“Uşaqlıqdan ən böyük arzularımdan biri jurnalist olmaq idi”
 
Hələ şagird olsa da, artıq öz imzası ilə seçilir. 2 kitaba, bir verilişə atılan bu imza Naxçıvanda çox məşhurdur.
"Azərbaycan müəllimi" həmin imzanın müəllifi Naxçıvan şəhəri M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əmir İmanovu təqdim edir. Vətənpərvərlik mövzusunda kitablar müəllifi olan Naxçıvan məktəblisi qısa vaxtda uğurları ilə tanınıb. 
 
 
Əmir İmanov 2004-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində doğulub. Dediyinə görə, kitab oxumağa körpəlikdən başlayıb: “Ailə üzvlərimin köməyi ilə nağıl kitabları oxuyardım və kitaba elə o vaxtdan marağım yaranıb. IV sinifdən bədii əsərlər oxuyuram. İndiyədək 150-dən çox kitab oxumuşam”. 
 
5 yaşlı jurnalist
 
Əmir sadəcə oxumayıb, həm də xəbərlər hazırlayıb. 5 yaşından yerli televiziya kanallarında xəbərlərə baxıb özü də süjetlər qurub. Hər gün bir xəbərlə öz kiçik auditoriyasının qarşısına çıxıb: “Telefonun kamerası ilə qısa süjetlər hazırlayırdım. Məsələn, “Bu gün məhəlləmizdə ağacların yarpağı töküldü”. Demək olar ki, hər gün müxtəlif xəbərlərə baxıb ona uyğun həyatımızda baş verənləri xəbərə çevirirdim”.
 
 
Beləcə, Əmir böyüdükcə xəbər başlıqları da böyüyüb. Hazırda Naxçıvan televiziyasında yayımlanan "Şagirdlə efir vaxtı" proqramının aparıcısdır. Aparıcılığa yolunu açan isə çox oxumağı olub: “VII sinifdə oxuyanda məni "Mütaliə vaxtı" verilişinə dəvət etdilər. Verilişdən sonra təklif etdilər ki, özüm də bir proqram hazırlayım. Razılaşdım və ilk verilişim üçün hazırlıqlara başladım. 2022-ci il iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə radioda canlı efirə çıxdım. Bir məktəbli üçün efirə çıxmaq, özü də canlı proqram aparmaq asan deyildi. Amma mən öhdəsindən layiqincə gəldim və bu, muxtar respublikada böyük marağa səbəb oldu. Təkcə Naxçıvanda yox, bütün Azərbaycanda ilk dəfə verilişin həm müəllifi, həm də aparıcısı bir məktəbli oldu və o məktəbli mən idim. Verilişimiz böyük əks-səda doğurdu. Bu böyük maraqdan həvəslənib Naxçıvan televiziyası üçün verilişimizin televiziya variantını hazırladıq. O da uğurla nəticələndi və artıq 3 ilə yaxındır şagirdləri maraqlandıran mövzuları əhatə edən maraqlı verilişlərlə televiziyanın efirindəyəm”.
 
 
Vətən müharibəsinə şagird baxışı
 
Yuxarıda qeyd etdiyimiz kimi, Əmir İmanov həm də kitablar müəllifidir. O, “Zəfər tarixi” və “İkinci Qarabağ müharibəsi Ermənistanın kapitulyasiyası” kitablarının muəllifidir. Əmir kitab yazmağından da danışıb: “44 günlük Vətən müharibəsinin hər gününü öz dəftərimə qeyd edirdim. Açığı, onda belə bir kitab yazmaq ağlıma gəlmirdi. Lakin sonradan düşündüm ki, niyə məhz bu məlumatlar kitab halında olmasın. Beləliklə, dəftərimdəki məlumatları təkmilləşdirib “Zəfər Tarixi” kitabını dərc etdirdim. Digər kitabım – “İkinci Qarabağ müharibəsi Ermənistanın kapitulyasiyası” kitabında 44 günlük müharibəni daha da təkmilləşdirilmiş formada qələmə almışam. Eyni zamanda burada Birinci Qarabağ müharibəsindən də qeydlərim var”.
 
Məşhur məktəblinin gələcək planları ilə də maraqlandıq: "İlk növbədə, buraxılış imtahanlarında uğur qazanmaq istəyirəm. Uşaqlıqdan bəri arzuladığım kimi, jurnalist olacağam. Hər şeydən önəmlisi, vətənimə, xalqıma layiqli övlad olmaq əsas hədəfimdir.
 
Aygün HÜSEYN,
Naxçıvan bürosu