|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə· Arxiv
|
Kiyevdə
beynəlxalq treninq 24-28 mart 2008-ci il tarixlərdə Ukraynanın
Kiyev şəhərində "Təhsil islahatları:
qlobal məsələlərin regional həlli" mövzusunda
beynəlxalq treninq keçirilmişdir. Dünya Bankı, UNİCEF və Ukrayna
Təhsil və Elm Nazirliyinin birgə təşkil etdiyi
treninqdə Avropa və Mərkəzi Asiya ölkələrinin
nümayəndələri, o cümlədən Azərbaycandan
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma
və kadrların idarəolunması şöbəsinin müdiri
F.Qədirov, həmin şöbənin ararıcı
məsləhətçisi Z.Kəlbəliyev, Texniki peşə
təhsili şöbəsinin müdiri N.Məmmədov, İqtisadiyyat
şöbəsinin Mühasibat uçotu və hesabat sektorunun ararıcı
məsləhətçisi V.Əsgərov, Təhsil Sektorunun
İnkişafı Layihəsinin Əlaqələndirmə
Qrupunun rəhbəri E.Rüstəmov, Dünya Bankının
təhsil üzrə nümayəndəsi T.Mustafayev və UNİCEF-in
proqram rəhbəri G.Hüseynova iştirak etmişlər. Treninqin
keçirilməsində əsas məqsəd keçmiş
postsovet və Şərqi Avropa ölkələrində Dünya
Bankının dəstəyi ilə həyata keçirilən
islahatların nəticələrinə dair müzakirələrin
aparılması, təhsil siyasətinin formalaşdırılması
mexanizmlərinin araşdırılması, iştirakçı
ölkələrin təhsil sahəsindəki təcrübələrinin
öyrənilməsi və bu istiqamətdə inkişaf
perspektivlərinin müəyyənləşdirilməsi olmuşdur.
Qloballaşmanın geniş vüsət aldığı
XXI əsrdə ölkələrin inkişaf potensialı,
rəqabətədavamlılığı bir sıra
amillərdən asılıdır. Onların sırasına,
ilk növbədə, kadr potensialının formalaşdırılması,
innovativ texnologiyaya, həmçinin müasir və effektli
informasiya infrastrukturuna malik təhsil sisteminin yaradılması
vacib amillər kimi özünü büruzə verir. Bazar iqtisadiyyatının
tələblərinə cavab vermək və
rəqabətədavamlılığı təmin
etmək məqsədilə Avropa və Mərkəzi Asiya
(AMA) ölkələri özlərinin təhsil
sistemlərində ciddi islahatlar aparır. Son 15 ildə bu
sahədə əhəmiyyətli nailiyyətlər
əldə olunmuşdur. Dünya Bankının yaxından
dəstəyi ilə AMA ölkələrində aparılan
islahatların ilk mərhələsində müsbət
təcrübə torlanmışdır ki, həmin təcrübədən
bəhrələnmək öz növbəsində çox
əhəmiyyətlidir. Treninqin açılışında Ukrayna
Pedaqoji Elmlər Akademiyasının prezidenti Vasiliy Kremen, Dünya
Bankının vitse-prezidenti Şiqeu Katsu təhsil
sahəsində beynəlxalq əməkdaşlığın
əhəmiyyətindən, son illərdə dünyada aparılan
təhsil islahatlarının əsas
istiqamətlərindən və əldə olunmuş
nailiyyətlərdən, təhsil siyasəti və dünyada
gedən tendensiyalardan bəhs etmişlər. Qeyd etmək lazımdır ki, treninq
interaktiv formada keçirilmiş və hər sessiyada qrup
və ya fərdi tapşırıqlar verilərək
nəticələri qiymətləndirilmişdir. Treninqin ilk sessiyasında iştirakçı ölkələrin
nümayəndə heyətinin hər bir üzvünün
təqdimatları dinlənilmiş və həmin
təqdimatlar gizli səsvermə yolu ilə
qiymətləndirilmişdir. Səsvermənin
nəticələrinə əsasən bu sətirlərin
müəllifi 12 ölkədən olan 100 iştirakçı arasında
1-ci yerə layiq görülmüş və mükafatlandırılmışdır.
Dünya Bankının idarəetmə
məsələləri üzrə beynəlxalq
məsləhətçisi Elizar Orbakın "İslahatların
idarə olunmasında təhsil nazirliklərinin potensialının
inkişafı", "İnformasiya qərar qəbul
edilmənin əsas aləti kimi" mövzularında
məruzələri iştirakçılar
tərəfindən çox maraqla qarşılandı. Yeri gəlmişkən qeyd etmək lazımdır
ki, Azərbaycanda təhsili idarəetmə sistemində
aparılan islahatlar prosesinə Elizar Orbak kimi beynəlxalq
ekspertin cəlb olunması faydalı olardı. Treninqin proqramına uyğun olaraq ayrı-ayrı
sessiyalarda AMA ölkələrində təhsil islahatlarının
əhatə etdiyi sahələr üzrə təqdimatlar
edilirdi, həmin təqdimatlarda da islahatların obyekti
Azərbaycanda olduğu kimi, daha çox ümumi orta təhsil
olurdu. Burada resurs planlaşdırılmasından
nəticə planlaşdırılmasına keçid,
məktəbdaxili, milli və beynəlxalq
qiymətləndirmə, əks-mərkəzləşdirmə,
təhsilin maliyyələşdirilməsi və şagirdbaşına
maliyyələşdirmə, müəllim hazırlığı
və ixtisasartırma məsələləri ilə
əlaqədar ayrı-ayrı ölkələrin təcrübələrinə
əsaslanan təqdimatlar keçirilmiş, beynəlxalq
ekspertlərin məruzələri dinlənilmişdir. Təqdimatlardan aydın olmuşdur ki, region
ölkələrinin əksəriyyətində, o cümlədən
Azərbaycanda (pilot layihəsi olaraq) şagirdbaşına
maliyyələşdirmə sistemi tətbiq edilməyə
başlanılmışdır. Ukraynada şagirdbaşına
maliyyələşdirmə sistemi ilə yanaşı,
həmçinin rasionallaşdırma planı da həyata keçirilməkdədir.
Rasionallaşdırma planı nəticəsində
məktəblərin statistik göstəriciləri təhlil
edilmiş və bağlanacaq, birləşdiriləcək,
statusu dəyişdiriləcək məktəblərin
siyahısı müəyyənləşdirilmişdir. Eyni
zamanda bağlanacaq və yaxud da statusu dəyişdiriləcək
məktəblərin şagirdlərinin təhsilinin
digər məktəblərdə davam etdirməsi üçün dövlət
tərəfindən bu məktəblərin avtobusla
təmin edilməsi proqramı həyata keçirilir. Təqdimatlardan aydın olmuşdur ki,
Azərbaycandan başqa bütün iştirakçı ölkələr
12 illik ümumi orta təhsilə keçmiş və bunu
təhsil islahatının uğuru kimi
qiymətləndirirlər. ümumilikdə dünyada 12 illik
təhsil formalaşmaqdadır. Azərbaycanda da ümumi orta
təhsilin strukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması
getdikcə daha çox aktuallaşır. Təhsildə əks-mərkəzləşdirmə
mövzusu üzrə təqdimatda bir sıra
səlahiyyətlərin yerli orqanlara və
məktəblərə verilməsi istiqamətində müxtəlif
ölkələrin təcrübəsi müqayisəli şəkildə
təqdim edildi. Əks-mərkəzləşdirmə
siyasətinin aparılmasında əsas məqsəd
təhsil xidmətləri sahəsində monopoliyanın
aradan qaldırılması, təhsil sisteminin şəffaflığının
və çevikliyinin təmin edilməsidir. Bir sıra ölkələrin
təcrübəsi göstərir ki, səlahiyyətlərin
əks-mərkəzləşdirilməsi
məktəblərin daha səmərəli
fəaliyyət göstərməsinə, təhsil resurslarının
artmasına, qərarvermə prosesinin daha çevik və bürokratik
maneələrdən daha az asılı olmasına
gətirib çıxarır. Bununla yanaşı, keçmiş
postsovet və bəzi Şərqi
Avropa ölkələrində bu siyasətin aparılmasında
bir sıra çətinliklər meydana çıxmışdır.
Məsələn, Ermənistan, Gürcüstan, Ukrayna və
Polşada bir sıra səlahiyyətlərin
yerlərə və məktəblərə verilməsi
əks effektlər də yaratmışdır. Belə ki,
yerlər bu səlahiyyətləri qəbul etmək üçün
tam hazır olmadığından bir sıra problemlər
yaranmış və həmin ölkələrdə bəzi
səlahiyyətlərin yenidən mərkəzləşdirilməsi
baş vermişdir. Həmin ölkələrin təcrübəsi göstərir
ki, əks-mərkəzləşdirmənin həyata keçirilməsi
üçün institusional yanaşma tələb olunur, yəni
yerlərin bu səlahiyyətlərdən
səmərəli istifadə etməsi imkanları
əvvəlcədən öyrənilməli və bu proses
tədricən həyata keçirilməlidir. Dünya Bankının İnsan potensialının
inkişafı üzrə şöbəsinin rəhbəri Bruno
Laportun təqdimatı "Bilik iqtisadiyyatı: qloballaşma
və rəqabət mühitində təhsil" mövzusuna
həsr edilmişdi. Müəyyən edilmişdir ki, Avropa ölkələrində
yaşlanma prosesi sürətlə baş verdiyi halda, inkişaf
etməkdə olan və xüsusilə də Asiya ölkələrində
işçi qüvvəsinin sayı artmaqdadır. Belə olduğu
təqdirdə bir sıra ölkələrə böyük işçi
qüvvəsi axını baş verir, digər ölkələrdə
isə əlavə işçi qüvvəsi formalaşaraq ölkə
iqtisadiyyatının inkişafına mane olur. Ona görə
belə ölkələrin iqtisadiyyatının çevik olması
və qloballaşma dövründə əmək bazarının
tələbatına uyğun kadr hazırlığının
mexanizminin yaradılması zərurəti meydana çıxır.
Məhz bu səbəbdən ixtisaslı kadrların hazırlanmasında
innovasiya texnologiyalarından geniş istifadə
edilməsi, yeni biliklər haqqında məlumat
əldə etmək imkanlarının genişlənməsi,
dövlət, biznes və vətəndaşlar arasında
səmərəli əlaqələrin yaradılması müasir
bilik iqtisadiyyatının əsaslarını təşkil
edir. çexiyalı beynəlxalq ekspert Yaroslav
Kalousun təqdimatında bilik əsasında formalaşan
iqtisadiyyat və onun formalaşdırılması yolları
öz əksini tapmışdır. Təqdimatda göstərilir
ki, müasir dövrdə iqtisadi artımın 50-80%-ni bilik
təşkil edir. Lakin iqtisadiyyata biliyin təsir qüvvəsini
artırmaq üçün yalnız elmi innovasiyalar deyil, həmçinin
sosial və təşkilati innovasiyaların da inkişaf
etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd
olunur. Yaroslav Kalousun fikrinə əsasən
hər bir ölkə islahat prosesində bir sıra oxşar
problemlərlə üzləşir. Bu qeyri-stabil siyasi
vəziyyət, digər sektorlarda islahatların aparılma
tempinin aşağı olması, proses iştirakçıları
arasında konsensusun əldə edilə bilməməsi
və resurs çatışmazlığı (xüsusən
də maliyyə resurslarının) ilə müşayiət
olunur. Bir sıra ölkələrin təqdimatlarında bu
fikir öz təsdiqini tapırdı. Məsələn, Qırğızıstan,
Tacikistan, Moldova kimi ölkələrdə maliyyə resurslarının
çatışmazlığı, Ermənistanda qeyri-stabil
siyasi vəziyyət (belə ki, son 6-7 il ərzində bir
neçə dəfə təhsil və digər sahə
nazirlərinin dəyişilməsi) islahatların aparılmasına
mane olan amil kimi özünü büruzə verir. Treninqdə çıxış edən
beynəlxalq ekspertlər Azərbaycan, Gürcüstan, Ukrayna, Polşada
təhsil islahatları gedişində daha böyük
irəliləyişlərin əldə edildiyini vurğulamışlar.
Xüsusilə Azərbaycanda stabil siyasi və iqtisadi
vəziyyətin olması, mərkəzi idarəetmə
orqanı rəhbərlərinin daha uzun müddət liderlik
səviyyəsində qalması, ölkənin iqtisadi inkişafı
nəticəsində təhsilə böyük həcmdə
maliyyə qoyuluşu qeyd edilmişdir. Dünya Bankının təhsil
məsələləri üzrə baş mütəxəssisi
Xuan Manuel Morenonun tədqiqatlarına əsasən XXI
əsrdə əsas kompetensiyalar peşəkar-texniki,
sahibkarlıq, sosial (ünsiyyət qurmaq, qrup şəklində
işləmək, stimullaşdırma və liderlik),
kommunikativ (oxumaq, yazmaq, informasiya toplamaq, təhlil etmək
və işləmək, kompüterdən istifadə, xarici
dillərdə danışmaq), etik-davranış, koqnitiv
bacarıqlar kimi müəyyənləşdirilməlidir.
Məhz bu kompetensiyalara yiyələndikdə əmək
bazarının tələblərindən asılı
olmayaraq hər hansı bir vətəndaş qloballaşan
cəmiyyətdə öz bilik və bacarıqlarına müvafiq
olaraq gəlir əldə etmək və bununla da inkişaf
etmək imkanına malik olacaqdır. Qeyd edilmişdir ki,
Azərbaycanda kurrikulum islahatı prosesində yeni
kurrikulumda məhz bu bacarıqların formalaşdırılması
nəzərdə tutulmuşdur. Polşadan beynəlxalq məsləhətçi
Voyçex Marçlevskinin təqdimatında məktəbdaxili
imtahanların Təhsil Nazirliyi tərəfindən yaradılmış
Mərkəzi İmtahan Komissiyası tərəfindən
aparılması, imtahanların aşağıdakı dövrləri
əhatə etməsi öz əksini tapmışdı: -6 illik ibtidai təhsili bitirdikdən sonra
kompetensiya testi; -Gimnaziya məzunları üçün imtahan; -Kamal imtahanı. Treninqin son günü iştirakçı ölkələrin təhsil
sistemində aparılacaq islahatlarla bağlı qısa müddətdə
hazırlanmış milli layihələrin təqdimatı
olmuşdur. Birinci olaraq Azərbaycan nümayəndə
heyəti "Müəllimlərin ixtisasartırma sisteminin
islahatı" mövzusunda təqdimat etmişdir. Nazirliyin Strateji təhlil, planlaşdırma
və kadrların idarəolunması şöbəsinin müdiri
F.Qədirov təqdimatda Azərbaycan və təhsil sistemi
haqqında, həyata keçirilən islahatlar və
əldə edilmiş nailiyyətlər barədə qısa
məlumat verdikdən sonra müəllimlərin ixtisasartırma
sahəsində yeni strategiyanı iştirakçıların
diqqətinə çatdırmışdır. çox böyük maraq doğuran təqdimatdan sonra
iştirakçıların sualları cavablandırılmışdır.
İslahatların aparılması sahəsində
Azərbaycan təcrübəsi bir sıra ölkələr
üçün nümunəvi model hesab edilmişdir. Belə ki,
məktəblərin infrastrukturunun təkmilləşdirilməsi,
dərslik siyasəti, məktəblərin kompüterləşdirilməsi
və elektron resurslarla təmin edilməsi, ucqar kənd
məktəblərinin pedaqoji kadrlarla təmin edilməsi
sahəsində respublikamızın əldə etdiyi
nəticələr həm Dünya Bankının mütəxəssisləri,
həmçinin digər beynəlxalq təşkilatların nümayəndələrinin
çıxışlarında xüsusi vurğulanmışdır.
Azərbaycan nümayəndə heyətinin
təqdim etdiyi layihədə ixtisasartırma sistemində
aparılacaq islahatlardan gözlənilən
nəticələr belə müəyyənləşdirilmişdir:
modul-kredit sisteminə əsaslanan yeni kurrikulum hazırlanacaq;
professor-müəllim heyətinin bacarıqları artırılacaq;
müəllimlərin ixtisasartırma prosesinə alternativ
ixtisasartırma xidməti qurumları da cəlb
ediləcək; ixtisasartırma xidmətindən
istifadə edilməsinin nəticəsinə əsasən
stimullaşdırma həyata keçiriləcək. İxtisasartırma üzrə təsdiq edilmiş
yeni kurrikulum, müəyyən sayda treninqdən keçmiş
professor-müəllim heyəti, alternativ ixtisasartırma
xidməti qurumları, ixtisasartırma üzrə proqramların
akkreditasiyasını həyata keçirən mərkəz,
ixtisasartırma kursunun müəllimlərin əməkhaqqına
təsirini təmin edə bilən normativ-hüquqi baza
təqdim edilən strategiyanın əsas indikatorları
kimi müəyyənləşdirilmişdir. Qeyd etmək olar ki, Azərbaycan nümayəndə
heyətinin hazırladığı milli layihə
beynəlxalq məsləhətçilər və treninqin
təşkilatçıları tərəfindən
bu layihənin hazırlanmasına verilən bütün
tələblərə, o cümlədən layihənin
təqdim olunması üçün ayrılan zaman
tələbinə tam cavab vermiş, münsiflər heyəti
tərəfindən yüksək qiymətini almışdır. ümumiyyətlə, treninqin keçirilməsi
zamanı gündəlik verilən tapşırıqların
icrasında Azərbaycan nümayəndə heyətinin üzvləri
yüksək fəallıq nümayiş etdirmiş, aparılan
müzakirə və diskussiyalarda iştirak etmişdir. Treninq nəticəsi olaraq iştirakçılar
təhsil siyasətinin formalaşdırılmasında
beynəlxalq təcrübənin öyrənilməsi; təhsil
prosesinin bütün iştirakçılarının fikir və
təkliflərinin nəzərə alınması, onlar
arasında konsensusun əldə edilməsi; təhsil
siyasətinin ilkin, aralıq və yekun monitorinqi mexanizminin
yaradılması; müvafiq dövlət və qeyri-dövlət
qurumlarının təhsil siyasəti strategiyasının
hazırlanmasına cəlb edilməsi; təhsil
siyasətinin formalaşdırılmasında indikatorların
düzgün müəyyənləşdirilməsi; icra,
hesabatvermə və qiymətləndirmə mexanizminin aydın
şəkildə təsvir edilməsi; təhsil
siyasətinin formalaşdırılmasında insan və
maliyyə resurslarının düzgün
qiymətləndirilməsi sahələrində bacarıqlar
əldə etmişlər. Kiyev şəhərində keçirilmiş
treninqin materiallarının təhlili əsasında
Azərbaycanda təhsil sahəsində aparılan islahatların
beynəlxalq təcrübəyə inteqrasiya olunması baxımından
əhəmiyyət kəsb edə biləcək aşağıdakı
strateji istiqamətlərin nəzərə alınmasını
təklif edirik: 1. Təhsil siyasətinin və uzunmüddətli
inkişaf strategiyasının işlənməsi
sahəsində dünya təcrübəsində, o cümlədən
treninqdə tətbiq edilən metodlardan istifadə
edilməsi. 2. Əks-mərkəzləşdirmə
sahəsində müsbət meyillərin və iştirakçı
ölkələrdə müşahidə olunmuş risklərin
nəzərə alınması. 3. ümumi orta təhsilin strukturunun
təkmilləşdirilməsi istiqamətində dünya ölkələrində
12 illik təhsilin mövcudluğu nəzərə alaraq
Azərbaycanda da strukturun buna uyğunlaşdırılması. 4. Son illərdə əksər ölkələrdə
təhsilin maliyyələşdirilməsi sahəsində
yeni mexanizmlərin tətbiqini nəzərə alaraq,
Azərbaycanda müstəqil və adambaşına
maliyyələşmə təcrübəsinin genişləndirilməsi
və mərhələlərlə bütün təhsil müəssisələrini
əhatə etməsi. 5. Şagird nailiyyətlərinin
qiymətləndirilməsi üzrə yeni sistem çərçivəsində
mərkəzləşdirilmiş buraxılış
imtahanları mexanizminin təkmilləşdirilməsi
və bütün məktəblərdə tətbiqi
istiqamətində dünya təcrübəsinin
nəzərə alınması. 6. ölkəni təmsil edən şagirdlərin
təlim göstəriciləri əsasında təhsilin
vəziyyəti barədə təsəvvür əldə
etmək, müvafiq məlumatları təhlil etməklə
rroblemləri aşkara çıxarmaq, onların həlli
yollarını müəyyənləşdirmək, perspektiv
inkişaf istiqamətlərini proqnozlaşdırmaq və vəziyyəti
digər ölkələrlə müqayisə etmək
məqsədilə 2006-cı ildə keçirilmiş
beynəlxalq qiymətləndirmənin (PİSA)
nəticələrinin təhlil edilməsi və geniş
müzakirəsi. 7. İnkişaf etmiş ölkələrdə
xarici dil bacarıqlarının əsas kompetensiya olduğunu
nəzərə alaraq, Azərbaycanda aparıcı xarici
dillər olan ingilis, fransız və alman dillərinin
tədrisi metodikasının əsaslı şəkildə
dəyişdirilməsi, bu zaman praktik bacarıqlara üstünlük
verilməsi. 8. Keyfiyyətin təmin edilməsi və
islahatların aparılması prosesində müəllimin
həlledici rolunu nəzərə alaraq onların peşəkarlıq
səviyyəsinin artırılmasına yönəlmiş
yeni, indikindən köklü şəkildə
fərqlənən və modul-kredit sisteminə
əsaslanan ixtisasartırma sisteminə keçilməsi. Fərzəli QƏDİROV, Təhsil Nazirliyinin şöbə müdiri |