Rusiya robotu Amerika kollecində tələbələrə məsləhət verir


Rusiyanın Promobot ("Promobot") şirkəti tərəfindən yaradılmış  robot Amerikanın Şimali Karolina ştatında yerləşən Rouen-Kabarrus Kollecində işə düzəlib. "Uçitelskaya qazeta"nın yazdığına əsasən,  bu barədə şirkətin inkişaf üzrə direktoru və həmtəsisçisi Oleq Kivokursev bildirib. Onun sözlərinə görə, robot  Rouen-Kabarrus Kollecinin təşkilat bölmələrindən birində işləyəcək. "Şimali Karolina Colleci  bizim üçün yeni bir layihədir. Burada robot laboratoriya stendi kimi deyil, tələbələr üçün məsləhətçi kimi çıxış edir. Robotun bir çox dillərdə ünsiyyət qura bilməsi sayəsində tələbələr kollecdə cədvəl, məsləhətləşmələr və digər fəaliyyətlər haqqında məlumatları daha asan öyrənəcəklər"-deyə təsisçi bildirib.

 

Oleq Kivokursev qeyd edib ki, təhsil sənayesi yüksək texnologiyalı biznes üçün ən perspektivli istiqamətlərdən biridir. Bu gün Promobot robotları Rusiyanın 10-dan artıq universitetində, eləcə də Qazaxıstan, Türkmənistan və Səudiyyə Ərəbistanının ali məktəblərində işləyirlər.

 

Rouen-Kabarrus Kollecinin kampusları dövlətin bir neçə şəhərində yerləşir: Concord, Kannapolis və Selisbury. Onların hər birində robotdan istifadə olunması nəzərdə tutulub.  O, abituriyentlərə, tələbələrə və müəllimlərə məsləhətlər verəcək, dərs cədvəlinə dair sualları cavablandıracaq, kampusda istiqamətlənməyə, müəllim və ya auditoriyanı tapmağa kömək edəcək.  Kollecdə 22 mindən çox tələbə təhsil alır. Onlar biznes, incəsənət, informasiya texnologiyaları, tikinti və digər fənləri öyrənirlər.

 

Oruc MUSTAFAYEV