Qeyri-standart şərtlər altında işləyə bilən idarəçilərin hazırlanması sosial sifarişdir


Prezident İlham Əliyev ölkədə miqyaslı kadr islahatları elan edib. İcra orqanlarında yeni dünyagörüşlü, müasir təhsilli, qlobal dünyanın diqtə etdiyi idarəçilik fəlsəfəsinin tələblərinə cavab verən gənc kadrlar vəzifələrə irəli çəkilir. Prosesin ahəngdar şəkildə həyata keçməsi göstərir ki, Azərbaycan kifayət qədər intellektual potensiala və idarəçilik bacarığını özündə əks etdirən kadr ehtiyatına malikdir. Son illərdə bu istiqamətdə xüsusilə ciddi işlər görülüb. Həm yerli ali məktəblərdə müxtəlif sferalarda çalışacaq mütəxəssislərin hazırlığına cavabdeh olan ali məktəblərin tədris proqramları dünya standartlarına uyğunlaşdırılır, həm də xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı artır.

 

Məlumdur ki, kadr hazırlığı prosesi davamlı xarakter daşımalıdır. Tək ona görə yox ki, nəsillər bir-birini əvəz edir. Məsələ burasındadır ki, dünya çox sürətlə yenilənir və bu fenomenin sanki sonu yoxdur. Rəqəmsal texnologiyaların inkişafı ilə “yenilik” anlayışı da zaman etibarilə mahiyyətini dəyişib. İndiki yenilənmə ilə, misal üçün, 10 və ya 20 il bundan əvvəlki islahatları müqayisə etmək olmaz. İnformasiya əsrində yaşayırıq, süni intellekt iş yerlərində insanı əvəzləməyə başlayıb. Başqa sözlə, dünyanın bir parçası olan Azərbaycan da bir dövlət olaraq kadr bankının dayanmadan yenilənməsini təmin etməlidir.

 

Kadr hazırlığına cavabdeh kimdir? 

 

Müasir dünyada iqtisadiyyat və siyasətdəki hər hansı uğursuzluğun günahını dərhal təhsil sistemində axtarmağa başlayırlar. Eyni zamanda, təhsil sferasında həyata keçirilən islahatların da əsas məqsədinin mövcud sosial, iqtisadi və siyasi problemlərin həlli olduğu aydındır. Tarixin istənilən anında dövlət və cəmiyyət qarşısında duran çağırışların cavabı təhsil sahəsində yetişdirilən texnologiyalarda və savadlı kadrlardadır. Müasir qlobal böhran şəraitində bu reallıq daha qabarıq hiss olunur, dövlətin və cəmiyyətin gələcəyi məhz qərarların düzgün qəbulu və savadlı, məharətli idarəçilikdən asılı olur. Effektiv idarəçilik sistemi istənilən dövlət qarşısında duran ən ali məqsədlərdən birinə çevrilir.

 

İqtisadiyyatın inkişafı və qarşıya qoyulmuş sosial proqramların həyata keçməsi birbaşa olaraq effektiv idarəetmə qərarlarından asılıdır.

 

Azərbaycanın gələcəyə doğru inamlı və uğurlu addımlaması yeni formasiyalı professional idarəçilərin, idarəetmə prosesinin elmi-texnoloji yenilikləri ilə silahlanmış, qarşıda duran məqsədlərin həllində yaradıcı yanaşma nümayiş etdirən, dəyişkən gerçəklikdən xəbərdar olan kadrların olduğu şəraitdə mümkündür. Yuxarıdakılardan çıxış etmiş olsaq, belə bir qənaətə gələ bilərik: professional ali təhsil sisteminin bu keyfiyyətlərə cavab verən yeni idarəçi kadrlar hazırlaması ehtiyacı məhz müasir idarəetmə təcrübəsindən irəli gələn tələbatdan qidalanır.

 

Müasir şərtlərdə idarəetmə olduqca mürəkkəb, xüsusiləşmiş, yüksək texnoloji fəaliyyət sferasıdır. Bu sahədə istisnasız olaraq yalnız yüksək səviyyəli mütəxəssislər, intellektual elitanın təmsilçiləri çalışa bilərlər. Bu baxımdan, ictimai tələblərə cavab verən müasir təhsil sisteminin belə kadrları hazırlamasından əvvəl aşağıdakı suallara cavab tapmağımız lazımdır:

 

- Yeni mütəxəssisləri nə üçün yetişdirməliyik?

- Kimi öyrətməliyik?

- Necə öyrətməliyik?

 

Bu suallar pedaqoji taktika və texnologiyaları müəyyən edən təhsil strategiyasının əsasını təşkil edir. Beləliklə:

 

Nə üçün yetişdirməliyik?

 

Cavab aydındır: Yeni şəraitdə, müasir dünyanın diqtə etdiyi reallıqda, rəqəmsal inqilab epoxasında idarəetməni təşkil etmək üçün. Aydın olmayan isə budur: Müasir reallıq deyəndə nəyi nəzərdə tuturuq və yeni şəraitin yeniliyi nədən ibarətdir? Şübhə yoxdur ki, müasir dövrün ən qabarıq xüsusiyyətləri qloballaşma və informasiyalaşma ilə bağlıdır. Yeni informasiya epoxası insan tarixinin elə bir unikal mərhələsidir ki, müasir cəmiyyətimiz sanki informasiya və texnologiyaların əsirinə çevrilib. Yeni texnologiyalar insan fəaliyyətinin ən vacib komponenti kimi qəbul olunur. Texnologiya bir idarəetmə resursu, müasir cəmiyyətin iqtisadi inkişaf faktoru, sosial stratifikasiya prinsipi, cəmiyyətin tərəqqisinin əsasıdır. “Elektron demokratiya”, “Kiberokratiya”, “Virtual icma”, “Elektron hökumət” və bu kimi yeniliklər həyatımızın ayrılmaz atributlarına çevrilməkdədir. Digər tərəfdən isə qlobal virtual reallıq dövlətin təhlükəsizliyi və cəmiyyətin maraqlarına zidd olan təhlükələrin zühur etməsi üçün bir platforma rolunda da çıxış edir. Bu səbəbdən dövlət nəzarətin yeni və daha effektiv formalarına  əl  atmaq məcburiyyətində qalır. Müasir və yeni tələblərə cavab verən idarəçi məhz belə bir mürəkkəb şəraitdə işləməyi bacaran kadrdır.

 

Cəmiyyətin informasiya texnologiyaları sahəsindəki inqilaba əsaslanan, bütün dünyaya yayılan yeni informasiya epoxasına keçidi sosial və iqtisadi strukturların dəyişməsinə də səbəb olub. Sərt ierarxik sosial “ehramlar”, “şaquli” idarəçilik institutları çevik, “üfüqi” şəbəkələrlə əvəzlənir. Məhz sonuncuların vasitəsilə də hazırda idarəetmə və resurslar mübadiləsi prosesi təşkil olunur. Həyatın demək olar bütün sferaları - gündəlik həyatdan tutmuş milli dövlətlərin geosiyasətinədək hər növ fəaliyyət sahəsi qlobal şəbəkənin informasiya fəzasına transfer olunub. Elektron KİV-lər, internet insanların davranışları, adətləri, həyat tərzlərini dəyişib, fərdin dünyanı necə qəbul etməsi, onun dünyagörüşü, düşünmə tərzi və məntiqi artıq əvvəlki kimi deyil. Elə bir yeni, çevik, informasiya-texnoloji paradiqma formalaşır ki, insan fəaliyyətinin bütün sahələrinə nüfuz etməklə sosial sistemdəki dəyişikliklərin şəbəkə məntiqinin bərqərar olmasına səbəb olur. Sosium asan dəyişən, ancaq birdəfəlik modelləşmə, proqnozlaşdırma, idarəetmə üçün çətin əlçatan reallığa çevrilir. Bu reallığın əsas göstəriciləri bunlardır: qeyri-sabitlik, qeyri-bərabərlik, kortəbiilik.

 

Yeni informasiya epoxasının mahiyyəti yeni biliklər, onların istehsalı və işləməsindən ibarətdir. İnformasiya cəmiyyəti subyektlərinin prinsipial olaraq yeni kommunikasiya sistemini yaradan biliklər və ya savad cəmiyyətidir. Biliklər cəmiyyəti insana münasibətdə xüsusi tələblər irəli sürür: yeni dəyərlər diqtə edir, mükəmməl perspektivlər vəd edir, insan potensialının reallaşdırılması üçün münbit şərait yaradır , ancaq eyni zamanda, həm də informasiya innovasiyalarının qaçılmaz nəticəsi olan yeni qlobal risklərin mənbəyi kimi çıxış edir.

 

İntellektə əsaslanmış istehsal iqtisadiyyatın aparıcı amilinə çevrilir. Bu isə o deməkdir ki, biliklər və savad müasir korporativ kapital üçün əlahiddə marağa səbəb olur. Korporativ kapitalizm informasiya texnologiyaları vasitəsilə elə təsəvvürlər sistemi təbliğ edir ki, burada həyatın mənası kimi bazar dəyərləri çıxış edir, onlardan ən əsası isə istehlakdır.

 

Müasir dünyada idarəetmə qərarları olduqca mürəkkəb sosiomədəni mühitdə qəbul olunur və bu proses getdikcə daha da çətinləşir. Qərarların qəbulu prosesinin xarici mühiti qeyri-dəqiq strukturlaşmış, çoxölçülü və qeyri-müəyyənliyi ilə xarakterizə olunan informasiya cəmiyyətidir. İnformasiya cəmiyyəti yeni növ texnologiyalar, yeni imkanlarla təmin olunmuş çoxtərəfli, ziddiyyətli fenomen olaraq mövcud institutların təşkilati metodlarının yoxlanışını təşkil və təmin etməlidir ki, innovasiyalı idarəçilik texnologiyalarına keçid mümkün olsun. Məhz bu səbəbdən də tələb olunan islahatların həyata keçirilməsini bacaran, yeni, qeyri-standart şərtlər altında işləyə bilən kadrların hazırlanması bir sosial sifarişdir.

 

Ardı - https://www.muallim.edu.az/news.php?id=9280

 

Rüstəm QARAXANLI