Hollandiyanın Radbud Universitetinin tibbi mərkəzinin beynəlxalq alimlər qrupu insanın tənəffüsünü dəqiqliklə izləyən və ağciyər xəstəliklərinin monitorinqi üçün istifadə olunan “ağıllı” köynək hazırlayıb. O, məlumatları mobil proqrama göndərir, sağlam insanların tənəffüsünə nəzarət etməyə imkan verir.

 

“Hexoskin” adlı qurğu parçanın necə dartıldığını, insanın döş qəfəsinin nə zaman genişlənib-sıxıldığını inteqrasiya edilmiş sensorlar vasitəsilə “hiss edir”, tənəffüs zamanı alınan və verilən havanın həcminin ölçülməsi üçün bu göstəricilərdən istifadə edir. Tədqiqat zamanı alimlər 15 sağlam könüllüdən ibarət qrupdan “ağıllı” köynəkləri geyinməyi və adi bir gün keçirməyi, xüsusilə uzanmaq, oturmaq və pilləkənlə qalxmağı xahiş ediblər. Sınaq iştirakçıları, eyni zamanda tənəffüsün ölçülməsi üçün istifadə edilən ənənəvi avadanlığı, həmçinin sifət üçün maska və böyük çantanı daşıyıblar. Sonra mütəxəssislər hər bir insan üçün bu iki metoddan istifadə ilə qeydə alınmış ölçüləri müqayisə ediblər. Göstəricilərin oxşar olduğu aydın olub.

 

www.naked-science.ru saytının məlumatında bildirilir ki, alimlər hazırda dünyada 64 milyon insanın meyilli olduğu xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərlə bu testləri təkrarlamağı planlaşdırırlar.

 

İstehsalçıların sözlərinə görə, artıq milyonlarla pasiyent xəstəxanaya getmədən  vaxta qənaət edərək, öz tənəffüsünə belə rahat geyimin köməyilə müstəqil olaraq  nəzarət edə biləcəkdir.

 

Samirə KƏRİMOVA