Uşaqlar lap balacalıqdan döyüş animasiyalarına aludə olur. Vaxt keçir, zövq dəyişmir-savaş filmlərinə meyil artır. Təbii ki, fantastikadan uzaq, maraqlı ideyası, real motivi olan mükəmməl bir  savaş filmi yeniyetmə və gəncin asudə vaxtının səmərəli təşkili üçün əla bir vasitədir. Xüsusilə tətil günlərində “uşaqların başını necə qatmalı”- sualına cavab axtarmaqla əlləşirik...

 

...Azərbaycan kino mütəxəssisləri çağdaş film sənayesini tənəzzüldən çıxarmağın yolunu gözəl tarixi ssenarilərdə axtarır. Yəni, “bu gün necə mövzulara müraciət olunmalıdır”- sualına kino professionallarının birmənalı cavabı belədir: tarixi filmlər. Nəyə görə? Çünki tarixin möhtəşəm bir cazibəsi var!  Tarixin gəncliyin yaddaşına ötürülməsinə ciddi zərurət var! Üstəgəl,  vətənpərvərlik təbliğatında tarixi filmlərdən gözəl piar vasitəsi yoxdur. 

 

Çünki zəngin milli tariximiz var! Tarixi şəxsiyyətlərimiz var.

 

Tarixi filmlər kitabın insan həyatında daşıdığı rolu oynayır, bəlkə də ondan daha effektiv. Çünki göz yaddaşı beyin yaddaşından daha güclüdür və tamaşaçı olmaq oxucu olmaqdan ona görə yaxşıdır ki,  hadisələri asan qavrayırsan, mövzunun,  ideyanın, aktyor məharətinin cazibəsinə rahatca düşə bilirsən!

 

Bu tarixi filmlərin əsas tamaşaçı hədəfi kimdir? Əsas olan da budur! Sözsüz ki, dünya kino siyasətində tarixi filmlər, əsasən yeniyetmələr və gənclərə hesablanır. Fikir vermisinizsə, işarə də 12+ göstərilir. 

 

Əvvəla, orta və ali məktəblərdə tədris olunan tarix elmi özü bunu diktə edir ki, tarixdəki maraqlı hadisələr, tarixi personajlar ekran işində daha canlı təqdim olunsun, daha təsirli təbliğ edilsin.

 

İkinci tərəfdən, tədris illərində məktəbliyə, tələbəyə verilən tətilləri səmərəli keçirmək, dincəlmək, yanlış məşğuliyyətlərdən uzaq qalmaq nöqteyi-nəzərindən mükəmməl tarixi filmlərin çəkilməsi və gəncliyin ixtiyarına verilməsi heç də pis ideya deyil. Özü də uzun olmasa da, bir neçə seriya şəklində.   

  

Bu gün Türkiyə kino sənayesinin tamaşaçıya təqdim etdiyi bir neçə uğurlu ssenari var ki, türk gəncliyini ekran qarşısına möhkəmcə kilidləyə bilib. Bu metodla əməlli-başlı tarixinin təbliğatını da aparır, gəncliyinin incəsənət zövqünü də formalaşdırır, başlıcası, onun zamanını faydalı yöndə xərcləməsinə şərait də yaradır.

 

Bizim belə bir təşviqə ehtiyacımız yoxdurmu - əlbəttə ki, var.

 

Bir halda ki, kino mütəxəssisləri tarixi filmlərin çəkilməsini problemin həlli yolu kimi təklif edirlər, elə film ortaya qoyulmalıdır ki, türk tarixi filmləri uşaqlarımızda necə Monqol imperiyasına, Osmanlı imperiyasına, Səlcuqlu dövrünə inanılmaz bir maraq oyadır, bu maraq eynən öz tariximizə də yaransın.  Həm tarixi mövzu, həm ortaya qoyulan işin professional aspektləri, həm aktyor istedadı maqnit kimi tamaşaçını özünə çəksin. “Babək” necə çəkilmişdi, “Nəsimi” necə yaradılmışdı, “Dədə Qorqud” necə rəğbət qazanmışdı-elə! Hətta ondan da yaxşı!    

 

Etnos kimliyinin təbliğatını yaradan mövzu ilə istedadlı komanda tandemi film müstəvisində millətin keçmişini,  düşmənləri kim olubsa onunla  mücadiləsini, mənəvi  dəyərlərini, ailə ənənələrini, gözəl rituallarını elə təqdim etsin ki, yeniyetmə-tamaşaçı ovsunlansın, əməlli-başlı təsir altına düşsün, bir gün ayılıb görək ki, evimizdə böyüyən uşaqlar tariximizin “xəstə”sinə çevrilib, daha telefonun yox! Sosial şəbəkələrin yox!

 

Elə milli film ki, ekran nümayişi uzun çəkdiyi halda, gecə yuxusuna təslim olan uşaq, səhər mütləq qaldığı fraqmentdən sonranı internet üzərindən izləsin. Flaqmanı acgözlüklə axtarsın. Filmdən sadəcə, zövq almasın, eyni zamanda aldığı zövqün nəticəsində müstəqil şəkildə həmin tarixi dövrə aid hər şeyi araşdırmağa meyillənsin. Qonşunun uşağı çöldə qan- tər içində dalaşa-dalaşa futbol oynayarkən, internetdə yaşına zidd müxtəlif xarakterli səhnələrə baxarkən,  səninki əlindəki telefonda məsələn, Nadir şahın gücünü, siyasət zəkasını izləsin; Qacarı araşdırsın. Xətaini,  Xiyabanini, Səttar xanı, Cavad xanı  bilmədiyi istiqamətlərdən öyrənməyə cəhd etsin. Necə ki, türk gəncliyi türk tarixi filmlərinin “acgöz” seyrçisi kimi belə edir.  Necə ki, türk tarixi filmlərinin tamaşaçısı olanda, məhz bizim övladlarımız da elə belə edir.  Yəni, kompüterin, telefonun yaddaşında saxlanılan axtarış komandasının məzmunundan dərk edirsən ki, məsələn, Osmanlı dönəmi, Atatürk dönəmi  ciddi şəkildə sənin uşaqlarının maraq obyektinə çevrilib. Monqolların kimliyi suallar yaradıb. Səlahəddin Eyyubinin şəxsiyyəti ilgisini çəkib. Nəyin sayəsində? Məhz türk tarixi filmlərinin mükəmməl çəkimi sayəsində...

 

“Cəsur ürək”ə baxıb, xəritədə Şotlandiyanın yerini axtarıb tapmağa çalışırsa,  İngiltərənin bir dövlət kimi tarixini incələyirsə,  “Sezar”a, “Qladiator döyüşü”nə tamaşa edib,  Romanı əlavə mənbələrdən araşdırırsa, milli kinodan da eyni həvəsə, eyni marağa düşsün.  Çünki ilham aldığı gözəl tarixi filmlər  başqa mənbələrdən bilgi toplamaq həvəsini də güclü edir. Dövlətin ayrı-ayrı dönəmlərdə böyüyən və kiçilən sərhədlərini belə, xəritə üzərində cizgiləndirə bilir, ona  mühakimə həvəsini, qabiliyyətini ortaya qoymağa imkan verir.  

 

Beləliklə, tarix kitablarının gündəlik dərs prosesində öyrətdiklərinə o qədər zəngin bilgilər qarışır ki, uşaq öz tənbəl, başqa xəyallar quran  məktəb yoldaşlarından belə fərqlənir. Söhbət film müstəvisində tarixin istedadlı təqdimatından, ağıllı, düşünülmüş təşviqindən, yaxşı zövq formalaşdırmasından, yetişməkdə olan gəncliyə aşılaya bildiyi pozitivliyə diqqət verməkdən,  uğurlu kino nümunələrindən  örnək götürməkdən  gedir. 

 

Çünki çağdaş dünyanın bir qisim uşaqlarını, gənclərini telefon, internet, min cür bəlalar öz təsiri altına aldığı halda, şükür edirsən ki, İngiltərənin, Türkiyənin, Romanın  nəhəng bir epopeya olan tarixi, bu tarixdən bəhs edən  filmlərin yaxşı mənada təsiri altına düşən nə qədər  uşaqlar da var!   

 

Odur ki, uşaqlarımız niyə öz tariximizin də “xəstə”si olmasın! Məncə, kino mütəxəssisləri, ssenaristlər, yazıçı-dramaturqlar ciddi düşünməlidir. Çünki  vətənpərvərlik təbliğatında da möhtəşəm tarixi filmlərin alternativi yoxdur!

 

Vəfa ALLAHVERDİYEVA