Azərbaycan ictimai-siyasi tarixinin görkəmli şəxsiyyətlərindən olan  Məhəmməd Əmin Rəsulzadə, eyni zamanda pedaqoji fikir tariximizdə də ən layiqli yerlərdən birini tutan  nəzəriyyəçidir. Elmi-pedaqoji baxışlarının kökündə millilik, varislik, xəlqilik, müasirlik duran M.Ə.Rəsulzadə bu günkü təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-şəxsiyyət konsepsiyasını yaratmışdı.

 

O, yüzilliklər ərzində təhsilin fars, ərəb, XIX əsrdən sonra isə rus dillərində aparılmasını kəskin tənqid edərək yazırdı:”Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata keçirməyə başladı: birincisi, üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifəsinə təyin edərək öz xidməti qulluqçularına çevirirdi, ikincisi isə azərbaycanlı uşaqları rus məktəblərində oxudub onlardan rus təbiətli “uçitellər” hazırlayırdı. Beləliklə, doğma klassiklərimiz əvəzinə, Güney Azərbaycandakı “mirzələr” Firdovsini, Sədini, Şimali Azərbaycandakı “uçitellər” isə Puşkini, Lermontovu, Tolstoyu və başqalarını təbliğ etməyə başlayırdılar. Nə farslaşmış “mirzələr”, nə də ruslaşmış “uçitellər” xalqın istək və arzularını başa düşürdülər.

 

Tədricən “uçitellər”anladılar ki, xalqımızın övladlarına Puşkin, Tolstoyla yanaşı, Füzuli,  Şirvani, Sabir, H. Cavid, Ə.Cavadı oyrətmək lazımdır”.  Dövrün maarifçi ziyalıları kimi, M.Ə. Rəsulzadə də məqalələrində  gənc nəslin təlim-tərbiyəsində, onlarda milli özünüdərki formalaşdırmaqda təhsilin məzmununun , xüsusən də ədəbiyyatın , tarixin  mühüm rol oynadığını yazırdı. 

 

“Azərbaycan Cümhuriyyəti” adlı əsərində oxuyuruq: “Naməlum müəlliflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. bu kimi dastanlar ürək yaxan aşıq sazlarının ruhnəvaz ahəngləri altında Azərbaycan türk kütləsinin qəlbinə elə sinir, elə yerləşirdi ki, onunla farsın “Nuş afərin”i, “Fərhad və Şirin”i, hətta, Firdövsi ilə Hafizi belə rəqabət edə bilməzdi” . M.Ə.Rəsulzadə XX əsr məktəbini elm, texnika mərkəzi, heç bir partiyanın mənafeyinə xidmət etməyən müqəddəs ocaq hesab edirdi. Məktəbdə  hər cür əmrə tabe, “qulağı sırğalı” gənclərin yetişdirilməsinə qarşı çıxırdı.

  

“Məktəblərdən, alimlərdən yaxşı ilə pisi  şəxsən müstəqil fərqləndirən vasitələrə sahib namuslu bir Azərbaycan vətəndaşı tərbiyə etmələri istənilirdi”- yazırdı Məhəmməd Əmin.   21-ci əsr məktəbinin qarşısında duran  müstəqil düşüncəyə, milli mənlik şüuruna, vətən əxlaqına malik vətəndaşlar yetişdirmək vəzifələrini bu böyük maarifçi  hələ 100 il bundan öncə müəyyənləşdirmişdir. “Dil həmən millətdir” –deyən M.Ə.Rəsulzadə  müasirlərindən fərqli olaraq Azərbaycan türkcəsinin qorunmasını millətin, dövlətin ən ümdə vəzifəsi hesab edirdi. Çünki millətin oyanışını, bir millət kimi var olmasını  dildə görürdü. “Milli dirilik” məqaləsində yazırdı: “Milliyyətin ümdə rüxnünü təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir... Bir milliyyəti məhv edib, aradan götürmək qəsdində olan siyasətlər də əsil bunun üçündür ki, təməssül (assimilasiyon) əməliyyatı icra edərkən, ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edirlər”.

 

M.Ə.Rəsulzadəyə görə yad dildə təlim-tərbiyə verilən  məktəblərdə məqsəd birbaşa olmasa da, dolayısı ilə gənc nəsli yad bir ruhda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə vətəninə, xalqına fayda verə bilməyən  yad əxlaqlı bir insana çevirir. Onu da qeyd etmək istərdik ki, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli, Abdulla Şaiq kimi dövrün mütərəqqi fikirli  ziyalıları da tam olaraq onu dəstəkləyirdilər.

 

M.Ə.Rəsulzadənin böyük  uzaqgörənliklə yazdıqlarını bizim nəsil 70-ci illərin məktəblərində yaşadı və gördü. Millət onun “Milli dirilik” məqaləsində  təsvir etdiyi kimi neçə-neçə “öylə gözəl bir cavanı itirdiyinə görə mütəəssir oldu, fəqət o gənc də öz millətindən ayrıldığı üçün bədbəxt olub qaldı.” ”Uşaqlarımızı haman öz ruhumuzda tərbiyə etməliyik” yazan M.Ə. Rəsulzadə tərbiyədə şəxsi nümunəni örnək göstərirdi. Məhz onun həyatı, Vətən əxlaqı milyonlarla insana örnək oldu və  örnək olmaqda davam edir.

 

Kiçikyaşlı uşaqların tərbiyəsi dövrün bir çox maarifçilərini düşündürdüyü kimi, M.Ə.Rəsulzadə də bu problemə biganə qalmamışdı. 1915-ci ildə rəhbərlik etdiyi “Açıq söz” qəzetində çap  etdirdiyi “Uşaq bağçası” adlı məqaləsində   uşaqların xüsusi tərbiyə ocaqlarına cəlb edilməsini, burada onlara elmə əsaslanan tərbiyə verilməsini, məktəblərə hazırlanmasını ən vacib məsələlərdən hesab etmişdir. Tarix dərslərini  inkişaf və birliyin zəruri şərtlərindən biri hesab edən M.Ə.Rəsulzadə yazırdı:”Bir millətin öz tarixini  öyrənməklə inkişafı da başlıca məsələlərdən idi.  Bir millətin öz tarixini bilməsi qədər qüvvətli bir ittihad və təməddün amili təsəvvür edilə bilməz.”

 

Onun pedaqoji baxışları Müsavat Partiyasının Nizamnaməsində və ADR –in təhsil siyasətində öz əksini tapmış, təhsilin, xüsusən də orta məktəbin vəzifəsinin, onun inkişaf yolunun müəyyənləşdirilməsində mühüm rol oynamışdır. ADR höküməti ilk günlərdən xalq maarifinin yenidən qurulması proqramını qəbul etmişdir. 16 maddədən ibarət  humanist və demokratik  prinsipləri özündə ehtiva edən bu proqram M.Ə.Rəsulzadənin konsepsiyası əsasında hazırlanmışdır. Proqramın hər bəndinin hökümət tərəfindən bütün çətinliklərə rəğmən yerinə yetirildiyinin şahidi oluruq. Məktəblərin birinci və mümkün olduğu qədər də ikinci sinifləri milliləşdirilmiş, türk dilini bilməyən şagirdlər  üçün    xüsusi şöbələr açılmış, bütün aşağı ibtidai məktəblərdə təlim  türk dilində aparılmağa başlanılmış, ilk anadilli məktəb, gimnaziyalar, kurslar açılmış, Bakı Dövlət Universiteti yaradılmış, anadilli proqram və dərsliklər hazırlanmış, müəllimlərin əməkhaqqı artırılmış və digər bu kimi tədbirlər 23 ay ərzində həyata keçirilmişdi.

 

M.Ə.Rəsulzadənin elmi-pedaqoji fikirləri bir mayak kimi 20-ci yüzillikdən bu günümüzə, sabahımıza yol göstərməkdədir. Bizim vəzifəmiz  bu ideyaları yaşatmaq və gələcək nəsillərə ötürməkdir.

 

Məlahət Mürşüdlü,

Pedaqogika üzrə fəlsəfə doktoru