Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır
Bu gün dünya təhsil sistemində danışılan ən önəmli amillərdən biri də şagirdin biliyinə verilən qiymətdir. Yəni, qiymətləndirmə sistemi. Düzü, araşdırsaq da, ilk dəfə şagird biliyinə qiymətin hansı ölkədə, harada verildiyi haqqında heç bir qaynaq tapa bilmədik. Bəli, verilən tapşırığı yerinə yetirməyənə cəzalar çox olub, lakin onu yaxşı yerinə yetirənə nəsə bir qiymət verilməsinin tarixini biz bilə bilmədik. Ancaq onu bilirik ki, bu qiymət məsələsi bizim ölkədə də çox problemli mövzulardan biri olmaqda qalır. Valideynlər uşaqlarının inkişafını görmək üçün müəllimdən şagirdə hər gün qiymət verməyi tələb edirlər. Müəllimlər də sinifdə olan 25-30 uşağın hamısını, bəzən yarısını, bəzən də heç 30 faizini hər gün qiymətləndirmənin mümkün olmadığını sübut etməyə çalışırlar. Hələ Milli Kurikulum layihəsi yeni təsdiqlənəndə məhz ənənəvi üsulla qiymətin yazılmayacağı söhbəti narahatlığa səbəb olmuşdu. Bu proses bir neçə il gizlin şəkildə aparıldı. Belə ki, Təhsil Nazirliyinin tələblərini yerinə yetirməklə yanaşı, bir çox müəllim gizlicə uşaqlara gündəlik aldırıb, ənənəvi 5 ballıq sistemlə qiymətləri yazdı və bu gün bütün məktəblərdə şagirdlərimiz həmin 5 ballıq sistemlə qiymətləndirilir. Təəssüflər olsun ki, bu gün də ölkəmizdə valideynlərin əksəriyyəti şagirdin öyrənib-öyrənməməsinə, mənimsəyib-mənimsəməməsinə fikir vermir, qiymət onun üçün daha vacibdir. Düşünün ki, bir müəllimi valideyn 11 il müddətində ona hər gün yazılan yalançı 5-ə görə sevə və alqışlaya, yaxud əksinə, yazılmış aşağı qiymətə görə ona düşmən kəsilə bilər. Sözsüz ki, bunun əsasında inamsızlıq dayanır.
Başqa bir əsas problem: valideynlərimizin əksəriyyətinin düşüncəsi belədir ki, əgər müəllim şagirdə aşağı qiymət yazırsa, ya prinsip aparır, ya da qərəzi, nəsə gözləntisi var. Bu, nə qədər acınacaqlı vəziyyətdir, təsəvvür edin. Axı müəllim sözünün altında o qədər mənalar yatıb ki, heç bir halda bu hərəkət ona yaraşmır.
Digər tərəfdən, qiymət anlayışı subyektivdir və adətən ayrı-seçkilik yaradır. Belə ki, istənilən müəllimin qiyməti subyektivdir. Bu subyektivliyin obyektivliyə yaxınlığı nə qədərdir, ona da müəllimin vicdanı qərar verir.
Amma hamı onu yaxşı bilir və deyir ki, qiymət yox, bilik, bacarıq əsasdır, son vaxtlar isə bu, bacarıqla əvəz olunmaqdadır. Əgər dediyimiz “bilik əsasdır” prinsipinə əməl etsək, işlərimiz mükəmməl olar.
Şagird biliyinin ölçülməsi üçün yazılan qiymətlə bağlı bütün müəllimlər əziyyət çəkir. Zənn edirəm ki, ölkəmizdə əksər müəllim qiymət yazmadan dərs keçməyi daha üstün tutar. Çünki qiymətləndirmə prosesi bu gün məktəblərimizdə ən çox problem yaradan məsələdir.
Amma onu da unutmayaq ki, qiymətləndirmə sadəcə şagird üçün deyil, həm də müəllimin, məktəbin mənimsətmə səviyyəsini ölçmək üçündür.
Düşünürük ki, araşdırmamızın nəticəsi olaraq bir neçə ölkədə keçirilən qiymətləndirmənin formatı ilə təhsil ictimaiyyətini məlumatlandırsaq, daha faydalı olar.
Uruqvay - köhnə sistem və ədalətli sifariş
Bu inkişaf sistemi 1879-cu ildən bəri istifadə olunub və az dəyişib. Şagirdlər may ayının birinci mərhələsindən keçərək qiymətləndirilirlər. Amma bu proses Latın Amerikasının cənub yarımkürəsində mart ayında başlanır.
Proses qısaca belədir: məktəblilər ibtidai siniflərdən 11-ci sinfə qədər 2 ayda bir dəfə imtahan olunurlar. Qiymət “S” və “R” hərfləri ilə göstərilir. Həmçinin 1-dən 12-yə qədər rəqəmlər istifadə olunur.
Bu sistem şagirdlərin dərsə daha çox önəm verməsinə gətirib çıxarır. Ancaq bəzən vəziyyət monoton halına gəlir. Onlar bəzən qiymət xətrinə oxumağa başlayırlar.
Uruqvay universitetlərində 1-dən 12-yə qədər olan bu qiymətləndirmə üsulu hələ də istifadə olunur. Kredit sistemi də var. 10 il bundan əvvəl Avropa Kredit Transfer Sistemi istifadə olunmağa başlanıb.
Danimarka - imtahanın sonu əhəmiyyətsizdir, yalnız öyrən!
Danimarka təhsil sistemində təxminən 40 ildir ki, 13 yaşından aşağı şagirdlər qiymətləndirilmir. Əvvəldən riyaziyyat və ingilis dilindən başqa, uşaqlara özünəinam aşılayan davranış nümunələri və cəmiyyətdə düzgün qərar qəbul edilməsi vərdişləri öyrədilir. Bu dəyərlər Danimarka icması üçün çox vacibdir və bu davranışları qiymətləndirmək çətindir.
Bu üsulla şagirdlər məzmuna daha çox diqqət göstərə bilirlər. Beləliklə, onlar gördüklərini daha yaxşı qavrayırlar. Danimarkanın Folkeskole sistemi imtahan mərkəzli deyil. Bu səbəbdən məktəblilər dərslərin nəticələrindən asılı olmayaraq, birbaşa yuxarı sinfə keçirlər.
Bu üsul yaxşı görünür. Ancaq bu sistemin də mənfi cəhətləri var. Çünki şagird çalışsa da, çalışmasa da, sinifdən-sinfə keçir. Beləliklə, bu, tənbəlliyə yol aça bilər.
Fransa - qiymətləndirmək və ya qiymətləndirməmək
Lion Universitetinin professoru Filip Meiriyu və OECD-nin İdarə Heyətinin üzvü Andreas Şleyxer həm qiymət vermək, həm də qiymət verməmək metodlarını araşdırıb və ən yaxşı üsulun hər ikisini bir arada tətbiq etməyin olduğu qənaətinə gəliblər. Andreas Şleyxer deyir: “Müəllimin şagirdləri üçün ətraflı bir izahat verməsinin lazım gəldiyini düşünürəm. Bu, xüsusilə vacibdir. Şagirdlər yaxşı nəticələr əldə etmirsə belə, onlara çox gözəl olacağını söyləmək doğru deyil”.
Lion Universitetinin müəllimi Meiriyu: “Təəssüf ki, valideynlər, müəllimlər və şagirdlər hələ də imtahan səviyyəsinə üstünlük verirlər. Şagirdləri bu şəkildə təsnifləşdirməməlisiniz. Eyni şəkildə bütün müsabiqələrdə bunlar statistik rəqəmlərdə tətbiq olunur. Niyə biz hələ də ucuz bir şəkildə insanları qiymətləndirməyə çalışırıq?”.
Finlandiya - 6 il qiymətsiz, 16 yaşadək imtahansız...
Son dövrlər bütün dünya təhsil ictimaiyyəti tərəfindən diqqətlə izlənilən, bir çox beynəlxalq qiymətləndirmələrdə ön sırada olan Finlandiyada şagirdə ilk 6 ildə heç bir qiymət, qeyd şəkilli qiymətləndirmə yazılmır. Yəni 8-ci sinfin sonuna qədər qiymət yazılma məcburiyyəti yoxdur və dövlət tərəfindən heç bir məcburi imtahan keçirilmir. Sadəcə, 16 yaşlarında vahid imtahana girirlər.
Təhsildə məzmun, yoxsa qiymətləndirmə
Yuxarıda bir neçə ölkədə hazırda qüvvədə olan qiymətləndirmə modellərini kiçik də olsa təqdim etdik. İndi isə istərdim ki, təhsildə keyfiyyət göstəricisinin vacibliyi haqqında düşüncələrimizi bölüşək.
Bir çox ölkələr son zamanların keyfiyyət göstəricisi kimi təqdim edilən PİSA, PİRLS beynəlxalq qiymətləndirmələrinin füsunkarlığı ilə Finlandiya, Sinqapur təhsili deyib durur, milli təhsil konsepsiyalarında ona üstünlük verirlər. Lakin gözlənilən nəticə alınmır ki, alınmır. Düşünürəm ki, hər bir ölkə öz təhsil islahatını aparanda birmənalı şəkildə beynəlxalq təcrübədən yararlanmalıdır, lakin onu olduğu kimi alıb tətbiq etmək heç bir halda uğur gətirməz. Çünki hər bir millətin, bölgənin özünəməxsus ənənələri və yanaşması var. Təhsil konseptləri hazırlananda hökmən bu şərtlər nəzərə alınmalıdır. Hətta nəinki Milli Təhsil strategiyası, özəl məktəblər belə beynəlxalq məktəblərin nümayəndəliyini alarkən buna xüsusi diqqət etməli və özününküləşdirilməlidir.
İstərdim ki, eyni qiymətləndirmədə müxtəlif dövrlərdə iştirak edən lider ölkələrin müqayisəsini apararaq mənzərəyə diqqət edək.
PİSA beynəlxalq qiymətləndirməsində Yaponiya, Cənubi Koreya və Finlandiya 2001-ci ildən bu yana dəfələrlə ilk üçlüyü bölüşdürüb. Demək ki, hər bir ölkədə təhsildə keyfiyyət var. Hər üç ölkə uğurlu təhsil sisteminə malikdir, hər üç ölkə inkişaf baxımından eyni yolu keçib və keçməkdədir. Amma təhsil sistemlərinə baxdıqda tamamilə bir-birinə əks ölkələrdir.
Ev tapşırıqlarının hazırlanmasına sərf olunan vaxt
Fin məktəbliləri planetin ən yaxşı şagirdlərindən biri sayılır. Amma bu ölkədə digər dövlətlərə nisbətən şagird məktəbdə daha az vaxt keçirir. Bir məktəblinin təhsil ocağında keçirdiyi zaman sadəcə 4 saatdır və ev tapşırıqlarının hazırlanmasına cəmi 30 dəqiqə vaxt sərf edir.
Cənubi Koreya təhsil sisteminə görə isə bir şagird səhərdən saat 5-ə qədər məktəbdə dərs oxuyur, saat 9-a qədər məcburi hazırlıqlara qalır, saat 12-yə qədər isə hazırlıq kurslarına gedir. Beləliklə, koreyalı bir şagird günün yalnız 4-5 saatını yata bilir.
1. Rəqabət, yoxsa birgə fəaliyyət
Təhsil sahəsinin ən sərt tənqidçiləri belə qəbul qəbul edirlər ki, bu təhsil sisteminin özəlliyi “relaxed” (rahat), hətta “too relaxed” (çox rahat) olmasıdır. Ekspertlərə görə, Finlandiya özünün təhsil sistemini qurarkən Çin mədəniyyətindən bir müdrikliyi qəbul edib. Söhbət Şərq döyüş üslublarında tətbiq edilən “diqqətin rahat konsentrasiyası” fəlsəfəsindən gedir. Maksimal effektivliyi əldə etmək üçün gərginliyə ehtiyac yoxdur, axı gərginlik stress deməkdir ki, bu halda orqanizmin vəzifəsi inkişafa deyil, xilasa yönəlir.
Beləliklə, ölkələrin çoxu təhsil sistemini bir yarış olaraq dəyələndirsələr də, finlandiyalılar məsələyə belə yanaşmır. Bu ölkənin təhsil sisteminə ən yaxşı məktəb və ya şagird siyahısı mövcud deyil.
Cənubi Koreya təhsil sistemində isə proseslər fərqli cərəyan edir. Belə ki, Cənubi Koreya təhsil sistemində inanılmaz rəqabət var. Şagirdlər hər ilin sonunda bir dəfə təşkil olunan imtahana qatılırlar. Yüksək bal toplamış şagirdlər ölkənin ən yaxşı universitetlərinə qəbul olurlar. Bu imtahanın çox çətin olduğunu nəzərə alsaq, buna yalnız 2% şagird nail ola bilir. Təhsil həyatlarının son 2 ilini imtahana hazırlaşmağa sərf edən koreyalı şagirdlər qarşılarına qoyduqları məqsədə nail olmaq üçün axşam saatlarına qədər dərs oxumaqla yanaşı, yay tətillərini də kitabxanalarda yer tapmaq çətin olduğuna görə 4 dollara kiçik, kondisionerli kitabxana otaqları kirayə götürürlər.
2. Məktəbli forması
Finlandiya məktəblərində forma yoxdur. Şagirdlər dərsə istədikləri şəkildə geyinib gələ bilərlər. Bu mövzuda hər hansı məcburiyyət yoxdur. Sinifdə corabla ayaqqabısız gəzən şagirdlər görə bilərsiniz. Cənubi Koreya təhsil sistemində isə məktəb formasına, saç düzümünə qarşı intizam qaydaları çox ciddidir.
3. Təhsil yaşı
Finlandiyada məktəbə başlama yaşı yeddidir. Bu prinsip əslində, uşaqlara öz uşaqlıq illərini yaşamaq imkanı verir. Eyni zamanda, fin təhsil sisteminə görə ilk təhsil ailədən gəlir.
Cənubi Koreya təhsil sisteminə görə isə şagirdlər məktəbə 6 yaşında başlayır.
4. Tədris olunan fənlər
Finlandiya təhsil sistemində idmana daha çox önəm verilir. Fin təhsil sistemində şagirdlərə çətin fənlərin ənənəvi üsullar ilə öyrədilməsinə üstünlük verilmir. Fin təhsil sistemində təbiət elmləri, riyaziyyat, humanitar elmlər, incəsənət ilə bərabər, idman və praktika da çox vacibdir. Fin uşaqları bağça və ibtidai siniflərdə oyunlar oynayır və zövq alaraq öyrənirlər. Müəllimlər də, valideynlər də riyaziyyat və ya dəqiq elmlərdə mücərrəd anlayışları öyrətməyin ən səmərəli yolunun musiqi, dram, ya da idman olduğunu düşünürlər. Elmi və elmi olmayan öyrənmə üsulları arasında qurulan bu tarazlıq uşaqların məktəbdə xoşbəxt olmasının sehirli formuludur.
Cənubi Koreya təhsil sistemində məqsəd şagirdlərə əsas təhsili vermək və onların vətəndaş kimi yetişmələrində ilk addımlarını atmalarında dəstək olmaqdır. Bu təhsil sistemində əxlaq təlimi, Koreya dili, riyaziyyat, fənn, musiqi, rəsm, əl sənətləri, bədən təlimi kimi dərslər tədris olunur. Beləliklə, Cənubi Koreya təhsil sisteminə görə akademik biliklərin yüksək olması daha önəmlidir.
5. Xoşbəxt şagirdlər
Finlandiya təhsil sistemi elə qurulub ki, şagirdlər dərslərini sevərək oxuyurlar. Rəqabət anlayışının olmaması sağlam düşüncəli şəxslərin yetişməsinə imkan yaradır. Şagirdlər təhsil almağın məsuliyyətini anlayırlar. Ailələri və müəllimləri də onlara güvənirlər. Maraqlısı budur ki, şagirdlər dərs oxuduqları kimi özlərinə və hobbilərinə də zaman ayıra bilirlər. Valideynlər övladlarını “yeriyən qiymət” olaraq deyil, bir şəxsiyyət olaraq qəbul edirlər. Finlandiya təhsil sistemində qorxu deyil, mehribanlıq və güvən hakimdir. Bu təhsil sisteminə görə məktəbdə uğur önəmlidir, amma həyatda uğur qazanmaq üçün ayrı bacarıq və keyfiyyətlər lazımdır.
Cənubi Koreya təhsil sisteminə görə isə şagirdlərin qarşısına qoyulan yüksək bilik tələbləri onları ruhi, duyğusal və fiziki baxımdan zəif bir insana çevirir. Sadəcə akademik basqı deyil, yuxusuzluq belə şagirdlərin psixologiyalarına ziyan verir. Cənubi koreyalı şagirdlərin duyğusal sağlamlıqlarını araşdıran mütəxəssislər uşaqlarda ümumi stress və depressiyanın geniş yayıldığını göstərirlər.
Koreya Təhsil Nazirliyinin məlumatlarına görə, 2017-ci ildə 114 şagird intihar edib. Bu, daxili münaqişə, depressiya, aşağı akademik nəticə və yaxşı universitetə qəbul ola bilmədiklərinə görə olub.
6. İmtahanlar
Finlandiya təhsil sistemində demək olar ki, imtahanlar keçirilmir. Finlandiyadakı müəllimlərin düşüncəsinə görə, “bir insan ya həyata hazırlanar , ya da imtahanlara”. Onlar birinci fikri əsas götürərək fin məktəblərində imtahanlara üstünlük vermirlər.
Cənubi Koreya təhsil sistemində şagirdləri hər sinifdə məktəb əsaslı test ilə qiymətləndirirlər. Cənubi Koreyada NAEA adlandırılan qiymətləndirmə sistemi var. Bu qiymətləndirmə testini 9-11-ci sinif şagirdləri verir. Bununla bərabər, 9-cu siniflərin elm və sosial biliklərdən ibarət verdikləri imtahan da var. Bu testlərin nəticələri şagirdlərə individual olaraq verilmir. Qiymətlər Nazirliyə məktəb haqqında məlumat vermək və məktəblərə əlavə dəstək təyin etmək üçün istifadə olunur. Cənubi Koreyada universitetə qəbul olmaq istəyən şagirdlər CSAT adlı imtahan verirlər.
7. Müəllimlərin hazırlanması
Finlandiya təhsil sistemində müəllimlərin demək olar ki, hər birinin magistr dərəcəsi var. Müəllimlik ixtisası cəmiyyətdə hörmət edilən ixtisas olaraq qəbul edilir. Bu ölkədə müəllimlər bacarıqlı-bacarıqsız olaraq qiymətləndirilmir. Fəaliyyətində hər hansı əksikliklər görünən müəllimlərin əlavə kurslara cəlb olunaraq inkişaf etmələri üçün imkan yaradılır. Müəllimlər hansı üsulla təhsil verəcəyini özləri müəyyənləşdirir. Heç bir müəllimin işdən çıxarılma kimi bir qorxusu yoxdur.
Cənubi Koreya təhsil sistemində müəllimlərə xüsusi hörmət var. Bu ixtisasa sahib insanlar hər zaman işlə təmin olunurlar. Hər bir müəllimin dövlət qulluqçusu statusu var. Cənubi Koreya təhsil sisteminə görə müəllimlərin işə başladıqdan sonra hər hansı sertifikat və ya magistr dərəcəsi almaq məcburiyyətləri yoxdur.
8. Ölkələrin özünəməxsus cəhətləri
Finlandiya kitabxanalarında şagirdlərə oxuma vərdişini aşılamaq üçün xüsusi təlim verilmiş itlər var. Bu itlər şagirdlər kitab oxuyarkən, ya da hekayə söyləyərkən onlara qulaq asırlar.
Cənubi Koreya məktəbliləri sinfə tərlik və yastıqla gələ bilərlər. Bu, müəllimlər dərs izah edərkən şagirdlərin yuxularının gəlməsi ilə bağlıdır. Bunun qarşısını almaq üçün müəllimlərin xüsusi çubuqları olur. Müəllimlər bu “sehrli dəyənək” ilə yatanları oyadır. Bəzi şagirdlər sözügedən çubuqlara “sevgi zopası” söyləyirlər.
Gördüyümüz kimi, hər iki ölkənin təhsilində ciddi keyfiyyət var. Hər iki ölkə inkişaf etmiş ölkələr sırasındadır, hər iki ölkə elm və texnologiyanın inkişafını həyatlarında yaşayırlar, hər iki ölkə dünya ticarətində özünəməxsus yeri tutur. Amma tamamilə fərqli təhsil yanaşması ilə. Biri həddindən artıq liberal, biri isə həddindən artıq avtoritar. Deməli, şagirdləri qiymət yarışına salmadan da təhsildə yüksək nəticə almaq mümkündür, ciddi qiymət stressi ilə yaşatmaqla da. Amma ortaya bir sual çıxır. Sizcə, hansı ölkənin insanı xoşbəxtdir, sağlamdır, rahatdır? Əlbəttə ki, Finlandiyada. Statistik göstəricilərə baxsaq, intiharların səviyyəsinə görə də Cənubi Koreya Finlandiyadan daha öndədir. Amma təəssüflər olsun ki, Finlandiyada son zamanlar depressiya və intiharların sayı artıb, bunun isə səbəbləri universitetə qəbul olmaqla yox, başqa məsələlərlə müəyyənləşdirilir.
Bu, bizə onu göstərir ki, hökmən öz milli xüsusiyyətlərimizi düşünərək, milli ideologiyanı əldə əsas tutaraq, milli təhsil konsepti hazırlamalı, onun tələblərinə cavab verən bir sistem ortaya qoymalıyıq.
Gördüyümüz kimi, bir çox ölkələr şagirdləri imtahanlarla yükləməkdən yan keçib, öyrənməyin sadəcə insanın özü üçün faydalı olduğunu dərk etdirirlər. Lakin dünyanın bir çox ölkəsində hələ də uşaqlar imtahan yarışına sürüklənir, aldığı qiymətlərlə birinin digərindən ağıllı və bacarıqlı olması psixologiyası ilə yaşayırlar ki, bu da insanlar arasında yersiz rəqabətə meyil yaradır. Təhsil mütəxəssisləri müəyyənləşdiriblər ki, hər insan bacarıqlıdır və ya hər bir insanın müəyyən bacarığı var. Onun üçün də “məndə olan səndə yoxdursa, sən zəif, səndə olan məndə yoxdursa, mən zəifəm” prinsipindən uzaq durub, “hər kəsdə özünəməxsus nəsə var və o kəs onunla öyünməli, inkişaf etdirməlidir” prinsipinin üzərində durmalıyıq.
“Qiymət olmazsa olmaz” deyən insanlarımız bir anlıq özünə sual versin: ilk dəfə yeriməyi bacaranda, ilk kitabı oxuyub bitirəndə, yeni smart telefonu əlimizə alıb bilmədiklərimizi öyrəndikcə kim bizə hansı qiyməti vermişdi? Əlbəttə ki, qiymət yox idi, amma ətrafımızdakılar bu sadaladıqlarımı öyrənəndə bizə sevgi vermişdilər, özümüz isə özümüzlə fəxr etmişdik.
Bax, biz də məhz şagirdimizin öyrəndiyini görəndə ona sevgi verib özü ilə fəxr etmək hissini yaşatmaqla, daha çox formal xarakter daşıyan qiymətdən qaça bilərik!
Şəmil SADİQ,
filologiya üzrə fəlsəfə doktoru, dosent