“2019-cu il mənim üçün xüsusilə uğurlu olub” | |
Dəyərli oxucularımıza bu dəfə də həmişə olduğu kimi olduqca maraqlı, orijinal xarakteri ilə yaşıdlarından seçilən, musiqi zövqü ilə şəxsən məni heyran edən yeniyetmə bir istedad sahibi - Nuranə Əliyeva haqqında söhbət açacağam. Artıq 13 yaşında olan bu qız hazırda Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında fortepiano təhsili alır. Onun adı həmişə birincilər sırasında çəkilir. Maraqlı həmsöhbət kimi də xoşuma gəldi. Keçdiyi bu qısa, ancaq uğurlu musiqi yolu barədə sevinc və fərəh hissi ilə danışırdı. Mən onun özü haqqında ürəkdolusu danışığından məmnun qalmaya bilməzdim, çünki qazandığı bütün nailiyyətlərin arxasında gərgin əmək, mətin iradə, ən başlıcası isə musiqiyə və onun üçün doğmadan doğma olan musiqi alətinə-fortepianoya hədsiz məhəbbət var idi. Asanlıqla qazanılmayan sevincli anlarını baldan şirin söhbəti ilə mənə də aram-aram yaşadırdı Nuranə. Bəli, o, bu musiqi alətinin qüdrətini nümayiş etdirməklə çoxlu sayda beynəlxalq müsabiqələrin qalibi olub.
“Anamdan öyrəndiyim mahnılar mənə uğur qazandırıb”
Məktəbimizin “Şərəf lövhəsi”ndə əlaçı şagirdlərin arasında mən də varam, deyir yeniyetmə musiqiçi həmsöhbətim. Gözümü açandan evimizdə musiqi eşitmişəm, bir sözlə, musiqi sədaları altında böyümüşəm. Hər gün anamın evdə ifa etdiyi mahnılar mənə qanad verib, ruh verib, zəngin musiqi dünyasına qovuşdurub. Ona görə də ilk müəllimim elə gözlərimin nuru olan anamı adlandırıram. İnanın ki, anamdan öyrəndiyim mahnılar mənə həmişə uğur qazandırıb.
Yuxuya da gedirdim pianomun arxasında
Valideynlərimin qarşısında ilk ifa etdiyim mahnı “Cücələrim” olub. Əl çaldılar, məni alqışladılar, sən çox istedadlı pianoçu olacaqsan, dedilər. Sonra atam mənə ayrı bir piano da aldı. Günün çox hissəsini onun arxasında keçirirdim, bəzən yorulub yuxuya da gedirdim pianomun arxasında.
2018-ci ildə paytaxtımızda keçirilən “Umid” beynəlxalq müsabiqəsində I yeri qazanmışam. Bəstəkar Arif Məlikovun 85 illik yubileyinə həsr olunmuş konsertdə, “Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində, Moskvada, Türkiyədə keçirilən musiqi yarışmalarında həvəslə iştirak etmişəm, diplom və kuboklarla mükafatlandırılmışam. 2019-cu il mənim üçün xüsusilə uğurlu olub. Mən Fransa Beynəlxalq Musiqi Yarışmasına qatılmışam.
Ustadlardan dərs almışam
Müsabiqə ərəfəsində Paris Beynəlxalq Konservatoriyasının direktoru Ədilə Əliyevadan, Moskva P.İ.Çaykovski adına Dövlət Konservatoriyasının dosenti Sergey Qlavatskidən aldığım ustad dərsləri məni hədsiz ruhlandırdı və daha əzmlə çalışmağa sövq etdi. Özünüz deyin, musiqiçi üçün ustadlardan dərs almaqdan qiymətli nə ola bilər? Yeniyetmə fortepianoçu kimi mütəmadi olaraq gimnaziyamızda keçirilən konsertlərdə və tədbirlərdə rəngarəng proqramlarla çıxış edirəm.
CASPİ-ART Uluslararası beynəlxalq sənət yarışmasına müxtəlif dövlətlərdən istedadlı uşaqlar qatılmışdılar. Olduqca maraqlı yarışma idi. İngilis dilini mükəmməl bildiyim üçün orada özümə çoxlu dostlar da qazandım. Yarışmada isə, I yeri qazanaraq diploma layiq görüldüm.
Qran-pri ilə mükafatlandırıldım
Qazaxıstanın Aktobe şəhərində keçirilən gənc istedadların “Alem Talant Star” müsabiqəsinə musiqi, xoreoqrafiya, rəngkarlıq, teatr nominasiyaları üzrə Rusiya, Türkiyə, Qazaxıstan və Ukraynadan 800 iştirakçı qatılmışdı. Müsabiqədə gimnaziyamızın şagirdlərindən Toğrul Məmmədov fortepiano nominasiyası üzrə, mən isə həm fortepiano, həmçinin ansambl nominasiyasında “Qran Pri” mükafatı qazandıq. Teatr şöbəsinin şagirdləri Almaz Həsənzadə və Fidan Tahirova isə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə müsabiqəyə qatılaraq I yerə layiq görüldülər. Rəsmləri ilə müsabiqəyə qatılan təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri - X sinif şagirdi Natiqə Əsədli I, Nəzrin Əliyeva isə II yerlərə layiq görüldülər.
Sevinirdim ki, onların arasında mən də varam
“Testene Art Baku” III Beynəlxalq incəsənət festival-müsabiqəsində iştirakım da mənim üçün yaddaqalan oldu. Müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ tətbiqi sənət, xalq çalğı alətləri və digər nominasiyalar üzrə keçirilirdi. Yarışmada həmçinin müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edirdilər. Sevinirdim ki, onların arasında mən də varam. Münsiflər heyəti məni 1-ci yer almağım münasibətilə təbrik edəndə uşaqlar hamısı məni dövrəyə alıb alqışladılar. Birimizin sevincini hamımız yaşayırdıq.
Beynəlxalq müsabiqələrə qatılarkən mən müəllimlərimdən öyüd və məsləhətlər almağı unutmuram. Üzərimdə əməyi olan bütün müəllimlərimin, sənət fədailərinin, direktorumuz Aytən Əhmədovanın yaxından dəstəyini həmişə hiss etmişəm. Əks-təqdirdə, sadaladığım bu uğurların heç birinə sahib ola bilməzdim.
Həyəcanlı oldunsa...
Fransada Nikolay Rubinşteyn adına beynəlxalq musiqi festivalında yaşadığım həyəcanlı anlar heç vaxt yadımdan çıxmır. Bu həyəcan hissi məni tərk etmədiyinə görə II yeri qazandım və buna da şükür elədim. Bir daha əmin oldum ki, idmanda, musiqidə, ümumiyyətlə, hər bir imtahanda həyəcanlı oldunsa, qalib olmaq çətin məsələdir. Fortepiano müəllimim Nigar Nəcəfova və anam məni sakitləşdirdilər, ürək-dirək verdilər. Müəllimimin sevincinin hədd-hüdudu yox idi. Beynəlxalq yarışlarda uğur qazanmağımda onun zəhməti hədsizdir.
Sifai SƏFƏROVA |
|
14.02.2020 | 13:40 | |
|
|
|