“Apple” şirkəti displey və bir çox sensora malik üzüyün patentini əldə edib. Daşınan qadcet kompüter, planşet və digər qurğuların idarə edilməsi üçün istifadə oluna bilər.

 

Patentdə təsvir edilmiş üzük əl hərəkətlərinin hesablanmasının köməyi ilə jestləri ötürə və ya məsələn, barmağı masa üzərində sürüşdürməklə kompüter mausunun işini təqlid edə bilir.

 

www.hi-tech.mail.ru saytının məlumatında bildirilir ki, üzük prosessor, batareya, simsiz ötürücü aparat, mikrofon, akselerometr, hiroskop və bir çox başqa sensorlarla təchiz edilib. Həmçinin, ona bir sıra biometrik sensorlar quraşdırılacaq ki, bu da qadcetdən digər qurğuların blokdan çıxarılması üçün açar kimi istifadə etməyə imkan verəcək.

 

Üzük həm də simvolların daxil edilməsi üçün kiçik sensor ekrana malikdir. Lakin hələ ki, üzüyün köməyilə simvolların daxil edilməsinin nə üçün lazım olduğu barədə informasiya verilmir.

 

“Ağıllı”  üzük  yeni  funksional  aksessuar  kimi  adi  üzüklərin rəqibi ola bilər. “Apple Watch” modellərinin dünyada ən çox satılan saatlar olması faktı bunu deməyə imkan verir.

 

Samirə KƏRİMOVA