“Qazandığımız uğurlara görə müəllimimizə minnətdarıq” | |
İstedadlı yeniyetmə və gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılması, inkişaf etdirilməsi, onların müxtəlif beynəlxalq müsabiqə və festivallarda uğur qazanması qürurvericidir. Azərbaycan incəsənətini, musiqisini dünyada layiqincə təmsil edərək nailiyyətlər qazanan istedadlı gənclərimiz yetərincədir. Onlardan biri - beynəlxalq müsabiqələr qalibi Nigar Hüseynli ilə söhbətimiz səmimi və məzmunlu oldu.
Gimnaziyamız istedadlar yetişdirir
Mən artıq Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının 8-ci sinif şagirdiyəm. Həyatımda iz buraxan unudulmaz anları heç vaxt unutmayacağam. Bəlkə də həmin anlardır məni seçdiyim sənətə bir daha bağlayan, onu mənə sevdirən. Ümumiyyətlə, düşünürəm ki, sevgisiz həyatda heç nəyə nail olmaq mümkün deyil. Sevgi insana tükənməz enerji, ruh, həvəs, eyni zamanda böyük qələbələrə ümid yaradırr. Əməkdar müəllim Nigar Nəcəfovadan fortepiano dərsini həvəslə alıram. Musiqi mənim həyatımdır desəm, yanılmaram. Gimnaziyamız istedadlar yetisdirir.
Nigar xanım bizim potensialımızı hamıdan yaxşı bilir və ona görə də hər birimizin qarşısında bacardığımız qədər tələblər qoyur. Deyir ki, bütün yetirmələr qarşısında eyni tələbləri qoysam, uğurlu nəticələr ala bilmərəm. Elə şagirdimiz var bir ilə, eləsi var iki ilə gözlənilən uğurlu nəticəni qazanıb müəllimimizi sevindirir. Bütün uğurlarımızda sevimli müəllimimizin əməyı var. Hər dəfə biz beynəlxalq müsabiqələrdən medallarla qayıdanda onun sevincinin hədd-hüdudu olmur. Biz qazandığımız uğurlarla həm də təhsil ocağımızın şərəfini layiqincə qoruyuruq.
O alqışların səsi qulağımdadır
...Hərdənbir uşaqlıq illərimi xatırlayıram. Uşaq ikən çoxlu oyuncaqlarımla yanaşı musiqi alətlərim də olub. Pianinoda “Cücələrim” mahnısını ifa etməyim hamının xoşuna gəlirdi. O qədər alqışladılar ki, məni... O alqışların səsi indi də qulağımdadır. Görün neçə illər ötüb onun üstündən.
Beynəlxalq müsabiqələr qalibi olmuşam
İndi mən artıq müxtəlif musiqi alətlərində sərbəst ifa etməyi bacarıram. Beynəlxalq müsabiqələr qalibi olmuşam. Azərbaycan və dünya bəstəkarlarının əsərlərini sevə-sevə ifa edirəm. Müxtəlif illərdə Parisdə Nikolay Rubinşteyn adına XIII beynəlxalq festivalda, Nyu-Yorkda keçirilən beynəlxalq müsabiqədə iştirak edərək birincilik qazanmışam. Münsiflər heyəti mənə birincilik diplomu təqdim edəndə dünyanın ən xoşbəxt adamı sayırdım özümü.
Dostlarım böyük zövq aldılar
7 günlük səfərimiz maraqlı keçdi. Səfər zamanı Fransanın tarixi abidələri, Luvr muzeyi, Notr-Dam de Paris kilsəsi yaddaşıma həmişəlik həkk olunub. Eyfel qülləsini gəzdiyim anları heç vaxt unutmuram. Gəzintidən qayıtdıqdan sonra “İbis” otelində dünya bəstəkarlarının bənzərsiz əsərlərini - A.Debüsinin “Gəzinti” və F.Şopenin əsərlərindən parçaları, Azərbaycan bəstəkarı Niyazinin xoreoqrafik valsını məharətlə ifa etdim. Dostlarım böyük zövq aldılar.
Qızıl medalla mükafatlandırıldım
2019-cu ilin iyunu mənim üçün xüsusilə əlamətdar oldu. Budapeştdə 19-cu “Renaissance” beynəlxalq müsabiqədə, “Balaton” gənclər festivalında iştirak etdim. 5 nominasiya üzrə keçirilən müsabiqədə fortepiano ixtisası üzrə birincilik qazanaraq qızıl medalla mükafatlandırıldım.
Milli mətbəximizlə tanışlıq
Müsabiqədən sonra münsiflər heyəti qaliblər üçün ziyafət təşkil etdi. Biz onların milli mətbəxi və adət-ənənələri ilə yaxından tanış olduq. Biz də ora əliboş getməmişdik, özümüzlə Azərbaycandan apardığımız müxtəlif şirniyyatları stolun üstünə düzdük. Onlar bizim şirniyyatların çox dadlı olduğunu söylədilər. Ələlxüsus da Azərbaycan paxlavasını...
Sonra milli və dünya rəqslərini nümayiş etdirdik. Bizim milli rəqslərimizi də həmyaşıdlarım çox bəyəndilər və söz verdilər ki, nə vaxtsa Bakıya gəldikləri halda bizlərlə hökmən görüşəcəklər. Biz də məmnunluqla onları qarşılayacağımıza söz verdik və əmin etdik ki, onlar heç vaxt bizim paytaxtımızdan doymayacaqlar. Xalqımızın necə qonaqpərvər olduğu barədə də dostlarımıza ətraflı danışdıq...
8 saat musiqi ilə məşğul oluram
Yeri gəlmişkən qeyd edim ki, qazandığımız uğurlar asanlıqla başa gəlmir. Şəxsən mən gün ərzində 8 saat musiqi ilə məşğul oluram. Fortepiano müəllimim Nigar Nəcəfova söhbətimizin əvvəlində dediyim kimi olduqca tələbkardır. Tək mən yox, bütün şagird dostlarım qazandığımız uğurlara görə sevimli müəllimimizə minnətdarıq.
Xor kollektivinin üzvüyəm
Mən məktəbimizin xor kollektivinin də üzvüyəm. Tədbirlərdə həmin tərkibdə də istedadımı nümayiş etdirirəm. Biz tez-tez Heydər Əliyev Mərkəzində, Muğam Mərkəzində və Bakı Konqres Mərkəzində konsert proqramları ilə çıxışlar edir, diplom və fəxri fərmanlara layiq görülürük. Ən böyük arzum isə Bakı Musiqi Akademiyasının tələbəsi olmaqdır.
Hələ ömrünün yeniyetməlik dövründə olan Nigar Hüseynlinin musiqi aləmində qazandığı uğurlar onun ən böyük arzularına da asanlıqla çatacağına bizdə əminlik yaradır. Və bu xoş arzularla da istedadlı yeniyetməyə dünya salonlarının alqışlarını arzulamaqla xudahafizləşdik.
Sifai SƏFƏROVA |
|
25.10.2019 | 15:30 | |
|
|
|