Tələbələrin Respublika elmi-texniki konfransı yekunlaşıb | |
Bakı Ali Neft Məktəbində tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Respublika elmi-texniki konfransı yekunlaşıb. 30 aprel – 2 may tarixlərində keçirilən konfransda beş bölmə üzrə aktual mövzularda müxtəlif təqdimatlar dinlənilib. Ümumilikdə bütün bölmələr üzrə 68 məruzə təqdim edilib.
Konfransın bağlanış mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, artıq 6-ci ildir keçirilən konfrans bu il yalnız BANM-ın hüdudları çərçivəsində deyil, ölkə üzrə müxtəlif universitetlərin iştirakı ilə baş tutub. Rektor qeyd edib ki, BANM-da tələbələri elmi-tədqiqata həvəsləndirən hər bir təşəbbüs dəstəklənir, bilik mübadiləsinin həyata keçirilməsi üçün müxtəlif tədbirlər təşkil edilir: “Belə tədbirlərin keçirilməsi tələbələr arasında elmi məlumatın mübadiləsi, onların apardıqları tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim olunması üçün böyük əhəmiyyət daşıyır,” – deyə Elmar Qasımov bildirib.
Konfransın sonuncu günü həmçinin tələbələrin məruzələrinin qiymətləndirilməsi və mükafatlandırılması olub. Beş bölmə üzrə 7 nəfər tələbə birinci dərəcəli, 9 nəfər isə ikinci dərəcəli diplom əldə edib. Daha 9 tələbənin məruzəsi isə xüsusi mükafata layiq görülüb. Ali Məktəbin rektoru Elmar Qasımov qalibləri təbrik edərək, onlara diplomlar təqdim edib.
Qeyd edək ki, qalib iştirakçıların 9-u BANM-ın, 16-sı isə digər universitetlərin tələbəsidir. Konfransda məruzələri ilə qalib olan tələbələr, eyni zamanda, BANM-ın əməkdaşlıq etdiyi, neft-qaz sektoru üzrə fəaliyyət göstərən bir çox transmilli şirkətlərin nümayəndələri tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.
|
|
02.05.2018 | 13:55 | |
|
|
|