Layihə gələcəyin memarlarının hazırlanmasına hədəflənib
Scratch proqramlaşdırma dilinin yaradıcılarından biri Miç Resnik kodlaşdırmanın məktəblərdə öyrədilməsinin vacibliyinin səbəbləri barədə danışdı. Və səbəblər heç də sizin gözlədikləriniz deyil. Otuz ildən çoxdur ki, Miç Resnik təhsil texnologiyaları və innovativ öyrənmə modellərini dərindən araşdırmaqla məşğuldur. Hazırda Massaçusets Texnologiya İnstitutunun professoru olan Resnik şagirdyönümlü təhsilin, birgə aparılan (kooperativ) təhsil mühitinin və kodlaşdırmanın savadlılığın (oxumaq və yazmaq) göstəricisinə çevrilməsi fikrinin qatı tərəfdarıdır. Onun “Ömürboyubağça: layihələr, oyunlar, sinif yoldaşları və həvəs vasitəsilə yaradıcılığın (kreativliyin) aşılanması” adlı yeni kitabı bizim indiki təhsil vəziyyətimizə baxışı əks etdirir. Resnik iddia edir ki, “gələcəkdə indiki məktəb şagirdlərinin üçdə ikisi hələ ixtira olunmamış peşələrdə işləyəcək”. Bunu deyərkən o, yeni yaranan sahələrə - süni intellektə, özünü idarə edən maşınlara və “ağıllı” evlərə işarə edir. Bəs, biz şagirdləri bu sahələrdə uğurla fəaliyyət göstərməyə necə hazırlayaq?
Kodlaşdırmanı niyə öyrənməliyik?
Biz də məsələnin aktuallığını nəzərə alaraq 2018-2019-cu tədris ilində Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində “Kodlaşdırma bacarıqlarının kiçikyaşlı uşaqlara öyrədilməsi” mövzusunda layihə ilə iştirak edərək qalib olduq. Bu layihəmiz Sumqayıt şəhərində gələcəyin memarlarının hazırlanmasına hədəflənmişdir.
“Biz, ümumiyyətlə, kodlaşdırmanı niyə öyrənməliyik?”. Bu suala bir çoxlarının cavabı o olur ki, kodlaşdırmanı tədris etməklə biz şagirdlərin kompüter proqramçısı və kompüter üzrə mütəxəssis kimi peşələrə axın etməsinə nail oluruq. Sözsüz, onlar haqlıdırlar ki, adıçəkilən sahələrdə iş imkanları sürətlə artır, lakin bu, hər kəsin kodlaşdırmanı öyrənməsi üçün yetərli səbəb deyil.
Çox az adam böyüyüb yazıçı olur, lakin biz yazı yazmağı hamıya öyrədirik, çünki yazmaq düşüncələr və fikirləri sistemləşdirməyin və digərləri ilə ünsiyyət yaratmağın bir yoludur. Düşünürəm ki, kodlaşdırmanı öyrənməyin səbəbləri də yazmağı öyrənməyin səbəbləri ilə eynidir. Yazmağı öyrənəndə biz sistemləşdirməyi, özümüzü ifadə etməyi və fikirlərimizi yeni üsullarla və yeni vasitə ilə paylaşmağı öyrənirik.
Hazırladığımız layihənin əsas məqsədi Sumqayıt şəhər məktəblərinin kodlaşdırma istiqamətində xüsusi biliklərinin təkmilləşdirilməsi, informasiyalaşdırılma prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması, informatika fənninin kiçikyaşlı şagirdlərə yeni bir formada, tədris prosesində düzgün və effektiv öyrədilməsinə nail olmaqdır.
Avqustun 20-dən start götürən layihə bu ilin dekabrın 20-də yekunlaşacaqdır. Artıq layihənin geniş təqdimatı keçirilib və şəhərin təhsil ictimaiyyəti, şagird və valideynlər bununla bağlı ətraflı məlumatlandırılıblar.
Məktəbin bazasında mərkəz
Layihə çərçivəsində Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin bazasında Gələcəyə Təməl və İnnovasiyalar Mərkəzi yaradılacaqdır. Həmin mərkəzdə Sumqayıt şəhər məktəblərində çalışan informatika müəllimlərinin və şagirdlərin proqramlaşdırma sahəsi üzrə alqoritmik bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq işlərin görülməsi nəzərdə tutulur. Adıçəkilən mərkəzdə 5 ay ərzində layihə boyunca peşəkar təlimçilər tərəfindən mentor müəllim və şagirdlərin hazırlanması həyata keçiriləcəkdir. Təlimlər “Mars Academy” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən aparılacaqdır.
Metodiki vəsaitin hazırlanması
Bundan başqa, kodlaşdırma metodiki vəsaitinin hazırlanması nəzərdə tutulur. Həmin təlim vəsaitində kodlaşdırma və proqramlaşdırma sahəsində ən vacib biliklər öz əksini tapacaq. Düşünürük ki, bu kitab Azərbaycan təhsil sistemində kodlaşdırılma biliklərinin öyrənilməsi baxımından həm müəllim, həm də şagirdlər üçün çox yaxşı bir təlim vəsaiti olacaqdır. Layihə zamanı informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan STEP İT Academy, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, “Alqoritmika Azərbaycan MMC”, “Edumedia Azərbaycan”, bu sahədə fəaliyyət göstərən QHT-lər və layihənin PR xidmətlərini həyata keçirəcək Təhsil TV, QHT TV ilə də yaxından əməkdaşlıq qurulacaq. Bu əməkdaşlığın sayəsində şagird və müəllimlər üçün mütəmadi olaraq onlayn təlimlər də həyata keçiriləcək.
Layihədən əsas gözləntilərimiz informatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasına nail olmaqdır.
Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması həmin sahədə ölkəmizin beynəlxalq miqyasda rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımdan, inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümumtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir.
Ümid edirik ki, layihə çərçivəsində görülən və görüləcək işlər şagirdlərin informatika olimpiadalarında da mövcud kodlaşdırma çətinliyini həll etmiş olacaq, eyni zamanda müəllimlərin bu sahədə mövcud bilikləri daha da təkmilləşəcəkdir.
Səadət MƏMMƏDOVA,
Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin direktoru