Macarıstan səfiri LDU-da

Macarıstanın səfiri Viktor Szederkenyi  Lənkərana səfəri çərçivəsində  Lənkəran Dövlət Universitetində (LDU) olub.

 

Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonağa LDU , burada tədris olunan ixtisaslar, son yeniliklər, Avropa təhsilinə inteqrasiya istiqamətində atılan addımlar və s. barədə ətraflı məlumat verib. Bildirib ki, universitet  artıq özünün turizm tədris-təcrübə bazasını yaradıb, yardımçı təsərrüfatda sitrus və çay əkini edib, xaricdən modern laboratoriyalar alınaraq quraşdırılıb. Ən əsası isə,  cari tədris ilində 2 yeni tədris korpusu və yeni yataqxana inşa edilərək, tələbələrin ixtiyarına verilib. N.İbrahimov LDU–nun  tələbə kontingenti,  maddi-texniki bazası haqqında danışıb və bildirib ki, hər iki ölkənin universitetləri arasında əməkdaşlığın yaranması qarşılıqlı fəaliyyətlə yanaşı, həm də təcrübələrin öyrənilməsinə dəstək olardı. Universitet rəsmisi  Lənkəran Dövlət Universiteti ilə Macarıstanın Kapoşvar Universiteti arasında qarşılıqlı  əlaqələrin qurulduğunu da səfirin diqqətinə çatdırıb.

 

Viktor Szederkenyi  Azərbaycanla Macarıstan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb,  təhsil sahəsində daha uğurlu əməkdaşlığa ümid etdiyini  xüsusi vurğulayıb.

 

Görüşdə iştirak edən səfirliyin  Mədəniyyət və Təhsil məsələləri üzrə diplomatı  və ikinci katibi Mihay Qruber  Macarıstanda olan universitetlərlə LDU  arasında əməkdaşlığa nail olunmasına çalışacağını, universitetlərarası əlaqələrin genişləndirilməsi,tələbə mübadiləsi, müəllimlərin qısa müddətli tədris səfərlərinin reallaşmasını sürətləndirəcəyini bildirib.  Mihay Qruber, həmçinin  “ Stipendium Hanqaricum” Təqaüd Proqramı  haqqında da geniş məlumat verib.

 

Bildirilib ki, “ Stipendium Hungaricum” Proqramı hər il azərbaycanlı tələbələr üçün Macarıstan hökuməti hesabına 200 təqaüd verir. Təqaüd aşağıdakı müddəaları əhatə edir: təhsil haqqı, Macarıstan qanunlarına uyğun olaraq aylıq təqaüd, yataqxana və ya təqaüdün bütün müddəti ərzində yaşayış üçün aylıq ödəniş, tibbi xidmətlər üçün əlavə tibbi sığorta.

 

Proqramın Avropa təhsilinə pəncərə açdığını deyən  Mihay Qruber  tələbələri  proqramdan yararlanmağa  çağırıb və   iştirakçıları maraqlandıran sualları  cavablandırıb.



16.12.2019 | 17:02