Müəllimlik peşəsi bəzən böyük fədakarlıqlar tələb edir. Belə fədakar müəllimlərimizdən biri Salyan rayon Çadırlı kənd orta məktəbinin kimya müəllimi Kənanə Ağazadədir. Kənanə müəllim hər gün işə gedib-gəlmək üçün 260 km yol qət edir.
Həmsöhbətimiz “Azərbaycan müəllimi”nə fəaliyyəti, qarşılaşdığı çətinliklər və peşəsinə olan sevgisindən danışıb.
- Kənanə müəllim, bir az özünüzdən bəhs edərdiniz.
- Yardımlı rayonunun Çayüzü kəndində anadan olmuşam, lakin atamın işi ilə əlaqədar bir müddət Yardımlı rayonunda yaşadıqdan sonra Culfa və Qusar rayonlarında köçmüşük, sonra isə Şirvan şəhərində məskunlaşdıq. 2018-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin "Kimya müəllimliyi" ixtisasına 558 balla qəbul olmuşam. 2019-cu ildə Elm və Təhsil Nazirliyinin nəzdində olan SABAH qruplarına qəbul olaraq təhsilimi davam etmişəm və bir sıra nailiyyətlərim olub. 2022-ci ildə bakalavr təhsilimi başa vurduqdan sonra magistratura səviyyəsinə qəbul imtahanı zamanı 66 bal yığaraq, Bakı Dövlət Universiteti kimya fakültəsi "Kimya fənninin tədrisi metodikası və metodologiyası" ixtisası üzrə təhsil almışam. 2024-cü ildə təhsilimi başa vurduqdan sonra Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib 68.75 bal yığaraq müsahibə mərhələsinə keçmə imkanı əldə etmişəm. Müsahibə mərhələsində də uğur əldə etdikdən sonra vakansiya seçimində Salyan rayon Çadırlı kənd orta məktəbini seçmişəm. Hazırda həmin məktəbdə işləyirəm.
- Maraqlıdır, niyə məhz kənd məktəbini seçdiniz?
- Vakansiya seçərkən özümə 2 sual vermişdim ki, hansı məktəbi seçsəm, məktəb üçün daha faydalı ola bilərəm? Və hansı məktəbdə özümü inkişaf etdirə bilərəm? Araşdırma aparanda bu məktəbdə daimi kimya müəlliminin olmadığını öyrəndim və bu səbəbdən buranı seçdim. Kimya müəllimi olmayan məktəbdən daha çox hansı məktəbə faydalı ola bilərəm ki? Məktəbin uğurlarına, daim inkişafı dəstəkləyən məktəb kollektivinə baxdıqda isə düşündüm ki, mənim üçün ən yaxşı inkişaf elə buradır. Ümumiyyətlə, düşünürəm ki, inkişaf üçün komfort zonadan çıxmaq lazımdır. Uğur əməyi sevir.
- Ailəniz bu seçiminizə necə yanaşdı?
- Ailəm bütün seçimlərimdə hər zaman məni dəstəkləyib, xüsusilə də atam.
- Məktəbə gedəndə hansısa çətinliklə üzləşdinizmi?
- Məktəbə gedərkən məsafənin uzun olması ilə bağlı qismən çətinlik çəksəm də, şagirdlərin gülər üzünü, çalışqanlığını, bir xoş sözlərini eşidən kimi hər şeyi unuduram.
- Kənddə kənardan gələn gənc müəllimə münasibət necədir? Sizi necə qarşıladılar?
- Valideynlər xüsusi sevinclə reaksiya verdilər. Kimya müəllimi olmaması məktəblilərdə kimyaya qarşı fobiya yaratmışdı. Eləcə də kimyadan uşaqların nailiyyətləri də aşağı idi. Valideynlər daimi kimya müəlliminin gəlməsini sevinclə və ümidlə qarşıladılar. Çalışacağam ki, fəaliyyətim zamanı valideynlərin, məktəblilərin, eləcə də məktəb kollektivinin ümidlərini doğruldum.
- Həmin kənddə qalırsız? Yoxsa dərs olan müddətdə gedib-gəlirsiz?
- Bakı şəhərində yaşayıram, dərs olan müddətdə gedib gəlirəm. Yaşadığım ərazidən məktəbə məsafə 130-kmdir. Təxmini 2 saata minik maşını ilə çatıram, avtobusla isə yola 3 saat, bəzən 3 saat yarım vaxt sərf edirəm.
- Hansı çətinlikləriniz var? Onlarla necə mübarizə aparırsınız?
- Daha əvvəl müəllimlik fəaliyyətim olmadığı üçün nəzəri biliklərim olmasına baxmayaraq, praktik biliklərim azlıq təşkil edirdi. Lakin məktəbdəki peşakar müəllimlər, direktor və digər pedoqoji işçilər daim mənə peşəkar fəaliyyətlə bağlı məsləhətlər verir, kömək edirlər.
- Ucqar məktəbdə fəaliyyət göstərirsiz. Buna görə sizə hansı güzəştlər olunub?
Bəli, güzəştlər olunur. Elm və Təhsil Nazirliyi ucqar məktəbdə işləyən müəllimləri H1 və H2 ilə təmin edir. Yəni yol xərclərimiz qarşılanır.
- Dərslərin maraqlı keçməyi üçün hansı alətlərdən, vasitələrdən istifadə edirsiz?
- Şagirdlər öyrənməyə çox həvəsli və maraqlıdılar. Onların bu marağını söndürmək böyük qəbahət olar. Yeni təlim texnologiyalarından, müxtəlif oyunlardan və təqdimatlardan istifadə edərək onları daha da maraqlandırıram.
- Şagirdlərlə və kollektivlə münasibətləriniz necədir?
- Düşünürəm ki, çox yaxşı. Məktəbdə yeni müəllim olmağıma baxmayaraq, şagirdlər də müəllim kollektivi də qısa müddətdə mənə alışdılar, mən də onlara. Səmimi və mehriban münasibət yaratmışıq.
- Bəs gələcək planlarınız nədir?
- Daim öz üzərimdə işləməyi və inkişaf etməyi sevirəm. Yaxın gələcəkdə fənnimi xarici dillərdə və xarici məktəblərdə tədris etməyi planlayıram. Ümid edirəm ki, qısa müddətdə məqsədimə nail olaram. Kənd məktəbini seçməkdən çəkinən gənc həmkarlarımıza isə tövsiyə edərdim ki, heç bir əngəl, məsafə onları qorxutmasın. Əgər bir insan, xüsusən də bir müəllim öz peşəsini sevirsə, çətinliklər, məsafələr şagirdləri öyrətməyinə mane ola bilməz.
Tural NƏSİROV,
Şirvan-Salyan regionu üzrə təmsilçi