Bakı Xoreoqrafiya Akademiyası yarandığı gündən üzü bəri böyük inkişaf yolu keçərək, tərəqqi etmişdir. Hazırda Azərbaycanda milli mədəniyyətin inkişafında misilsiz rol oynayan xoreoqrafiya  təhsilinin yaranmasının 90, Bakı Xoreoqrafiya Akademiyasının isə 5 illik yubileyi ərəfəsindəyik. Xronoloji ardıcıllıqla Azərbaycanda xoreoqrafiya təhsilinin inkişaf yoluna nəzər salsaq, görərik ki, Bakıda balet studiyasının mövcud olması barədə ilk məlumatlar 1922-1923-cü illərə təsadüf edir.1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən bu studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilmiş, 1933-cü ildə isə buradakı təhsil 4 ildən 9 ilə çatdırılmışdır. 1935-ci ildə Xoreoqrafiya Məktəbi Azərbaycan SSR Xalq Maarif Komissarları Şurasının qərarı ilə Bakı Xoreoqrafiya Texnikumu, 1962-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Məktəbi adlandırılmışdır.  Azərbaycanın və Şərqin ilk böyük ustad balerinası Qəmər Almaszadə balet sənətinin sirlərinə məhz burada yiyələnmişdir.

 

İlk tədris illərindən etibarən peşəkar kadrların Xoreoqrafiya Məktəbinə cəlb olunması və Rusiyadan bir sıra mütəxəssislərin pedaqoji kollektivə dəvət  edilməsi nəticəsində xoreoqrafiya tədris prosesi daha da təkmilləşmiş, balet səhnəsi üçün kamil mütəxəssislərin hazırlanması sistemi formalaşmışdır. Təhsil sahəsində gedən inkişaf prosesi milli kadrların yetişməsinə geniş zəmin yaratmışdır. Bu dövrdə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərən Qəmər Almaszadə ilə yanaşı, Leyla Vəkilova, Tamilla Məmmədova, Rəfiqə Axundova, Çimnaz Babayeva, Tamilla Şirəliyeva və digər tanınmış balet ustaları yetişmişdir.

 

Azərbaycan milli rəqs adət-ənənələrinin qorunması, milli rəqsin peşəkar şəkildə öyrədilməsi və təbliğ edilməsi zərurətindən irəli gələrək, Bakı Xoreoqrafiya Məktəbində 1960-cı illərdə xalq bölməsi fəaliyyətə başlayır. Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adlarını almış görkəmli rəqs ustalarımızdan Xumar Zülfüqarova, Afaq Məlikova, Roza Cəlilova, Cəmilə Bayramova, Səbinə Qasımova, Elizbar Osmanov və başqaları bu illərdə məhz xalq bölməsində təhsil almışlar.

 

Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamına əsasən Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi yaradılmış və fəaliyyətə başlamışdır. Akademiyanın rektoru Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyevdir.

 

Akademiya ümumi (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas (kollec) və ali təhsil (bakalavr, magistr, doktorantura səviyyələri) pillələri üzrə  tədris proqramını həyata keçirir. Bununla yanaşı, akademiyada əlavə təhsilin müvafiq istiqamətləri üzrə - ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi yönündə elmi biliklər aşılanır.

 

Balet sənətindəki terminlər fransız dilindən alındığı üçün məktəblilərə birinci sinifdən məktəbi bitirənə qədər fransız dili fənni keçirilir. Orta məktəblərdə öyrədilən ümumi fənlərlə yanaşı qrim sənəti, tarixi-məişət rəqsləri, xalq-səhnə, klassik və milli rəqslər fənni yüksək səviyyədə tədris olunur.

 

Akademiyada xoreoqrafiya sənəti üzrə müxtəlif ixtisaslar, o cümlədən balet artisti, baletmeyster sənəti, balet pedaqogikası və digər ixtisaslaşmalar üzrə tədris aparılır. Xoreoqrafiya sənəti, rəqs müəllimliyi, musiqi müəllimliyi ixtisasları mövcud olmaqla, instrumental ifaçılıq, xalq çalğı alətləri, menecment, sənətşünaslıq (səhnəqrafiya tarixi, geyim tarixi, xoreoqrafiya tarixi və s.), dizayn (səhnə tərtibatı, milli və klassik rəqslər üçün geyim dizaynı), teatrşünaslıq, musiqişünaslıq kimi bir sıra yeni ixtisaslar 2017-2018-ci tədris ilindən etibarən qəbul planına əlavə edilmişdir. Akademiyada Baletmeyster sənəti, Klassik rəqs, Milli rəqslər, İctimai fənlər, Musiqi fənləri, Azərbaycan dili və ədəbiyyatı, Sənətşünaslıq kafedraları və İncəsənət fakültəsi formalaşmışdır.

 

Bakı Xoreoqrafiya Akademiyasının qarşısında duran ümdə vəzifələrdən biri xoreoqrafiya təhsilinin bütün istiqamətləri üzrə məqsədyönlü fəaliyyət göstərmək və bu fəaliyyətin əsasını təşkil edən fənn proqramları və dərs vəsaitlərinin tərtib olunub, nəşr etdirilməsidir. Bir sıra xoreoqrafik tədris vəsaitləri ilk dəfə olaraq, akademiyanın peşəkar müəllimləri tərəfindən Azərbaycan dilində tərtib edilərək nəşr olunmuş, bəziləri isə rus dilindən Azərbaycan dilinə tərcümə edilərək, xoreoqrafiya sahəsində təhsil alan şagird və tələbələrin ixtiyarına verilmişdir.

 

Akademiyanın ən böyük uğurlarından biri xoreoqrafiya sənəti tarixində ilk dəfə olaraq, Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə Beynəlxalq Müsabiqənin təsis edilməsidir. Müxtəlif ölkə nümayəndələrinin iştirak etdiyi bu müsabiqənin iki ildən bir keçirilməsi qərara alınmışdır. Akademiya 2016 və 2018-ci illərdə dünyanın 12 ölkəsindən 324 nümayəndənin iştirakı ilə müsabiqəni müvəffəqiyyətlə keçirməyə nail olmuşdur.

 

Respublikanın teatr və konsert zallarında verilən onlarla hesabat konsertləri, xoreoqrafik  kompozisiyalar, rəqs və balet tamaşaları, həmçinin tələbələrin ölkə hüdudlarından kənarda  keçirilən müxtəlif  rəqs və balet müsabiqələrində iştirakı akademiyanın əldə etdiyi yüksək nailiyyətlərindəndir.

 

Təhsil kompleksində ixtisas fənləri üzrə pedaqoji fəaliyyətə qabaqcıl elm xadimləri - elmlər və fəlsəfə doktorları, dosent, professor və Əməkdar müəllimlər, o cümlədən yüksək ixtisaslı elmi potensiala malik Azərbaycan Respublikasının Əməkdar və Xalq artistləri, Əməkdar incəsənət xadimləri, Əməkdar rəssam və mədəniyyət işçiləri cəlb olunmuşlar.

 

Akademiyada mütəmadi olaraq elmi-praktik konfranslar, ustad dərslər, görkəmli sənətkarların yubiley gecələri, elmi seminarlar keçirilməklə yanaşı, “Elmi əsərlər” toplusu və “Sənət akademiyası” adlı elmi-nəzəri məcmuəsi nəşr olunur.

 

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi bu 5 il ərzində bir çox uğurlara imza atmışdır. Belə ki, akademiya Avropa İncəsənət Universitetləri Liqasına üzv seçilmiş, 10 ölkənin 12 təhsil müəssisəsi ilə əməkdaşlıq sazişləri bağlamağa müvəffəq olmuşdur.

 

Moskva Dövlət Xoreoqrafiya Akademiyası və Sankt-Peterburq A.Y.Vaqanova adına Rus Balet Akademiyası, Qazaxıstan Milli İncəsənət Akademiyası, Litva Milli İncəsənət Məktəbi, Belarus Dövlət Mədəniyyət və İncəsənət Akademiyası, Pekin Rəqs Akademiyası və digər xarici təhsil müəssisələri ilə Bakı Xoreoqrafiya Akademiyası arasında geniş beynəlxalq əlaqələrin yaradılması istiqamətində əməkdaşlıq sazişləri imzalanaraq, onlarla qarşılıqlı şəkildə sıx yaradıcılıq əlaqələri və təcrübə mübadiləsi  aparılır.

 

Azərbaycanın tanınmış Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülmüş balet və rəqs ustaları xoreoqrafiya təhsil ocağının yetirmələridir. Hazırda Bakı Xoreoqrafiya Akademiyasının yüksək ixtisaslı məzunları professional kadr qismində akademiyanın özündə pedaqoji fəaliyyətə cəlb edilir ki, bunun da nəticəsində Azərbaycan milli balet və rəqs sənəti beynəlxalq arenalarda yüksək və peşəkar formada  nümayiş etdirilməklə, əcnəbi vətəndaşlara Azərbaycan incəsənətinə qarşı böyük diqqət, maraq və sevgi hissləri aşılanır.

 

Akademiyanın tələbələri hər il Tbilisidə keçirilən Vaxtanq Çabukiani adına uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə beynəlxalq müsabiqəsində iştirak edirlər. Dəfələrlə  laureat adını qazanmış tələbələr, həmçinin Fransanın  Sen Simeon şəhərində keçirilən ənənəvi Sen-Jan  milli bayramında, eləcə də   Fransanın Müluz şəhərində Azərbaycan  musiqisinə həsr olunmuş “İki dünya” adlı  musiqi festivalında milli rəqs nömrələri ilə çıxış edərək Fransa Senatının  xatirə medalı ilə təltif  olunmuşlar. Bununla yanaşı, Serbiyanın Belqrad şəhərində  keçirilən “Avropanın sevinci”  festivalında çox uğurlu çıxışlarına görə akademiyanın şagird və tələbə heyəti diplomlarla təltif olunmuş və  Serbiya prezidenti ilə görüşmüşlər. Tələbələrimiz Rusiya Federasiyasında “Yer kürəsi - ümumi evimizdir” başlığı altında keçirilən Gənclərin XVI Beynəlxalq musiqi yaradıcılığı festivalında birinci yerə sahib çıxmaqla yanaşı,  Qazaxıstan və Çeçenistan respublikalarında keçirilən milli rəqs və Sankt-Peterburqda  reallaşan klassik rəqs üzrə müsabiqə və festivallarda uğurla çıxış etmişlər.

 

Bu gün akademiya müasir standartlara cavab verəcək səviyyədə əsaslı  şəkildə təmir olunmuş və bütün auditoriya, kafedra və şöbələr müasir avadanlıqlarla təchiz edilmişdir.

 

İctimaiyyət arasında akademiyanın bütün təhsil pillələrinə maraq günü-gündən artmaqdadır. Sevindirici haldır ki, xüsusilə akademiyanın  bakalavr və magistratura səviyyələrində keçirilən ixtisaslara qəbul olmaq, xoreoqrafiya sahəsində təhsil almaq və tələbə adını qazanmaq istəyənlərin sayı ildən-ilə çoxluq təşkil edir. Tədris mərkəzinə cəlb olunmuş peşəkar müəllim heyəti, xoreoqrafiya təhsili sistemində aparılan islahatlar və mövcud   maddi-texniki baza Bakı Xoreoqrafiya Akademiyasının möhtəşəm təhsil ocağı olmasının bariz təcəssümüdür. Bu kimi göstəricilərə cavab verdiyinə görə akademiyaya hətta əcnəbi vətəndaşların da maraq dairəsi artmış və hazırda bir neçə xarici ölkə vətəndaşları beynəlxalq müqavilələr əsasında, ödənişli əsaslarla akademiyamızda təhsil alır.

 

Vəfa GÖVHƏR,

Bakı Xoreoqrafiya Akademiyasının Mətbuat katibi