Məruzəsi bəyənilən 25 tələbə mükafatlandırılıb


Bakı Ali Neft Məktəbində tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Respublika elmi-texniki konfransı yekunlaşıb. 30 aprel – 2 may tarixlərində keçirilən  konfransda beş bölmə üzrə aktual mövzularda müxtəlif təqdimatlar dinlənilib. Ümumilikdə bütün bölmələr üzrə 68 məruzə təqdim edilib.    

 

Konfransın bağlanış mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, artıq 6-ci ildir keçirilən konfrans bu il yalnız BANM-ın hüdudları çərçivəsində  deyil, ölkə üzrə müxtəlif universitetlərin iştirakı ilə baş tutub. Rektor qeyd edib ki, BANM-da tələbələri elmi-tədqiqata həvəsləndirən hər bir təşəbbüs dəstəklənir, bilik mübadiləsinin həyata keçirilməsi üçün müxtəlif tədbirlər təşkil edilir: “Belə tədbirlərin keçirilməsi tələbələr arasında elmi məlumatın mübadiləsi, onların apardıqları tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim olunması üçün böyük əhəmiyyət daşıyır,” – deyə Elmar Qasımov bildirib.

 

Konfransın sonuncu günü həmçinin tələbələrin məruzələrinin qiymətləndirilməsi və mükafatlandırılması olub.  Beş bölmə üzrə 7 nəfər tələbə birinci dərəcəli, 9 nəfər  isə ikinci dərəcəli diplom əldə edib. Daha 9 tələbənin məruzəsi isə xüsusi mükafata layiq görülüb. Ali Məktəbin rektoru Elmar Qasımov   qalibləri təbrik edərək, onlara diplomlar təqdim edib.

 

Qeyd edək ki, qalib iştirakçıların 9-u BANM-ın, 16-sı isə digər universitetlərin tələbəsidir. Konfransda  məruzələri ilə qalib olan tələbələr, eyni zamanda, BANM-ın əməkdaşlıq etdiyi, neft-qaz sektoru üzrə fəaliyyət göstərən bir çox transmilli şirkətlərin nümayəndələri tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.