· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

· Arxiv

 

 

 

 

Görkəmli yazıçı Mir Cəlal Paşayevin 100 illiyi qeyd olundu

 

Azərbaycan Beynəlxalq Universitetində görkəmli yazıçı, ictimai xadim, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan ABU-nun rektoru, professor Elşad Abdullayev Mir Cəlal Paşayevin 100 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində keçirildiyini bildirib YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətindən danışdı.

Sonra ABU-nun prorektoru Həsən Bayramov "XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi: yazıçı, alim və müəllim" mövzusunda məruzə etdi. Mir Cəlal Paşayevi XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elm tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdən biri kimi səciyyələndirən məruzəçi yetmişillik ömrünün tam yarım əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq işinə həsr etmiş yazıçı alimin klassik və müasir bədii nəsrin ən yaxşı ənənələri əsasında yetişib, mahir hekayə ustası və roman müəllifi kimi yüksəldiyini söylədi. Bildirdi ki, tərbiyə problemi, müəllim-şagird-tələbə münasibətləri Mir Cəlal Paşayevin yaradıcılığında xüsusi yer tutur. Mir Cəlal Paşayev tərbiyə-əxlaq probleminə dair elə mövzular seçib, elə hadisə və surətlər qələmə alırdı ki, onlar oxucunu düşündürür, mənəviyyatca saflaşdırır, düzgün istiqamətləndirir, məhəbbət və nifrət duyğuları ilə zənginləşdirirdi. "Əsgər oğlu", "Ulduz", "Plovdan sonra", "Elçilər qayıtdı", "Nazik mətləb", "Naxış", "Vicdan mühakiməsi", "Müdafiə vəkili" və s. belə hekayələr idi.

Tədbirdə ABU-nun kafedra müdiri Ənvər Əhməd, millət vəkili Nizami Cəfərov, xalq şairi Nəriman Həsənzadə, BDU-nun professorları Təhsin Mütəllimov, Xalid Əlimirzəyev və başqaları çıxış edərək görkəmli ədib və alimin bədii və elmi yaradıcılığının ayrı-ayrı məqamlarına toxundular, onunla bağlı xatirələrindən söz açdılar.

Sonda Mir Cəlal Paşayevin qızı, BDU-nun kafedra müdiri, professor Ədibə Paşayeva çıxış edərək, atasının xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirdi. Ə.Paşayeva həmçinin tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkür etdi.

Fazil İDRİSOĞLU

 

 

 

Sumqayıtda məktəblilərin rəsm əsərlərindən ibarət sərgi açıldı

 

Aprelin 3-də Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində "Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda gördüyü işlər Sumqayıt məktəblilərinin gözü ilə" mövzusunda rəsm sərgisi açıldı.

Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin direktoru Əntiqə Mahmudovanın məlumatına görə mərkəzdə 15 adda dərnək fəaliyyət göstərir. Dərnəklərdə şagirdlərin məşğul olması üçün kifayət qədər avadanlıq, o cümlədən, musiqi alətləri, kompüter, rəssamlıq vəsaitləri, tikiş maşını vardır. Mərkəzin yetirmələri müxtəlif müsabiqə, festival və sərgilərin qalibi olmuşlar.

Rəsm müsabiqəsində Sumqayıt şəhər ümumtəhsil məktəblərinin şagirdləri, məktəbəqədər təhsil müəssisələrinin uşaqları iştirak edirdi.

Mərkəzdə təşkil olunmuş sərgidə müxtəlif janrlarda 102 rəsm əsəri nümayiş olundu.

Sərginin açılışına həsr olunmuş mərasimdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, idman və gənclər idarəsinin rəisi Musa Həsənov, valideynlər və digər qonaqlar iştirak edirdilər. Sərgini açıq elan edən mərkəzin direktoru Əntiqə Mahmudova öncə müəssisədə son dövrlərdə görülmüş işlər, qazanılmış uğurlardan və sərginin əhəmiyyətindən danışdı. Təhsil şöbəsinin müdiri Vidadi Bağırov şəhər təhsil sistemində qazanılmış nailiyyətlərə toxunaraq bildirdi ki, sərgi məhz ulu öndər Heydər Əliyevin 5 il öncə Sumqayıt şəhərinə gəlişinə həsr edilib. ümumiyyətlə, ulu öndərin 16 dəfə Sumqayıtda olması müsbət dəyişikliklərlə müşayiət olunub. Şəhərin iqtisadiyyatı hərtərəfli inkişaf etmişdir. Rəsm müsabiqəsinin bu mövzuya həsr olunması onu göstərir ki, uşaq və yeniyetmələrin Vətənə, dövlətçiliyə və ulu öndərin xidmətlərinə xüsusi məhəbbətləri var. Bu da rəsm əsərlərində öz əksini tapıb. V.Bağırov Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə görüləcək digər işləri də diqqətə çatdırdı.

Şəhər idman və gənclər idarəsinin rəisi Musa Həsənov da çıxış edib sərgi haqqında fikirlərini bildirdi.

Sonra qaliblərə Fəxri fərman və hədiyyələr təqdim olundu. Sərgidəki əl işləri ilə tanışlıq tədbir iştirakçılarında zəngin təəssürat yaratdı.

 

Fazil İDRİSOĞLU,

foto müəllifindir

 

 

 

 

Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçiriləcək

 

ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünü qeyd etmək üçün Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində zəngin tədbirlər planı hazırlanıb. Təbii ki, planda idman tədbirləri üstünlük təşkil edir. Apreldə İOE UGİM-də cüdo üzrə 23 yaşa qədər gənclər arasında məktəb birinciliyi keçiriləcək. Yarışda 97 idmançı iştirak edəcək.

Bu ay habelə idman akrobatikası üzrə məktəb birinciliyi keçirmək də planlaşdırılıb. Birincilikdə 40 atletin iştirakı gözlənilir.

Mayın 10-na - ulu öndərin doğum gününədək basketbolçular da UGİM-də birincilik uğrunda yarışacaqlar. Bu yarışlarda 1992-1993, 1994-1995-ci il təvəllüdlü oğlanlar iştirak edəcəklər.

 

İdman məktəbinin akrobatları birinci oldular

 

Martın 11-dən 15-dək respublikamızın paytaxtında yeniyetmələr arasında idman akrobatikası üzrə Azərbaycan birinciliyi keçirilib. Hər il olduğu kimi, bu il də birincilikdə respublikada fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin xeyli yetirməsi iştirak edib. Yarışlarda Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası fərqlənib.

Məktəbin oğlanlardan (Nahid Ağadədəyev, Pərvin Pənahov, Adil Feyzullayev və ömər Seyidov) ibarət dördlüyü I yeri tutub. UGİM-in cüdoçuları da martın 13-dən 15-dək keçirilmiş gənclər arasında Azərbaycan çempionatında böyük uğur qazanıb. 48 kq çəki dərəcəsində Aişə Qurbanova, 66 kq çəki dərəcəsində Sərxan Əhmədov, 78 kq çəki dərəcəsində isə Vəfa İbadova Azərbaycan çempionu olublar. Səbinə Allahverdiyeva (52 kq) II, Cəlalə Nəsibli (57 kq) isə III yerə çıxıblar.

 

Otüstü xokkey

 

ötən ay paytaxtımızda idmanın otüstü xokkey növü üzrə beynəlxalq turnir keçirilib. Yarışda Rusiya Federasiyasının, Belarusun, Maltanın, Ukraynanın və Azərbaycanın kişilərdən ibarət yığma komandaları öz güclərini sınayıblar. Yığma komandamızın əsas heyətini təşkil edən Bakı şəhər 13 nömrəli İOEUGİM-nin gənc otüstü xokkeyçiləri I yerə çıxıblar.

 

 

 

 

 

 

 

 Sənədlərin qəbuluna start verildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  (TQDK) 2008-2009-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirakla bağlı martın 31-dən etibarən ərizə qəbuluna başlayıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirdiyi mətbuat konfransında qurumun sədri Məleykə Abbaszadə məlumat verib.

TQDK sədri vurğulayıb ki, abituriyentlər martın 31-dən başlayaraq mayın 31-dək İnternet vasitəsilə elektron ərizələri doldurmalı və tələb olunan sənədləri aprelin 11-dən mayın 31-dək Sənəd Qəbulu Komissiyalarına təqdim edərək ərizələrini təsdiqləməlidirlər. İnternet vasitəsilə aparılacaq sənəd qəbulu zamanı abituriyentlər ilk əvvəl şəhər və rayon poçt şöbələrindən "ödəmə kartı"nı əldə etməlidirlər. Bundan sonra şəxsiyyət vəsiqəsindən və ödəmə kartından istifadə etməklə TQDK-nın İnternet saytının müvafiq səhifəsinə daxil olub "Abituriyentin elektron ərizəsi" formasını doldurmalıdır. Daha sonra həm Azərbaycan, həm də rus bölməsinin abituriyentləri tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyasına təqdim etməklə ərizələrini rəsmiləşdirməlidirlər. Ali və orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən qəbul imtahanları keçirildikdən sonra isə abituriyentlər topladıqları balla müsabiqə şərtlərinə uyğun olaraq "Elektron ərizə"lərində ixtisas kodlarını seçəcəklər. Abituriyentlər əvvəllər olduğu kimi, ərizələrində yenə də 8-dək ixtisas qeyd edə bilərlər.

Rəşad ZİYADOV

 

 

 

 

 Məzun məktəbə kömək edir  

2003-cü ildə məktəbimizi 20 il əvvəl bitirmiş məzunlarla pedaqoji kollektivin görüşü keçirilirdi. Görüşə 1983-cü ildə məktəbimizi əla qiymətlərlə başa vurub BDU-nun mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1992-ci ildən Sumqayıtda yaşayıb işləyən Elçin Əhmədovu da dəvət etmişdik. Ermənistanla həmsərhəd olan kəndimizin müdafiəçilərinə hələ 90-cı illərin ortalarında pal-paltar və ərzaqla kömək edən Elçin görüşə də əliboş gəlməmişdi. Məktəbin avadanlığa böyük ehtiyacı olduğunu bilən Elçinin təşəbbüsü ilə məzunlar 40 ədəd stol, 92 ədəd stul, 2 ədəd yazı taxtası hazırladıb məktəbə gətirmişdilər.

O vaxtdan Elçin Əhmədov hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarında kəndin bütün qocalarına, imkanı olmayanlara, şəhid ailələrinə və müharibə veteranlarına ərzaq bağlamalarından ibarət bayram hədiyyələri verir.

Murad SüLEYMANOV,

Qazax rayonu Qaymaqlı kənd orta məktəbinin

direktoru, Kənd Ağsaqqallar Şurasının sədri