Əhalinin sağlamlığı QHT-lər üçün də prioritet məsələdir
Gələn il Azərbaycanda ölkəmiz üçün tamamilə yeni olan sistemin – icbari tibbi sığortanın tətbiqinə başlanılır. 2017-ci ilin yanvarından Yevlax rayonunda və Mingəçevir şəhərində, 2018-ci ildən Ağdaş rayonunda pilot olaraq tətbiq edilən icbari tibbi sığorta 2020-ci il ərzində mərhələli olaraq bütün ölkə ərazisində icra olunacaq. Bu da o deməkdir ki, mərhələ-mərhələ irəliləyən icbari tibbi sığorta ölkədə hər kəsin həyatına region-region daxil olacaq.
Bəs, biz buna hazırıqmı? Yoxsa, “Gələrlər, görərik”, - deyib tibbi sığortanın özü ilə gətirəcəyi yeniliklərə, rahatlığa, inkişafa gözümüzü, qulaqlarımızı bağlayıb oturmuşuq?
Müşahidələr göstərir ki, hazırkı durumumuz ikinci varianta daha yaxındır. Ölkə əhalisinin 2017-ci ildən barəsində daha sıx eşitməyə başladığı, hər kəsin sağlamlığı ilə birbaşa əlaqədar olan bir sistemlə bağlı məlumatlılıq səviyyəsi yetərli deyil. Özü də İcbari Tibbi Sığorta Agentliyinin bu istiqamətdə atdığı ardıcıl addımlara, həyata keçirdiyi maarifləndirmə tədbirlərinə rəğmən. 44 yaşlı Xırdalan şəhər sakini Zülfiyyə Mahmudovanın dedikləri də bunu təsdiq edir: “Düzdür, mətbuat, televiziyalar icbari tibbi sığorta ilə bağlı xəbərlər paylaşır. Ancaq insan onu həyatında hiss etməsə, xəstəxanaya gedib sığortalı kimi xidmət almasa, onun mahiyyətini tam anlamında qavramır. İcbari tibbi sığortanın tətbiqindən sonrakı mərhələ üçün indiyədək, sadəcə narahatlıq müşahidə etmişəm. Qulaqdan-qulağa dolaşan sözlərdən belə anlayıram ki, bu yenilik heç də hamının ürəyindən deyil. Xəstə olub-olmamasından, həkimə ehtiyac duyub-duymamasından asılı olmayaraq, ailə büdcəsindən müəyyən qədər vəsait ayırmaq məcburiyyəti insanı narahat etməyə bilməz”.
Zülfiyyə Mahmudova kimi düşünənlər isə ölkədə kifayət qədərdir. Halbuki görmədiyi, bilmədiyi, öyrənməyə heç cəhd etmədiyi bu yeniliyin onun həyatını nə qədər rahatlaşdıracağını, tibb müəssisələrinin onun sağlamlığı qarşısındakı məsuliyyətini nə qədər artıracağını bilsə, bu qədər narahatlığa gərək olmadığını anlayar.
Demək, təbliğatda artıq yeni yollara əl atmaq lazımdır. Kütləvi informasiya vasitələri ilə məlumatın çatmadığı yerlərdə icbari tibbi sığortanın əhəmiyyətini ağızdan-ağıza dolaşıb, bulaq başlarında müzakirəyə çıxarılan mövzuya çevirməyin vaxtıdır. Məsələnin mahiyyətini bir KİV vasitəsi ilə icbari tibbi sığorta üzrə mütəxəssisdən yox, onunla yan-yana oturub danışan vətəndaş cəmiyyətinin bir nümayəndəsindən eşitmək bəlkə daha təsirli olacaq?!
Prosesə QHT-lər cəlb edilir
Sistemin yeniliyini, əhalinin yeni sistemlə bağlı məlumatının az olduğunu nəzərə alan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) sistemin təbliğində, maarifləndirici işin təşkilində ölkədəki qeyri-hökumət təşkilatlarının qüvvəsindən də istifadə edir. Bu məqsədlə “İcbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər” mövzusu QHT-lərə Dövlət Dəstəyi Şurasının (Şura) qrant müsabiqəsinə daxil edilib. Nəticədə 2019-cu ilin avqust ayından başlayaraq ölkənin müxtəlif bölgələrində icbari tibbi sığorta sistemi haqqında maarifləndirmə tədbirləri həyata keçirilib. Bununla da, Şuranın maliyyə dəstəyi ilə İcbari Tibbi Sığorta Agentliyinin məlumatlandırdığı QHT nümayəndələri vasitəsi ilə qulaqdan-qulağa dolaşacaq informasiyanın etibarlılığı da təmin olunub, sözün ünvanına çatması da.
Vətəndaş cəmiyyəti öz üzərinə düşəni edir: Fəal QHT-lər
Beləliklə, bu ildən yeni sistemin təbliğinə vətəndaş cəmiyyəti də qoşulub. “Pediatrik Kardiologiya və Revmatologiya”, “Yoluxucu Xəstəliklərlə Mübarizə”, “Hərbi Cərrahlar”, “Vətəndaş Maarifləndirilməsi”, “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi”, “Türkdilli Dövlətlərin İqtisadçıları”, “Sağlamlığa Xidmət” və “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai birlikləri də əhalinin icbari tibbi sığorta haqqında məlumatlılığının artırılması istiqamətində həyata keçirilən prosesə qoşulublar. Bir neçə ay ərzində, ümumilikdə 19 rayon və şəhərdə müxtəlif tədbirlər keçirərək icbari tibbi sığorta ilə bağlı əhalini maarifləndiriblər. Vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa ünsiyyətdə olaraq bildiklərini anlatdıqları insanlar kimlərdir? Təbii ki, rayon və kənd sakinləri. Onların arasında azsaylı xalqların nümayəndələri də var, məcburi köçkün ailələrinin üzvləri də. Müxtəlif formatlı tədbirlərin hədəf kütləsində müəllimlər, həkimlər, fərdi sahibkarlar, yerli QHT-lərin və icmaların nümayəndələri, tibb işçiləri və hətta azadlığa buraxılmağa hazırlaşan məhkumlar belə olub. Hər kəsə icbari tibbi sığortanın məqsədi, əhaliyə faydası bir-bir izah olunub. Xidmətlər zərfi, icbari tibbi sığorta haqqı barədə maraqlananlar suallarına cavab alıblar.
Bu görüşlərin nəticəsi necə olub? Vətəndaş cəmiyyətinin nümayəndələri insanların tərəddüdlərinə son qoya bilibmi?
“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin nümayəndəsi Mayis Əliyev bildirib ki, bəlkə də tədbir iştirakçıları arasında aldığı cavablara baxmayaraq, tətbiq ediləcək icbari tibbi sığortanın ona faydasına hələ şübhə edənlər qalıb. Lakin əksətiyyətin onları maraqlandıran suallara cavab aldıqları şübhə doğurmur: “Biz onlara bildiklərimizi anlatdıq. Onları maraqlandıran suallara cavab verdik. İnsanları narahat edən elə mürəkkəb suallar da deyil. Sadəcə sistem yeni olduğundan onun necə işləyəcəyini təsəvvür edə bilmirlər. Bu zaman onlar üçün ən inandırıcı olan icbari tibbi sığortanın artıq tətbiq edildiyi rayonların təcrübəsidir. Həmin təcrübədən nümunə göstərməklə insanlarımızı inandırmaq çətin olmurdu”.
Yuxarıda qeyd etdiyimiz kimi, əhali ilə görüşlərdə ən çox verilən suallar icbari tibbi sığorta haqqı üçün nəzərdə tutulan məbləğlə bağlı olur: “Biz bu sualların cavabında ödədikləri məbləğlə qarşılığında əldə edəcəkləri faydanı müqayisə etmələrini istədik. İnanın ki, insanlarımızın mərhəmət duyğusu o qədər yüksəkdir ki, sabah xəstələnəndə pulsuz müayinə olunacağından çox, ağır xəstə olan uşaqların dərdinə çarə tapılacağına daha çox sevinirlər”.
Tibbi sığortaya ödənilən pul sağlamlığa qoyulan sərmayədir
Bəlkə də bu fikrin möhkəmlənməsi ölkədə pulsuz müayinə və müalicənin insanların düşüncəsində reallıqdan çox uzaq olması ilə bağlıdır? Hər halda, əsas odur ki, insanların icbari tibbi sığortaya baxışı dəyişir. Məsələn, Göyçayda keçirilən görüşdən sonra Rəşid Rəşidov adlı rayon sakininin icbari tibbi sığortadan nəinki gözləntiləri artıb, üstəlik indi bu sistemə fərqli yanaşır: “Nə danışacaqlar, deyə deyinirdim. Mənə elə gəlirdi ki, icbari tibbi sığorta ilə bağlı məlumatlıyam və eşidəcəklərim arasında mənim üçün yeni heç nə olmayacaq. Əslində, informasiya olaraq bildiyim şeylərdən danışdıq. Ancaq axırda başa düşdüm ki, ölkəmizdəki tibbi xidmətlə bağlı təcrübəmiz bildiklərimi doğru mənimsəməmə, icbari tibbi sığortanın tətbiqinə fərqli prizmadan baxmağıma imkan verməyib. Yaxşı oldu ki, bu tədbirdə iştirak elədim. İnsanın məlumatlılığının artması çox yaxşıdır. Çörəyini qələmi ilə çıxaran adamam. Təbii ki, sabit büdcəsi olan biri kimi sabah qarşıma çıxacaq ən kiçik xərc də məni maraqlandırır. İnsana beyninə ilk məlumat olaraq ötürülən informasiya maaşdan çıxacaq vəsait olur. “Maaşlarımızdan İTS haqqı tutulacaq” fikri nə məbləğin həcminə, nə də sonrakı faydasını hesablamağa imkan vermir. Bunun əhəmiyyəti izah ediləndə isə fərqinə varırsan ki, əslində, maaşından çıxılan o vəsait xərc deyil, insanın öz sağlamlığına qoyduğu sərmayədir”.
Əhalinin maarifləndirilməsi prosesində fəal iştirak edən Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi 4-cü qrant müsabiqəsində uğur qazananlardandır. “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” adlı həmin layihəsi çərçivəsində təşkilat universitet tələbələri üçün icbari tibbi sığorta ilə bağlı maarifləndirmə işi aparıb. İctimai Birliyin sədri, AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın sözlərinə görə, layihəni həyata keçirərkən maraqlı təkliflər ortaya çıxıb: “Ölkəmizdə icbari tibbi sığortaya keçidin mərhələli şəkildə həyata keçirilməsinin daha səmərəli olacağı qənaətinə gəldik. Bu layihə çərçivəsində ölkəmizdə icbari tibbi sığortanın tətbiqi zamanı nəzərə alınmasını zəruri hesab etdiyimiz təkliflərimizi də Agentliyinə təqdim etdik. Agentlik çox operativ şəkildə təkliflərimizə reaksiya verdi”.
Təşkilat rəhbərinin fikrincə, bu fakt dövlət qurumu ilə vətəndaş cəmiyyəti institutlarının qarşlıqlı, səmərəli fəaliyyətinin təzahürüdür: “Hesab edirəm ki, Şuranın 18 dövlət qurumu ilə birlikdə elan etdiyi qrant müsabiqələri dövlət qurumu ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının ən yaxşı təzahürür. İnanıram ki, birgə əməkdaşlıq nöqteyi-nəzərindən növbəti müsabiqə daha da səmərəli olacaq”.
Rəsmiyyə Abdullayevanın fikrincə, dövlət-vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlıq günü-gündən güclənir: “Bundan öncə də Prezident yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası müsabiqələrin obyektiv keçirilməsi məqəsdi ilə dövlət qurumları ilə əməkdaşlıq edirdi. Bu əməkdaşlıq layihələrin daha şəffaf və daha ədalətli seçiminə gətirib çıxardır”.
Azərbaycan dövləti QHT-lərin təşəbbüslərini dəstəkləyir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də daxil olmaqla, ölkədəki digər dövlət qurumlarının QHT-lərlə əməkdaşlığı ölkədə vətəndaş cəmiyyətinin formalaşmasının bir nümunəsi, bu prosesə töhfədir. İnkişaf etməkdə olan bir ölkə olaraq, qarşıya qoyulan vacib vəzifələrin həll edilməsində qeyri-hökumət təşkilatlarının rolunu gözardı etmək olmaz. Ona görə də, Azərbaycanda dövlət orqanları ilə qeyri-hökumət sektorunun bərabərhüquqlu tərəfdaşlığı və əməkdaşlığının zəriruliyi lazımınca qiymətləndirilir. QHT- Dövlət münasibətlərində yeni əməkdaşlıq modeli formalaşdırılır. Azərbaycan dövləti fəaliyyətdə olan QHT-lərin potensialının artırılmasını və faəliyyətinin gücləndirilməsini, əsaslandırılmış təklif və təşəbbüslərini dəstəkləyir.
Ruhiyyə Daşsalahlı
“Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “SƏLİS Jurnalist” nominasiyası üzrə keçirdiyi müsabiqəyə təqdim olunur”.