Dövlət Strategiyasının ən uğurlu nəticələrindən biri Azərbaycanın beynəlxalq reytinqlərdə tutduğu mövqedir


Ölkəmizdə təhsilin inkişafı hər zaman diqqətdə saxlanılan məsələlərdən biri olub. Büdcədən ayrılan vəsaitin həcmindən tutmuş həyata keçirilən bütün tədbirlərdən bu sahənin inkişafına verilən dəyər görünüb. 

 

6 ildir icra olunan və təhsil sahəsində islahatları, dolayısı ilə inkişafı əsaslandıran “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın ən uğurlu nəticələrindən biri Azərbaycanın beynəlxalq reytinqlərdə tutduğu mövqedir. Dünya İqtisadi Forumu tərəfindən ötən həftə açıqlanan “Qlobal Rəqabətlilik İndeksi-2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyib.

Hazırda 141 ölkə arasında 58-ci yerdə qərarlaşan ölkəmiz 12 indikatordan 8-i üzrə MDB ölkələri arasında yüksək nəticələr əldə edib. Məsələn, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi üzrə ölkəmiz 6 pillə irəliləyərək  48-ci, innovasiya bacarığı üzrə 3 pillə irəliləyərək 68-ci, işçilərin peşəkar inkişafı kateqoriyası üzrə 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyət göstəricisinə görə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçi tapmaq asanlığı üzrə 2 pillə irəliləyərək 29-cu yeri tutub. Tədrisdə  tənqidi düşüncə göstəricisi üzrə 7 pillə irəliləmişik və ölkəmiz  20-ci yerdədir.

 

Ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin və infrastrukturun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması və ölkənin davamlı inkişafının təmin edilməsi məqsədinə xidmət edən Strategiyanın nəticələrini şərh edən Təhsil Nazirliyinin Aparat  rəhbərinin müavini Fərzəli Qədirov  hesab edir ki, təhsilin bütün pillələri üzrə uğurlar əldə edilib: “Strategiya ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması məqsədinə xidmət edir. Bu məqsədə gedən yolda isə beş strateji istiqamət müəyyənləşdirilib”.

 

Ümumi təhsilin bir mərhələsi

 

“Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması” istiqamətində erkən yaş dövründə inkişafın səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumi təhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının hazırlanması nəzərdə tutulub.

 

Məzmun islahatları çərçivəsində “Məktəbəqədər təhsilin dövlət standartı”nın qəbulu nəticəsində bu sahənin inkişafına əlverişli zəmin yaranıb. 2017-ci ildə “Məktəbəqədər təhsi haqqında” Qanun qəbul olunub. Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbə hazırlığının təşkili Strategiyanın ən uğurlu töhfələrindəndir. Nəticə müqayisədən aydın görünür: “2013-cü ildə 24 faiz təşkil edən bu göstərici cari tədris ilində artıq 85 faiz təşkil edir. Bu bizi ona görə çox sevindirir ki, uşaqların erkən yaşdan təhsilə cəlb olunmaları gələcəkdə onların təhsilində, fərdi inkişafında və akademik nailiyyətlərində böyük rol oynayır”.

 

Məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin ibtidai sinif müəllimləri olması isə təhsildə varisliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. F.Qədirovun sözlərinə görə, məhz bunu nəzərə alaraq “Ümumi təhsil haqqında” Qanunda 5 yaşlıların məktəbəhazırlığı ümumi təhsilin bir mərhələsi kimi nəzərdə tutulub.

 

YUNISEF-lə birgə həyata keçirilən 32 rayonda, 320 icmada  6197 uşağı əhatə edən 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi də son illərin nailiyyətlərindəndir.

 

Bütün təhsil pillələri üzrə qanunlar

 

Təhsil sahəsində ən böyük uğurlardan biri də həyata keçiriləcək hər bir islahatın əsasında qanunvericilik bazasının durmasıdır. F.Qədirovun sözlərinə görə, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunların qəbul edilməsi, “Ali təhsil haqqında” Qanunun hazırlanması təhsilin bütün pillələri üzrə çevik idarəetmə və dəyişikliklər üçün hüquqi baza yaradıb. 

 

Gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Bu istiqamətdə “Peşə təhsili üzrə dövlət standartları” təsdiq edilib, ümumi təhsilin, ali və orta ixtisas təhsilinin dövlət standartları hazırlanıb. Müzakirələrdən sonra sənədlər hökumətə təqdim ediləcək.

 

Təmayülləşmə özünü doğruldur

 

Strategiyanın hədəflərindən biri də tam orta təhsil səviyyəsində təmayülləşmənin təşkilidir. Bu istiqamətdə islahatlar strategiyanın ən əhəmiyyətli nəticələrindən biridir: “Təmayülləşmə məzunların gələcək ixtisaslarını müəyyənləşdirməsi, həmin ixtisaslar üzrə daha dərindən  bilik, bacarıq və kompetensiyalar əldə etməsi baxımından çox vacibdir. Müxtəlif təmayül istiqamətləri üzrə X-XI sinif şagirdlərinin 30 faizindən çoxu təmayül siniflərinə cəlb edilib. İlkin nəticələrin təhlili göstərir ki, bu istiqamət özünü doğruldur”.

 

Dünyada təhsilin inkişaf tendensiyaları təmayülləşmə istiqamətlərinin genişləndirilməsini tələb edir. Bununla əlaqədar ümumi təhsil müəssisələrində həm ayrı-ayrı fənlər, həm də peşə istiqamətləri üzrə təmayül siniflər yaradılıb. Təhsilalanların peşə seçiminə və əmək  fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi  məqsədi ilə cari tədris ilindən 20 ümumi təhsil müəssisəsinin X siniflərində peşə təmayüllü siniflər açılıb: “Kənd təsərrüfatı, iaşə xidməti,  inşaat və məişət texnikası sahələri üzrə zəruri infrastruktur və təcrübə sahələri yaradılıb. Həmin şagirdlər tam orta təhsil haqqında şəhadətnamə ilə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər. Bu isə onlara əmək fəaliyyətinə başlamalarına imkan verəcək”.  

 

11 il ərzində həyata keçirilən məzmun islahatlarının bir mərhələsi cari ildə başa çatıb, yeni fənn kurikulumları üzrə təhsilə başlayan şagirdlər XI sinfi başa vurub. Bununla əlaqədar Təhsil Nazirliyinin yaxından iştirakı ilə Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının yeni modelinə keçilib. “Əminik ki, yeni imtahan modeli təhsilalanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək, cəmiyyətdə ümumtəhsil məktəbinə etibarlı inam formalaşdıracaq”. Eyni zamanda cari tədris ilində I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatıb. 

 

Layihələr

 

Ümumi təhsildə həyata keçirilən layihələrin önəmini də qeyd edən F.Qədirov hesab edir ki, XXI əsrdə süni intellekt və rəqəmsal bacarıqlar həyatın bütün sahələrinə nüfuz edir. Bu bacarıqların yüksək olduğu ölkələr daha çox uğur qazanır. Bu səbəbdən də həmin istiqamətlər üzrə layihələrin Azərbaycanda da icrasına başlanılıb.

 

Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın ayrı-ayrılıqda deyil, inteqrativ tədrisini nəzərdə tutan STEAM  Azərbaycan üçün yenidir. Bu yanaşma şagirdlərdə XXI əsr bacarıqlarının formalaşdırılmasını, məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqini nəzərdə tutur. Əsasən Bakı və Abşeron məktəblərində 6000-dən artıq şagirdi əhatə edir.

Növbəti ildən regionların da bu layihədə iştirakı təmin ediləcək və layihəyə cəlb olunan şagirdlərin sayı 20 minə çatdırılacaq: “Bu ildən robototexnika və dizayn üzrə hazırlıq aparılan layihə növbəti tədris ilindən genişləndiriləcək. Hazırda aviamühəndislik, nanotexnologiyalar, biotexnologiyalar, kibertəhlükəsizlik istiqamətləri üzrə yeni modulların məzmunları üzərində iş gedir”.

 

Şagirdlərdə tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, yüksək texnoloji ixtisaslara marağı artırmaq məqsədi ilə icrasına başlanılan “Rəqəmsal bacarıqlar” layihəsi ən uğurlu layihələrdən birinə çevrilib. Hazırda bu layihə 120 məktəbi və 70 mindən çox şagirdi əhatə edir.

 

Müəllimliyin nüfuzu artır

 

“Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması” istiqamətində aparılan islahatların nəticələri çox uğurlu olub. Müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi iki istiqamətdə iş aparır: “Birinci istiqamət mövcud  ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müəllim heyətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır. İkinci istiqamət isə pedaqoji kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində ilkin müəllim hazırlığının təkmilləşdirilməsidir. Birinci istiqamət üzrə əsas hədəfimiz, ilk növbədə, müəllim seçiminə, məktəblərə daha peşəkar müəllimlərin cəlb edilməsinə diqqəti artırmaqdır. Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə şəffaf, obyektiv bir mexanizm  tətbiq edilir. Son illərdə müəllim peşəsinə marağı  artıran bir çox amillər sırasında məhz bu mexanizmin uğurla tətbiqi və etimad qazanması xüsusi qeyd edilməlidir”.

 

Müəllimin artan nüfuzunun ən bariz göstəricisi isə elə müəllimlərin işə qəbulu üzrə müsabiqənin ildən-ilə artan iştirakçı sayıdır. 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 55 minə qədər namizəd iştirak edirdi ki, bu da əvvəlki illərlə müqayisədə 3-4 dəfə artım deməkdir.

 

Bu amillər sırasında müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması xüsusi qeyd edilməlidir. F.Qədirovun sözlərinə görə, 2014-cü ildən başlayaraq ümumi təhsil müəssisələrində çalışan 150 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib: “Nəticədə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı isə təxminən 2 dəfə artırıldı. Ümumiyyətlə, müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində atılan addımlar davamlı xarakter alıb. Bu ilin sentyabrında müəllimlərin əməkhaqqı daha 20 faiz artırılıb. Bu artımdan sonra hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 600 manata çatıb. Hətta bu gün məktəblərimizdə 1000 manatdan çox əməkhaqqı alan 5000-dən çox müəllim çalışır. Bu amil təhsilə, təhsil işçilərinə dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirilməlidir. Bu qiymətləndirmənin bir əhəmiyyəti də ondan  ibarət oldu ki, Təhsil Nazirliyi müəllimlərin peşəkarlıq səviyyəsi ilə bağlı etibarlı məlumat əldə etdi. Müəllimlərin məhz hansı sahədə peşəkarlığının artırılmasına ehtiyac olduğu müəyyənləşdirildi. Beləliklə, birinci  istiqamət daha yüksək peşəkarlığa malik müəllimləri üzə çıxarmağa imkan  verirdisə, ikinci istiqamət bizə onların hansı sahədə peşəkarlığının artırılmasına ehtiyac olduğunu, bunun üçün hansı təlim proqramlarının hazırlanmasına və təlimlərin keçirilməsinə zərurət olduğunu müəyyənləşdirməyə imkan verdi”.

 

Müəllim nüfuzunun əhəmiyyətli şəkildə yüksəlişini və bu peşəyə marağı ifadə edən daha bir amil. Ali məktəblərə qəbul imtahanlarında yüksək  bal toplayan abituriyentlər ilk sırada müəllimlik ixtisasını seçir: “Əvvəlki illərdə yüksək bal toplayan abituriyentlər arasında nadir hallarda müəllimlik ixtisasını seçənlər olurdusa, son illərdə vəziyyət kəskin dəyişib. Cari ildə 500-dən yuxarı bal toplayan abituriyentlər arasında hər 4 nəfərdən biri, yəni həmin abituriyentlərin 25 faizi məhz müəllimliyi seçib. Bu fakt bir tərəfdən, məqsədimizə çatdığımız üçün bizi sevindirir. Başqa bir tərəfdən bu, bir neçə il sonra məktəblərimizə yüksək səviyyəli, hazırlıqlı, peşəkar kadrların gələcəyi deməkdir”.

 

Müəllimlərin peşəkarlıq səviyyəsi artır

 

F.Qədirov müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərə də toxunub: “Dövlət Strategiyasının qəbulundan sonra təhsildə modul kredit sisteminə əsaslanan ixtisasartırma sisteminin tətbiqinə başlanılıb. Tamamilə yeni baxış,  yeni yanaşma olan bu sistem müəllimlərin ehtiyacına uyğun müxtəlif istiqamətlər üzrə təlim proqramlarının hazırlanması və təlim proqramlarının modul xarakter daşıması,  müxtəlif istiqamətləri əhatə etməsi baxımından yenilikdir”. 

 

2013-cü ildən indiyədək 70 minədək müəllimin bu təlimlərdə iştirak edərək səriştələrini artırdığını deyən Aparat rəhbərinin müavini bu il daha 30 min müəllimin təlimlərə cəlb ediləcəyini bildirib: “Strategiyaya uyğun edilən yeniliklərdən biri də ondan ibarətdir ki, məktəb əsaslı ixtisasartırma təcrübəsi yaranıb. Bu istiqamətdə bilavasitə məktəblərdə tədrisin daha səmərəli təşkili üzrə təlimlər təşkil edilir”.

 

“Bu gün müəllimlərin ənənəvi fəaliyyəti bizi qane etmir. Ona görə də daha çox onların innovativ fəaliyyətini qiymətləndirir və təşviq edirik”, - deyən F.Qədirov bu məqsədlə 2017-ci ildən başlayaraq keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin əhəmiyyətindən danışıb: “Bu layihənin nəticəsində məktəb və müəllimlərə irəli sürdüyü təşəbbüsü reallaşdırmaq üçün dövlət hər il 1 milyon manat vəsait ayırır. 2017-ci ildə bu imkandan 38 məktəb, 84 müəllim, 2018-ci ildə 41 məktəb və 125 müəllim, 2019-cu ildə 53 məktəb və 115 müəllim yararlanaraq öz layihələrini reallaşdırmaq imkanı qazandılar”.

 

Təhsildə optimallaşdırma

 

Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması istiqamətində əsas hədəflərdən biri məhz təhsil sahəsində tənzimləmə və idarəetmə funksiyalarının təkmilləşdirilməsidir. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan bu istiqamət üzrə həyata keçirilən işlər kifayət qədər əhəmiyyətlidir. Məhz bu tədbirlərdən doğan zərurətdən irəli gələrək  Təhsil Nazirliyinin təşəbbüsü ilə “Təhsil haqqında” Qanuna 62 yeni dəyişiklik edilib. Nəticədə beynəlxalq təcrübədə tətbiq edilən bir sıra mütərəqqi məqamlar məhz bu dəyişikliklərdə öz əksini tapıb.

 

Təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və rasionallaşdırılması da bu istiqamət üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu, özünü daha çox peşə təhsili sahəsində göstərib. Son illərdə 55 peşə təhsili müəssisəsinin bazasında 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb: “Koreya hökuməti ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi  özünün yeniliyi, orijinallığı ilə bütün regionda fərqlənir.  Bu ildən fəaliyyətə başlayan Mərkəzdə 231 nəfər tələbə təhsil alır. Növbəti ildən qısamüddətli kursları da nəzərə alsaq, tələbələrin sayının 1000 nəfərə çatdırılması nəzərdə tutulub”.

 

Ümumilikdə peşə təhsilinə yanaşma dəyişib və bu təhsil pilləsi əsas prioritetlərdən birinə çevrilib. “Peşə təhsili haqqında” Qanuna əsasən bu təhsil pilləsində 3 səviyyədə (ilk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili) kadr hazırlığı nəzərdə tutulub.

 

F.Qədirovun sözlərinə görə, ali təhsil müəssisələrinin şəbəkəsinin də oprimallaşdırılması istiqamətində təşəbbüslər irəli sürülüb.  Regionlarda bir sıra ali təhsil müəssisələri yaradılıb: “Təhsilin əlçatanlığının təmin edilməsi baxımından bunun faydalı olduğunu düşünürük”.

 

Təhsilin keyfiyyəti

 

İdarəetmənin əsas istiqamətlərindən biri məhz  təhsilin keyfiyyət göstəriciləridir. F.Qədirov deyir ki, hər il artım müşahidə edilən göstəricilər məzunların nəticələrində özünü göstərir. 2013-cü ildə qəbul imtahanlarında 300-dən çox bal toplayanların sayı 26.5 faiz, 400-dən çox bal toplayanların sayı 35.1 faiz, 500-dən çox bal toplayanların sayı 51.5  faiz,  600-dən çox bal toplayanların sayı isə 81.3 faiz artıb.

 

İstedadlı  şagirdlərlə bağlı həyata keçirilən tədbirləri xüsusi qeyd edən F.Qədirovun fikrincə, Strategiyanın icrası dövründə fənn olimpiadalarının təşkili, respublika və beynəlxalq fənn olimpiadalarına hazırlıq sahəsində kəskin dönüş olub.

Olimpiada hərəkatının genişlənməsi nəticəsində cari ildə respublika fənn olimpiadalarında 33 mindən artıq şagird iştirak edib: “Bu sahədə işin düzgün təşkilinin nəticəsidir ki, olimpiadalarda nailiyyətlərimizin sayı və çəkisi artıb.  Şagirdlərimiz 2013-cü ildən indiyədək beynəlxalq olimpiadalarda 160-dan çox medal əldə ediblər. Qanunvericilikdə aparılan dəyişiklikdən sonra  100-ə qədər respublika və beynəlxalq olimpiada qalibinin, beynəlxalq müsabiqə və yarışların bu tədris ilindən etibarən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunması isə olimpiadalara marağın daha da artacağına əminlik yaradır”.

 

İstedadlı  şagirdlərlə işin tərkib hissəsi olaraq ötən ildən bölgələrdə istedadlı uşaqlar üçün xüsusi təmayül siniflərin yaradılmasına toxunan F.Qədirovun sözlərinə  görə, bu ildən həmin siniflərin sayı 80-ə çatdırılıb:

 

“Əlavə olaraq Gəncə və Qubada Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyinin, Şəki və Şirvanda isə Kimya və Biologiya Təmayüllü Respublika liseyinin filialları açılıb. Bu, regionlarda istedadlı uşaqların aşkar edilməsi və inkişafı istiqamətində atılan əhəmiyyətli addımlardır”.

 

Məktəblərin siması dəyişir

 

“Müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması” istiqamətində də mühüm tədbirlər həyata keçirilib.

 

Bu tədbirlərin nəticəsidir ki, ümumi təhsil müəssisələrinin 72 faizinin infrastrukturu əsaslı şəkildə  təkmilləşdirilib: “3200-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib. Son illərdə məktəb tikintisi sahəsində modul tipli təhsil müəssisələri təcrübəsi tətbiq edilir. Kəndlərdə, çətin relyefi olan ərazilərdə belə məktəblərin quraşdırılması asan və əlverişlidir. Şagird sayından asılı olaraq məktəbin böyüdülüb-kiçildilmək imkanı verməsi onun üstünlüyüdür. Ölkəmizdə  2017-2018-ci illərdə 243 belə məktəb artıq istifadəyə verilib. Cari ilin sonunadək daha 50 məktəb quraşdırılacaq. Məktəb tikintisi sahəsində əldə edilən bu böyük uğurlarda ölkə Prezidentinin bu sahəyə xüsusi diqqət və qayğısı, təsdiq etdiyi proqramların çox böyük rolu olub. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun davamlı dəstəyi də məktəb tikintisində mühüm nəticələr əldə olunmasının əsas səbəblərindəndir. Məhz bu dəstəyin nəticəsidir ki, ölkəmizdə bir milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb”.

 

Strategiyada nəzərdə tutulan “Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması” istiqamətində mühüm addımlar atılıb.

 

Sadəcə onu demək kifayətdir ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər ildən-ilə artır. Təhsil xərcləri 2013-cü ildə 1.4 milyard manat təşkil etmişdisə, bu göstərici 2019-cu ildə 2.3 milyard manata çatdırılıb. 2020-ci ilin büdcəsində isə təhsil xərcləri 3.1 milyard manat proqnozlaşdırılıb ki, bu da 2019-cu ilə nisbətən 38.3 faiz artım deməkdir.

 

Təhsil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, təhsilin əlçatanlığının təmin edilməsi istiqamətində də dövlət öz vətəndaşlarının yanındadır.

 

Bu istiqamətdə cari ildə əhəmiyyətli qərarlar qəbul edilib: “Ölkə  Prezidentinin sərəncamlarına əsasən təqaüd sistemi təkmilləşdirilib. Mart ayının 1-dən təqaüd yerlərinin sayı 16 min vahid artırılıb. 2019-2020-ci tədris ilində təqaüd yerlərinin sayı 45 faizə çatdırılıb. Növbəti tədris ilində isə bu göstəricinin 50 faizə çatdırılması nəzərdə tutulub. Tələbə təqaüdlərinin həcmi isə təxminən 20 faiz artırılıb. Bu tədbirlər 110 mindən artıq tələbəni əhatə edib. Bu il dövlət sifarişli yerlərin sayı 66.1 faiz artım qeyd olunub. Tələbələrin sosial müdafiəsi tədbirləri genişləndirilib.

 

Hazırda ali təhsil müəssisələrində təhsil alan 17120 nəfər məcburi köçkün statusuna malik, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü  uğrunda həlak olan şəxslərin uşaqları, əlil olan tələbələrin təhsil haqqı dövlət büdcəsindən ödənilir. Dövlət sifarişi ilə təhsil alan tələbələrə görə dövlət büdcəsindən təhsil xərclərinin 30 faiz artırılması isə ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə bilavasitə təsir edəcək”.

 

Strategiyada nəzərdə tutulan hədəflərə nail olunması istiqamətində növbəti illərdə də bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə istiqamətlərini əhatə etməklə islahatların daha da dərinləşməsini özündə ehtiva edir.

 

Ruhiyyə DAŞSALAHLI