Macarıstanın səfiri Viktor Szederkenyi Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.
Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonağa LDU , burada tədris olunan ixtisaslar, son yeniliklər, Avropa təhsilinə inteqrasiya istiqamətində atılan addımlar və s. barədə ətraflı məlumat verib. Bildirib ki, universitet artıq özünün turizm tədris-təcrübə bazasını yaradıb, yardımçı təsərrüfatda sitrus və çay əkini edib, xaricdən modern laboratoriyalar alınaraq quraşdırılıb. Ən əsası isə, cari tədris ilində 2 yeni tədris korpusu və yeni yataqxana inşa edilərək, tələbələrin ixtiyarına verilib. N.İbrahimov LDU–nun tələbə kontingenti, maddi-texniki bazası haqqında danışıb və bildirib ki, hər iki ölkənin universitetləri arasında əməkdaşlığın yaranması qarşılıqlı fəaliyyətlə yanaşı, həm də təcrübələrin öyrənilməsinə dəstək olardı. Universitet rəsmisi Lənkəran Dövlət Universiteti ilə Macarıstanın Kapoşvar Universiteti arasında qarşılıqlı əlaqələrin qurulduğunu da səfirin diqqətinə çatdırıb.
Viktor Szederkenyi Azərbaycanla Macarıstan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb, təhsil sahəsində daha uğurlu əməkdaşlığa ümid etdiyini xüsusi vurğulayıb.
Görüşdə iştirak edən səfirliyin Mədəniyyət və Təhsil məsələləri üzrə diplomatı və ikinci katibi Mihay Qruber Macarıstanda olan universitetlərlə LDU arasında əməkdaşlığa nail olunmasına çalışacağını, universitetlərarası əlaqələrin genişləndirilməsi,tələbə mübadiləsi, müəllimlərin qısa müddətli tədris səfərlərinin reallaşmasını sürətləndirəcəyini bildirib. Mihay Qruber, həmçinin “ Stipendium Hanqaricum” Təqaüd Proqramı haqqında da geniş məlumat verib.
Bildirilib ki, “ Stipendium Hungaricum” Proqramı hər il azərbaycanlı tələbələr üçün Macarıstan hökuməti hesabına 200 təqaüd verir. Təqaüd aşağıdakı müddəaları əhatə edir: təhsil haqqı, Macarıstan qanunlarına uyğun olaraq aylıq təqaüd, yataqxana və ya təqaüdün bütün müddəti ərzində yaşayış üçün aylıq ödəniş, tibbi xidmətlər üçün əlavə tibbi sığorta.
Proqramın Avropa təhsilinə pəncərə açdığını deyən Mihay Qruber tələbələri proqramdan yararlanmağa çağırıb və iştirakçıları maraqlandıran sualları cavablandırıb.