Qarşımda 2019-cu ildə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə nəşr olunmuş bir kitab var: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları”. Kitabın müəllifi Azərbaycan pedaqoq-alimlərinin öncüllərindən biri olan yetirməm Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov, elmi redaktoru ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanovdur. Professor Fərrux Rüstəmov Bakıda, Moskvada, Tehranda və İstanbulda nəşr etdirdiyi monoqrafiya, dərslik və dərs vəsaitləri və çoxsaylı elmi məqalələri ilə pedaqoji ictimaiyyətin rəğbətini qazanmışdır. Bu kitab da həmin silsilədəndir. Azərbaycanda və eləcə də keçmiş İttifaq miqyasında bu, yeni bir yanaşma, yeni bir layihədir. Bu kitab yalnız ayrı-ayrı vaxtlarda ADPU-ya rəhbərlik etmiş rektorlar (direktorlar) haqqında oçerklər deyil, universitetin bir əsrlik tarixinin güzgüsüdür. Bu layihənin müəllifi ADPU-nun rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərovdur. Ömrümün 70 ilə yaxın bir dövrünü gənc nəslin təhsilinin inkişafına həsr etdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetində son illərdə o, xeyli uğurlu layihələrə imza atıb. Ənənələri qoruyub saxlamaqla infrastrukturun və insan resurslarının yeniləşdirilməsi, sağlam təhsil mühitinin yaradılması, beynəlxalq sahədə elmi əməkdaşlığın genişləndirilməsi sahəsində xeyli uğurlara nail olub.
Kitab onun Azərbaycan Dövlət Pedaqoji Universitetin pedaqoji və elmi-pedaqoji kadr hazırlığı sahəsində keçdiyi tarixi və şərəfli yolu xarakterizə edən “Ön söz”ü ilə açılır.
Sonra Pedaqoji Universitetin təşəkkülü və inkişafının ən maraqlı və yaddaqalan anlarını xatırladan oçerk verilir. Burada zəngin arxiv materialları və ilkin mənbələr əsasında Ali Pedaqoji Kişi və Qadın İnstitutlarının yaradılması, onların vahid institut şəklində birləşdirilməsi, institutun ilk əsasnaməsi, institut üçün ayrılan ilk tədris binaları, xüsusilə indiki “Səbail” korpusu haqqında geniş məlumat verilir.
Kitabda Pedaqoji Universitetin tərcümeyi-halına düşmüş bütün insanların deyil, onun təşkilində, inkişafında və idarəedilməsində xidmətləri olan 31 rektor (direktor), Ali Pedaqoji Qadın İnstitutunun ilk və son direktoru olmuş Sara xanım Xuramoviç, “A.Şaiq nümunə məktəbi” və onun müdiri Qafur Əfəndizadə haqqında oçerklər verilmişdir.
Professor F.Rüstəmov elmi dəlillərlə sübut edir ki, institutun təşkili və formalaşmasının ilkin mərhələsi (1921-1927-ci illər) Odessa Universitetinin məzunu Fətulla Rzabəylinin, Peterburq Universitetinin məzunu Məmməd Əfəndiyevin, Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib Mahmudbəyovun, Peterburq Psixonevroloji İnstitutunun Pedaqoji fakültəsinin “Ümumi tarix” ixtisasının məzunu, Başqırd Hökumətinin sədri olmuş Şarif Manatovun və Kiyev Politexnik Universitetinin məzunu Cəlil Məmmədzadənin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır.
Kitabda 1927-1930-cu illərdə Pedaqoji İnstitutun ADU-nun Pedaqoji fakültəsi ilə birləşdirilməsinin səbəbləri araşdırılır, 1930-cu ildə BDU-nun ləğvinin milli dövlətçilik təfəkkürün formalaşmasına vurulan ağır zərbə kimi dəyərləndirilir. Həmin illərdə ADU-da intellektual səviyyəsi, əxlaqi-mənəvi saflığı, millətsevərliyi ilə seçilən milli ruhlu ziyalılar toplaşmışdır. Onların düşüncələrində sovet hakimiyyətinə qarşı narazılıq ideyaları göyərməkdə idi. Universitetin ayrı-ayrı fakültələrinin bazalarında yeni institutların yaradılması ali təhsil sisteminin genişləndirilməsi məqsədi ilə deyil, siyasi səbəblərlə bağlı idi. Əsas məqsəd aydın və işıqlı düşüncə sahiblərini bir-birindən ayırmaq idi. Həmin ildə ADU-nun Pedaqoji fakültəsinin bazasında Azərbaycan Pedaqoji İnstitutu yenidən təşkil olundu. Pedaqoji İnstitutun inkişafının yeni mərhələsi başlandı.
1930-cu illər institutun həyatında çox çətin və mürəkkəb dövr kimi yadda qalıb. O dövrdə rəhbərlik tez-tez dəyişdirilsə də, ADPİ-də təşkilati məsələlərin həllində, tədris və elmi-tədqiqat işlərinin düzgün qurulmasında direktor vəzifəsində çalışan Tiflis Müəllimlər İnstitutunun məzunu Pənah Qasımovun, Azərbaycan Dövlət Universitetinin məzunları Bəşir Bünyatovun, Məmməd Bayramovun və Hüseyn Musayevin, Şərq Zəhmətkeşləri Kommunist Universitetinin məzunu Mirzə Məmmədovun, Tiflis Politexnik İnstitutunun məzunu Mirzə Davud Rəsulzadənin, Azərbaycan Pedaqoji İnstitutunun məzunu Aqil Salayevin, Zaqafqaziya Kommunist Universitetinin məzunu Camal Əliyevin, Marksizm-Leninizm İnstitutunun məzunu Ələsgər Həşimovun mühüm xidmətləri oldu.
Professor F.Rüstəmovun tədqiqatlarından məlum olur ki, 1930-cu illərdə başlanan repressiya dalğası Pedaqoji İnstitutdan yan keçməmiş, İnstitutun direktorları olmuş Fətulla bəy Rzabəyli, Pənah Qasımov, Məmməd Bayramov, Mirzə Davud Rəsulzadə, Mirzə Məmmədov Hüseyn Musayev repressiya maşınının təzyiqlərinə məruz qalmışlar. Məmməd Bayramov, Mirzə Məmmədov isə həbs ediləndən bir il sonra - 1938-ci ildə Bakıda güllələniblər.
Böyük Vətən müharibəsinin ilk illərində Pedaqoji İnstitut ADU-ya birləşdirildi. 1943-cü ildə ADU-ya birləşdirilən Azərbaycan Dövlət Pedaqoji İnstitutu yenidən quruldu. Müharibənin ali pedaqoji kadr hazırlığına vurduğu ağır zərbənin nəticələrini aradan qaldırmağa xeyli vəsait və vaxt sərf edildi. Müharibədən sonrakı illərdə də ADPİ müəllim kadrları hazırlığı sahəsində öz liderliyini qoruyub saxladı və özünün dinamik inkişafını təmin etdi. Baxmayaraq ki, həmin dövrdə digər pedaqoji institutlar da fəaliyyət göstərirdi. Bu illərdə instituta ayrı-ayrı vaxtlarda maarif və mədəniyyət naziri olmuş Məmməd Ələkbərov, 23 il Azərbaycan maarifinə rəhbərlik edən akademik Mehdi Mehdizadə, professorlar - Ağamməd Abdullayev, Əhməd Seyidov, Cəfər Xəndan Hacıyev, Həmid Qədirov, Cəbrayıl Ələsgərov, Mehdixan Vəkilov, Mehdi Əliyev, Şövqi Ağayev rəhbərlik etdilər.
Müəllifin də yazdığı kimi, 14 iyul 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçilməsi Azərbaycanın ən yeni tarixinə dönüş mərhələsi kimi daxil oldu. Həmin illərin canlı şahidi kimi deyə bilərəm ki, keçən əsrin 70-80-ci illərində Pedaqoji İnstitut xeyli inkişaf etdi. İnstitutun rəhbərliyində, tədris və elmi həyatında ciddi dəyişiklik baş verdi. Heydər Əliyev bir neçə dəfə institutun professor-müəllim heyətinin qonağı oldu, 2 dəfə ən yüksək dövlət mükafatını kollektivə təqdim etdi, öz təklif və tövsiyələrini verdi, ali məktəbdə qəbul prosesini izlədi. Bu illərdə instituta professor Həşim Ağayev və AMEA-nın müxbir üzvü, professor Afad Qurbanov rəhbərlik etmişdir. 1990-cu illərdən sonra Pedaqoji Universitetə AMEA-nın müxbir üzvü, professor Səlvər Aslanov, professor Nizami Xudiyev, professor Bəhlul Ağayev və AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov rəhbərlik etdilər. Hazırda isə professor Cəfər Cəfərov rəhbərlik edir.
Adı çəkilən rektorların hər birinin mənim taleyimdə rolu var. M.Ələkbərov Azərbaycan ETPEİ-də direktor işləyərkən məni işə qəbul edib. Ə.Seyidov mənim namizədlik, M.Mehdizadə doktorluq dissertasiyamın elmi rəhbəri olub, 12 rektorla işləmişəm. Hər birinin Pedaqoji Universitetin inkişafında xidmətləri olub. Kitabda onlar haqqında verilən oçerkləri həyəcansız oxumaq olmur.
Professor F.Rüstəmov onların həyat və yaradıcılıqlarını, ictimai-siyasi və pedaqoji fəaliyyətlərini, deyərdim ki, zərgər dəqiqliyi ilə təsvir edib. Onların fəaliyyətini universitetin inkişafı fonunda təqdim edib, pedaqoji və elmi pedaqoji kadr hazırlığındakı xidmətlərini önə çəkib. Onların xidmətlərini üzə çıxarmağın özü də bir xidmətdir ki, onun da ağırlığı professor Fərrux Rüstəmovun üzərinə düşüb. O, bu kitabı yazarkən Dövlət Təhlükəsizlik Xidmətinin Arxivinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin, Azərbaycan Respublikası Dövlət Arxivinin, ADPU-nun Arxivinin, Xalq Təhsil Muzeyinin və Milli Kitabxananın materiallarından istifadə edib, rektor (direktor) işləyənlərin ailə üzvləri ilə görüşüb, xatirələrini dinləyib. Bunun da nəticəsində mükəmməl tarixi sənədli bir əsər ərsəyə gətirib. Hesab edirəm ki, bu kitabı oxuyan hər bir kəs xəndan olacaqdır. Hazırda da uğurla çalışanların (Cəfər Cəfərov, Yusif Məmmədov, Bəhlul Ağayev, Nizami Xudiyev) və dünyasını dəyişən rektorların (direktorların) övladları, yaşayan nəvə-nəticələri bilsinlər ki, onların babaları Azərbaycan xalqına necə fədakarlıqla xidmət göstərib.
Professor Fərrux Rüstəmovun həm rektorların, həm Pedaqoji Universitetin, həm də ali pedaqoji təhsilin inkişafını əks etdirən “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabı ADPU-nun qarşıdan gələn 100 illik yubileyinə ən layiqli və qiymətli hədiyyədir.
Hüseyn ƏHMƏDOV,
pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü