Nigar Hüseynli: “Ən böyük arzum Bakı Musiqi Akademiyasının tələbəsi olmaqdır”


İstedadlı yeniyetmə və gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılması, inkişaf etdirilməsi, onların müxtəlif beynəlxalq müsabiqə və festivallarda uğur qazanması qürurvericidir. Azərbaycan   incəsənətini, musiqisini dünyada layiqincə təmsil edərək nailiyyətlər qazanan  istedadlı gənclərimiz yetərincədir. Onlardan biri - beynəlxalq müsabiqələr qalibi Nigar Hüseynli ilə söhbətimiz səmimi və məzmunlu oldu.

 

Gimnaziyamız istedadlar yetişdirir

 

Mən artıq Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının 8-ci sinif şagirdiyəm. Həyatımda  iz buraxan unudulmaz anları heç vaxt unutmayacağam. Bəlkə də həmin anlardır məni  seçdiyim sənətə bir daha bağlayan, onu mənə sevdirən. Ümumiyyətlə, düşünürəm  ki, sevgisiz həyatda heç nəyə nail olmaq  mümkün deyil. Sevgi insana tükənməz enerji, ruh, həvəs, eyni zamanda böyük qələbələrə ümid yaradırr. Əməkdar müəllim Nigar Nəcəfovadan fortepiano dərsini həvəslə  alıram. Musiqi mənim həyatımdır desəm, yanılmaram. Gimnaziyamız istedadlar yetisdirir.

 

Nigar xanım  bizim potensialımızı hamıdan yaxşı bilir və ona görə də hər birimizin qarşısında bacardığımız qədər tələblər qoyur. Deyir ki,  bütün yetirmələr qarşısında eyni tələbləri qoysam, uğurlu nəticələr ala bilmərəm. Elə şagirdimiz var bir ilə, eləsi var iki ilə gözlənilən uğurlu nəticəni qazanıb müəllimimizi sevindirir. Bütün uğurlarımızda sevimli müəllimimizin  əməyı var.  Hər dəfə  biz beynəlxalq müsabiqələrdən medallarla qayıdanda onun sevincinin hədd-hüdudu olmur. Biz qazandığımız uğurlarla həm də təhsil ocağımızın şərəfini  layiqincə qoruyuruq.

 

O alqışların səsi qulağımdadır

 

...Hərdənbir uşaqlıq illərimi xatırlayıram. Uşaq ikən çoxlu oyuncaqlarımla yanaşı musiqi alətlərim də olub. Pianinoda “Cücələrim” mahnısını ifa etməyim hamının xoşuna gəlirdi. O qədər alqışladılar ki, məni... O alqışların səsi indi də qulağımdadır. Görün neçə illər ötüb onun üstündən.

 

Beynəlxalq müsabiqələr qalibi olmuşam

 

İndi mən artıq  müxtəlif  musiqi alətlərində sərbəst ifa etməyi bacarıram. Beynəlxalq müsabiqələr qalibi olmuşam. Azərbaycan və dünya bəstəkarlarının əsərlərini sevə-sevə ifa edirəm. Müxtəlif illərdə Parisdə Nikolay Rubinşteyn adına XIII beynəlxalq festivalda, Nyu-Yorkda keçirilən beynəlxalq müsabiqədə iştirak edərək birincilik qazanmışam.  Münsiflər heyəti mənə  birincilik diplomu  təqdim edəndə   dünyanın ən xoşbəxt adamı sayırdım özümü.

 

Dostlarım böyük zövq aldılar

 

7 günlük səfərimiz maraqlı keçdi. Səfər zamanı Fransanın  tarixi abidələri, Luvr muzeyi, Notr-Dam de Paris   kilsəsi yaddaşıma həmişəlik həkk olunub. Eyfel qülləsini gəzdiyim anları heç vaxt unutmuram. Gəzintidən qayıtdıqdan sonra “İbis” otelində dünya bəstəkarlarının  bənzərsiz əsərlərini - A.Debüsinin “Gəzinti” və  F.Şopenin əsərlərindən parçaları,  Azərbaycan bəstəkarı Niyazinin xoreoqrafik valsını məharətlə ifa etdim. Dostlarım böyük zövq aldılar.

 

Qızıl medalla mükafatlandırıldım

 

2019-cu ilin iyunu mənim üçün  xüsusilə əlamətdar oldu. Budapeştdə 19-cu “Renaissance” beynəlxalq müsabiqədə, “Balaton” gənclər festivalında iştirak etdim. 5 nominasiya üzrə keçirilən müsabiqədə fortepiano ixtisası üzrə birincilik qazanaraq qızıl medalla mükafatlandırıldım.

 

Milli mətbəximizlə tanışlıq

 

Müsabiqədən sonra münsiflər heyəti qaliblər üçün ziyafət təşkil etdi. Biz onların milli mətbəxi və adət-ənənələri ilə  yaxından tanış olduq. Biz də ora əliboş getməmişdik, özümüzlə Azərbaycandan apardığımız  müxtəlif şirniyyatları stolun üstünə düzdük. Onlar bizim şirniyyatların çox dadlı olduğunu  söylədilər. Ələlxüsus da Azərbaycan paxlavasını...

 

Sonra milli və dünya rəqslərini nümayiş etdirdik. Bizim milli rəqslərimizi də həmyaşıdlarım çox bəyəndilər və söz verdilər ki, nə vaxtsa Bakıya gəldikləri halda bizlərlə  hökmən görüşəcəklər. Biz də məmnunluqla onları qarşılayacağımıza söz verdik və əmin etdik ki, onlar heç vaxt bizim paytaxtımızdan doymayacaqlar. Xalqımızın necə qonaqpərvər olduğu barədə də dostlarımıza ətraflı danışdıq...

 

8 saat musiqi ilə məşğul oluram

 

Yeri gəlmişkən qeyd edim ki, qazandığımız uğurlar  asanlıqla başa gəlmir. Şəxsən mən gün ərzində 8 saat musiqi ilə məşğul oluram. Fortepiano  müəllimim Nigar Nəcəfova söhbətimizin əvvəlində dediyim kimi olduqca tələbkardır. Tək mən yox, bütün şagird dostlarım qazandığımız uğurlara görə sevimli müəllimimizə minnətdarıq.

 

Xor kollektivinin üzvüyəm

 

Mən məktəbimizin xor kollektivinin  də üzvüyəm. Tədbirlərdə həmin tərkibdə də istedadımı nümayiş etdirirəm. Biz tez-tez  Heydər Əliyev Mərkəzində, Muğam Mərkəzində və Bakı Konqres Mərkəzində  konsert proqramları ilə çıxışlar edir, diplom və fəxri fərmanlara layiq görülürük.  Ən böyük arzum isə Bakı Musiqi Akademiyasının tələbəsi olmaqdır.

 

Hələ ömrünün yeniyetməlik dövründə olan  Nigar Hüseynlinin  musiqi aləmində qazandığı uğurlar onun ən böyük arzularına da asanlıqla çatacağına  bizdə əminlik yaradır. Və bu xoş arzularla da istedadlı yeniyetməyə dünya salonlarının alqışlarını arzulamaqla  xudahafizləşdik.

 

Sifai SƏFƏROVA