Nuranə Əliyeva: “Müəllimlərimin dəstəyini həmişə üzərimdə hiss etmişəm”


Dəyərli oxucularımıza bu dəfə də həmişə olduğu kimi olduqca maraqlı, orijinal xarakteri ilə yaşıdlarından  seçilən, musiqi zövqü ilə şəxsən məni heyran edən  yeniyetmə bir istedad sahibi - Nuranə  Əliyeva haqqında söhbət açacağam. Artıq 13 yaşında olan  bu qız  hazırda  Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında  fortepiano təhsili  alır. Onun  adı həmişə birincilər sırasında çəkilir. Maraqlı həmsöhbət  kimi də xoşuma gəldi. Keçdiyi bu qısa, ancaq uğurlu musiqi yolu barədə sevinc və fərəh hissi ilə danışırdı. Mən onun özü haqqında  ürəkdolusu danışığından məmnun qalmaya bilməzdim, çünki qazandığı bütün nailiyyətlərin  arxasında  gərgin əmək, mətin iradə, ən başlıcası isə  musiqiyə və  onun üçün doğmadan doğma olan musiqi alətinə-fortepianoya  hədsiz məhəbbət var idi. Asanlıqla qazanılmayan sevincli anlarını baldan şirin söhbəti ilə mənə də aram-aram yaşadırdı Nuranə. Bəli, o, bu  musiqi alətinin qüdrətini nümayiş etdirməklə çoxlu sayda beynəlxalq müsabiqələrin qalibi olub.

 

“Anamdan öyrəndiyim mahnılar mənə uğur qazandırıb”

 

Məktəbimizin “Şərəf lövhəsi”ndə əlaçı şagirdlərin arasında mən də varam, deyir  yeniyetmə musiqiçi həmsöhbətim.  Gözümü açandan evimizdə musiqi eşitmişəm, bir sözlə, musiqi sədaları altında böyümüşəm. Hər gün anamın  evdə ifa etdiyi mahnılar mənə qanad verib, ruh verib, zəngin musiqi dünyasına qovuşdurub. Ona görə də ilk müəllimim elə  gözlərimin nuru olan anamı adlandırıram.  İnanın  ki,  anamdan  öyrəndiyim mahnılar mənə həmişə uğur qazandırıb.

 

Yuxuya da gedirdim pianomun  arxasında   

 

Valideynlərimin qarşısında ilk ifa etdiyim mahnı “Cücələrim” olub. Əl çaldılar, məni alqışladılar, sən çox istedadlı  pianoçu  olacaqsan,  dedilər. Sonra atam mənə ayrı bir piano da aldı. Günün çox hissəsini  onun arxasında keçirirdim, bəzən yorulub yuxuya da gedirdim pianomun  arxasında.

 

2018-ci ildə paytaxtımızda keçirilən “Umid” beynəlxalq müsabiqəsində I yeri qazanmışam. Bəstəkar Arif Məlikovun 85 illik yubileyinə həsr olunmuş konsertdə, “Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində, Moskvada, Türkiyədə keçirilən musiqi yarışmalarında  həvəslə iştirak etmişəm, diplom və kuboklarla   mükafatlandırılmışam. 2019-cu il mənim üçün  xüsusilə uğurlu olub. Mən  Fransa Beynəlxalq Musiqi Yarışmasına qatılmışam.

 

Ustadlardan dərs almışam

 

Müsabiqə  ərəfəsində  Paris Beynəlxalq Konservatoriyasının direktoru Ədilə Əliyevadan, Moskva P.İ.Çaykovski adına Dövlət Konservatoriyasının dosenti Sergey Qlavatskidən aldığım ustad dərsləri məni hədsiz ruhlandırdı və daha  əzmlə  çalışmağa  sövq etdi. Özünüz deyin, musiqiçi üçün ustadlardan dərs almaqdan qiymətli nə ola bilər?  Yeniyetmə  fortepianoçu  kimi mütəmadi olaraq gimnaziyamızda keçirilən   konsertlərdə  və tədbirlərdə rəngarəng proqramlarla  çıxış edirəm.

 

CASPİ-ART Uluslararası beynəlxalq sənət yarışmasına müxtəlif dövlətlərdən istedadlı uşaqlar qatılmışdılar. Olduqca maraqlı yarışma idi. İngilis dilini mükəmməl bildiyim üçün orada özümə çoxlu dostlar  da qazandım. Yarışmada isə, I yeri qazanaraq diploma layiq görüldüm.

 

Qran-pri  ilə mükafatlandırıldım

 

Qazaxıstanın Aktobe şəhərində keçirilən   gənc istedadların “Alem Talant Star” müsabiqəsinə  musiqi, xoreoqrafiya, rəngkarlıq, teatr nominasiyaları üzrə Rusiya, Türkiyə, Qazaxıstan və Ukraynadan 800 iştirakçı qatılmışdı. Müsabiqədə  gimnaziyamızın  şagirdlərindən Toğrul Məmmədov fortepiano nominasiyası üzrə, mən isə  həm fortepiano, həmçinin ansambl nominasiyasında “Qran Pri” mükafatı qazandıq. Teatr şöbəsinin şagirdləri Almaz Həsənzadə və Fidan Tahirova isə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə müsabiqəyə qatılaraq I yerə layiq görüldülər. Rəsmləri ilə müsabiqəyə qatılan təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri - X sinif şagirdi Natiqə Əsədli I, Nəzrin Əliyeva isə II yerlərə layiq görüldülər.

 

Sevinirdim ki, onların arasında mən də varam

 

“Testene Art Baku” III Beynəlxalq incəsənət festival-müsabiqəsində iştirakım da mənim üçün yaddaqalan oldu. Müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ tətbiqi sənət, xalq çalğı alətləri və digər nominasiyalar üzrə keçirilirdi. Yarışmada həmçinin müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın bir sıra  ölkələrindən nümayəndələr iştirak edirdilər. Sevinirdim ki, onların arasında mən də varam. Münsiflər heyəti məni 1-ci yer almağım münasibətilə təbrik edəndə uşaqlar hamısı məni dövrəyə alıb alqışladılar. Birimizin sevincini hamımız yaşayırdıq.

 

Beynəlxalq müsabiqələrə qatılarkən mən  müəllimlərimdən  öyüd və  məsləhətlər  almağı  unutmuram. Üzərimdə əməyi olan bütün müəllimlərimin, sənət fədailərinin, direktorumuz Aytən Əhmədovanın yaxından dəstəyini həmişə hiss etmişəm. Əks-təqdirdə, sadaladığım bu uğurların heç birinə sahib ola bilməzdim.

 

Həyəcanlı oldunsa...

 

Fransada Nikolay Rubinşteyn adına beynəlxalq musiqi festivalında yaşadığım həyəcanlı anlar heç vaxt yadımdan çıxmır. Bu həyəcan hissi məni tərk etmədiyinə görə  II yeri qazandım və buna da şükür elədim. Bir daha əmin oldum ki, idmanda, musiqidə, ümumiyyətlə, hər bir imtahanda həyəcanlı oldunsa, qalib olmaq çətin məsələdir.  Fortepiano müəllimim Nigar Nəcəfova və anam məni sakitləşdirdilər, ürək-dirək verdilər. Müəllimimin sevincinin hədd-hüdudu yox idi.  Beynəlxalq yarışlarda uğur qazanmağımda onun zəhməti hədsizdir.

 

Sifai SƏFƏROVA