançılıq ruhu,
azərbaycançılıq ideyası olmalıdır.
Hər bir dövlətin milli ideologiyası olur. Müstəqil
Azərbaycan Respublikasının milli ideologiyası da
azərbaycançılıq ideologiyasıdır". Heydər Əliyev insanın formalaşmasında
müəllimin rolunu yüksək qiymətləndirməklə
yanaşı, onlardan öz peşələrinə daim hörmətlə
yanaşmağı, öz elmi-nəzəri və metodik hazırlıqlarını,
pedaqoji ustalıqlarını daim artırmağı
tələb edirdi. Bu barədə deyirdi: "Müəllimlərə
müraciət edirəm ki, onlar nəinki bu gün üçün,
gələcək üçün də öz vəzifələrini,
məsuliyyətlərini həmişə düşünsünlər". ümummilli liderimiz, böyük tarixi şəxsiyyət
Heydər Əliyevin tövsiyələri bu gün də aktualdır
və həmişə öz aktuallığını
saxlayacaq! Bu fikirlər bizi milli adət və
ənənələrimizi, milli əxlaqımızı
qoruyub-saxlamağa, vətənpərvər olmağa
səsləyir. Akif ABBASOV, Təhsil Problemləri İnstitutunun elmi katibi, pedaqoji elmlər
doktoru, professor
|