Prosesə düzgün yanaşmaq şərti ilə


Sinqapurun ilk baş naziri Li Kuan Yu hesab edirdi ki, ölkənin qlobal dünyanın inkişaf etmiş parçalarından biri olması üçün əhalinin ingilis dilini mükəmməl bilməsi şərtdir. Düzdür, onun bu qənaətinin formalaşmasına siyasi amillər də təsir etməmiş deyildi. Birincisi, Sinqapur uzun müddət Britaniya müstəmləkəsi olmuşdu. İkincisi isə qonşuluqdakı nəhəng Çinin siyasi və iqtisadi ekspansiyası gündən-günə artırdı və müstəqil olmağın yeganə yolu dünyaya açılmaq idi. Li Kuan Yu deyirdi: “Birinci ingilis dilini bilməlisiniz, ikinci isə ana dilinizi”.

 

Yu Sinqapurdakı “iqtisadi möcüzə”nin müəlliflərindən biridir. Onun ingilis və ya xarici dil bilgisi ilə bağlı dedikləri isə artıq tək Sinqapur deyil, bütün dünya üçün aktualdır. Dünya sürətlə vahid dilə doğru irəliləyir. Bu dilin məhz ingilis dili, yaxud başqa dilin olacağını zaman göstərəcək. Bizim araşdırma mövzumuz isə budur: əcnəbi dili bütün yaşlarda eyni effektivliklə öyrənmək mümkündürmü? Yəqin hər birimiz azı bir dəfə eşitmişik: gənclikdə öyrəndinsə, öyrəndin, sonra xarici dili mənimsəmək çətin olur. Bu, həqiqətənmi belədir?

 

Miflər

 

Psixologiya müəllimləri Rocer Krez və Riçard Roberts yazdıqları “Böyüklər üçün xarici dil: istənilən yaşda yeni dili necə öyrənməli” kitabında məhz bu mövzuya toxunurlar: İngilis dilini hər yaşda öyrənmək olarmı, yoxsa imkan artıq əldən gedib? Xarici dili öyrənməyimizə hansı miflər mane olur?

 

Müəlliflərin qənaətinə görə, hər bir insan nəyəsə nail olmaq üçün unikal fərdi bacarıq və biliklərə malikdir. Buraya xarici dili öyrənmək bacarığını da aid etmək lazımdır. Əgər siz artıq gənc deyilsinizsə, ancaq xarici dil öyrənmək istəyirsinizsə, əhvalınızı pozmayın - hər şey sizin öz əlinizdədir. Yetər ki, qəlibləşmiş miflərdən azad olun və onları yaxına buraxmayın.

 

1. Böyüklər əcnəbi dili uşaqlar kimi öyrənə bilməzlər. Kökündən yanlış fikirdir. Əksinə, yaşlı nəslin xarici dili uşaqlardan yaxşı qavradıqlarına dair çoxsaylı sübutlar mövcuddur. Uşaqların yalnız iki aspektdə üstünlükləri var. Birincisi, onlar böyüklərdən fərqli olaraq aksent səddini daha effektiv aşırlar. İkincisi və ən əsası isə odur ki, uşaqlar böyüklərdən fərqli olaraq dil öyrənərkən heç bir basqı altında olmurlar. Söhbət nədən gedir? Baxın, böyüklər dili öyrənərkən mütləq düşünürlər: birdən öyrənə bilmədim, necə olacaq? Uşaqlarda belə bir qorxu olmur. Bundan əlavə, danılmaz gerçəklikdir ki, iş üçün hara gedirsənsə, ingilis dilini bilib-bilmədiyini soruşurlar.

 

Yəni, dil məşğulluq problemlərindən birinə çevrilib. Onu öyrənən şəxsi narahat edən məsələlərdən biri də məhz budur: öyrənə bilməsəm, işim necə olacaq?

 

2. Böyüklər də xarici dili uşaqlar kimi öyrənməlidirlər. Bu da düz fikir deyil, axı uşaqla böyük insanın beyinləri bir sıra aspektlər baxımından fərqlənirlər. Heç bir halda gözləməyin ki, xarici dili öyrənərkən uşaqlara münasibətdə tətbiq olunan tədris metodu sizə də yarayacaq.

 

3. Xarici dili öyrənərkən ana dilindən istifadə etməməyə çalışmaq lazımdır. Daha bir yanlış qənaət. Bəziləri hesab edir ki, dilin öyrənilməsi prosesində heç bir halda ana dilindən xarici dilə tərcümə edilməməlidir. Belə olduğu halda insan başqa bir keyfiyyətini itirir: ana dili bilgisini. Unutmayın, bütün dillər bir-birlərinə yaxındırlar, qlobal dünyada minlərlə söz var ki, bir dildən digərlərinə “köç” edib. İndi hansı dilin daha tarixi olduğu mübahisəsini qoyaq kənara. Ancaq ingiliscədə fars dili mənşəli sözlərin olduğunu kim inkar edə bilər? Yaxud, latın dilindən qaynaqlanan dillərin daşıyıcıları üçün bir-birlərini anlamaq asan deyilmi?

 

Təəssüf ki, bu miflərdən hər biri xarici dil öyrənmək üçün hətta yüksək motivasiyası olan insana münasibətdə mane ola bilər. Bu yanlış qənaətlərə minlərlə araşdırma həsr olunub və əksəriyyət belə qənaətə gəlir ki, yaş və müddət dilin öyrənilməsinə əngəl olmamalıdır. Plastik cərrah Maksvel Molts 1960-cı ildə yazdığı “Psixokibernetika: həyatdan daha çox əldə etməyin yeni yolu” adlı kitabında iddia edirdi ki, insanın hər hansı yeniliyə uyğunlaşması üçün 21 gün lazımdır. Söhbət yeni yaşayış yerindən tutmuş təzə geyimə, yeni dilin öyrənilməsindən fərqli mətbəxədək hər şeydən gedir. Yəni, yeniliyə alışmaq üçün sizə 3 həftə yetərlidir. Məsələn, sabah getdiniz Nyu-Yorka. Böyük meqapolis, fərqli mentalitet, qayda və güzəştlər sistemi. Moltsun fikrincə, narahat olmamalısınız, uzağı 3 həftədən sonra uyğunlaşacaqsınız.

 

Əgər söhbət insan fəaliyyətindən gedirsə, bu qənaəti dil öyrənmək bacarığına da aid etmək olarmı? Mütəxəssislərə görə, yox. Əsas dərslərin sayı və müddəti deyil, keyfiyyətidir.

Dil öyrənən şəxs çalışmalıdır ki, prosesi həyatının bir parçasına çevirsin. İndi dilin öyrənilməsini praktikləşdirmək yolu populyardır. Məsələn, ispan dilini öyrənirsinizsə, üzərində “la cuchara” (qaşıq) yazılmış stikeri mətbəxdə qaşıqlar olan yerə yapışdıra bilərsiniz. Bu yolla söz yadınızda daha yaxşı qalacaq.

 

Fasilə dili unutdura bilərmi? Bu da ən çox müzakirə edilən məsələlərdəndir. Gerçəklik həyatımıza öz müdaxiləsini etməkdədir. Heç bizdən soruşan da yoxdur. Bu və ya digər səbəblərə görə dərslərimizi yarımçıq saxlaya bilərik. Bu halda öyrəndiklərimizi unudacağıqmı? Mütəxəssislərə görə, hətta dərslərə uzun müddət ara verirsinizsə, narahat olmayın: yenidən başlayanda, yadınıza düşəcək və əvvəlki səviyyəyə qayıtmaq asan olacaq. Biri var sıfırdan başlayasan, biri də var sıfırdan dayandığın yerə qədər məlumatlısan.

 

Dərin fikirlər

 

İnsanın işlək yaddaşının ölçüsünə bir sıra amillər təsir edir. Məsələn, intellekt səviyyəsi və ya əhvali-ruhiyyə. Ancaq daha bir vacib amil yaşdır. Məlumdur ki, yaddaşın ölçüsü uşaqlıq dövründə artır və təqribən 20 yaşda bu proses dayanır. 20 yaşdan sonra aparılan tədqiqatlar göstərir ki, yaddaşın böyüməsi prosesi artıq dayanıb. Bunu müəyyən etməyin ən yaxşı yolu rəqəmlərin yadda saxlanılmasıdır. Odur ki, böyüklərin yeni dili öyrənmələrinə maneə olan mühüm faktorlardan biri eyni anda yaddaşda bir neçə işi və ya məsələni saxlaya bilməməsidir. Təbii ki, bu, real problemdir. Ancaq Rocer Krez və Riçard Roberts hesab edirlər ki, bundan faciə düzəltməyə ehtiyac yoxdur. Çünki böyüklər kiçiklərə nisbətən daha geniş dünyagörüşlüdürlər və yaş yaddaşı kiçiltsə də, bilik və təcrübə prosesi kompensasiya edir.

 

Xarici dil dərslərində dinləyicilərdən tez-tez dialoqu dinləməyi və sonra sözbəsöz təkrar etməyi tələb edirlər. Bu, hətta ən əlverişli şəraitdə belə mürəkkəb tapşırıqdır və yaşlı nəsil üçün xüsusilə çətinliklə başa gəlir. Elə adam var, heç öz ana dilində belə bu məzmunlu tapşırığın öhdəsindən tam gələ bilmir. Yadda saxlamaq lazımdır: əgər siz bu halda həmin dialoqdan maksimum sözü yadda saxlayıb sonra mətni təkrar etmək istəyirsinizsə, bilməlisiniz ki, bu proses sizin işlək yaddaşınızı məşq etdirir, ancaq dil bacarıqlarınızı zənginləşdirmir. Belə tapşırıqlar yaşlı tələbələr üçün əsl diskriminasiyadır. Bilməliyik ki, böyüklər yeni dili əzbərləmək yolu ilə deyil, yeni konsepsiyaları və materialı artıq sahib olduqları koqnitiv strukturlara inteqrasiya etməklə daha yaxşı öyrənə bilərlər.

 

Hərdən elə olur ki, 5 dəqiqə öncə əlimizdə olan hansısa əşyanı axtarırıq, tapa bilmirik. Ancaq həmin an sevdiyimiz və ya sevmədiyimiz hər hansı mahnının sözlərini əzbər söyləyə bilərik. Bu, niyə belə baş verir? Nə səbəbdən bəzi hadisə və ya əşyalar yaddaşımıza əks olunur, digərləri isə yox? Məsələ burasındadır ki, bizim onları necə yadımızda saxlamağımızdan çox şey asılıdır.

“Dərin emal” deyilən bir proses var və yaddaşı müəyyən edən faktorlardan biri də yaddaş əməliyyatlarıdır. Onların vasitəsilə biz nələrisə yadda saxlayırıq. Məsələn, bəzi müəllimlər deyir ki, əgər mətni səsli oxusanız, sözlər yadınızda daha yaxşı qalacaq. Bu, səthi qənaətdir. Çünki tələbə və ya şagird proses zamanı diqqəti sözləri necə düzgün tələffüz etmə probleminə yönəldir. Mətni dərindən əxz etmək isə qalır. Eynilə: səslənən sözün təkrarlanması ilə onun yadda saxlanılması da səthidir. Yaxşı olardı ki, cavab kimi həmin sözün sinonimi və ya oxşarı səsləndirilsin. Bu halda sözün mahiyyətinə varılır və daha yaxşı qavranılır.

 

Pozitiv olun

 

Fikirlər və hisslər arasındakı əlaqə barədə düşünərkən bilmək lazımdır ki, əsas prinsip budur: neqativ informasiya ilə müqayisədə pozitiv məlumat daha effektiv emal olunur və uzun müddətə yadda qalır. Pozitiv informasiyanın  neqativ üzərindəki üstünlüyü çoxsaylı tədqiqatlar vasitəsilə sübuta yetirilib - istər söhbət sözlərin yadda saxlanılmasından getsin, istər qrammatik quruluşdan, istərsə də dialoqların və mətnlərin məzmunundan. Pozitiv informasiyanı yadda saxlamaq istəyi yaşlı tələbələr üçün daha yararlı ola bilər. Çünki sübuta yetirilib ki, neqativ xatirələr zaman keçdikcə zəifləyirlər. Koqnitiv sistemlərin pozitiv informasiyaya meylinə elmdə “Polianna prinsipi” deyilir. Polianna adlı qız çətin həyati anlarda pozitiv məqamlar axtarışında olan kitab və film qəhrəmanıdır.

 

Əlbəttə, hər hansı bir dili öyrənmək üçün yalnız pozitiv sözlər kifayət etmir. Bununla belə, pozitiv linqvistik xarakterləri emal edib yadda saxlamaq daha asan olduğundan, xarici dil öyrənərkən bu amildən yararlanmaqda fayda ola bilər. Başqa sözlə, prosesə pozitiv yöndən yanaşmağı bacarın.

 

Bəzi ekspertlərə görə, əlavə olunmuş reallıq eynək və linzaların tədavülə daxil olması ilə xarici dilləri öyrənməyə meyil və ya tendensiya bir neçə dəfə azalacaq. Elə eynəklər olacaq ki, taxacaqsınız, qarşınızda sizinlə öz dilində ünsiyyətə girən əcnəbinin nə dediklərini gözləriniz önünə çıxan titrlər vasitəsilə anlayacaqsınız. Məsələn, İlon Mask hazırda bu eynək və linzaların istehsalına hazırlaşır və hesab edir ki, hətta məktəblərdə xarici dil öyrənmək əbəs vaxt itkisidir. Hələlik mövcud olan reallığa görə isə biz əcnəbi dil və ya dilləri öyrənməyə məhkumuq - qloballaşan dünyadakı iqtisadi, siyasi və insani münasibətlər bunu diqtə edir. Ancaq bir mühüm amili unutmamaq şərtilə: cəmiyyətdəki münasibətlər! Çalışın ana dilinizi daha yaxşı bilin...

 

Rüstəm QARAXANLI