Maddi dəyərlər daha yaxşı oxumağa təsir edirmi?
Varlı ailələrin uşaqları yaxşı oxuyur, yoxsa kasıb? Bu barədə düşünmüsünüz? Dəqiq statistika olmasa da, hər il ali məktəblərə daxil olan gənclər barədə qəzet səhifələrində məqalə oxuyanda və ya telekanallarda reportajlara baxarkən xeyli sayda imkansız ailələrdən olan uşaqların yüksək bal topladıqlarının şahidi oluruq. Sovet sistemi sinfi bərabərsizliyi inkar etsə də, hər kəs bilirdi ki, ölkədə imkanlı ailələr də var, kasıb ailələr də. Elə o vaxt da ucqar kəndlərdən müttəfiq respublikaların paytaxtlarına üz tutub ali məktəblərə daxil olan yüz minlərlə kasıb ailə təmsilçisi var idi.
İndi zəmanə dəyişib. Postsovet məkanı üçün. Qərbdə olduğu kimi, övladına daha keyfiyyətli təhsil vermək istəyən valideyn onu nüfuzlu orta və ali təhsil ocaqlarına yönəltmək imkanına malikdir. Və prinsipcə, kriminal heç nə yoxdur: bazar iqtisadiyyatı, kapitalizm və sadəcə biznes. Bu reallıq yuxarıda verdiyimiz suala cavabın statistikasına köklü şəkildə təsir göstərir. Qərbdə aparılan araşdırmaların nəticələri göstərir ki, imkanlı ailələrdən olan uşaqlar və gənclər kasıblardan daha yaxşı oxuyurlar. Səbəb, təbii ki, bəllidir: keyfiyyətli təhsil, zəngin tədris materialı və s. Bütün bunlar aydındır. Ancaq sən demə, məsələ tək şərait fərqi ilə bitmir.
İmkan çoxdursa, IQ yüksəkdir?
Araşdırmaların nəticələrindən məlum olub ki, imkanlı və imkansız ailələrin uşaqlarının beyni fərqli şəkildə inkişaf edir. Cəmiyyəti öyrənən istənilən şəxs deyə bilər: axı burada qeyri-adi nə var? Sosial bərabərsizlik öz işini görür. Bununla belə, amerikalı alimlər belə qənaətə gəliblər ki, kasıb və varlı təbəqənin uşaqlarında beyin fərqli inkişaf yolu keçir.
Müəyyən olunub ki, imkanlı ailələrdən olan uşaqlarda yaddaşın formalaşmasına cavabdeh olan hippokamp daha iridir. Məlumdur ki, beyin qabığının sahəsi uşağın koqnitiv bacarıqlarına ciddi təsir göstərir. Sən demə, kasıb ailələrdən olan uşaqlarda həmin bu sahə onların varlı həmyaşıdlarındakına nisbətən 6% kiçikdir. Bu fərq özünü xüsusilə nitq və özünənəzarətdə büruzə verir.
Analoji mənzərə ilə qabığın qalınlığını öyrəndikdə rastlaşmaq olar. Məlumdur ki, yaş keçdikcə o, kiçilir. Ancaq bu kiçilmə imkansız ailələrin təmsilçilərində tez başlayır, nəinki imkanlı ailələrin övladlarında. Belə ki, kasıblarda proses artıq uşaqlıqda gerçəkləşirsə, varlı ataların uşaqlarında yeniyetmə çağının sonunadək uzanır. Qabığın qalınlığının sürətlə azalması onunla nəticələnir ki, uşaqların beyni elastikliyini itirir və nəticə etibarilə müxtəlif bacarıq və biliklərin əldə olunması üçün dəyişmək imkanından məhrum olur.
Beləliklə, iqtisadi durumu fərqli olan uşaqların beyinləri fərqlənir. Ancaq onların təhsildə əldə etdikləri uğurların fərqi yalnız bu amillə bağlıdırmı? Məsələn, dahi rus yazıçısı Turgenevin beyni kiçik olub. Bunu hamı bilir. Ancaq bu qüsur ona gözəl yazıçı olmaq yolunda ciddi maneələr yaratmayıb.
İnsanın quruluşu və beyninin ölçüsünün onun təhsil almaq imkanlarına təsirinə dair çoxsaylı araşdırmalar həyata keçirilib. Ancaq xüsusi nəticə əldə olunmayıb. Odur ki, alimlərin qarşısında sual durur: həqiqətənmi hippokampın ölçüsü, beyin qatının qalınlığı və sahəsi insan oğlunun koqnitiv bacarıqlarına təsir göstərir?
Amerikalı alimlər Set Pollak və Con Qabriyel suala müsbət cavab verirlər. Onların fikrincə, belə bir əlaqə mövcuddur. Pollak və Qabriyelə görə, məktəbdə dərs proqramını çatdırmayıb yerinə yetirməyən uşaqların 15-45%-də səbəb məhz budur. Özü də diqqət yetirin: həmin o 15-45% uşaqlar dedikdə, məhz kasıb ailələrin övladları nəzərdə tutulur. Təbii ki, ciddi məsuliyyət tələb edən iddiadır. Elə alimlərin opponentləri də bu fikirdədirlər.
Yaxşı, tutaq ki, bu iddia absurddur. Bəs iqtisadi imkanları fərqli olan ailələrin uşaqlarının beyinləri niyə fərqlidir? Bəlkə səbəb qidadadır? Sirr deyil ki, varlı ailələrin uşaqları dünya nemətlərinin əksəriyyətindən dadmaq imkanına malikdirlər və hər cür vitaminlərlə qidalana bilirlər. Kasıb ailələrdə isə süfrəyə çıxarılan azuqə əldə edilə bilənlərlə məhdudlaşır və bir çox hallarda orqanizm tələb olunan bütün vitaminlərlə təmin edilmir.
Qida fərqini də qoyaq kənara. Ailələrdəki stress. Gərginlik, tərbiyə fərqi və məktəbdəki təhsilin keyfiyyəti. Bəlkə bu amillərin kombinasiyası mövzumuz olan beyin inkişafının fərqinə öz təsirini göstərir? Yaxud bəlkə söhbət genlərdən gedir? Təəssüf ki, elmin bütün bu suallara səhih və konkret cavabı yoxdur.
Beynin inkişafındakı fərqlərin məhz nə vaxt peyda olmağa başladığını öyrənmək olduqca vacibdir. Bu istiqamətdə həyata keçirilən bir sıra araşdırmalar göstərir ki, uşaqların dünyaya gəlmələrinin ilk 4 günündə onların beynində hər hansı fərq müşahidə edilmir. Ancaq cəmi 4 gün? Az deyil? Axı sonra nələr baş verir? Alimlər deyir ki, sonra postnatal dövr başlayır və sosial faktorlar işə düşür.
“Postnatal” dövr nədir? Açırıq “Vikipedia”nı və oxuyuruq: “Fərdi inkişaf dövrü bətndaxili mərhələdən çox fərqlidir. Əgər birincidə orqanizm sabit şəraitli mühitdə inkişaf edirsə, doğulandan sonra insana ətraf mühit ciddi təsir göstərməyə başlayır. Böyüyən orqanizm yeni şəraitə uyğunlaşmağa çalışır və ciddi dəyişikliklərə məruz qalır”. Və məhz bu andan etibarən valideynlərdən keçən keyfiyyətlər həmin bu inkişaf prosesinə qoşulur. Postnatal inkişafı şərti olaraq bir sıra mərhələlərə bölürlər. Bu müddətlər ərzində insan orqanlarının ölçüsü müəyyən olunmağa başlayır və orqanizmin formalaşması prosesi həyata keçir. Ən çox qəbul edilən mərhələ bölgüsü aşağıdakı kimidir:
1. Yenicə doğulmuşlar - doğum günündən etibarən təqribən 10 gün;
2. Südəmər dövr - 10 gündən 1 ilədək;
3. İlkin uşaqlıq - 1-3 yaş;
4. İlk uşaqlıq - 4-7 yaş;
5. İkinci uşaqlıq - 8-12 yaş (oğlanlar), 8-11 yaş (qızlar);
6. Yeniyetməlik - 13-16 yaş (oğlanlar), 12-15 yaş (qızlar);
7. Gənclik - 17-18 yaş (oğlanlar), 16-18 yaş (qızlar);
8. Yetkinlik dövrü - ilk mərhələ: 19-35 yaş;
9. Yetkinlik dövrü - ikinci mərhələ: 36-60 yaş (kişilər), 36-55 yaş (qadınlar);
10. Ahıllıq dövrü - 61-74 yaş (kişilər), 56-74 yaş (qadınlar);
11. Qocalıq - 75-90 yaş;
12. Uzunömürlülük - 90 yaşdan yuxarı.
Düşüncə fərqi
Kolumbiya Universitetinin Pedaqoji Kollecinin neyrobioloqu Nobl Kimberli hesab edir ki, belə ehtimalları və araşdırma nəticələrini olduqca ehtiyatlı şərh etmək lazımdır. Onun fikrincə, ailə gəlirləri ilə koqnitiv bacarıqlar arasındakı əlaqə əminliklə səbəb və nəticə olaraq qəbul edilə bilməz. Ən azı ona görə ki, neyrobioloqların bu suala cavabı yoxdur.
Uşağın beyninin ölçüsü və bacarıqlarına sosial faktorlar və genlərin təsirini öyrənənlərə görə, valideynlərin dünyaya baxışı da prosesə təsirsiz ötüşmür. Elədirsə, gəlin baxaq varlı və kasıb təbəqə təmsilçilərinin dünyaya baxışındakı fərqlərə. Təbii ki, bu fərqlər mütləq xarakterli deyil, ancaq reallıq budur ki, biz hər hansı addımı atarkən, işlərimizi planlaşdırarkən, hətta nə barədə düşünərkən belə, sosial-iqtisadi durumumuzu, başqa sözlə, cibimizdəki vəziyyəti göz önünə gətirir, saf-çürük edir, hesablayırıq. Kim deyir ki, uşaq bütün bunları görmür və nəzərə almır? Və illərlə formalaşan və xarakterə çevrilən bu adətimiz nədən varislik yoluyla uşaqlara da transformasiya olunmasın?
1. İmkanlı adamlar imkanlarını artırmaq barədə düşünürlər. Onlar hətta risk də edə bilərlər. Qoy uğur şansı lap az olsun. Bu dəfə alınmaz, bir də cəhd edərəm. İlk cəhdlər uğursuz olsa belə, davam edirlər, düşünürlər ki, nəticə nə vaxtsa əldə olunacaq. İmkanı məhdud olan şəxslər isə əllərində olan kiçik imkanı riskə atmaq istəmirlər. Siz heç lotereya biletini alanların statistikasına göz gəzdirmisiniz? Alanların hamısı ümid edir ki, bəxtləri gətirəcək. Onlar risk etməyi sevmirlər, baxmayaraq ki, itirməyə heç nə yoxdur. Əllərində-ovuclarında olanları da qoruyub saxlamağa çalışırlar, kiçik faizlərlə banklara yerləşdirirlər, əsas odur, pullar təhlükəsizlikdə olsun. Başlıca qorxu budur: İstəyərdim çox olsun, amma azı da itirməkdən qorxuram.
2. Varlılar nəticəyə görə təltiflənmək istəyirlər, kasıblar iş vaxtına görə. İmkanı az olan və risk etməyi sevməyən şəxs sabit qazanc axtarışındadır. Sabit və təhlükəsiz qazanc. Bir çox insan öz bacarıqlarına inanmır. Ona görə də düşünür ki, onu bacarıqlarına görə təltif etsələr, bunun maddi ekvivalenti çox az olacaq. Təbii ki, belə düşüncə ilə daha çox gəlir əldə etmək çətin işdir. İmkanlı şəxs isə işinin müqabilində qazanmaq istəyir. Axı, onun maaş almasa ac qalmaq təhlükəsi yoxdur. Bu düşüncə tərzi onları daha çox həvəsləndirir, yönəldir. Onlar düşünürlər ki, sürəti və tempi artırdıqca, daha çox qazanacaqlar.
3. İmkansız ailə uşağını oxutmağa çalışır ki, yaxşı təhsil hesabına övladı sosial durumunu yüksəltsin. Ali məktəbdə yaxşı savad alandan sonra gəlir gətirəcək işdə işləmək üçün uşaq məktəbdə inadla oxumalıdır. Psixoloqlara görə, bu düşüncə tərzi uşağa yüksək məvacibli peşə qazandıra bilər, var-dövləti isə həmişə yox. Onlarla milyarder var ki, təhsili yoxdur. Henri Forddan tutmuş, Bill Geytsədək. Ancaq təhsilsizlik onlara xoşbəxt olmaq üçün maneə ola bilməyib.
(Ardı növbəti sayımızda)
Rüstəm QARAXANLI