Bu gün bütün ölkələri narahat edən insan alveri problemindən cəmiyyətin bütün təbəqələri əziyyət çəkir. Dövlətlər bu problemin həlli yollarını araşdırır və bunun qarşısının alınması istiqamətində uğurlu addımlar atırlar. Ancaq bütün bu mübarizə üsulları problemin yerli-köklü aradan qaldırılmasını tam təmin edə bilirmi?
 
Bəzən bu, yanlış olaraq, ancaq hüquq-mühafizə orqanlarının vəzifəsi kimi də dəyərləndirilir. Əslində isə cəmiyyətin bütün təbəqələri bu problemin həllində əlbir olmalı, sağlam düşüncə nümayiş etdirərək, bu kimi stereotiplərin insanların mənəvi dünyalarına vurduğu yaranın mahiyyətini düzgün dəyərləndirməklə mübarizəyə kompleks şəkildə qoşulmalıdırlar. Belə olarsa, aparılan ideoloji iş, yəni düzgün maarifləndirmə prosesi cəmiyyət üçün gözlənilən nəticəni verə bilər.
 
Bu sözləri “Azərbaycan müəllimi”nə açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, sərhəd tanımayan bu kimi iyrənc prosesdən zaman-zaman ölkəmiz də, xalqımız da kifayət qədər əziyyət çəkib:
 
"İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyətdə olan bütün qurumların atdığı addımlar, eləcə də rəhbərlik etdiyim qurumun həyata keçirtdiyi tədbirlər barədə fikir və mülahizələrimi belə ifadə edərdim ki, təkcə böyüklər deyil, uşaqlar, yeniyetmələr də insan alverinin qurbanlarına çevrilir, zorakılığa məruz qalırlar. Onları maarifləndirmək lazımdır ki, zorakılığa məruz qaldıqları halda ilk növbədə 116-111 “Qaynar xətt” xidmətinə zəng vurmalı, həmçinin yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər. İstənilən şəxs, həyat təhlükə qarşısında olar, psixoloji zorakılığa məruz qalarsa, dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edə bilər. Hətta məktəbdə də belə hallar baş verə bilər". 
 
Birlik sədri bildirib ki, insan alverinə qarşı mübarizədə maarifləndirmə işi mühüm və əhəmiyyətli təsirə malikdir. Bu bir çox hallarda cinayətkarların cinayətdən yayınmasına gətirib çıxara bilər:
 
"Onlar bunun ağır cinayət hadisəsi olduğunu, o cümlədən hansı hallarda insan alveri qurbanlarına çevrilə biləcəklərini dərk edərlər. Müxtəlif yaş kateqoriyasına aid olan uşaqlar, gənclər, qadınlar həssas qrupa aid olan şəxslər, hətta bəzi hallarda müəllimlərin özləri və digər kateqoriyadan olan səlahiyyətli şəxslər də bu mövzu ilə bağlı maarifənməyə ehtiyac duyurlar. Çünki insan alveri elə problemdir ki, o dəyişkəndir və yeni tendensiyalar ortaya çıxır, ona görə maarifləndirmə hər il yeni bir mərhələdə, yeniliklər əlavə olunmaqla əhalinin diqqətinə çatdırılmalıdır".
 
M.Zeynalova vurğulayıb ki, şəxs həyatı, sağlamlığı, təhsili ilə bağlı sərbəst şəkildə qərar qəbul edə bilər, onu zorakılığa, işgəncəyə məruz qoymaq olmaz. Bu, cinayətdir:
 
"Ümumiyyətlə, vətəndaşın hüquqlarının məhdudlaşdırılması qanunla qadağan olunur. Bu, ağır cinayətlər silsiləsindəndir və həmin şəxsə 15 il müddətinə həbs cəzası tətbiq edilə bilər. Əgər bu addım qrup şəklində atılarsa, zorakılıq, istismar və digər faktlar da ortaya çıxarsa, o zaman daha ağır cəzaya məruz qala bilərlər. Yeri gəlmişkən qeyd edək ki, bu həm də mənəviyyat, əxlaq məsələsi kimi də dəyərləndirilir. Bəzi hallarda bu kimi cinayətlər mütəşəkkil qruplar tərəfindən törədilir. Xüsusi hazırlıq keçmiş bu tipli cinayətkar qruplar hüquq-mühafizə orqanları tərəfindən ustalıqla müəyyənləşdirilir və zərərsizləşdirilir. Asan yolla pul qazanmaq həvəsində olanlar, ya narkotik alveri, ya silah alveri, ya da insan alveri ilə məşğul olaraq külli miqdarda pul sahibi olmaq iddiasında olurlar və çox çəkmir ki, bu iyrənc xülyalarının güdazına gedərək, uzun müddət azadlıqdan məhrum olurlar. Azərbaycanda bu kateqoriyaya aid olanlara qarşı ciddi mübarizə aparılır. Bütün dünyanı, bəşəriyyəti iflic edən bu tipli qorxunc cinayətlərin qarşısı hüquq-mühafizə orqanlarımız tərəfindən peşəkarcasına, ustalıqla alınır. Yenə də o fikrə diqqət yönəldirəm ki, cəmiyyətdə maarifləndirmə işini nəinki azaltmamalı, əksinə onu daha da gücləndirməliyik. Bu mənada təhsil ocaqlarının üzərinə daha çox məsuliyyət düşür. Təhsil ocaqlarında məktəblilərlə bu iş ciddi təşkil edilməlidir. Hesab edirəm ki, şagirdlər nə qədər maariflənsələr, nə qədər məlumatlı olsalar, o qədər də öz təhlükəsizliklərini təmin edərlər".
 
Sifai SƏFƏROVA