Ürək ritmində bəzən (həftədə 1-2 dəfə) baş verən dəyişiklikləri qeydə almaq asan məsələ deyil. Sinəyə yapışdırılan “Zio” adlı plastır məhz  ürək döyüntüsünün qeyri-adi ritmini aşkar edərək, minlərlə insult və infarkt hallarının qarşısını ala bilər.

 

www.meddaily.ru saytının məlumatına əsasən, suya davamlı plastır eyni zamanda elektrodlar və ürək döyüntüsünü qeydə alan modulla təchiz edilib. Onu 2 həftə ərzində sinədə fasiləsiz daşımaq olar ki, bu da ürək ritmində baş verən təhlükəli dəyişiklikləri qeydə almağa imkan verir. İstifadəçi narahatlıq hiss etdikdə plastırın düyməsini sıxır. Sistem ürək ritminin istənilən pozuntularını ayırd edərək, müəyyən nöqtədən əvvəl və sonrakı 45 saniyəni yazır.

 

2 həftə istifadə etdikdən sonra pasiyent plastırı çıxarır və onu istehsalçıya geri göndərir. Şirkət məlumatları təhlil edir və pasiyentin həkimi üçün hesabat hazırlayır.

 

Qeyd edək ki, London Kral Kollecinin xəstəxanasında aparılmış tədqiqat çərçivəsində insult keçirmiş 120 pasiyentə plastır və ya ürək döyüntüsünü izləyən adi portativ sensor verilib. Plastır standart sensorlardan 8 dəfə daha effektiv olub.