|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə· Arxiv
|
Kənd müəllimi iki dəfə Prezidentlə görüşüb Lerikdə
bir kənd var. Qışlaq kəndi. Arxası qayalara söykənib,
ayağını dağ çayının suları yuyur.
İlin yarısı yamacları qarlı olur. Yaz
gələndə gül-gülü, çiçək-çiçəyi çağırır.
Otları min dərdin dərmanıdır. Beçə balını,
ətirli mer-meyvəsini, buz bulaqlarını hələ
demirəm. 1938-ci ilin baharında kəndin adlı-sanlı
kişilərindən sayılan Yəhya Kazımovun
ailəsində bir oğlan uşağı dünyaya
gəldi. Qonum-qonşular, qohumlar Yəhya əmiyə gözaydınlıq
verdilər. Ağsaqqalların xeyir-duası ilə adını
Məhərrəm qoydular. İllər keçdi. Məhərrəm
məktəb yaşına çatdı. Rayonda ilk təhsil
ocaqlarından biri olan doğma kəndində oxumağa başladı.
Yeddiillik təhsilini burada başa vurdu. Orta məktəbi
isə rayon mərkəzində qurtardı. Məhərrəm Kazımov peşə seçimini
onuncuda oxuyanda etmişdi. Müəllim olmaq arzusundaydı.
1956-cı ildə Lənkəran şəhərindəki
pedaqoji məktəbə daxil oldu. İki ildən sonra müəllim
diplomu ilə rayona döndü. Onu Barzavu kənd yeddiillik
məktəbinə təyin etdilər. Gənc pedaqoqun fəaliyyətinin ilk
illərindəki uğurları ona işlədiyi
kollektivdə və valideynlər arasında hörmət
qazandırdı. Təlim-tərbiyə sahəsində
yaradıcı işi, sinif şagirdlərinin maraq və
meyillərini öyrənmək istiqamətindəki təcrübəsi
rayon müəllimləri arasında yayıldı. 1960-cı ildə Məhərrəm müəllim
daha bir arzusuna çatdı. Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinə daxil oldu. Ali
məktəbdə qiyabi təhsil aldığı
illərdə iş təcrübəsinə dair pedaqoji
mətbuatda çap olunmuş elmi-metodiki məqalələri
alimlərin diqqətini cəlb etdi. Onu respublikada keçirilən
pedaqoji mühazirələrə, konfranslara çağırdılar. 1961-ci ildə Məhərrəm Kazımov
rayonun nümunəvi təhsil müəssisələrindən
biri olan internat məktəbində çalışmağa başladı.
O, burada zəngin Azərbaycan dili və ədəbiyyat
kabineti yaratdı. Kabinetdəki əyani və texniki
vasitələrin demək olar ki, hamısını özü
əldə etdi. Azərbaycan ədəbiyyatı
klassiklərinin əsərlərini topladı. Bu, şagirdlərin
mütaliəsinə geniş imkanlar yaratdı. Kabinetdə
disputlar, səhnəciklər, yeni nəşrlərin müzakirəsi
keçirildi. Kabinetdə ana dili və ədəbiyyata
aid guşələr vardır. Bu guşələrdə
lent yazıları, tədris filmləri, şifahi jurnallar,
ədiblərin dəyərli fikirləri yazılmış
kartoçkalar dərslərin maraqlı və canlı keçməsinə,
materialların tez mənimsənilməsinə kömək
edir. Respublikamızın görkəmli elm
xadimləri, yazıçı və bəstəkarlar,
rəssam və teatrşünaslar kabinetin qonağı olmuş,
əsərlərini avtoqrafla bağışlamışlar.
Onlar xatirə kitabına ürək sözlərini yazmağı
da unutmamışlar. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev və Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyeva Lerikə ilk
səfərləri zamanı internat məktəbindəki
Azərbaycan dili və ədəbiyyat kabinetində olmuş,
Məhərrəm müəllimin tədris metodikasını
bəyənmişlər. Möhtərəm Prezidentimiz
xatirə kitabına bu sözləri yazmışdır: "Azərbaycan dili və
ədəbiyyat kabineti uşaqların ana dilini mükəmməl
öyrənməsi işində böyük rol oynayır. Bizim
ədəbiyyatımız, ana dilimiz müstəqil
Azərbaycan Respublikasının inkişafında çox böyük
əhəmiyyət kəsb edir. Arzu edirəm ki, uşaqlar
ədəbiyyatımızı yaxşı oxusunlar, yaxşı
tərbiyə alsınlar, yaxşı vətəndaş
olsunlar. İnternat məktəbinin təmirə
böyük ehtiyacı vardır. Yaxın zamanlarda burada əsaslı
təmirə başlayacağıq. İnternat
məktəbinin kollektivinə və burada oxuyan bütün uşaqlara
uğurlar arzulayıram". İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
8 sentyabr 2005-ci il. Məktəb cənab Prezidentin göstərişi
ilə əsaslı təmir olunmuş, müasir avadanlıqla
təchiz edilmişdir. Azərbaycan dili və
ədəbiyyat kabinetinə kompüter dəsti bağışlanılmışdır.
Dövlət başçısı və onun xanımı 2006-cı
ilin oktyabr ayının 23-də ikinci dəfə
Lerikdə olarkən məktəbə gəlmiş,
Məhərrəm müəllimlə görüşmüş,
kabinetə yenidən baxmışlar. O, təhsilə göstərdiyi
diqqətə görə möhtərəm Prezidentimizə
rayonun bütün ziyalıları adından minnətdarlığını
bildirmişdir. ömrünün 70-ci baharını qarşılayan
Məhərrəm müəllimin adı respublikamızın
yaradıcı pedaqoqları sırasında çəkilir. Müxtəlif
illərdə pedaqoji mühazirələrdə, elmi-təcrübi
konfranslarda maraqlı məruzələrlə çıxış
etmiş, 1991-ci ildə "İlin ən yaxşı müəllimi"
müsabiqəsinin respublika mərhələsində mükafata
layiq yer tutmuşdur. M.Kazımovun fəaliyyəti çoxcəhətlidir.
Lerik müəllimləri onu nəinki istedadlı bir pedaqoq,
həm də fəal ictimaiyyətçi, el ağsaqqalı
kimi tanıyırlar. O, Azərbaycan Pedaqoji
Cəmiyyətinin rayon şöbəsinin sədri, respublika
yaradıcı müəllimlərinin Mərkəzi Şurasının
üzvü, rayon ağsaqqallar şurası sədrinin müavinidir. Azərbaycan müəllimlərinin VI, VII, VIII
qurultaylarının, ümumittifaq müəllimlərinin IV
qurultayının nümayəndəsi olan Məhərrəm
Kazımovun respublikamızın təhsil müəssisələrində
çoxlu dostu vardır. Bu dostluq əlaqələri qabaqcıl
pedaqoji təcrübənin öyrənilməsinə və
tədrisdə yaradıcılıqla tətbiqinə kömək
edir. Kabinetdə bu məqsədlə ayrılmış guşədə
bülletenlər, pedaqoji mətbuatda dərc olunmuş
əsərlər toplanmışdır. Bu
əsərlərdən 15-nin müəllifi
Məhərrəm müəllimin özüdür. M.Kazımovun yarıməsrlik pedaqoji
fəaliyyəti, təhsildəki uğurları dövlət
tərəfindən qiymətləndirilmişdir. "Şərəf
nişanı" ordeni, "Əmək veteranı"
medalı ilə təltif olunmuşdur. "Respublikanın
əməkdar müəllimi" fəxri adına, "Qabaqcıl
maarif xadimi" döş nişanına layiq görülmüşdür.
Şəxsi arxivində nazirliyin fəxri fərmanlarını,
təşəkkür məktublarını qiymətli
sənədlər kimi saxlayır. Məhərrəm müəllimin vaxtilə
dərs dediyi şagirdlərdən 25 nəfəri rayonun müxtəlif
məktəblərində Azərbaycan dili və
ədəbiyyatını tədris edirlər. Respublikada keçirilən
fənn olimpiadalarında və müsabiqələrdə
şagirdləri uğurlar qazanmışlar. Zəhmətkeş bir ailənin başçısı
olan ağsaqqal müəllimin övladları ata ocağının
ənənəsinə sadiqdir. Onlar təhsil və
mədəniyyət müəssisələrində şərəflə
çalışırlar. Rayon ictimaiyyəti M.Kazımovun 70 illik
yubileyini, pedaqoji fəaliyyətinin yarım əsrini qeyd
etməyə hazırlaşır. Ona bu hörmət və nüfuzu
qazandıran elmə, təhsilə sonsuz
məhəbbəti, dövlətimizə və dövlətçiliyimizə
sədaqətidir. ...Gecə yarıdan keçmiş, küçələrdə
gediş-gəliş azalmışdır.
Məhərrəm müəllimin otağında hələ
işıq yanır. O, masa arxasındadır.
Onbirincilərin "Heydər Əliyev müstəqil
Azərbaycanın memarıdır" mövzusunda inşa yazılarını
yoxlayır. Vərəqləri çevirdikcə çöhrəsində
təbəssüm artır. Şagirdləri xalqımızın
unudulmaz oğlu Heydər Əliyevin Azərbaycanın çiçəklənməsi
naminə yorulmaz fəaliyyətindən söz açmış,
onun ideyalarının əbədi yaşayacağını
qələmə almışlar. H.VƏLİMƏMMƏDOV, respublikanın əməkdar jurnalisti
|