30-cu illər repressiyasına xalqımızın ən istedadlı ziyalılarının, söz ustalarının, müstəqilliyimiz uğrunda böyük mübarizlərin məruz qalmaları hamıya məlumdur. Bu repressiya ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına ağlagəlməz zərbələr vurmuşdur. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Vəli Xuluflu, Salman Mümtaz və başqa yazıçılarımızla sonradan gələn nəsillər arasındakı varislik tellərini amansızcasına kəsib doğramışdır. Həmin sənətkarlar arasında ən çox bəxti gətirməyənlərdən biri Əhməd Cavaddır. Sənət təşnəsi ilə yanıb-yaxılmaq, sözün mahir ustası olmaq, xeyriyyəçilik əməlləri ilə xalqına fayda vermək, əsərləri ilə oxucuların qəlbində özünə əbədi heykəl ucaltmaq səadəti yalnız o sənətkara qismət olur ki, yaşadığı torpağına, vətəninə, millətinin müstəqilliyi uğrunda mübarizəyə qırılmaz tellərlə bağlı olsun. Əhməd Cavad məhz belə həmişəyaşar sənətkar olmuş, olaraq qalacaqdır.
Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi; mərdliyi, igidliyi, xalq yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə xatırlanırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoymuşdu. Cavad beş yaşına çatmamış atası dünyasını dəyişdi. O, anası Yaxşı xanımın ümidinə qaldı. İlk təhsilini molla məktəbində almış, üç il orada oxumuşdur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında almış (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirmişdir. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs demişdir. Birinci Cahan müharibəsi başlayanda müharibəyə getmiş, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərmişdir. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olmuşdur. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərmişdir.
Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olmuş, həm Azərbaycan Demokratik Cumhuriyyətinin yaradılmasında yaxından iştirak etmiş, həm də onun fəal üzvlərindən olmuşdur.
Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunur. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyir.
O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlir. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır.
Göründüyü kimi Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.
Əhməd Cavad Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri idi. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Seyfəlidə məktəb və uşaq bağçaları açılması Könüllünün tikilməsi Ə.Cavadın adı ilə bağlıdır. Təsadüfi deyil ki, M.Müşfiq Könüllü kəndinə şeir qoşmuş, oranı “Cavadkənd” kimi təsvir etmişdir.
Ə.Cavad “Yaşıl qələmlər” adlı cəmiyyətin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. ADR-ın milli marşlarının əksəriyyətini o yazmışdı. Bu gün dünya meridianlarında səslənən himnimizin mətnini də o qələmə almışdır. Lakin Əhməd Cavadı şagirdlərə təkcə şair kimi tanıtmaq düzgün olmazdı. O, konkret faktlara istinad edilməklə istedadlı şair, publisist, tərcüməçi, jurnalist, xeyriyyəçi, cəbhəçi-döyüşçü, politoloq, Azərbaycan Demokratik Cumhuriyyətinin baş ideoloqlarından biri kimi tanıdılmalıdır.
1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. 1923-cü ildə Musavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işlərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir.
Ə.Cavad ikinci dəfə haqqında danışacağımız “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan o zamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir.
Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.
Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır.
Nəhayət, 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-ə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir. Lakin hökmü yerinə yetirməyə ehtiyac qalmır, çünki şair işgəncələrə dözməyib həlak olur.
Əhməd Cavad yaradıcılığından danışılarkən qeyd edilməlidir ki, həmişə təqiblərə və təhqirlərə məruz qalan şair hər dəfə həbs edilərkən evi ciddi şəkildə axtarılmış, əsərləri çox güman ki, məhv edilmişdir. Lakin yaradıcılığının əlimizdə olan nümunələri göstərir ki, o, həm romantik, həm də realist üslubda yazan incə duyğulu sənətkar olmuşdur. Şairin “Yazım gəl, baharım gəl”, “Səhər-səhər”, “Sevgi candan ayrılmaz”, “Yuxuma gəlmişdin”, “İmdad”, “Axşamlar” və s. şeirləri dediklərimizə əyani sübutdur. Qeyd edək ki şairin dili aydın, rəvan və oxunaqlıdır; xalq şeir dilinə çox yaxındır.
“Göygöl” şeirini Əhməd Cavad 1925-ci ildə yazmışdır. Gölün ecazkar hüsnü-gündüzlər ətrafdakı dağlara, meşələrə, gecələr aya, ulduza ayna tutması şairi riqqətə gətirir. O, vətənin bu səfalı guşəsinə istirahətə gələnlərdən xahiş edir ki, dumanlar qoynunda mürgüləyən Göygölün seyrinə dalsınlar, ruhlarını, zövqlərini qidalandırsınlar.
Şeirdə şair sözün hərarəti ilə Göygölün ilahi mənzərəsini təsvir etmişdir. Fikir verək: Şam ağacları gölün mavi gözlərini görsünlər deyə bir-birinə boy verməyib göylərə dartılmışlar. Səmadakı pənbə buludlar yüngül mehin təsiri ilə hərəkət edirlər, lakin bu, adi bulud köçü deyil, onlar gölün başına fırlanırlar. Ətraf yerlər al-əlvan güllərə, çiçəklərə, yaşıl otlara boyanmışdır. Və bu boya məhz Göygölün xətrinədir. Bir azdan gələcək zəvvarlar üçün kəsiləcək qoyun həmin otları qırdıqca sanki ayrılıq məqamında gölün ayağını öpür.
Dərsin estetik təsirini artırmaq üçün Xalq artisti Şövkət Ələkbərovanın ifasında “Göygöl” mahnısının lent yazısını səsləndirmək, eləcə də şairin “Göygöl”ə görə həbsdən azad edildikdən sonra yazdığı aşağıdakı kiçik şeiri ifadəli oxumaq faydalıdır.
Ey Göy gölüm,
Ey göl gülüm!
Qoy göyərib,
Qoy mən ölüm!
Assınlar məni,
Kəssinlər məni!
Qoy türmələrə,
Bassınlar məni!
Neynirəm könlü?
Neynirəm dili?
Səndən yazmasam,
Neynirəm əli?
Nəsən, kimsən sən?
Nisgilimsən sən!
Qoy açıq deyim,
Sevgilimsən sən!
Borana düşdüm,
Yüz qana düşdüm!
Adını çəkdim,
Zindana düşdüm!
Könlüm tel olsun!
Yaşım sel olsun!
Bir dar qəfəs də
Qoy Göygöl olsun!
Fikirimizcə, şairin yüksək vətənsevərliyi və çəkdiyi məşəqqətlər barədə verilən bilgilər bu kiçik şeir vasitəsilə bir daha möhkəmləndirilər, həm də Əhməd Cavadın öz dili ilə təsdiq olunar.
Yekun saatında şeir üzərində bədii təsvir və ifadə vasitələrini seçməklə tamamladıq.
Gəncəyə üz tutduq. Səyahətimiz 2 günlük idi. Birinci gün dahi şairimiz N.Gəncəvinin məqbərəsini ziyarət etdik. O zaman məqbərə əsaslı təmir olunmamışdı. Fikrimdən S.Ə.Şirvaninin xatirələri keçdi. Şair Tiflisə gedərkən dahi şairi ziyarət etmişdi. Məqbərə şairin ürəyincə olmamış, köksünü ötürərək bir rübai yazmışdı.
Ey Şeyx Nizami, ey nizami dağılan
Ey Gəncədə üzzü ehtişamı dağılan
Olmuşmu səninlə mən kimi aləmdə
Beyti, evi, məktəbi, kəlamı dağılan?
Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Nizaminin, Sabirin, S.Ə.Şirvaninin və digər sənətkarların ev-muzeyləri müasir standartlara uyğun əsaslı təmir edilmişdir. Əlbətdə, bizə minnətdarıq söyləmək qalır.
Səyahətimizin ikinci günü sübh tezdən Göygölə yollandıq. Üzərinə şeh düşmüş lalələr elə bil bizi salamlayırdı. Biz də “Lalələr” mahnısı ilə cavab verdik. Nəhayət, Göygölə qalxdıq, füsunkar mənzərə bizi valeh etdi. Şagirdlərin sevinci yerə-göyə sığmırdı.
Artıq belə metod bizim üçün bir ənənəyə çevrilmişdi. Dərslərimizi heykəllər qarşısında, muzeylərdə aparırdıq, məktəbdə tədbirlər hazırlayırdıq.
Əziz müəllimlər, sizin üçün daha səmərəli interaktiv təlim üsulu seçilmişdir. Göygölün füsunkar təbiətini seyr etmək üçün Gəncəyə səyahətə ehtiyac qalmır.
Proyektor vasitəsilə Göygöl artıq sizin hüzurunuzdadır. Bədii təsvir və ifadə vasitələrini şeir üzərində deyil, canlı şəkildə seçmək mümkündür. Keçdiyiniz mövzunun yekun saatını tədbirlərlə tamamlamış olsanız, şagirdlərdə məktəbə, müəllimə və ədəbiyyata maraq artar.
Siz xatirələrdə yaşayarsınız. Necə ki, mənim baba, nənə olan şagirdlərim bu gün də o dərsləri arzulayır, xatırlayır və məni unutmurlar.
Müəllim üçün bundan artıq qiymət olmaz.
Məktəbdə işlədiyim uzun illər ərzində həmişə tədbirlərə xüsusi önəm vermişəm. Çoxillik pedaqoji təcrübəm göstərib ki, bu tədbirlərdə qoyulan mövzuları şagirdlər daha yaxşı mənimsəyirlər. Bir qocaman müəllim kimi tədbirlərlə bağlı təcrübəmi gənc müəllimlərlə bölüşmək istərdim.
Günlər keçir, illər illərə calanır. Çox şey silinir. Lakin həyatımızda heç zaman unutmayacağımız öz sevgi və qayğıları ilə dərin iz buraxan müəllimlərimizdir. Müəllim ömrü bir çırağa bənzəyir. Sönənə qədər bilik dolu hərarətini şagirdlərin duyğularına, idrakına hopdurur.
Tamilla ZEYNALOVA,
132 nömrəli tam orta məktəbin təqaüdçü dil-ədəbiyyat müəllimi