İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) müasir cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilmişdir. Bu texnologiyalar, gündəlik həyatımızdan iş mühitinə, təhsildən əyləncəyə qədər geniş bir sahədə təsirini göstərir. 
 
Bugünkü dövrdə smartfonlar, nəinki bizim, hətta övladlarımzın da gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir. Təəssüf ki, bu texnologiyanın aşırı istifadəsinin azyaşlıların sosial bacarıqlarına, fiziki fəaliyyətlərinə və zehni sağlamlıqlarına mənfi təsir etdiyinin şahidi oluruq. Bu səbəbdən, valideynlər övladlarının smartfonlardan asılılığını azaltmaq üçün bir sıra effektiv strategiyalar tətbiq edə bilərlər.
 
Müəyyən vaxt çərçivəsi təyin edin
 
Uşaqların smartfon istifadəsi üçün gündəlik müəyyən vaxtlar təyin etmək, onların bu cihazlara olan asılılığını azaltmağa kömək edə bilər. Məsələn, yemək zamanı və ya yatmazdan əvvəl telefon istifadəsini qadağan etmək, uşaqların daha sağlam vərdişlər inkişaf etdirməsinə imkan verər.
 
Alternativ fəaliyyətlər təklif edin
 
Uşaqlarınıza kitab oxumaq, idmanla məşğul olmaq, yaradıcılıq fəaliyyətləri (rəsm çəkmək, musiqi ilə məşğul olmaq və s.) və ya açıq havada oyun oynamaq kimi alternativ fəaliyyətlər təklif etmək onların smartfondan uzaqlaşmasına kömək edə bilər, sağlamlıqlarına müsbət təsir göstərər.
 
Birlikdə vaxt keçirin
 
Ailəvi maraqlı fəaliyyətlər təşkil etmək övladınızın smartfondan uzaqlaşmasına kömək edə bilər. Birlikdə film izləmək, oyun oynamaq və ya gəzintiyə çıxmaq uşaqların ailə bağlarını gücləndirər və onlara keyfiyyətli vaxt keçirməyə şərait yaradar.
 
Məlumatlandırma və bu sahədə maarifləndirmə
 
Uşaqlarınıza smartfonun zərərləri və ondan asılılığın təsirləri haqqında məlumat vermək və bu sahədə onları maarifləndirməklə, onların bu texnologiyaya olan münasibətini dəyişə, bu cihazların müsbət və mənfi tərəflərini izah edərək daha balanslı bir yanaşma inkişaf etdirmələrinə kömək edə bilərsiniz.
 
Müxtəlif qaydalar qoyun
 
Evdə smartfon istifadəsi üçün qaydalar müəyyən etmək, uşaqların bu cihazlardan daha az istifadə etmələrinə kömək edə bilər. Məsələn, evdəki ailə üzvlərinin bir araya gəldiyi zaman smartfonların kənarda saxlanılması uşaqların sosial əlaqələrini gücləndirər.
 
Nümunə olun
 
Valideynlərin öz smartfon istifadələrini azaltması, uşaqlar üçün müsbət bir nümunə olacaqdır. Övladlarınızın  sizi izlədiyini unutmayın; sizin davranışlarınız onların vərdişlərinə təsir edir.
 
Texnologiya idarəetmə alətlərindən istifadə
 
Texnologiya idarəetmə alətlərindən istifadə valideynə övladının smartfondan istifadə  müddətini izləməyə və lazım gəldikdə bu müddəti məhdudlaşdırmağa imkan verər.
 
Övladlarımızın smartfondan asılılığını azaltmaq zaman alır və səbr tələb edir. Yuxarıda sadalananları tətbiq edərək, valideynlər övladlarının sağlam vərdişlər inkişaf etdirməsinə və texnologiyaya daha balanslı bir yanaşma sərgiləməsinə kömək edə bilərlər. Unutmayaq ki, bu prosesdə ən önəmli amil uşaqlara dəstək olmaq və onlarla açıq ünsiyyət qurmaqdır.
 
 
 
 
Mehman ŞƏFAQƏTOV,
İKT mütəxəssisi